“Azərbaycanlı bolşeviklər
işğaldan az sonra səhvini başa düşdü”
Musa
Qasımlı: “Cümhuriyyət hökuməti əleyhinə
təbliğat təkcə parlamentdə aparılmırdı”
Aprelin 28-i Azərbaycanın bolşevik
işğalına məruz qaldığı və
cümhuriyyətin süquta uğradığı
gündür.
Müstəqil dövlətin süquta
uğradılmasının səbəblərinə dair
Teleqraf.com-un suallarını dövrün tarixinin
araşdırıcısı, görkəmli alim, professor, millət
vəkili Musa Qasımlı cavablandırır.
–28 aprel
işğalı ilə bağlı indiyədək çox
yazılıb, çoxlu müsahibələr verilib. Bu mənada ötən illərdə yazılan və
deyilən fikirləri təkrarlamamağa cəhd göstərək.
28 aprel işğalı ilə bağlı Sizə
hansı yeni faktlar məlumdur?
– Tarixdə
araşdırılması bitmiş hesab edilən heç bir
mövzu yoxdur. İndiyədək bilinməyən
bir yeni və ən mötəbər arxiv sənədinin elmi
dövriyyəyə gətirilməsi indiyədək
yazılanları alt-üst edə və ya səhvləri
düzəldə bilər. Bu baxımdan,
28 aprel işğalına dair ölkəmizdə nə qədər
əsərlər yazılsa da, yenə azdır. Sovet dövrü tarixşünaslığında 28
apreli əvvəlcə “çevriliş”
adlandırırdılar. Sonralar isə
“inqilab” adlandırmağa başladılar.
Xarici ölkələrdə siyasi mühacirlərin
yazdıqları əsərlərdə və dərc etdikləri
jurnallarında, digər ölkə tarixçilərinin
kitablarında 28 aprelin mahiyyəti düzgün olaraq
“işğal” yazılırdı. Çünki bir
qonşu ölkə digər bir qonşu ölkəyə hərbi
təcavüz edərək işğal etmiş, dövlət
müstəqilliyinə son qoymuşdu. Bolşevik ordusunun
Azərbaycana təcavüzü nəticəsində
çevriliş oldu, hakimiyyət dəyişdirildi,
bolşeviklər hakimiyyətə gətirildilər, müstəqil
Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıldı, işğalın və çevrilişin
nəticəsi isə Azərbaycanda sosial-siyasi, iqtisadi, ideoloji
və b. sahələrdə inqilabi dəyişikliklərə
gətirib çıxardı.
Bu məsələləri dərindən araşdıran
və bir neçə monoqrafiya nəşr etdirmiş peşəkar
tədqiqatçı olaraq deyə bilərəm ki, problemin
araşdırılmasını sona çatmış hesab etmək
düzgün olmazdı. Çünki tarixi tədqiqatlarda son
nöqtə heç bir zaman qoyulmur. 1998-ci
ildə “Xarici dövlətlər və Azərbaycan (aprel
işğalından SSRİ yaradılana qədərki
dövrdə diplomatik-siyasi münasibətlər)” adlı iri
həcmli monoqrafiyam nəşr edilənədək bu
işğalla bağlı çoxlu arxiv sənədləri hələ
elmi dövriyyəyə gətirilməmişdi. Tədqiqat zamanı bir çox yeni sənədləri
elmi dövriyyəyə gətirdim. Onların
hamısını sadalamaq mümkün deyil, zaman yetməz.
Məsələn, arxivlərdə məxfi qrifi
altında saxlanılan və o zamanadək istifadə edilməyən
Stalinin Azərbaycanın işğal edilməsinə dair
konkret göstərişlərini özündə əks etdirən
sənədlər ilk dəfə elmi dövriyyəyə gətirildi.
Stalin Serqo Orconikidzeyə etiraz edərək
yazırdı ki, Azərbaycanda milli hökumətə
qarşı üsyan şansı yoxdur, gözləməyin
heç bir faydası yoxdur, ona görə də Azərbaycan
hüdudlarına soxulmaq gərəkdir. Bundan
sonra xarici ölkələrin arxivlərində işləyərkən
çoxlu yeni mənbələri elmi dövriyyəyə gətirdim.
