“Hüseynağa Qəniyev öz
idellarının qəhrəmanıdır”
Elçin
Mirzəbəyli: “Hüsynağa Qəniyev öz xalqına bəşəriyyətin
gəldiyi qənaətlərin ən
yaxşılarını, ən doğrularını
aşılayan söz və fakir adamıdır”
Arzu
Şirinova: “Hüseynağa Qəniyevdə qiymətləndirdiyim
ən yüksək keyfiyyətlərdən biri də
qadına-anaya olan fərqli, alqışa layiq
düşüncəsidir”
Malik Məmmədov:
“Dostluqda sona qədər xeyirxah və səmimidir”
Çingiz
Fərəcov: “Çox gözəl qələmi, üslubu
var”
Keçmiş
millət vəkili, Azərbaycanın Dövlət Müstəqilliyi
Haqqında Bəyannaməyə, Konstitusiya Aktına və
Dövlət atributlarına səs vermək səadəti
yaşayan, müxtəlif məsul vəzifələrdə
çalışan, yazıçı-publisist Hüseynağa
Qəniyevin bu gün 75 yaşı tamam olur. Onun haqqında
dostları, bir vaxtlar birgə çalışdığı
iş yoldaşları, qələm sahibləri ürək
sözlərini “Xalq Cəbhəsi”nin
oxucularıyla bölüşüblər.
Elçin
Mirzəbəyli - şair, publisist, “Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru: Hüseynağa Qəniyevi uşaqlıq illərimdən
tanıyıram. Tale elə gətirib ki, həyatımızın
müxtəlif dönəmlərində yollarımız kəsişib
və onun bir neçə kitabının redaktoru, ön
söz müəllifi olmuşam. Bu
baxımdan, Hüseynağa Qəniyevi hətta onun
doğmalarından da yaxşı tanıdığımı
deyə bilərəm. Doğmalıq insan
həyatının müəyyən bir mərhələsində
genetik bağlılıq, qohumluq əlaqələri ilə
bağlı olsa da müəyyən bir zaman kəsiyindən
sonra insan özünü onunla eyni düşüncəni,
dünyagörüşünü, zövqü və mədəniyyəti
paylaşanlara daha yaxın, daha doğma olduğunu hiss etməyə
başlayır. Şübhəsiz ki, bu
sözləri qələmə aldığım zaman da
dünyagörüşümüzdən,
paylaşdığımız ortaq dəyərlərdən
qaynaqlanan bu doğmalığı hiss edirəm.
Hüseynağa
Qəniyevin son kitabına – müasir Azərbaycan
esseistikasının nadir incilərindən hesab etdiyim “Zəka
və Xarakter” əsərinə yazdığım ön
sözdə müəllif və onun
yaradıcılığı haqqında bir neçə məqama
diqqət çəkmişdim:
- Hüseynağa Qəniyev mənəvi kamilliyinin
qızıl dövrünü yaşayan, bu günümüz
üçün qeyri-adi sayıla biləcək qədər
mütaliəli, geniş erudisiyalı,
dünyagörüşlü, gələcəyə
keçmişin təcrübəsindən və parodoksal də
müasir gəncliyin gözü ilə baxmağı bacaran,
işıqlı zəkaya sahib olan müdrik bir şəxsiyyətdir.
-
Hüseynağa Qəniyev xeyirlə şərin, işıqla
zülmətin, azadlıqla köləliyin, avtoritarizmlə
demokratiyanın, fəlsəfə ilə mistikanın, idrakla
emosiyanın əbədi mübarizəsində
işığın, azadlığın, demokratiyanın, fəlsəfənin,
idrakın yolunu nişan verən dünyagörüşünə,
təfəkkürə malik olan əsil ziyalıdır.
- Hüsynağa Qəniyev öz yüksək
yaradıcılıq potensialı ilə milli idealları bəşəriləşdirməyi,
bəşəri dəyərləri isə milliləşdirməyi
bacaran, öz xalqına bəşəriyyətin gəldiyi qənaətlərin
ən yaxşılarını, ən doğrularını
aşılayan söz və fikir adamıdır.
- Və təbii
ki, Hüseynağa Qəniyev öz idellarının qəhrəmanıdır!
