Qaraqalpaqların dastan yaradıcılığı

 

II yazı

 

Qaraqalpaq eposunda ən geniş yayılmış bədii ifadə vasitələrindən olan epitetlər daha çox diqqəti cəlb edir. Məsələn, söyləyicilər toyu, təntənəni təsvir edərkən «ən yaxşı heyvanları kəsdilər», «dörd bucaq ocaq yeri düzəltdilər», qızı «hündür, qədd-qamətli», atı «qızıldan yəhərlənmiş» kimi və s. göstərirlər. Bundan başqa «ağappaq», «altın arşa» («qızıl sandıq»), «tilla delment» («qızıl toqqa»), «tilla sedep» («qızıl sədəf»), «tılla saz» («qızıl saz»), «ak üy» («ağ ev (yurta»), «akşa yüz» («ağca üz»), «ağ bilək», «ağ şatır» («ağ çadır») və s. kimi epitetlərə geniş yer verilir. Eyni zamanda bu da qeyd olunmalıdır ki, epitetlərdən istifadə edən qaraqalpaq söyləyiciləri nəinki bir-birini təkrar edir, həm də yerli ləhcəyə söykənərək öz fərdi dəst-xəttini ortaya qoyur, formalaşdırırdılar. Bu da qeyd edilməlidir ki, K.Maksetova görə qazax, özbək, türkmən dastanlarında istifadə edilmiş epitetlər qaraqalpaq dastanlarındakı epitetlərlə üst-üstə düşür. Türk xalq dastanlarında bədii formanın yaxınlığı həm də bu xalqlar arasındakı epik abidələrin geniş yayılması ilə bağlı olduğunu sübut edir.

Qaraqalpaq eposunda atalar sözü və zərbi məsəllərdən də qəhrəmanların nitqinipoetikləşdirmək, rəngarəngləşdirmək üçün geniş istifadə olunur. Məsələn, «Qırx qız» da «êåìëèêêå êåìàë, ìåí ìåíãå çàóàë» («Ağıllıya kamal, mən-mən deyənə zaval»), «Qurbanbəy» də «Ìåí-ìåí áîëñàí êàçàí óðàð ãóëèíå» («Mən-mən desən xəzan (boran) vurar gülünü», «Maspatşa»da ərə gedən qız haqqında «Òåíè êåëñå ìåãèí áåð» («Qız sevdiyinə gedirsə, pulsuz (kalımsız, başlıqsız) ver») və s. Bu baxımdan «Alpamıs» dastanı daha fərqlidir. Məsələn, təkcə Yesemurad jıraunın bir variantında 200-dən çox atalar sözü və zərbi məsəllər yer alıb.

Dastanlarda rast gəlinən şəxs adları, yer, çay, göl, dağ, bitki, heyvan və s. epik planda verilir. Onlar öz fərdi, dar anlayışlarını itirib ümumi obrazlı tipik ada çevriliblər. Məsələn, Alpamıs, Koblan, Gülayim, Goroğlu, Maspatşa, Ayparça, Sərfinaz, Arıslan və b. şəxsində biz öz vətənini, xalq təəsübünü çəkib onun uğrunda döyüşən, ləyaqətini qoruyan insanların obrazını görürük.

Qaraqalpaqların epik repertuarında əlliyə qədər qəhrəmanlıq və məhəbbət dastanları mövcuddur. Onların sırasında «Alpamıs», «Koblan», «Qırx qız», «Qurbanbəy», «Şəhriyar», «Şirin-Şəkər», «Bozaman», «Yer Kosay», «Yer Sayım», «Hacı Girey», «Yer Ziuar», «Kanşayım», «Cahanşa», «Səlimcan», «Hətəm-Tay», «Məngliqal», «Canadil», «Baltakey-batır», «Güldursun haqqında rəvayət» və s. müxtəlif dövrlərdə yaradılıb.

Qurbanbəy jıraunın söyləyicilik məharəti daha fərqli olub. Onun dastan söyləyiciliyi repertuarı o qədər zəngin və çeşidli olub ki, o, nəinki Qaraqalpaqstanda, həm də onun hüdudlarından kənarda hamı tərəfindən sevilib. (Qurbanbəy ömrünün şüurlu dövrünü Qaraqalpaq Dövlət Dram Tetarında, filarmoniyada, radiokomitədə və başqa yerlərdə fəaliyyət göstərməklə, dastanlar və öz fərdi yaradıcılıq repertuarından əsərlər ifa etməklə yaşayıb). Qurbanbəyin repertuarında «Yer Kosay», «Bozaman», «Yazgələn», «Yer Sayım», «Şirin-Şəkər», «Qurbanbəy», «Hacı-Girey», «Kanşayım», «Məngliqal», «Qırx qız», «Alpamıs», «Yer Ziuar», «Cahanşa», «Səlimcan», «Hətəm-Tay», «Canadil», «Güldursun haqqında rəvayət», «Baltakey-batır» və başqa dastanlar böyük ustalıqla səsləndirilib. Onun ifasından bu dastanların böyük bir qismi özbək, qazax, türkmən, qırğız, rus və s. dillərə tərcümə edilməklə qaraqalpaq epik poeziyasının digər xalqlar arasında yayılmasında nəzərəçarpacaq rol oynayıb. Qurbanbəyin «Qırx qız» variantı əsasında A.Tarkovski «Gözəl Gülayim haqqında povest»ini yazıb, Nəvai adına Akademik Opera və Balet Teatrında Feyginin «Qırx qız» baleti səhnəyə qoyulub.