Xüsusən, bolşevik işğalı nəticəsində
Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinə
böyük dövlətlərin münasibətinə dair
elmi ictimaiyyət tərəfindən yaxşı qarşılanan
bir sıra məqalələr dərc etdirdim. Mütəxəssislərin
fikrincə, bunlar əslində açılan ilk uğurlu
cığırlar idi. Nəhayət,
2006-cı ildə İstanbulda “Kaknüs” nəşriyyatı
“Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945” adlı iri həcmli monoqrafiyamı alaraq nəşr
etdi. Bu əsər dünyanın bir
sıra ölkələrində keçirilən kitab sərgilərinə
çıxarıldı. Bir neçə il
əvvəl Frankfurt kitab sərgi-yarmarkasında ən
çox satılan kitablardan biri oldu.
– Bu
işğal faktı yetərincə
araşdırılıbmı?
– Ölkəmizdə
bəzi əsərlər olsa da, bu hadisəyə dair yeni əsərlər
yazılmasının faydalı olacağı qənaətindəyəm.
Mənbələrin informasiya verimi imkanları
tükənməzdir. Xüsusən, xarici
ölkələrin arxiv mənbələrinin gənc tədqiqatçılar
tərəfindən araşdırılmasının gərəkli
olacağına inanıram.
–
Cümhuriyyətin süqutunda xüsusi, müstəsna rol
oynamış şəxslər kimlər idi? Adətən,
Çingiz İldırımın və Əliheydər
Qarayevin adı çəkilir. Başqa
kimlərin adlarını çəkmək olar?
–
Ümumiyyətlə, işğalın həyata keçirilməsi
və müstəqil dövlətin süqutunun təqsirini bir
və ya bir neçə şəxsin üstünə qoymaq cəhdi
tarixi tədqiqatların metodoloji prinsiplərinə ziddir.
Dövrün şərtlərini təhlil etmək və Azərbaycanın
müstəqilliyinin qatı tərəfdarı olan bir
çox müsavatçı xadimlərin, baş verən
proseslərin mahiyyətini dərindən dərk etməyərək
loyal yanaşanların, parlamentdəki sosialistlərin və
digərlərin konkret şəraitdə
davranışlarını, daxili və beynəlxalq şəraiti
dərindən təhlil etmək lazımdır. Məhəmməd Əmin Rəsulzadə və digərləri
isə Azərbaycanın müstəqilliyinin qəti tərəfdarı
olan siyasi xadimlər idi. Rəsulzadə
bildirirdi ki, necə olursa-olsun təcavüzə qarşı
silahlı müqavimət göstərmək lazımdır.
Bolşeviklər isə tamamən sovet Rusiyasının
təsiri altında idilər. Cümhuriyyət
hökuməti əleyhinə təbliğat təkcə
parlamentdə aparılmırdı. Parlament
divarlarından kənarda da bu işlər
görülürdü. Hələ 1920-ci
ilin fevral ayında Azərbaycan Kommunist (bolşevik)
Partiyası yarandığı vaxtdan etibarən Bakıda
pulsuz ziyafətlər təşkil edir, hədiyyələr
dağıdır, cümhuriyyət hökuməti əleyhinə
güclü təbliğat aparırdı.
Təbliğat aparanların içərisində
müxtəlif millətlərdən olan, o cümlədən
azərbaycanlı bolşeviklər də var idi. Təkcə
Çingiz İldırım və Əliheydər Qarayev belə
fəaliyyətlə məşğul deyildi. Nəriman Nərimanov əvvəllər
yazdığı məqaləsində cümhuriyyət
hökumətini tənqid etmişdi. Bolşevik hakimiyyəti
qurulduqdan az sonra isə səhv etdiyini
başa düşdü. Hətta Leninə hiddət
dolu məktub da yazdı. Onun taleyi acı
oldu. Mirzədavud Hüseynov, Dadaş Bünyadzadə və
başqaları da təbliğat aparırdılar. Bolşevik işğalının həyata
keçirilməsində müəyyən rolu olmasına
baxmayaraq, Mirzədavud Hüseynov işğalın elə ilk
günündən yürüdülən siyasətə etiraz
etmişdi.