Bu fikirlər təkcə mənim gəldiyim qənaət
deyil. Hüseynağa Qəniyevin “Müstəbid”
kitabını oxuduqdan sonra böyük şairimiz Bəxtiyar
Vahabzadə də onun haqqında demək olar ki, eyni fikirləri
dilə gətirmişdi. Bəxtiyar müəllim
Hüseynağa Qəniyevin yaradıcılığını
yüksək qiymətləndirirdi. Böyük
şairimizin evində keçirilən görüşdə də
mən bu münasibətin şahidi oldumuşdum.
…Hüseynağa Qəniyev haqqında çox
danışmayacağam. Çünki onun növbəti
kitabına yazacağım ön sözdə yer alacaq fikirləri
öncədən dilə gətirmək istəmirəm”.
BAXCP-nin
baş katibi Söhrab Abdullayev: “Hüseynağa Qəniyevlə
tanışlığımdan bu günə,
tanıdığım Hüseynağa Qəniyev
haqqındakı fikirlərimi bölüşmək istədim.
Öncə
Hüseynağa müəllimi doğum günü münasibətilə
təbrik edir, ona bir insanın arzulaya biləcəyi ən
gözəl günləri, uzun ömür, can
sağlığı və mənalı həyat
arzulayıram!
Mənim
tanıdığım Hüseynağa Qəniyev
sayğılı ailə başçısı, mötəbər
dövlət adamı, ali düşüncəli
ziyalı, zəngin dünyagörüşünə sahib
filosof-yazardır. Ən önəmlisi də
çağdaş düşünə bilən, istənilən
mövzu fikirlərini məqamında və səlist məntiqlə
ifadə etməyi bacaran aydın insandır.
Hüseynağa
Qəniyev, eyni zamanda qərəzsiz, reallıqlara
üstünlük verən, dostluğu dəyərləndirməyi
bacaran, ruhunu gənc hiss edən və gözəlliklərdən
ilham alan bir şəxsiyyətdir .
Ona bundan sonrakı həyatında uğurlar
arzulayıram”.
Arzu Şirinova - “Xalq Cəbhəsi” qəzetinin redaktoru:
- "İnsanlar soyuq və qaranlıq gecələrə
istilik və işıq verən Zərdüştün əzəli
və əbədi müqəddəs odu-xeyir Allahı
Hörmüzü alqışlayır, qara qüvvələri
və şər ruhları-Əhriməni lənətləyirdilər. Əslində
nə Əhriman vardı, nə də Hörmüz. Onlar insanların cəbhələrə
bölünmüş dünyagörüşləriydi.
Lənətlənən də, lənətləyən də,
alqışlanan da, alqışlayan da insanlardı...Bu bəşər
tarixinin əbədi mübarizləriydi...",
deyən Hüseynağa Qəniyevin aprelin 26-da 75 yaşı
tamam olacaq. Ömrünün müdriklik illərinə qədəm
qoyan Hüseynağa Qəniyev özünün dediyi kimi həyatda
nail olduğu nələr varsa, hamısına zəkası və
ağılı ilə, bir də zəhmətilə nail olub. Atasını erkən itirib. Bir
çoxları tək onun da atası 41-45-ci illər müharibəsinin
qurbanı olub. Yəni arxasız,
dayaqsız böyüyüb. Bəzən
həyatda büdrəyib, ancaq yıxılmayıb. Yıxılmamağının da əsil səbəbi
kəndin hər bir çirkabdan uzaq saf həyatı və bir
də bəxtinə çıxan yaxşı insanlar olub.
Hüseynağa Qəniyev işçi də
olub, rəhbər də, millət vəkili də. Aşağıdan yuxarıya qalxarkən eyni həvəslə
və şövqlə işləyib. Bu həvəs
və şövq indinin özündə də var. Mən deyərdim
ki, bir qədər də artıbdır. Çünki
Hüseynağa Qəniyev bir-birindən fərqli kitabların
işıq üzü görməsi üçün
çalışır və bundan xüsusi zövq alır.
Elə beş il bundan əvvəl
işıq üzü görən növbəti "Zəka
və xarakter" kitabı da bu qəbildəndir...