«Yer Ziuar» dastanı. Bu əsər Qaraqalpaq dastanları içində öünəməxsusluğu ilə seçilən nümunələrindəndir. Onun mətni ilk dəfə Sahibnəzər Bəynəzərov tərəfindən Qurbanbəy Tajibəyovdan yazıya alınıb. Bu mətn sonralar Qaraqalpaqstan Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı Gəncəmurad Yesemuradov tərəfindən əlavələr edildikdən sonra 1958-ci ildə on bir min şeir sətri həcmində nəşrə hazırlanıb. Dastan haqqında ilk məlumatı xalq ədəbiyyatı nümunələrinin toplayıcısı Kallı Aimbetov verib. Əsər XVII-XVIII əsrlərdə baş verən hadisələri çevrələməklə, məzmunu qədim nağıl və əfsanələrlə zəngin olan mifoloji elementləri özündə əks etdirməkdədir. «Yer Ziuar» dastanında kalmık xanı Taxtapolad Xarəzm xanı Həsənxanın ölkəsi üzərinə hücum planlaşdırır. Ona 30 minlik ordu qarşısında tablaya bilməyib məğlub olmağı təklif edirlər. Həsən xanın əsabələri ölkəni döyüşsüz təslim etməyi məsləhət bilsələr də, Həsənin oğulları Ziuar və Canay döyüşsüz təslim olmaqdan boyun qaçırırlar. Xanlar və batırlar arasında mübarizə başlayır. Taxtapoladın batırı Ağyunis Həsənin batırı Ağgözü öldürür. Mübarizə dastanda müqayisələrlə verilir: «Belleri jayday buqildi» («Belləri yay tək büküldü»), «Manqlaydan terler toqildi» («Alından tər töküldü»).

Ziuar və Canay Həsənin ordusuna başçılıq edib kalmık xanı Taxtapoladın üzərinə hücuma keçib qalib gəlirlər. Vəziyyətin ağırlığını görən kalmık xanının yaxınları Taxtapolada qarşı çıxış edib müharibəni dayandırmağı təklif edirlər. Xan razılaşmır. Belə olduqda kalmık bəyləri yolunu azmış Taxtapoladı xanın yanına gətirirlər. Həsənin əmri ilə Taxtapolad edam olunur. Həsən kalmıklar ölkəsinə Abaxanı şah, Canayı isə onun vəziri təyin edir. Canayla Aktamkeri böyük toy məclisi qurub evləndirdikdən sonra Həsən xan Xarəzmə qayıdır.

Yer Ziuar yolda bir dərvişə rast gəlir. Dərviş ona gözəlliyi dünyaya səs salan Amanşahın qızı Aynacamal haqqında danışır. Yer Ziuar ona vurulur vəqızın axtarışına yollanır. Yol boyu o, çoxsaylı çətinliklərlə üzləşir. Məsələn, sehrkar qarı Yer Ziuarı kiikə çevirir. Qəhrəman sehrkar qarıdan qaçır. Yer Ziuar kiik cildində Kanşayım adlı xanınqızının qəsrinə daxil olur, o, orada meyvə yeyərkən kənizlər onu görür. Kənizlər xan qızına bu barədə məlumat verirlər. Susıma adlı qıza xan qızı kiiki onun yanına gətirməyi əmr edir. Susıma kiikin gözünə baxarkən onda insana oxşarlığı hiss edir. Xan qızı Zöhriyyə ruhları çağırmaqla onu insana çevirir. Bundan sonra o, Yer Ziuardan oralarda nə etdiyini soruşur. O isə Aynacamala vurulduğunu söyləyir. Zöhriyyə, Yer Ziyarı onu dilə tutaraq saxlayıb onu özünə ər etməyə çalışsa da, Ziuar öz sevgilisinin dalınca getməsində israrlıdır. Ziuardan əlini üzən Zöhriyyə onun Aynacamala qovuşması üçün onunla birgə cinlər, divlər ilə vuruşa-vuruşa Aynacamal olduğu əyalətə gəlib yetişirlər. Aynacamal Ziuara öz sevgi hissini bəyan edir.

Dastanın başlıca mövzusu ölkəni yadelli işğalçı xanlardan azad etmək uğrunda mübarizədir. Hadisələr əsasən Xarəzmdə cərəyan edir. «Yer Ziuar» digər dastanlardan onunla fərqlənir ki, burada hadisələr müharibənin başlaması ilə bağlı gələn informasiyayla ortaya çıxır. Belə başlanğıc qaraqalpaq dastanlarında az təsadüf olunan element kimi maraqlıdır. Dastandakı xeyli motivvə hadisələr nağıl və mifoloji ünsürlərlə əlaqəlidir. Bu, dastanın süjetində, obrazlar sistemində və kompozisiya quruluşunda özünü yaxşı nümayiş etdirir.

