Tarixçi alimdən ermənilərə
çətin sual: “İfrat cəfəngiyyata və
boşboğazlığa niyə son qoymursunuz?!”
II
yazı
Ötən sayımızda tanınmış
tarixçi alim İsrafil Məmmədovun erməni
tarixçilərinin hədyan-böhtanlarını ifşa edən
fikirlərini təqdim etmişdik. Mövzunu davam
etdiririk. Tarixçi yazır: “Erməni tarixi”nə dair
yazılan ikinci kitabın müəllifi Favstos Buzanddır.
Buzandın “Erməni tarixi” adı ilə oxuculara təqdim
olunan, 1947-ci ildə St.Malxasyan tərəfindən yenidən
erməni dilinə tərcümə edilən o kitabını
bütövlükdə olmasa da, 291-292-ci səhifələrində
“böyük ilham və inamla” yazılmış bu rəvayəti
bir də oxuyun: “Manvel məclisə toplaşanlarının
hamısının gözü önündə soyundu. Bədəninin bütün əzalarını
açıb göstərdi. Bir qəpik
boyda da sağlam yer qalmamışdı. Bütün
bədəni deşik-deşik olmuşdu müharibələrdə.
Hətta o, cinsi kişi əzasını da açıb
göstərdi hamıya, üstündə ən azı əlli
yara yeri qalmışdı”... Sizcə, cənab Karapetyan, tarixi
kəsimlər amilini nəzərə almadan, xronoloji
ardıcıllığa məhəl qoymadan, gerçək
insan obrazı deyil, epik roman qəhrəmanları icad edən;
maarifçi Qriqor və onun davamçısı kiçik
Qriqorun, katolikoslar Nerses, Vrtanes və Husiqin simasında ideal
şəxslər yaradan, məhdud dini məzmum daşıyan
yorucu, uzun-uzadı öyüd-nəsihətləri, dualar və
möcüzələri, gülünc əfsanələr və
həyasız mənzərələrin təsvirlərini
tarixi həqiqət kimi təqdim və təbliğ edən
belə əsəri obyektiv qaynaq, məxəz, ədəbiyyat
hesab etmək düzgündürmü? Xristianlığın
qəbul edilməsini Ermənistan üçün
“Böyük inqilab” hesab edən tədqiqatçılar
çar Trdatı və Qriqor Lusavoriçi bu inqilabın
“baş qəhrəmanları” kimi təqdim edirlər. İkinci qəhrəman kimi adı vurğulanan
Qriqorun həyatı və fəaliyyətinə dair
qaynaqların, saysız-hesabsız rəvayətlər, əfsanələr,
hekayətlərin içində həqiqət boğulur,
itib-batır. Bəzi tədqiqatçılar
hətta onu yunan möcüzəsi, Kesariyadan gəlmiş
missioner kimi təqdim edirlər. (Leo,
adı çəkilən əsəri, s.419.).
Bəzi tədqiqatçılar da iddia edirlər ki, erməni
xalqının tarixinə dair ilk kitabı Aqatonqeqos
yazmayıb. Aqatonqeqos əslinə qalanda heç şəxsi ad
deyil. “Aqatos” yununca “xeyir xəbər”, “şad xəbər”
deməkdir, “anqelos” isə “mələk”, “müjdəçi”
deməkdir. Deməli, “xeyir, şad xəbər
müjdəçisi” anlamında vurğulanan Aqatonqeqos əslində
xristianlığın yayılmasında baş qəhrəman
kimi təqdim olunan Qriqor Lisavoriçin ləqəbidir. Çünki kitab da elə onun fəaliyyətinə,
xristianlığın yayılması tarixinə həsr olunub.
Bütün bu məqamları nəzərə alan bəzi tədqiqatçılar
belə hesab edirlər ki, kitabın üz qabığında
“Aqatanqeqosun tarixi” yazılmasına baxmayaraq onu “Müqəddəs
Qriqorun tarixi” kimi qəbul etmək daha düzgün olardı.