...Mən
Hüseynağa Qəniyevi on beş ilə
yaxındır ki, tanıyıram. Etiraf edim ki,
onunla həmsöhbət olmayana qədər mənə sovet
düşüncəli, psixologiyası qəlibdən
çıxmış və bir də milli mentalitet dediyimiz bir
şeyin ölçüləriylə yaşayan biri kimi təsir
bağışlayırdı. Ancaq
yanılmışdım. Və
şükür edirəm-nə yaxşı ki,
yanılmışam. Yoxsa biliyinə və savadına həsəd
apardığım Hüseynağa Qəniyev də bir
çoxları kimi dünyagörüşünün
kasadlığı ucbatından sıradan birinə çevrilə
bilərdi...
...Hüseynağa Qəniyevdə qiymətləndirdiyim ən
yüksək keyfiyyətlərdən biri də qadına-anaya
olan fərqli, alqışa layiq düşüncəsidir. Deyir ki, Azərbaycanın
inkişafı üçün həm də qadının
azad və savadlı olması gərəkdir. Sabahın
anası olan qızlarımızın təhsilli olmasına
böyük önəm verir...Ümumiyyətlə,
Hüseynağa Qəniyev elmə, alimə böyük dəyər
verir və deyir: "Alimin üzünü elmin nuru
işıqlandırır. O, dünyaya, kainata baxır, təbiətin,
cəmiyyətin, təfəkkürün qanunlarını
öyrənməyə çalışır. Yüksəkdə,
ən ucalıqda müdrikliyin, altıncı hissin-bəsirətin
gözü bunları seyr edir. O cəmiyyətdə
baş verən nadanlıqları görüb, Demokrit kimi
gülməkdən, Heraklit kimi ağlamaqdan özünü
saxlaya bilmir, göz yaşı axıdaraq, insanları iblisə
qarşı yürüşə səfərbər edir.
...Həyatdan
zövq alaraq yaşayan, dünyavi dəyərlərinə həm
önəm verən, həm də bu dəyərləri ailəsində
və çevrəsində görməkdən məmnunluq
duyan dörd övladlı, səkkiz nəvəli bu insan bir də
deyir ki, "tarixi olmayanların keçmişi, fəlsəfəsi
olmayanların gələcəyi yoxdur". Hüseynağa Qəniyevin
həm keçmişi var, həm də fəlsəfəsi var
ki, bu da gələcəyinə işıq saçır... “
Malik Məmmədov
-Lənkəran Şəhər Partiya Komitəsində iş
yoldaşı, gənclik illərinin dostu: - “Hüseynağa Qəniyevlə
sövbət insanı dəyişir,
dünyagörüşünə münasibəti yeniləşir,
həmsöhbətinə yeni inam və enerji verir. Onun rasional təfəkkür tərzi, hadisələrə
münasibətdə mühakimələrinin sadəliyi,
genişliyi və dərinliyi, həmsöhbətinə misli
görünməmiş təsir gücü,
inandırıcılıq və nfuzedicilik qabiliyyəti
heyranlıq hissi doğurur.
Dostluqda sona qədər xeyirxah və səmimidir. Özünü
dostlarının sayı qədər hiss edir. İnsanın
və insanlığın başlıca təyinatını həqiqəti
tapmaqda görür. Fəlsəfəsi həyatdadır,
gündəlik yaşayış tərzindədir. Metodu, metodikanı bütün həqiqətlərin
açarı hesab edir.
Yaradıcılığının yoluxuculuq gücü
inanılmazdır. Hər hansı əsərini oxuyanda
ağlına çoxlu yeni ideyalar gəlir, əlinə qələm
alıb onun kimi, onun üslubunda yazmaq istəyirsən.
50 ildən artıqdır ki, onunla dostluğumla fəxr
edirəm.
Dostum, 75 yaşının qədəmləri mübarək! Xoş gəlib, səfa gətirib. Ömrün uzun, canın sağlam, ailən xoşbəxt,
həyatın firavan olsun”.
