Tarixçi alimdən ermənilərə çətin sual: “İfrat cəfəngiyyata və boşboğazlığa niyə son qoymursunuz?!”

 

I yazı

 

Tanınmış tarixçi alim İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğri rayonunda anadan olub. İrəvanı sonuncu tərk edən ziyalılarımızdandır. "Sovet Ermənistanı" adlı respublika qəzetinin sonuncu baş redaktoru, Ermənistan SSR təhsil nazirinin müavini, respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, Ermənistan EA Tarix İnstitutunda Ermənistanda Azərbaycan mətbuatı, Azərbaycanda erməni mətbuatı tarixi üzrə baş məsləhətçi, İrəvan Pedaqoji İnstitutunda tarix müəllimi vəzifələrində işləyib.

İndiyə kimi çoxsaylı kitab və məqalələri işıq üzü görüb. A.Turan yazır ki, AMEA Tarix İnstitutunda, Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Vətən tarixinin ən ağrılı səhifələrindən olan deportasiya və soyqırımı, erməni təcavüzkarlığı və saxtakarlığı, Azərbaycan həqiqətləri ilə bağlı araşdırmalarını böyük səylə davam etdirib: “Azərbaycan, rus və ingilis dillərində 280 çap vərəqi həcmində kitablar yazıb, erməni, rus və Azərbaycan dillərində internet səhifələrinə çox sayda məqalələr verib. 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın rəsmi opponenti, 4 dissertantın elmi rəhbəri olub. Respublika radiosunda erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib”.

Soyqırımı mövzusunda əsl həqiqətləri dünyaya çatdıran Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi və aparıcı çıxışçısı olub: “Soyqırımı, deportasiya, erməni təcavüzkarlığı, Azərbaycan həqiqətləri mövzuları ilə bağlı Moskva, Ankara, İstanbul və Bakıda keçirilən beynəlxalq elmi-nəzəri konfranslarda əsas məruzəçi olub. "Tariximiz, torpağımız, taleyimiz", "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası", "İrəvanın siyasi tarixi. 1500-1800", "Erməni separatizmi və ekstremizmi", "Zorakı xristianlaşdırma", "Osmanlı Türkiyəsi, Cənubi Qafqaz və Cənubi Azərbaycanda ermənilərin törətdikləri dəhşət və vəhşətlər", "Panermənizmin üç tərkib hissəsi: "Böyük Ermənistan", "Erməni məsələsi", "Erməni soyqırımı", "Ermənistanda Azərbaycan kitabının tarixi, Azərbaycan teatrının tarixi, Azərbaycan mətbuatının tarixi", " Ermənistan azərbaycanlıları 1941-1945-ci illərdə", "Terror: səbəb və nəticəsi", "Dağlıq Qarabağ münaqişəsi və ona erməni mətbuatında ikili münasibət", "Erməni kilsəsi və Türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan "Böyük Ermənistan" kabusu", "Qarabağ mücadiləsinə erməni mətbuatında ikili münasibət", "Rus-türk müharibələrində ermənilərin fəal iştirakı", "Erməni saxtakarlıqları və tarixi həqiqət" mövzularında yazdığı 20 kitab və yüzlərlə elmi-nəzəri, elmi-publisistik məqalələrində o, Azərbaycan həqiqətlərini, erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında özünəxas üslubda erməni, rus, ingilis və Azərbaycan dillərində oxuculara, dünya ictimaiyyətinə çatdırıb”. Araşdımaçının fikrincə, Erməni tarixşünaslığında hələ də davam etməkdə olan saxtakarlıqların təkzib və ifşa edilməsi onun yaradıcılıq fəaliyyətinin çox vacib, dəyərli tərkib hissəsidir: “ “Erməni xalqının tarixi"nin V və VI cildlərində akademiklər Ş.P.Ağayan, A.Q.Hovhannisyan, M.Q.Nersesyan, Q.A.Qaloyan və başqa tarixçilər "erməni soyqırımı"nı elmi cəhətdən əsaslandırmağa çalışıblar. İsrafil Məmmədov bunun əsassız, uydurma olduğunu, Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda 2,5 milyon müsəlmanın (türkün-red.) qətlə yetirilməsində erməni qəddarlığının erməni tarixşünaslığında qəhrəmanlıq kimi qələmə alındığını, etiraf edildiyini, ilk dəfə elə həmin V və VI cildlərdən gətirdiyi faktlarla sübut edib”.