Qazar Parpetsiyə istinadən həmyerliniz, qarabağlı
Baqar Ulubabyanın bu qənaətinin də sizə çoxdan
bəlli olduğuna şübhəm yoxdur: “Müqəddəs
şəhid Qriqorisin əli ilə erməni aləmi atəşpərəstlik
nadanlığından imtina edərək gerçək allahpərəst
oldu. Buna görə də o kitabı Qriqorisin
kitabı adlandırdılar” (Müsahibələr toplusu.
İrəvan, 1988, s.73.). “Bəs
Xorenatsının, yaxud kilsə xadimlərindən başqa
birisinin verdiyi tarix?” Yaxşı tanıdığınız
tarixçi Arakel Babaxanyan (Leo) özünün bu ciddi
sualına ciddi cavab verərək yazır: “Süni qaydada saxta
salnamə (xronologiya) düzəldirlər. Bunun
üçün çoxlu təriflər, uydurmalar,
saxtakarlıq tələb olunur. Belə
çıxır ki, erməni nahapetləri (patriarxları)
sülaləsinin hökmranlığı, yaxud “Haykazyan
dövrü” 1800 il davam edib. Yetərincə uzun sürən bu dövrün
ayrı-ayrı zaman çalarlarındakı boşluqları
doldurmaq üçün 59 hakimin adı bir-birinin ardınca
düzülüb. Onlardan 32-nin quruca
adı var, tarixi, hətta ehtimal olunan hökmranlıq
dövrü də göstərilmir. Bir
sözlə, dövr, zaman, vaxt göstəricisi yoxdur. Göründüyü kimi, Xorenatsi “Haykazyan” adlandırdığı
o dövrün tarixi hadisələri və ənənələrinin
sədaqətli və etibarlı salnaməçisi olmayıb.
O, əksinə, həmin ənənələrə və
baş verən tarixi hadisələrə yamaq vurmaq əsasında
uydurma tarix düzəltməklə xristianlığa saxta xidmət
göstərmək rolunda çıxış edib””.
İ.Məmmədov
daha sonra bir məqama diqqəti yönəldir:
“Xristianlığın tarixinə dair erməni keşişləri,
kilsə təmsilçilərinin yazıb-yaratdıqları ədəbiyyat
və bəhrələndikləri qaynaqlar barəsində
tarixçi Leonun söylədiyi bu sözləri də yəqin
ki, xatırlayırsınız: “Bu barədə rəvayətlər,
nağıllar, türlü-türlü əfsanələrdən
dağ boyda bir yığın yaranıb. Ancaq
bunların içindən ağıllı-başlı bir
tarixi material tapmaq olmur. Üst-üstə
qalaqlanıb tığlanmış bu ədəbiyyata görə
belə çıxır ki, ermənilər
xristianlığı qəbul edəndə heç
xristianlıq olmayıb. Saxta katolikos, saxta
erməni padşahı adları da uydurublar. Guya ilk xristian padşah erməni olub. İlk
xristian xalq da elə erməni xalqıdır... Əsrlər
boyu da bu əcaib, sadəlövh, sərsəm cəfəngiyyata
inanıblar.” (Seçilmiş əsərləri,
İrəvan, 1966, I cild, s.414.) Bu halda, Karapetyan, insan
idrakını real həyatdan kənarda axtaran, olmayan anlar və
yaşanmayan mifləri gur duyğular və emosiyalar axarında
təsvirçilik və seyrçilik mövqeyindən təqdim
eləyən “arsiv” (“qartal”) totemindən Arsurinilər adlı
knyaz nəsil, “araqil” (“leylək”) totemindən Ara Gegesiq
adlı xalq qəhrəman “icad” edən erməni tarixi və
qaynaqlarını hansı məntiqlə yeganə qüsursuz
tarix və qaynaq, “türk, talış, tat, ləzgi, avar,
kürd və fars xalqlarının tarixini isə saxta tarix”
adlandırmaq olar? Deyirsiniz: “Kitab yazmışam Azərbaycan və
İran haqqında”. Çox əcəb. Həm də Azərbaycanda yaşamaqda olan
adlarını çəkdiyiniz xalqlar barədə əsər
yazmaq istəyirsiniz. Bu da yenilik deyil. Amalınız da bəllidir, amacınız da.