Azərbaycan
Respublikasının əməkdar kənd təsərrüfatı
işçisi, Azərbaycan Lenin Komsomolu Mükafatı
Laureatı, Astara, Şabran və Xaçmaz rayonlarının
partiya komitələrinin sabiq birinci katibi Çingiz Fərəcov:
“Hüseynağa Qəniyev barəsində danışmaq mənim
üçün çətin deyil. Əvvəla,
eşidəndə ki, artıq Hüseynağa Qəniyevin 75
yaşı var çox kövrəldim. Birincisi,
ona görə ki, mən onu səmimi qəlbdən çox
istəyirəm. Çünki o, 30 ildən
artıq bir müddətdə mənim gözümün
qarşısında formalaşıb. Mən onu Azərbaycan
KP MK-nın partiya təşkilatı və kadrlarla iş
şöbəsində Lənkəran bölgəsi üzrə
inspektor işləyəndən tanıyıram. Hüseynağa Qəniyev heç kəsə bənzəmir.
O, çox zəhmətkeş, öz üzərində
çalışan, səssiz-küysüz işləyən,
elədiklərini, öz işlərini gözə soxmayan,
çox əxlaqlı, təvazökar bir adamdır. O, Lənkəran
Şəhər Partiya Komitəsinin ikinci katibi işləyərkən
çox maraqlı tədbirlər keçirirdi. Tədbirlərin senarisini də özü
yazırdı. Bu, heç də təsadüfi
deyildi. Çünki Hüseynağa Qəniyev
həm də gözəl qələm sahibi,
yazıçı idi. Ona görə də
istər kitab bayramı, istərsə də məhsul
bayramında insanlaın qəlbini oxşayan tədbirlər
işləyirdi. Daha sonra o, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat
şöbəsində təlimatçı, partiya təşkilatı
və kadrlarla iş şöbəsində inspektor vəzifəsində
çalışdı . Yenə
də bir yerdə işədik. Hüseynağa
Qəniyev çalışırdı ki, Məkəzi Komitədə
də yeniliklər olsun. Mən Ali Sovetin
şöbə müdiri işləyəndə isə
artıq Hüseynağa Qəniyev Milli Məclisin deputatı
idi. O zəhmətkeş bir ailədə
doğulmuşdu. İnsanlara səmimi, isti
yanaşır, qayğı göstərirdi. İnsanlarda ona qarşı bir məhəbbət
yaranmışdı. Hüseynağa Qəniyevin
yaradıcılığı ilə də tanışam.
Onun bir neçə essesini, kitablarını
oxumuşam. Bu kitabları hər adam
yaza bilməz. Onun çox gözəl qələmi, üslubu
var. Ona can sağlığı, uğurlar və 100
yaşını qeyd etməsini arzu edirəm”.
Filosof,
Aristotelin “Böyük etika”, “Nikomax etikası”, “Siyasət”,
Nikola Makiavellinin “Hökmdar ” əsərinin ilk tərcüməçisi
Fikrət Təbibi: “Hüseynağa Qəniyev
tanıdığım ən ağıllı və müdrik
insanlardan biridir. Onunla məni bağlayan fəlsəfə
olub. Həkim olmağıma baxmayaraq fəlsəfəni
sevən insanam...Sizinlə tarixi bir əhvalatı
bölüşmək istəyirəm. Dahi
yunan filosofu Platon cavanlqda ədəbiyyatla məşğul
olub, şeirlər, dram əsərləri yazıb. Bir gün küçədə gedəndə
görür ki, bir nəfər danışır və
hamı onun başına yığışıb. Bu, Sokrat olur. Gedib onun yanında
dayanır və qulaq asır. Bir saat ona
qulaq asandan sonra bütün illər ərzində
yazdıqlarının hamısını cırıb atır.
O gündən başlayır fəlsəfə ilə məşğul
olmağa. Yəni Sokrat ona o qədər
güclü təsir edir ki, o filosof olur. Mən də 20 il əvvəl ilk dəfə Hüseynağa
müəllimlə tanış olanda o mənə çox
güclü təsir etdi. Onunla dostluğumuz
indiyə qədər davam edir. Mənim ətrafımda adam çox olur. Amma danışmağa adam tapa bilmirəm. Hər gün
Hüseynağa müəllimə zəng edirəm və deyirəm
ki, danışmağa adam axtarıram, ona
görə zəng eləmişəm. Hüseynağa müəllim
o qədər dərin biliklərə malik insandır ki, ən
az danışanda bir saat
danışır. Onun sonuncu dəfə “Zəka
və xarakter” adlı kitabı çıxıb. O kitab
son zamanlardakı fəlsəfə tarixinin ən güclü əsəridir.
