Azərbaycan folklorunda
tolerantlıq və multikultiralizm
II yazı
Filologiya üzrə fəlsəfə doktoru Mətanət
Yaqubqızı əvvəlcə Şəki-Zaqatala bölgəsinin
keçdiyi tarixi yola nəzər salır. Bu bölgə
rəngarəng ərazisi, təbiəti, dini, dili ilə həmişə
düşmənlərimizin gözlərini
qamaşdırıb. Əraziyə yad əllər
çox uzanıb. Ancaq buna baxmayaraq,
bölgə əhalisi düşmən qarşısında
daima məğrurluq, dözümlülük, dəyanət
nümayiş etdirib. Yerli əhali ərəblərin,
rus qoşunlarının və s. düşmən qüvvələrinin
hücumuna məruz qalmış və bu düşmən
qüvvələrə rəşadətlə sinə gəriblər.
Şəki-Zaqatala bölgəsi tarixi keşməkeşləri
olan bir ərazidir. Bu region tarixən tez-tez
yadellilərin işğalına məruz qalıb ki, bu da
özünü həm yer-yurd adlarında, həm də
regiondan toplanmış örnəklərdə də
özünü göstərməkdədir.
Tarixdən bəllidir ki, “ta qədim zamanlardan müxtəlif
istiqamətli karvan yollarının kəsişdiyi
torpaqları özündə birləşdirən Azərbaycan
ərazisinin coğrafi mövqeyi bu yerlərin əsrlər
boyu köçəri tayfa və xalqların hücumuna məruz
qalmasına səbəb olmuşdu. Aylar, illər, əsrlər biri digərini
əvəz etmiş, müxtəlif dilli, ləhcəli
yaxın-uzaq tayfa və xalqlar hərə bir məqsədlə
yurdumuza gəlmiş, əksəriyyəti istədiyini əldə
edəndən sonra geri öz elinə qayıtmış, bir
qismi isə Azərbaycan torpağını məskən
seçərək yerli əhali ilə
qaynayıb-qarışmış, buralarda kök
salmışdı. Çox qədim zamanlardan
davam edən bu proseslər Azərbaycanın uzun əsrlər
boyu mürəkkəb etnik tərkibini və mədəni
simasını müəyyənləşdirib. Bu tarixi təlatümlər Şəki-Zaqatala
bölgəsində yaşayan Azərbaycan türkləri ilə
yanaşı, digər xalqlardan və etnik qruplardan da yan
keçməyib.
Məlum olduğu kimi, milli münasibətlərin tənzimlənməsi
prosesində ən zəif halqa milli və dini məsələlər
hesab olunur.
Ona görə də kənar qüvvələr tarixən
insanların dini inanclarını əllərindən
almağa, onu zorla dəyişdirməyə
çalışıb, bəzən qismən də olsa, buna
müvəffəq ola biliblər. Bu da onların həyat tərzinə öz
güclü təsirini göstərib. Məsələn,
“Gel tayfalarının qədim dini inamları, erkən orta əsrlərdə
digər alban tayfaları kimi onların arasında
xristianlığın yayılması və hakim dini
ideologiyaya çevrilməsi, xristian monofizit (antixalkidon) və
diofizit (xalkidon) məzhəbləri arasında mübarizə,
habelə islam dininin qəbulu, XIX əsrin ortalarında
pravoslav məzhəbli Rusiyanın Qafqazda möhkəmlənməsi
ilə əlaqədar ingiloyların yenidən
xristianlaşdırılması bu etnosun tarixi taleyində dərin
iz buraxıb.
Bu fikri
daha aydın ifadə edə bilmək üçün Mətanət
Yaqubqızı dini zorakılıqla bağlı tarixi faktlara
bir qədər də dərindən nəzər salır:
“Rusiya hökuməti Zaqatala dairəsinin ingiloy əhalisinin
pravoslavlığı qəbul etməsini sürətləndirmək
üçün tezliklə ingiloy kəndlərində
pravoslav kilsələri tikməyə başladı.
Özü də bu kilsələr bəzən etnik və dini
mənsubiyyətlərindən asılı olmayaraq, hətta
islamı qəbul etmiş əhalinin kütləvi ziyarət
yerlərində, habelə yerli əhalinin ən qədim inanc
yerlərinin – Ay məbədlərinin olduğu yerlərdə
inşa edilirdi... Tikilən kilsələr
içində ən mühümü Kürmük kilsəsidir
ki, (Bir zamanlar XVIII – XIX əsrlərə aid edilən
Kürmük məbədinin içərisində
qazıntı işləri aparılarkən iki qəbir
tapılıb. Qəbirlərdən biri
müsəlman, digəri xristian qəbri olub. Bu səbəbdən də hər iki dinin təmsilçiləri
buraya ibadətə gəlir -M.Y.) qədim
monastırın (qədim Alban monastrının) xarabalıqları
üzərində tikilir. Bu monastır bu günə
kimi, hətta müsəlman ingiloyların da böyük
hörmət və ehtiramla yanaşdıqları müqəddəs
yerdir”.