– Sonuncu
hökuməti təşkil etmək
tapşırığı alan və buna
nail ola bilməyən Məmmədhəsən Hacınskinin
cümhuriyyətin devrilməsində rolu nədən ibarət
olub?
– Azərbaycan Xalq Cümhuriyyəti daxili çəkişmələrin,
ayrı-ayrı şəxslərin fəaliyyətinin nəticəsində
deyil, bolşevik Rusiyasının işğalı nəticəsində
süquta uğradıldı. Azərbaycan xalqı
müstəqilliyin əleyhinə deyildi. Beynəlxalq
şərait Azərbaycanın dövlət müstəqilliyini
qorumaq üçün əlverişli deyildi. Azərbaycan Cümhuriyyəti demokratik idarə
olunurdu. Müxtəlif partiyaların
qarşıdurma yerinə çevrilən parlamentli respublika
forması idarəçiliyi zəiflədirdi. Prezident respublikası olsaydı, Cümhuriyyətin
ömrü bəlkə də uzun olardı.
Böhran yetişdikdə Məmmədhəsən
Hacınskiyə hökumət təşkil etməyi
tapşırdılar. Məhəmmədhəsən Hacınski
cümhuriyyət dövrünün xadimlərindən biri,
xarici işlər naziri olub. Bir sıra ikitərəfli
sənədləri imzalayıb. Türk
ordusunu Azərbaycana dəvət etmək üçün
müraciət edib. Lakin o, hökuməti
qura bilmədi. Hətta hökumət
qurulsaydı belə, işğalın qarşısını
almaq mümkün olmayacaqdı. Hacınskinin
istintaq sənədlərini diqqətlə oxumuşam və əsərlərimdə
istifadə etmişəm. Onun da həyatı
acınacaqlı başa çatıb. Rəsmi
məlumata görə, Tiflisdə həbsxana kamerasında
“özünü asıb”.
– Paris
Sülh Konfransının gedişində Azərbaycan Xalq
Cümhuriyyəti müstəqil dövlət olaraq de-fakto
tanınmışdı. Belə olan təqdirdə
AXC-nin işğal edilməsinə “Antanta” blokuna daxil olan
ölkələrin və Türkiyənin etiraz etməməsini,
seyrçi qalmasını nə ilə izah etmək
mümkündür?
– Bu
sualın cavabı çox genişdir. Azərbaycanın
dövlət müstəqilliyinin itirilməsinə
böyük dövlətlərin münasibətini
araşdırmışam. Birinci dünya müharibəsindən
sonrakı illərdə “Antanta” ölkələrinin
bolşevizmi “beşiyində boğmaq”, türk torpaqlarına
yiyələnmək üçün apardıqları hərbi
əməliyyatlar Rusiya və Türkiyəni yaxınlaşdırdı.
1920-ci ilin aprelin 23-də Türkiyə Böyük Millət
Məclisi hökuməti qurulduqdan üç gün sonra,
aprelin 26-da Mustafa Kamal Paşa Moskvaya üç bənddən
ibarət təkliflərinin əks olunduğu bir məktub
yazdı. Birinci təklifdə yazılırdı ki, türk
hökuməti imperialist hökumətlərinə
qarşı torpaqları azad etmək üçün
bütün işləri və hərbi əməliyyatları
birləşdirməyə hazırdır. İkinci təklifdə
yazılırdı ki, əgər sovet qüvvələri
Gürcüstana qarşı hərbi əməliyyatlara
başlayıb, onu öz ittifaqına qoşarsa, Qafqaz ərazisindən
ingilisləri qovmaq üçün tədbirlər alarsa,
türk hökuməti imperialist Ermənistanına
qarşı hərbi əməliyyatlar və Azərbaycan
Respublikasını sovet dövlətləri dairəsinə
girməyə məcbur etmək öhdəliyini qəbul edir.
Üçüncü təklifdə türk hökuməti
imperializmə qarşı mübarizə üçün
ilkin olaraq 5 milyon türk lirəsinin verilməsini xahiş
edirdi. Həmin məktub 2 iyun tarixində Moskvada
alındı, müsbət cavab 3 iyunda verildi. Leninin bu məktuba müsbət cavab verməsi də
səbəbsiz deyildi. Rusiyanın strateji
maraqlarından doğurdu. Bolşevik
Rusiyasına qarşı “Antanta” ölkələrinin hərbi
əməliyyatları davam edirdi. Moskvada
hesab edirdilər ki, “Antanta” ölkələri türk
xalqının istiqlal savaşı üzərində qalib gələrsə,
onda Qafqaza girə bilərlər, Bakı neftini tutarlar, buradan
isə Moskvaya gedən yol açılmış olardı.