Ondan yaxşısını görməmişəm.
Hüseynağa müəllimə can sağlığı diləyirəm,
onun 90, 100 illiyini qeyd etməyimzi arzulayıram. O həmişə
sağ olsun və biz də onun işığına
yığışaq”.
Azərbaycan
Milli Elmlər Alademiyasının Lənkəran rayon elmi
regional mərkəzinin rəhbəri, kənd təsərrüfatı
elmləri doktoru, professor Fərman Quliyev:
“Hüseynağa Qəniyev çox əxlaqlı, mədəni
insan olmağı ilə yanaşı, həm də məntiqli
insandır və geniş dünyagörüşünə
malik şəxsiyyətdir. Onunla mənim
dostluğum uzun illərdir ki, davam edir. O, çox mərd,
vətənini, torpağını, elini-obasını sevən
bir insandır. O mənim həyatımda bir müsbət azərbaycanlı
obrazını yaradıb. Onu belə
tanıyıram. O məntiqli və dərin fəlsəfi
biliklərə malik bir insandır. Kitablarında da bu
açıq- aydın hiss olunur. İcitami fəaliyyəti
ilə yanaşı, dövət vəzifələrində
müxtəlif yerlərdə çalışanda da biz onunla
görüşmüşük və həmişə
müsbət təsir bağışlayıb. Mən fəxr edirəm ki, bizim belə
ziyalılarımız var. Ölkədə belə insanlar
yetişib. Onun haqqında ən xoş
sözlər demək olar. Onun belə
şəxsiyyət olmasından qürur duyuram”.
Fəlsəfə
üzrə fəlsəfə doktoru Elşən Bayramzadə: “ Hüseynağa Qəniyevi hamı çox
müdrik bir insan kimi tanıyır. Yaşının
bu çağında da o insanda çox yaradıcı
potensial var. Hələ də yazır, yaradır. Onun bütün yazılarını çox
böyük maraqla oxuyuram. Mənim
üçün unikal, hərtərəfli, geniş, biliyə
malik olan bir şəxsdir. Mən ona can
sağlığı, yaradıcılıq uğurları, xoşbəxtlik arzu edirəm”.
1989-90-cı
illərdə Azərbaycan KP MK-nın partiya təşkilatı
və kadrlarla iş şöbəsində iş
yoldaşı Əzizbala Mustafayev: “
Hüseynağa Qəniyev haqqında saatlarla
danışmaq olar. Hüseynağa müəllim
mənim tanıdığım ziyalıların içərisində
xüsusilə fərqlənən, geniş diapazona malik olan ziyalıdır.
Onun fəlsəfi fikirləri, mənəvi təmizliyi
özünəməxsusdur. Bu insanın
elmin bütün sahələrindən məlumatı olmaqla
yanaşı, eyni zamanda, gözəl fəlsəfi fikirləri
var. O, bu məsələləri elmlər doktorlarının
çoxundan daha yaxşı bilir və izah edir. O insanpərvər,
dost yolunda istənilən addım ata biləcək, sədaqətli,
öz vəzifəsinə həmişə məsuliyyətlə
yanaşan bir insandır. Hüseynağa müəllim
çalışdığı bütün vəzifələrdə,
o cümlədən Mərkəzi Komitədə də işləyən
zaman daima nüfuz qazanıb. Şəxsən
mən onunla danışıb, məsləhətləşirəm”.
Xalq
şairi, Vətəndaş Həmrəyliyi Partiyasının
(VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı:
“Hüseynağa Qəniyevlə uzun illər davam edən
dostluq münaibətlərimiz var. Mən onu hələ Lənkəranda
yaşadığı illərdə, mətbuatda ilk
yazılarının çap olunduğ zamanlardan
tanıyıram. Bir sıra məqamlarda bizim
yollarımız üst-üstə düşüb, paralel
yollar keçmişik. O həm yazıçı, hm də
gözəl qələm sahibi, publisistdir, istedadlı bir
jurnalistdir. O, fəlsəfi düşüncəli, filosof-
yazıçıdır. Eyni zamanda, uzun müddət
Milli Məclisdə deputat olub, müxtəlif məsul vəzifələrdə
çalşıb. Bir müddət
partiyada bir yerdə fəaliyyət göstərmişik.
