Qədim Azərbaycanda din və məzhəblərin fəlsəfi mahiyyəti

 

(əvvəli ötən sayımızda, III yazı)

 

Azərbaycan filosofu Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154–91) dünya mədəniyyətində məşhur işraqilik fəlsəfəsinin banisidir. Bu fəlsəfi təlim onun “İşraq fəlsəfəsi”, “Nur heykəlləri”, “İşıq haqqında risalə” və s. əsərlərində şərh olunur. Qədim Azərbaycan, Şərq və yunan fəlsəfəsindən qaynaqlanan, peripatetizmin rasionalizmini, sufilərin fəlsəfi baxımdan əhəmiyyətli olan varlığın vahid substansionallığı haqqında ideyasını və dini təsəvvürlərin avtoritarlığını özündə birləşdirən Sührəvərdi təlimi bu gün də Şərq və Qərb fəlsəfə tarixçilərinin diqqətini cəlb edir.

Dövrün fəlsəfi fikri Azərbaycan ilahiyyatçıları Əbuhəfs Zəncani, Əbu Ömər Osman Dərbəndi, Əbülfəz Üşnuhi, Əbubəkr Urməvi, Əbu Xəfif Şirvani və başqa mütəfəkkirlərin ortodoksal təmayüllü teoloji risalələrində əksini tapıb. XIII–XVI əsrlərdə Azərbaycan fəlsəfi və sosial-siyasi fikri ölkənin sosial-siyasi və ümummədəni kontekstində dövrün tələblərinə uyğun inkişaf edirdi. Lakin bu kontekst XIII–XIV və XV–XVI əsrlərdə xeyli fərqlənirdi. Belə ki, XIII–XIV əsrlərdə ölkə ərazisində müstəqil Eldənizlər və Atabəylər dövlətləri devrilir, monqolların və Teymurilərin hakimiyyəti bərqərar olur. XV–XVI əsrlərdə isə Azərbaycan xarici istiladan tədricən azad olur, müstəqil Ağqoyunlu, Qaraqoyunlu dövlətləri və Azərbaycan Səfəvi imperiyası yaranır.

XIII–XIV əsrlərdə ölkədə xarici istila zülmü yerli feodal zülmü ilə birləşərək genişmiqyaslı xalq üsyanlarına səbəb olurdu. Bu üsyanlarda, adətən, əsas rolu yüz minlərlə sakini olan və iqtisadiyyatı inkişaf etmiş şəhərlərin əhalisi, ilk növbədə, iqtisadi, ideoloji və siyasi cəhətdən təşkilatlanmış və bir çox hallarda tacirləri, yerli mülkədarları, ruhaniləri və kəndliləri ətrafında birləşdirən sənətkarlar silki oynayırdı. Ölkəsinin müdafiəsinə qalxan xalqın ideoloji dayağı mövcud təriqətlərin qeyri-ortodoksal, bir sıra hallarda ifrat şiəliyi və ardıcıl panteizmi ilə səciyyələnən fəlsəfi yönümlü təlimləri idi.

XIII-XVI əsrlərdə keçmiş fəlsəfi cərəyanlar zəminində yeni, özünəməxsus fəlsəfi baxışlara malik, məhz Azərbaycanda yaranmış müstəqil hürufi, nöqtəvi, qızılbaş, gülşəni və s. təriqət və ideoloji cərəyanlara rast gəlinir. Arasıkəsilməz müharibələrə və istilalara baxmayaraq, həmin dövrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına dünyəvi elmlərin yüksəlişi – XIII əsrdə Şərq alimlərinin elm ocağına çevrilmiş dünya şöhrətli Marağa rəsədxanası və Marağa universiteti, XIV əsrdə Təbrizdə dünyəvi elmlər, fəlsəfə və ilahiyyat tədris olunan Dar üş-Şəfa tibb kompleksi, XIV əsrin əvvəllərində Təbrizdə dəqiq elmlərlə yanaşı fəlsəfənin dərindən öyrənildiyi Rəbbi-Rəşidi elm şəhərciyinin yaranması, əlyazmalarını hifz edən çoxsaylı kitabxanaların və hətta ölkənin kağız istehsalına ehtiyacını ödəyən Kağazkunan şəhərinin olması təsir edirdi. Fəlsəfi və ictimai fikrin inkişafına ölkədə müxtəlif din (zərdüştilik, təktanrıçılıq, şamançılıq, bütpərəstlik, yəhudilik, xristianlıq, İslam və s.) və dillərin (türk-Azərbaycan, ərəb, fars, udi, gürcü və s.) mövcudluğu etnosların birgə qarşılıqlı anlaşma və etimad şəraitində yaşaması və mədəni əlaqələri də böyük təsir göstərirdi.