Bundan sonra sovet hakimiyyətini devirmək çətin
olmazdı. Bu şərait Rusiya və Türkiyəni
yaxınlaşdırdı. Lakin buna qədər
artıq bir sıra şifahi razılaşmalar olmuşdu.
Bu yaxınlaşma Azərbaycan Xalq Cümhuriyyətinin
taleyində acı rol oynadı. Aprelin 28-də Azərbaycana
qarşı bolşevik təcavüzü baş verdi. Bolşevik ordusu Anadoluya
yardım adı altında Azərbaycana girdi. Ordunun başında Azərbaycanın istiqlalında
xidmətləri olan Xəlil Paşa və başqaları gəlirdi.
Azərbaycan xalqı islamın və türklüyün
mərkəzi olan Türkiyənin məğlub olmasını
istəmir, Türkiyəyə yardım edən istənilən
qüvvəyə rəğbətlə yanaşırdı.
Lakin bolşevik qüvvələri Anadoluya getmədi, Azərbaycanı
işğal etdi. Türklər belə hesab edirdilər ki,
Azərbaycanda “Antanta” ölkələrinə yaxın olmayan
partiyanın hakimiyyət başına gəlməsi
faydalıdır. Onların
düşüncəsinə görə, bolşeviklərin
hakimiyyəti altında da Azərbaycan müstəqil qalacaq.
Sonralar rus-türk danışıqlarında
türk xadimləri Azərbaycanın müstəqilliyinə
söz verdiklərini daim sovet xadimlərinin diqqətinə
çatdırmışdılar.
Böyük dövlətlərin Azərbaycanın
dövlət müstəqilliyinin itirilməsinə münasibəti
bir sıra daxili və beynəlxalq amillərlə
bağlı idi. Müharibə başa çatdıqdan
sonra Avropa ölkələrini sol hərəkatlar
bürümüşdü. Ölkələrin
hansı yollarla – inqilab, yoxsa islahatlar yolu ilə inkişaf edəcəyinə
dair əndişələr var idi. Ordudan tərxis
olunanların işlə təmin edilməsi, sosial problemlərin
həlli lazım idi. Xarici borclar məsələsi
də həll edilməmişdi. Rusiyanın
keçmiş müttəfiqləri olan “Antanta” ölkələrinə
təxminən 18 milyard qızıl rubl borcu var idi. Onun da 16 milyardı hərbi borclar idi. Borclar məsələsi həll edilmədən
çoxlu problemləri qaydaya salmaq mümkün deyildi. Azərbaycandan Britaniya qoşunlarının
çıxarılması məsələsində ingilis rəsmi
dairələri arasında fikir birliyi mövcud deyildi.
Uinston Çörçill Azərbaycandan ordu hissələrinin
çıxarılmasının əleyhinə idi. Lord Kerzon isə
beynəlxalq şəraitin əlverişsiz olduğunu deyirdi.
Ad günlərinin birində masa arxasında
Çörçill istehzalı şəkildə lord Kerzona
demişdi ki, bu qara bantiklilər (ziyafət qalstuku – S.H) bizdən
xəbərsiz ordu hissələrini Qafqazdan
çıxarmağa qərar veriblər. Lord
Kerzonun müvafiq izahatı da onu qane etməmişdi. Mübahisə hətta bir-birinə butulka ilə əl
qaldırmaq səviyyəsinə gəlib
çatmışdı. Ordu hissələrini
çıxarmağa baxmayaraq, Böyük Britaniya bolşevik
işğalına səssiz qalmadı və etirazını
bildirdi. Fransa hökuməti Azərbaycanın
müstəqilliyinin bərpasına hətta silahlı
yardım etməyə hazır olduğunu bildirdi. Konkret
plan da işləyib hazırladı. Lakin bu
planı həyata keçirmək mümkün olmadı.
Xalq Cəbhəsi.- 2016.- 29 aprel.-
S.8.