«Yer Ziuar» digər qaraqalpaq dastanlarından xeyli digər fərqli xüsusiyyətlərə malikdir. Digər qəhrəmanlıq dastanlarında uşaqlar, övladlar ön planda olub, valideynlərarxa planda durduğu halda, «Yer Ziuar»da oğulla ata (Ziuar, Canay və Həsən) baş verən hadisələrdə bir yerdə vuruşur, iştirak edirlər.

Ziuar və Aynacamal uzun müddət ərzində Zöhriyyənin yaratdığı sarayda qalırlar. Div-pərilər Aynacamalı oğurlayıb aparmaq istəyirlər. Lakin Aynacamal Ziuara görə öz şahlığını qurban verməyə hazırdır. Aynacamal Ziuara cunqarların (kalmıkların) Xarəzmi dağıtmaları haqqında məlumat verməklə, ona doğma yurda yetişməyi məsləhət bilir. Ziuarın kalmıklar üzərinə hücumunda Zöhriyyə də öz yaxın rəfiqələri ilə iştirak edir. Xarəzmdə müharibənin yatırılmasında Ziuar, Aynacamal və Zöhriyyə yaxından iştirak edirlər. Kalmıklarla xarəzmlilər sülh bağlayır, əmin-amanlıq şəraitində yaşamağa başlayırlar.

Dastanda bədii ifadə vasitələrindən istifadə onun başlıca ideyasının açılmasına xidmət edir. Qəhrəmanların zahiri siması, iştirakçı şəxslərin portretləri və s. ustalıqla işlənib. Əsərdə atalar sözü və zərbi məsəllərdən geniş istifadə olunub. Dastanın bədii dilində jırau məharəti özünü kifayət qədər relyefli ifadə etməkdədir. «Qurbanbəy dastanı». Dastan 1938-ci ildə Sədirbəy Mövlənov və Şəmşid Xocaniyazov tərəfindən yazıya alınıb. Əlyazması Özbəkistan Elmlər Akademiyasının Qaraqalpaq filialının kitabxanasında saxlanılan bu əsər 1962-ci ildə Nökisdə qaraqalpaq dilində nəşr olunub. Dastanda noğaylı Qurbanbəy batırın cunqar Şeyirxana qarşı mübarizəsi yer alıb. Qurbanbəyin cunqarlara qarşı yürüşündə onun xanımları, oğulları və kiçik qardaşı iştirak edirlər.

Qurbanbəy xalq təəssübkeşidir. O, onun doğma torpaqlarına göz dikən düşmənlərin hamısına qarşı amansız olacağını və vətəni azad edib onları cəzalandıracağını deyir. Başlıca ideyası istismarçılarla mübarizəni əks etdirən bu əsər xalq ideallarının ifadə olunmasını ön plana çəkir. Dastanın bir sıra yerləri “Qırx qız”la kifayət qədər yaxından səsləşir. Təhkiyədə Qurbanbəyin qulağına qeybdən səs çatdığı insanların cunqar xanı tərəfindənmin bir bəlalara məhkum olub qula çevrilməklə əzablar içində məhv olduğu əksini tapır.Dastanın bu yeri Surtayşanın qaraqalpaq torpaqlarına soxulub xalqı qula çevirib apardığı və Gülayimin xalqın köməyinə yetişdiyi mənzərəni əks etdirən səhnə ilə üst-üstə düşür. Şeyirxanla mübarizədə qəhrəmanlıq göstərən Qurbanbəyin əmisi oğlu Sultan məhv olur və s.

«Qurbanbəy» ənənəvi qaraqalpaq dastanlarındandır. Burada çoxsaylı coğrafi yer adlarına rast gəlinir ki, onlar əsasən noğaylı dövrünü əks etdirməkdədir. Dastanda «noğaylı» həm də hadisələrin getdiyi ərazinin göstəricisi kimidir. Eyni zamanda dastanda elə yerlərdə var ki, onlar dastanın məzmunu ilə əlaqəli deyil. Məsələn, Yaxın Şərq ölkələrinin şəhərləri Qəndəhar, Rat və başqa adlar bu qəbildəndir. Bundan başqa burada jırau fantaziyasına söykənən yer adlarına da rast gəlinir ki, onların içində Abuzəmzəm, Qoyı Bulır, Abuhəyat, Ağböulay, Guhi-Kab və s. var. Eyni zamanda dastanın elə yerləri də vardır ki, hadisələrin bir yerdən başqa bir yerə keçməsi məntiqə söykənmir. “Qurbanbəy”in özünəməxsus süjet xüsusiyyətlərini fərqləndirmək olar ki, məsələn, «Alpamıs»da, «Koblan»da olduğu kimi qəhrəmanın doğuluşu, «Qırx qız»da cigitlərin qız axtarışına çıxması və s. burada analogiyasını görmürük. Bununla belə dastan üçün nağıl motivi daha çox səciyyəvidir.

 

Nizami Tağısoy

professor

 

Xalq cəbhəsi.- 2016.- 5 avqust.- S.14.