Müxtəlif dinə, dilə və siyasi bölgələrə mənsubluğu Azərbaycan mədəniyyətini və fəlsəfəsini zənginləşdirən amillər idi. Ərəb və fars dilləri ilə bərabər artıq XII əsrdən türk dili də elitar ədəbi dil kimi tanınırdı. Azərbaycanın fəlsəfi ədəbiyyatında türk-azərbaycandilli yazılı abidələr getdikcə artırdı. Bunlardan XIII əsrə aid alleqorik “Əhməd Hərami” anonim etik risaləsini, Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və XIII-XVI əsrlər fəlsəfi poeziyasının başqa çoxsaylı nümayəndələrinin məlum irsini göstərmək olar. Azərbaycan xalqının fəlsəfi mədəniyyəti XIII-XVI əsrlərdə əsasən İslam və xristian mədəni bölgələrində inkişaf edirdi. Lakin xristian bölgəsinin yazılı mədəni abidələri Azərbaycan albanlarının etnik assimilyasiyasına hər vasitə ilə cəhd edən erməni kilsəsinin əli ilə uzaqgörənliklə məhv olunduğundan, Azərbaycanın alban mənəvi mədəniyyəti və xüsusən fəlsəfi dünyagörüşü haqqında məlumat çox məhduddur.

XIII-XVI əsrlərdə İslam mədəni kontekstində inkişaf edən Azərbaycan fəlsəfəsi əvvəlki dövrdə olduğu kimi, teosofiya daxilində Şərq peripatetizmi, təriqət fəlsəfəsi, fəlsəfi poeziya, təfsirlər və s. formalarda inkişaf edirdi və dövrün sosial-siyasi durumu fəlsəfəyə, xüsusən genişlənən sosial bazaya malik fəlsəfi cərəyanlara, onların ortodoksal dinə münasibətinə ciddi təsir göstərirdi. Din xadimlərinin bir çox hallarda monqollar və teymurilərlə əməkdaşlığı xarici (istilaçı) və yerli sosial zülmə qarşı yönəlmiş cərəyanların fəlsəfi görüşlərində bidət təmayülünü artırırdı. Bu cərəyanlar fəlsəfədə materializm təmayüllü ardıcıl panteizmi təbliğ edir və panteizmə əsaslanan hülul nəzəriyyəsini sosial problemlərin həllinə yönəldirdi. Mistik özünüdərk və fərdi kamilləşmə artıq real məqsədlərə, siyasi-sosial məsələlərin həllinə istiqamətləndirilirdi. İslamın panteizmə əsaslanan yeni bidətçi yozumlarının sayı artır və onlara qarşı ortodoksal din və dövlət xadimləri tərəfindən aparılan amansız mübarizə şiddətlənirdi.

XIII-XVI əsrlərdə peripatetik fəlsəfənin nümayəndələri Siracəddin Urməvi, Əfzələddin Xünəci, Nəsirəddin Tusi və b. idi. Görkəmli filosoflar Mahmud Şəbüstəri, Əvhədi Marağayi isə həm peripatetizmi, həm də sufiliyi təmsil edirdilər. Həmin mütəfəkkirlərin əsərlərində fəlsəfi problemlərlə yanaşı, nücum, təbabət, riyaziyyat, məntiq və hüquq problemləri də mühüm yer tuturdu. Məntiq elmi Şəmsəddin Məhəmməd Xalxali, Şükrüllah Şirvani, Bədrəddin Seyid Əhməd Lələvi və b. əsərlərində işlənmişdir. Bu dövrdə peripatetizm nümayəndələri ölkə və bölgə fəlsəfi ənənələrini elmin nailiyyətləri ilə birləşdirərək bir sıra fəlsəfi problemlərin materialist təmayüllü yozumunu vermiş, hərəkət və inkişafın ümumiləşdirilmiş təsvirini, maddi və mənəvi aləmin fenomenləri arasındakı qarşılıqlı əlaqələri dialektik izah etmişlər. Dövrün peripatetiklərinin təlimi X-XII əsr Azərbaycan fəlsəfəsi ənənələrinin, elm və mədəniyyətinin nailiyyətlərinə söykənən davamı idi.