Lakin dini
baxımdan aparılan bu zorakılıqlara, yəni
düşmən qüvvələrin bölgə əhalisinin
qədim abidələrinə özlərinin yeni
damğalarını vurmalarına baxmayaraq, abidələrin
istər memarlıq üslubu, istərsə də arxeoloji
faktlar bu abidələrin bölgə əhalisinin qədim, əski
inanc yerlərinin bariz nümunəsi olduğunu sübuta
yetirir: “Xristianlığın yayılmasının ilk illərində,
əsasən daha qədim məbədlər yenidən
qurulurdu. Azərbaycanın Qəbələ, Qax və Zaqatala
bölgələrindəki nadir dairəvi məbədlər
bu tarixi gerçəkliyin parlaq təsdiqidir. Qəbələ
bölgəsinin Böyük Əmili kəndi
yaxınlığındakı Kilsədağda Mitra (Günəş
– kursiv bizimdir) Allahı (Mitra - hind mədəniyyətində
gündüz günəşi; 2) sədaqət və dostluq
tanrısı), cəngavər köçərilərin və
dinc əkinçilərin Allahı idi) məbədi mərkəzi
gümbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir”.
Bizim də tərəfdarı olduğumuz belə bir nəzəri
mülahizəni mütləq şəkildə qeyd etmək
istəyirik ki, dilindən, dinindən və irqindən
asılı olmayaraq bütün insanlar tərəfindən
eyni “gerçəklik vahidləri eyni dərketmə üsulu,
aktları və fazaları ilə mənimsənilir, onlara
uyğun birinci sıra gerçəklik elementi və intellekt obrazlarından
ibarət natamam kodlar yaranır və əsas yaddaşa qeyd
olunur”.
“Qəbələ rayonunun Böyük Əmili kəndində
məşhur abidə - IV-V əsrlərə aid “Kilsədağ”
məbədi mövcuddur. Qədim Mitra məbədinin
özülləri üstündə inşa edilmiş bu məbəd
Kilsə dağda Mitra Tanrısı məbədi mərkəzi
gümbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin
divarının xarici səthi qeyri-bərabər tərəfli
12 guşəli formada, daxili səthi isə 10,4 m-lik silindr
şəklində həll edilib. İkinci daxili
dairə 8 sütun üçün stilobat (sütunlar
üçün özül) rolunu oynayırdı. Həmin sütunlar gümbəzli ikinci yarusun
barabanını (gümbəzli dairə səmanın –
Mitranın rəmzi idi) saxlayırdı. Şərq
fəsadı səmtində simmetrik surətdə yerləşmiş,
plan baxımından dairəvi olan iki otaq – Mitra
Tanrısının göstərilmiş iki mənasını
nəzərə çatdıran səcdəgahlar var”.
Nəticə etibarilə bu kimi faktlar müxtəlif
toplumlarda bənzər dünyagörüşlərinin, bənzər
təsəvvürlərin, inancların və simvolların
yaranmasına səbəb olur. Müqayisə
üçün azərbaycanlılarla dünya
xalqlarının Günəşlə - Günəş
Tanrısı ilə bağlı inanclarına nəzər
yetirək. “Əski hind mifologiyasında dünyanın
yaradılışını Günəşlə əlaqələndirirdilər...
Amerika Qızıldərililəri günəşlə
bağlı inanclara sahibdirlər... Başlarına günəşi
təmsil edən tac taxan Roma
imperatorları Günəş Tanrısının yer üzərindəki
təmsilçisi olaraq qəbul edilirdi... Bu inanc
o qədər güclü olub ki, hətta romalılar həftənin
bir gününü Mitranın şərəfinə “Sunday”
(Sun – günəş, day - gün) adlandırdılar. Mitraçılar Günəş
Tanrısının yüksəlişini anmaq
üçün “Mizd” adı verilən üzərində
“Mitra Xaçı” qabartmalı günəş şəklində
çörək yeyərlərdi”.
Göründüyü
kimi, Günəşin bir Tanrı kimi qəbul olunması və
Günəş Tanrısına sitayiş, demək olar ki,
bütün qədim xalqlarda müşahidə olunur, başqa
sözlə desək, Günəş simvolu bütün
sivilizasiyalarda başlıca yer tutan inanclardan biri olub.
Bu tədqiqat
çərçivəsində araşdırmaya cəlb
olunan Zaqatala, Qax və Balakən, eləcə də Şəki,
Oğuz, Qəbələ rayonları və həmin
rayonların, bir qayda olaraq ucqar dağ kəndlərində bu
günlərdə belə süddən, undan və şəkər
tozundan bişirilən maxara adlı şirniyyat növü məhz
günəşi simvolizə edir.