İ.Məmmədovun erməni yazıçı-publisisti Bakur Karapetyana açıq məktubunda əslində tarixi həqəqətlərə kölgə salan ermənilərin hamısına tutarlı, məntiqli cavab verilir: “Karapetyan, tarix elmdir, əntiqə şeylər satan antikvarlar bazarı, naqqallıqla məşğul olan boşboğazların antimoniya meydanı deyil. Hikməti özgə, aləmi başqa, fəlsəfəsi, məntiqi, amalı və amacı bambaşqadır onun. Nə mədhnamədir o, nə şeir, nə meyxana, nə ibarəsazlıq, nə də antimoniya və sərhəd nişanlarını ayıran demarkasiya xətti. İstək də deyil ki, şair ilhamından qafiyələnib misralansın. Mahnı da deyil ki, bəstəkar istedadından süzülüb gəlsin. Torpaq-ərazi də deyil ki, qəsbkar qonşu tərəfindən zəbt edilsin. “Sarı gəlin”, “Uzundərə” də deyil ki, qəlbəyatan olduğundan yerindən qalxan “Mənimdir” – desin. Tarix maddiləşməmiş, gözə görünməyən özgə biçimli, özgə düzümlü materialdır. Yaşanmış dünənin cansız, səssiz, sənsiz, mənsiz lal axarının hənirtisi, pıçıltısı, nəfəsidir. İnsanın bütün varlığına hakim kəsilən, ovsunlayıb ruhuna sahib olan, onu həyat asimanının istənilən yönü və sahilinə səsləyib aparan, keçmişimizin qaranlıq qatlarına işıq salan, gerçək təhlilini gözləyən yaşanmış anlarda dopdolu əlyetməz bir məşəldir. Qəlbi onun nuru ilə işıqlanan hər bir kəs bilməlidir ki, dünya xalqlarının tarixi ecazkar əlamətlər, ümumi cəhətlər, oxşarlıqlar, bənzərliklər, eyniliklər, rəngarəngliklərlə dopdoludur. Bununla belə, ayrı-ayrılıqda hər xalqın öz tarixi və məkana söykənən, zamanla köklənən bu tarixin də özünəxas, yerli, orijinal, həm də apaydın görünən, gah da heç gözə dəyməyən çox füsunkar əlamətləri, çalarları, rəngləri var. Dünya alimlərini düşünməyə sövq edən bu rənglərin fərqini duymadan, milli əlamətləri və çalarları arayıb araşdırmadan, geologiya-palentologiya-etnoqrafiya-linqvistika və xronologiya barəsində ilkin təsəvvürə malik olmadan, tarixin fəlsəfəsini bilmədən, məntiqini tapmadan Azərbaycan xalqının və Azərbaycan dilinin genizisi haqqında göydəndüşmə, əcaib və həm də qəzəblə uydurulmuş “tarix icad etmək” əslində yazıçı şərəfinə ləkə gətirən şit təkəbbürdən, xudbinlikdən, ifrat bədxahlıqdan, aşkar metamorfoza, sofistika və sehrpərdazlıqdan, ikrah doğuran ədəbazlıqdan, xalqlar arasında milli ədavəti alovlandırmaq cəhdindən başqa bir şey deyil. Bir an elə bildim, Tanrıdan vəhy gəlib, İsus zühur eləyib. İkinci gəlişi ilə insanları “bütün bəlalardan” xilas etməyə başlayıb. Tarixin yazılmış başqa anları da gəlib gözlərim önündə canlandı: Budur, parfiyalılar ordusunun baş komandanı Bakur əlindəki qılıncı başından yuxarı qaldıraraq nərə çəkib Vestidios Babsisin ordusunu “əzmək” üçün döyüş meydanına atılır... Alban katolikosu Nerses Bakurun kitabxanası Tərtərə axıdılır... Günəşin hərarətindən təngə gələn erməni ovçusu Arevamanuk ox atəşi ilə onu söndürmək, öldürüb yerə salmaq istəyir ki, aləmə zülmət çöksün... Erməni çarı Varazdadın kürəkəni sərkərdə Bakur m.ö.38-ci ildə döyüş meydanında məğlub oldu. Özünü öldürdülər, ordusunu darmadağın etdilər (Leo.Erməni tarixi, I cild, İrəvan, 1966, s.327). 704-cü ildə ərəb xəlifəliyinin köməyi ilə Alban kilsəsini erməni-qriqoryan kilsəsinə tabe etdirərək, katolikos Bakurun kitabxanasını çaya tökdülər (Girokos Qanzaketsi. Tarix. Bakı, 1946, s.222). Qəzəblənən Günəş alovu Arevamanuku saçından tutub ac səhraya atdı (V.D.Qalkiİ. Drevniİ mir. Moskva, 1998, s.54.) İndi də cənab Bakur, siz çağdaş erməni yazıçısı kimi günəşi ovlamağa, türk və Azərbaycan tarixçiləri ordusunu qılınclamağa başlayıbsınız. Arevamanuk qəzəbi ilə türk və Azərbaycan xalqlarının tarixi keçmişini, az qala indiki varlığını da inkar etmək niyyətilə yazırsınız: “Çingiz xanın nəvəsi 1252-ci ildə Orta Asiya çöllərindən İranın şimalında Azərbaycana (!) iki yüz minə yaxın köçəri gətirdi. 50 il sonra Tamerlan da öz növbəsində Orta Asiyadan bu ölkəyə 50 min qacar köçürüb gətirdi. Köçürülüb gətirilənlər də burada bir neçə əsr ərzində yerli mar xalqı ilə qaynayıb qarışdılar və beləliklə, yeni bir dil - Azərbaycan dili yarandı.” Bu məntiqinizə görə köçərilərin bir dəstəsi 1252-ci ildə, ikinci dəstəsi isə 1300-cü ildə gətirilib Azərbaycana. Üstündən əsrlər (yəni ən azı 4-5 əsr - İ.M.) keçəndən sonra Azərbaycan dili ortaya çıxıb. Sizin bu hesablarınıza görə Azərbaycan dili dünya xalqlarının dil tarixinə ancaq XVIII-XIX əsrlərdə məlum olub. Azərbaycanlılar və türklərin Qafqazda və Anadoluda yerli (avtoxton) əhali deyil, gəlmə köçərilər olduğuna dair ortaya atdığınız əcaib “kəşfə” haqq qazandırmaq üçün hətta tarixçilərimizi İrəvana gəlib “tarix haqqında yeganə düzgün bilgilər verən erməni qaynaqları ilə yanaşı olmağı” təklif etməkdən də çəkinmirsiniz. Bəs deyilmi, kökləri fanatizmdən gələn, uzun tarixi axarda ənənə halına, vərdişə, az qala həyat fəlsəfəsinə dönən bu ifrat cəfəngiyyata və boşboğazlığa niyə son qoymursunuz?!