XIV əsrdə Azərbaycanda və İslam Şərqində hürufilik fəlsəfəsinin banisi Fəzlullah Nəimi Təbrizi Astrabadi əl-Hürufi (1339/40–1393/94) olub. O, “Cavidani-Kəbir”, “Məhəbbətnamə”, “Ərşnamə” və s. əsərlərində hürufilik fəlsəfəsini şərh edib. Sufi və ismaili fəlsəfəsindən bəhrələnən hürufilik fəlsəfəsi nisbətən ardıcıl materialist yönümlü panteizmi və mistik pərdə altında məhəbbətlə əqli birləşdirərək varlığın dərkini təbliğ edən ideya cərəyanı idi. Bu təlim ərəb və fars əlifbası hərflərini və bu hərflərin saylarını (28 və 32) ilahiləşdirir, onları hər şeyin əsasını təşkil edən dörd maddi ünsür, insan və Allahla tam eyniləşdirirdi. Hürufilər hər cür zülmə, o cümlədən Teymurilər zülmünə qarşı çıxaraq üsyanlar yolu ilə mübarizə edirdilər. Bu əqidəyə görə, Nəimi Əmir Teymurun oğlu Miranşahın əmri ilə qətlə yetirilib. Lakin hərəkat davam edir və onun fəlsəfi təlimi Orta və Yaxın Şərq ölkələrində və hürufiliyin vətəni Azərbaycanda (hürufi cəmiyyəti məxfi təşkilat kimi Bakıda yaranır və Azərbaycan hürufi mənbələrində “oyanışın vətəni” adlanır) geniş yayılırdı. Şair və mütəfəkkir İmadəddin Nəsimi (1369/1370– 1417) hürufilik fəlsəfəsinin təbliğatçısı olub. Şairin Azərbaycan, ərəb və farsdilli divanları Şərq aləminə yayılaraq sufi və hürufi fəlsəfəsini poeziya dili ilə geniş təbliğ edirdi.

Hürufiliyin görkəmli nümayəndələrindən biri Azərbaycan filosofu Əli-ül-Əla idi. O, Nəiminin qətlindən sonra hürufiliyi Türkiyədə təbliğ edib. Hər iki mütəfəkkir hürufiliyin panteist ideyalarının təbliğinə görə edam olunub. Bu təlimin ideya və rəmzləri İslam ölkələrinin mənəvi mədəniyyətində XVIII əsrə qədər əhəmiyyətli yer tutub.

XIII-XIV əsrlərdə Azərbaycanda panteist fəlsəfəni təbliğ edən və dinə müxalif olan müxtəlif təriqətlər arasında “Həllaciyyə” (Mənsur Həllacın görüşlərini təbliğ edən), “Əli-Allahi”, “Sührəvərdiyyə” (Şihabəddin Əbuhəfs Sührəvərdinin görüşlərini təbliğ edən) və s. təriqətlər mövcud idi. Həmin təriqətlərin içində banisi Səfiəddin İshaq Ərdəbili olan qızılbaş təriqəti və onun ideologiyası xüsusi yer tuturdu. Bu ideologiya XIII-XVI əsrlərdə təşəkkül və təkamül dövrünü keçərək sonradan Səfəvi imperiyasının şiə təmayüllü hakim ideologiyasına çevrildi. Qızılbaş sufi ideologiyası tarixən dəyişərək XIII-XV əsrlərdə təbliğ etdiyi sufi fəlsəfəsinin ardıcıl panteizmindən, sosial zülmə son qoyan insan surətində Mehdinin zühuru ideyalarından tam imtina etdi. XVI əsrdə hakim Qızılbaş ideologiyasında sufiliyin ancaq insanı təkmilləşdirən mistik əxlaq normaları, sufi və hürufi fəlsəfəsinin rəmzlərindən formal istifadə və mürşidə tabeçilik tələbi geniş təbliğ olunurdu.

XV və sonrakı əsrlərdə hürufilik zəminində təşəkkül tapmış materialist və rasionalist yönümlü ardıcıl panteizmi və ifrat bidətçiliyi ilə fərqlənən, mövcudatın əsasında nöqtəni görən mistik nöqtəvilik fəlsəfi dünyagörüşü yarandı. Nöqtəvilik hərəkatı və fəlsəfəsinin banisi F.Nəiminin şagirdi Mahmud Pəsixani idi. Təlimin dinə qarşı kəskin müxalifliyi səbəbindən Nəimi Pəsixanini hürufi təriqətindən kənarlaşdırıb. Azərbaycanda və İslam ölkələrində yayılmış nöqtəvilik fəlsəfəsinin nümayəndələri amansız təqiblərə məruz qalmışlar. Qədim materialistlərin, peripatetik və qeyri-ortodoksal cərəyanların fəlsəfi baxışlarından bəhrələnən nöqtəvilik fəlsəfəsi Orta əsrlərdə dünya fəlsəfəsinin fenomenlərindən biri idi.

Hürufilik, nöqtəvilik və s. bidətçi cərəyanların panteistik təlimləri ilə eyni vaxtda Azərbaycanda mötədil sufi baxışlarını təmsil edən xəlvətiyyə cərəyanı geniş yayılır. Bu cərəyanın fəlsəfi təlimi Seyid Yəhya Bakuvi, Yusuf Miskuri və b. sufi mütəfəkkirlərin irsində əksini tapıb. XIII-XV əsrlərdə ölkədə ortodoksal dini fəlsəfəni təmsil edən və ardıcıl idealizm mövqeyində duran mütəfəkkirlərlə qeyri-ortodoksal cərəyanların panteizmə əsaslanan və Şərq peripatetizminin təmsilçiləri olan mütəfəkkirlər arasında kəskin ideoloji mübarizə gedirdi.

 

Cavid

(davamı növbəti sayımızda).

Xalq Cəbhəsi.- 2016.- 29 aprel.- S.13.