Mətanət
Yaqubqızının fikrincə, müxtəlif xalqların və
millətlərin dilində nostratik köklər, yəni forma
və mənaca eyni və ya bənzər söz kökləri
olduğu kimi, istər yanaşı yaşayan qonşu
xalqların, istərsə də heç bir fiziki təması
olmadığı düşünülən fərqli
sivilizasiyaların düşüncə və təfəkkür
modellərində də bənzər simvollar və bu
simvollarla bağlı bənzər anlayış, kateqoriya və
təsəvvürlər var. Biz bu fikirdəyik ki, dünyanın
müxtəlif yerlərində Günəş və onun
simvolları ilə bağlı özünü göstərən
bu modellər bütün bəşəriyyət
üçün eyni kökdən gəldiyini
düşündüyümüz ortaq inanclara söykənir.
Günəşin
və Ayın Azərbaycanın müxtəlif regionlarında,
xüsusilə də Şəki-Zaqatala bölgəsində
sitayiş obyekti olmasını göstərən bir sıra
tarixi faktları nəzərdən keçirmək yerinə
düşər: “Zaqatala rayonunda Mamrux kəndi
yaxınlığında Günəş və Ay Allahları
şərəfinə tikilmiş 2-ci dairəvi məbəd
“Zaqatala rayonunun Güllük kəndindən 5-6 km aralı Armaiti
dağında Pəri qala V-VI əsrlərə aid məbədin,
o cümlədən Əliabad qəsəbəsində Pəri
qala adlanan digər məbədin mövcudluğu gellər
arasında da Ay-Selenaya sitayiş olunduğunu sübut edir. “Pəri qala” adlanan bu məbədlərin ilk öncə
Ay-Selenaya sitayişlə əlaqədar
yarandığını ehtimal etmək olar. Sonralar atəşpərəstliyin
hakim olması ilə əlaqədar olaraq bu məbədlər
od məbədlərinə çevrilib. Müasir dövrdə ingiloylarda Günəşə,
Aya, Göyə inamlar qalmaqdadır”.
Balakən-Zaqatala
bölgəsindəki tarixi abidələrin - xüsusilə qismən
salamat qalmış “Cicixana məbədi” ilə “Nur kilsəsi”nin
müqayisəli təhlili göstərir ki, “Cicixana məbədi”
əvvəllər atəşpərəst məbədi olub,
sonra isə kilsəyə çevrilib. Bu məbəd
xristianlığın ilk dövrünə aiddir. Balakən rayonunun Talalar kəndində yerləşən
bu məbəd xristianlıqdan əvvəlki dövrə təsadüf
edir. Antik yunan coğrafiyaşünası
Strabon yazır ki, bu ərazidə daha çox Ay ilahəsi
Selenaya sitayiş olunur. Məbədin ətrafında
tapılmış saxsı nümunələri üzərində
Ay və Günəş təsvirləri vardır. Bu məbədin əvvəllər göy cisimlərinə
tapınanların məbədi olduğunu sübut edir.
Əhali arasında Yeddi kilsə monastr kompleksi ilə
bağlı bir sıra əfsanələr dolaşmaqdadır. Bu əfsanələrdən
birinə görə bu məbəddə vaxtilə
Atillanın dörd nəvəsi romalılardan gizlənib ki, məbədin
ətrafındakı qala divarları da məhz onları qorumaq
üçün inşa olunub. Əfsanənin
digər versiyasında isə məbəd ərazisində
Atillanın nəvələrinin dəfn olunduğu və
monastrın onların xatirələrini əbədiləşdirmək
məqsədilə inşa olunduğu qeyd olunur. Lakin bu əfsanələrin həqiqət olduğunu
təsdiqləyən heç bir yazılı mənbə
yoxdur. Ay ilahəsi Selenaya sitayişin simvolu olan “I-V əsrlərə
aid Şəki Kiş məbədi nəinki Qafqaz
Albaniyasında (Azərbaycanda), eləcə də bütün
Qafqazda təxminən iki min il bundan əvvəl
xristianlığın başlandığını
simvollaşdıran tarixi abidədir.
Rəvayətə görə, İsa Məsih dostu Yakov
Yeliseyi buraya – Uti vilayətinin Kiş kəndinə göndərir
və o, burada kilsə inşa etdirir. Bu kilsə Qafqazda və
bütün Şərqdə ilk kilsə olur. Buna görə də Kiş kilsəsi “Şərq
Kilsələrinin Anası” adını alır. Kilsənin xristianlıqdan daha əvvəlki dövrə
aid olmasını məbəddəki keçi məzarı və
xristianlıq üçün səciyyəvi olmayan dəfn
üslubu sübut edir. Yerli əhali
İslamı qəbul etdikdən sonra da məbəd öz
müqəddəsliyini itirməmişdir. Bu
günün özündə belə yerli əhali məbədi
müqəddəs pir kimi ziyarət edir.
Xalq Cəbhəsi.- 2016.- 4 avqust.- S.13.