Qarşılıqlı nifaq, ədavət toxumu səpmək
yolunda ayrı-ayrı erməni tarixçiləri,
yazıçıları az tər tökməyib,
yetərincə antonim, antinomik tarixi “əsərlər”
yazıblar. Amma tarix yazan annalist olmaq başqa, qədim
əşyalar, əntiqə şeylər alverilə məşğul
olan antikvarçılıq bambaşqa peşədir.
Allah eləsin, bu dəfə sizin yazacağınız kitab bədxah
siyasi məqsədlərdən və qatı şovinist hisslərindən
uzaq, həqiqəti ehtiva edən, pak duyğular, ülvi niyyətlərlə
qələmə alınan safdil tarixi əsər olsun! Məhz
bu baxımdan bilmək istərdim: farslarla bağlı kitabda
siz Zarehavanda baş vermiş bu faciəni necə təqdim edəcəksiniz:
“Şapurun ordusu dörd yanı yerlə-yeksan qoymuşdu. Həddi-buluğa
çatmış bütün kişi
cinsi fillərin tapdağı altında məhv edilmişdi. Erməni naxararların qadınlarını soyundurub
meydanda sıraya düzmüşdülər. Şapur at belində gəlib onların
sıraları arasından keçir, bəyəndiyi
qadını seçir, yaxınlıqdakı
çadırına göndərir və gedib orada
zorlayırdı. Bu tamaşanı o,
İrana qayıdandan sonra da davam etdirirdi. Erməni
şahzadəsi Paranzemi də özü ilə birlikdə bura
gətirmişdi. İzdihamlı bir hərbi parad düzəltdi,
Paranzemi biabırçı vəziyyətdə meydana gətirdilər,
sonra da əsgərlərə... İranın bu
şahının fərmanı ilə Hamazaspuhini də
soyundurub başıaşağı asdılar...” F.Buzandın ilhamla qələmə
aldığı, tarixə və tarixçilərə
çoxdan bəlli bu səhnəni təsvir edəcəksinizmi?
Sizin biz Azərbaycan və türk tarixçilərinə “məsləhət
gördüyünüz” o “tarixi keçmişə dair yeganə
düzgün bilgilər verən erməni qaynaqlarından”
böyük sayğı və ehtiyatla, yəni yersiz əlavələr
etməyə ehtiyac duymadan, kiçicik təhrifə belə
yol vermədən, rəngləri qarışıq salmadan gətirdiyim
bu “örnəklər”, zənnimcə, dediyiniz o qaynaqların
nə halda olduğunu düzgün təsəvvür etmək
üçün yetərlidir”.