Ona can sağlığı, yaradıcılğında
uğurlar arzu edirəm”.
Bakı
Dövlət Universitetinin müəllimi, professor
Mahmud Mahmudov: “Hüseynağa Qəniyevlə universiteti bir yerdə
bitirmişik. Onun çox güclü qələmi
və müxtəliv sahələrə aid maraqlı
kitabları var. “Zəka və xarakter” kitabı mənim
masaüstü kitabımdır. Həmin
kitabda Azərbaycanın tanınmış mədəniyyət
xadimləri, sərkərdələr haqqında çox qiymətli
fikirlər söyləyib. Hüseynağa
Qəniyev Azərbaycanın maraqlı fikirləri ilə fərqlənən
ziyalılarındandır, həm də yaxşı insan, sadiq
dostdur. Onu təbrik edirəm, can
sağlığı, uzun ömür arzulayıram”.
1990-cı
illərdə Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin
müdiri, filologiya elmlər doktoru, yazıçı Yasif Nəsirli:”Hüseynağa
Qəniyev hər şeydən öncə çox
yaxşı insandır. Onu ilk olaraq dövlət
işçisi kimi Lənkəranda tanımışam. Ora qonaq getmişdik. Finlandiya
prezidentini müşayiət edən nümayəndə heyətinin
tərkibində idim. O zaman onunla tanış
oldum və dostluğumuz yarandı. Dostluğumuz
30 ildir ki davam edir. İnsan var ki, ilk
görüşdən onunla bağlanırsan, amma insan da var
ki, uzun illər tanısan da varlığı ilə
yoxluğu bilinmir. Hüseynağa Qəniyev
müsbət auralı insandır. Bizi ilk
öncə aura birləşdirir. Sonra onun
hekayələrini, oçerklərini, esselərini oxudum və
gördüm ki, çox mükəmmıl bir
yazıçıdır. Onun haqqında
saatlarla dnaışmaq olar. Dəyərli
dostumu təbrik edirəm, arzu edirəm ki, 100 yaşını
da qeyd edək”.
Yazıçı-publisist
Əlövsət Bəşirli: “Elə adamlar axtarın ki,
onlarla söhbət etmək dəyərli, maraqlı kitab
oxumağa bərabər olsun. Elə kitablar
axtarın ki, onların mütaliəsi filosoflarla söhbət
qədər dəyərli olsun”.
Ulu Mövlanənin bu hikmətli sözlərini oxuyanda uzun illər yaxından tanıyıb özümə dost, qardaş bildiyim Hüseynağanı düşünürəm. Həqiqətən də onunla ürək söhbəti etmək mənim üçün dəyərli kitab oxumaq kimidir. Müəllifi olduğu kitablarının mütaliəsi isə müdrik insanlarla söhbət qədər maraqlıdır. Dostum, Hüseynağa Qəniyev 100 yaşa. Yeni kitablarınızı gözləyirik”.
“Yada düşdü” jurnalının təsisçisi,
şairə Nəzakət Məmmədova:”Hüseynağa Qəniyevin
dərin düşüncələri həmişə maraqla
qarşlıanıb. O, həmişə fərqli fikirlər
ortaya qoyub. Onun yazıları, kitabları, düşüncələri
ilə bağlı saatlarla danışmaq olar. Sadəcə
bir misal çəkmək istəyirəm. Hüseynağa
Qəniyevin bizim jurnalda Ulu Babək haqqında “Babək və
babəkidlə haqqında düşüncələr” essesi
oxucular arasında çox rəğbətlə
qarşılandı. Bizə bunula bağlı
çoxsaylı zənglər olundu və oxucular bu cür
yazıların davamlı olmasını istədilər.
Oxucular bu araşdırmanı dərsliklərdə görmək
arzusundadırlar. Onun çox məntiqli, əhatəli və
informasiyalı yazıları var. Hüseynağa müəllim
kimi ziyalılarımızın fikirlərinə hər zaman
ehtiyac duyulur. Şəxsən mən fəxr edirəm ki, bizim
belə alimlərimiz var”.
Xalq Cəbhəsi.- 2016.- 26 aprel.- S.8-9