“İrəvan yer üzünün ən qədim şəhəri, dünya mədəniyyətinin beşiyidir. Ermənilər Qafqazın və Anadolunun qədim sakinləri, türklər və azərbaycanlılar isə bu yerlərə sonradan gələn köçərilərdir. Tarixə, dünya xalqlarının yaşanmış keçmişinə dair ən dəqiq bilgilər verən yeganə qaynaqlar İrəvandadır...”- deməkdən təngə gəlmədinizmi?! Bütün bunlar təmənnalı sadəlövhlük, təəccüb doğuran məntiqsizlik, “ali irqə mənsubluq” görüntüsü yaratmaq cəhdi, açıq-aşkar nifaq mərəzi deyilmi?! Təklif etdiyiniz, bizə məsləhət bilib nümunə göstərdiyiniz o çox “mötəbər” erməni qaynaqları ilə zəhmət çəkib siz özünüz əvvəlcə ağıllı-başlı tanış olun, sonra da hələ V əsrin sonunda ön orta əsr tarixçisi Qazar Parpetsinin qələmilə sıralanmış bu sətirləri yadınıza salın: “Bu kasıb ağlımla mən o qənaətə gəlmişəm ki, başqa bir ədəbsiz və nadan adam fahişələrə xas olan həyasızlıqla əlini Favstosun yazılarına bulayıb və ağlına gələni öz başından istədiyi kimi qələmə alıb... elə o ədəbsiz və nadan adamlar da eyni həyasızlıqla ağızlarına gələni öz başlarından istədikləri kimi qələmə alaraq bu cür gərəksiz, boş-boş şeyləri gətirib alimlərin kitablarına doldurublar” (St.Malxasyan. Favstos Buzand. Erməni tarixi. İrəvan, 1947, s.9.). Elə həmin o tarixçi Parpetsinin dediyinə görə, erməni tarixinin ağsaqqalı Aqatanqeqosdur”.

 

(ardı var)

Uğur

Xalq Cəbhəsi.- 2016.- 27 aprel.- S.14