Tarixçi bu qənaətdədir ki, sözügedən danılmaz həqiqəti inkar etmək olmaz: “Ancaq qaldırdığınız məsələnin mahiyyətinə dərindən nufuz etsəydiniz, turklər və azərbaycanlıların genezisi, mənşəyi, soyu, kökü, dili məsələsini qərəzsiz öyrənmək meylində olsaydınız, onların gəlmə deyil, yerli, köklü əhali olduğunu, dillərinin də qədim və şirinliyini təsdiq edən tarixi faktları və daha böyük bir həqiqəti inkar etməzdiniz. Ancaq siz bədniyyətlə israr edirsiniz ki, guya Azərbaycan dili qoca tarixin lap son kəsimlərində, az qala XIX əsrin sonu və XX əsrin əvvəllərində ancaq formalaşa bilib. Halbuki erməni tarixçilərinin çoxdan pərəstiş etdikləri akademik N.V.Marr “Orxon-Yenisey” kitabələrinə istinadən etiraf edir və yazır: “Türklərin ədəbi fəallığı VI əsrdən məlumdur və çinlilər onları təxminən min üç yüz il də ondan qabaq” tanıyırdılar. (İzbrannıe rabotı, Moskva, 1937, T.IV, c.134). Öz dediyinizi ədalət tərəzisinin bir gözünə, akademikin dediyini də o biri gözünə qoyub özünüz hesablayın, fərqini tapın: VI əsr + 1300 il + sonra gələn 16 əsr! Düzgün hesablasanız, gərəcəksiniz ki, sizdən dağlar qədər fərqli olaraq akademik N.Marr türk-Azərbaycan dilinin ən azı 3500 illik tarixini tərəddüdsüz etiraf edib.Tarixin atası Heredot da Azərbaycan torpaqlarında xeyli əvvəl məskunlaşan, hətta qüdrətli dövlətlər qura bilən isketlərin (skolotların) türk ailəsinə mənsub olması, türk tayfalarının təkcə Ön Asiyada deyil, Avropada da ilk mövcudluğu faktını təsdiq edib. (Qerodot, İstoriş, L.1972, s. 578.; Lotman R.Q. O rannem vodvorenii v nekotorıx çastyax Evropı turkskix pelemen. VRQO, SPb, 1854, ç.X. otd. V. s.44). R.Q.Lotman bunu da vurğulayır ki, əslində heç “İsketlərin türk mənşəli olduğu elə bir əlavə sübut tələb etmir” (yenə orada, s.46). Bizans tarixçisi F.Simakatta da isketləri türk adlandıraraq öz tarixində yazırdı: “Elə ki bu ilin yayı gəldi, həmin şərqdə ehtiramla xaqan adlandırılan türklər Mavrikiya imperatoruna elçilər və məktub göndərirdilər (İstoriş. Moskva, 1957, s.106). Miladdan öncə IV əsrin sonu, III əsrin əvvəllərində Azərbaycan ərazisində sinifli cəmiyyətin yeni inkişaf mərhələsinə qədəm qoyması və yeni türk dövlət qurumlarının meydana gəldiyi də tarixə bəllidir. Etibarlı ərəb qaynaqları da Azərbaycanın qədim türk diyarı olduğunu təsdiq edir. Yunan yazıçısı Ksenafont (m.ö. 430-354) “Arpaçay” hidronimini görün neçə əsr bundan əvvəl “Arpazis” şəklində ifadə edib (Anabasis, IV, s.7). Şərhə ehtiyac qalmasa da, xatırladım ki, siz, yəni ermənilər arpaya “qari”, çaya “ged” deyirsiniz. Bu məntiqə görə, əgər çayın sağı və solunda ermənilər yaşamış olsaydı, ağıllı Ksenofont onun adını türkcə “Arpazis” deyil, ermənicə “Qariged” kimi qələmə alardı. Deməli, hələ Ksenofont dövründə bu ərazidə türk tayfalarının yaşaması faktı təkzib edilməzdir, onu təhrif etməyə hədər vaxt sərf etməyə dəyməz. 1300 illik tarixi çoxdan adlamış “Dədə Qorqud” kitabını, Əbu-Bəkir-əl-İsfahaninin “Oğuznamə”sini vərəqləyə bilsəniz daha faydalı olar. İnanarsınız, bir daha mübahisə etməyə qalxmazsınız ki, Arpa çayının sağ və sol sahillərində, Ağbaba və Şörəyel rayonlarında, Göyçə (Sevan) gölünün sahillərində, Alagöz hövzəsində də minillərə oğuz tayfaları ömür sürüb, at çapıblar. Onların ən böyük xanı Oğuz xaqan bu ərazidə yaşayıb, hökmranlıq edib, Göyçə gölünün sahilində həyatdan gedib, hökmranlığı öz varislərinə verib”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 28 aprel.-
S.14