Bəxtiyar Vahabzadənin dilimizin

saflığının qorunması ilə bağlı xidmətləri

 

Çağdaş Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin dilə, dil tarixinə, onun saflığına, qorunmasına həsr etdiyi şeirlər nəinki uşaqlar, hətta böyüklər tərəfindən sevilməkdədir. Bunun səbəbi isə şairin dil haqqında bu təəssübkeşliyinin dil daşıyıcısı olan Azərbaycan xalqının mənafeyi ilə üst-üstə düşməsidir. Şair dilin təmizliyinin qorunmasının təkcə yazışı, şair və alimlərin deyil, ədəbiyyatşünasların və xalqımızın mənəvi yükünə çevirib. O, öz əsərlərində dilin xalq üçün necə dəyərli mənəvi sərvət olması fikrini aşılamaq istəyib və dilimizin əhatə dairəsini genişləndirib. Şair dilin insanlar arasında təkcə ünsiyyət vasitəsi kimi yox, məxsus olduğu xalqın tarixini özündə ehtiva edən bir vasitə kimi qiymətləndirib. Dil tarixinin müxtəlif mərhələləri məhz həmin dövrdə yaşayıb-yaratmış sənətkarlarla bağlıdır. Çünki həmin sənətkarlar həmin dövrdə mövcud olan dilə daha tez müdaxilə edə bilirlər. Onlar öz əsərləri ilə dilə yeni-yeni sözlər gətirə və sözü zaman-zaman dildən uzaqlaşdıra da biliblər. Orta dövrdə - Nəsimi, Füzuli, Xətayi kimi sənətkarlar, yeni dövrdə - M.F.Axundzadə, M.Cəlil, S.Vurğun, çağdaş dövrdə isə Bəxtiyar Vahabzadə bu ənənənin görkəmli nümayəndələrindəndir. Şair ara-sıra qəzet və jurnallarda “Ana dilim-ana köküm!”, “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” kimi məqalələrlə çıxış edib. O, bu cür məqalələri ilə Azərbaycan dilinin yüksək qiymətləndirib, bir şair kimi ədəbiyyat dilimizi bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirib. O, bir sənətkar kimi dil və şeir arasında olan bağları aşkarlamağa çalışıb.

Şair bir çox mövzularda - fəlsəfi, sevgi-məhəbbət, təbiət haqqında yazsa da, dil haqqında yazdığı şeirlər nisbətən daha sosial səciyyə daşıyır və oxucunun dil haqqında düşündükləri ilə eyniyyət təşkil edir, oxucunu bu milli problem haqqında düşünməyə sövq edir. Onu məhəbbət, Vətən şairi kimi tanısaq da, şairin dil haqqındakı şeirləri xüsusi diqqətə layiqdir. Bu cür şeirləri türkçülüyü qabardır, dil haqqında oxucuda öyrədici və yol göstərici funksiya daşıyır. Şair məqalə və şeirlərində öz qəlbində olan və dil üçün yararlı olan ən mütərəqqi fikirləri oxucuya aşılayır. O, milli şüuru dildə görür və ona görə də “ana dili”nə “ana köküm” deyir. O bu yolda öz sələflərinin işini davam etdirərək, zaman keçdikcə inkişaf nəticəsində dəyişilən dilimizi qorumağa çalışıb.

Bəxtiyar Vahabzadəni sosial təbəqədə məşhurlaşdıran əsərləri də məhz dil haqqındadır. Prof. B.Xəlilov B.Vahabzadənin yaradıcılığını dörd mərhələyə bölür. Şairin dil haqqında mübarizəyə başladığı illər, yəni, 50-ci illər şairin dilçilik görüşlərinin birinci mərhələsini, 60-cı illər ikinci mərhələsini, 70-ci illər üçüncü, 80-ci illər isə dördüncü mərhələsini təşkil edir. Şairin dilçilik görüşlərinin birinci mərhələsinin başlanğıcında şair dil mücahidi kimi ana dilimizin saflığı yolunda bütün dilçiləri, ədəbiyyatşünasları və xalqımızı dilin təmizliyi uğrunda səfərbərliyə çağırıb. Həmin dövrdə çıxış etdiyi məqalələrlə dilin lazımınca qiymətləndirilmədiyini deyərək, dilin texniki imkanlarından, sənətkarlıq xüsusiyyətlərindən çox az yazıldığını, bu haqda tənqidi məqalələrin az olduğunu göz önünə gətirərək daxili təəssübkeşliyini belə qələmə alır: “Ümumiyyətlə, şeir haqqında yazılan tənqidlər, əsasən, məzmunun ya da ideyanın nə dərəcədə aktual olmasının şərhindən ibarət olur. Şairlərimizin sənətkarlıq xüsusiyyətlərindən, dilinin, ifadəliliyinin gözəlliyindən, təşbehlərdən, istiarələrdən və sairdən bəhs edən məqalələr az yazılır”.

B.Vahabzadənin dilçilik görüşlərinin birinci mərhələsində yazılan, özünə qədərki və özündən sonrakı ədəbiyyat üçün örnək bir əsər olan “Ana dili”şeiri onun yaradıcılığının ən monumental, şah əsərlərindən biridir. Bu şeirdə şair dil üçün deyiləcək ən mütərəqqi fikir və ideyalarını əks etdirib. Dilin xalqın həyatında nə qədər vacib bir vasitə olması fikri ilə şeirdə dilimizin həm qrammatik, həm də poetik imkanlarlının genişliyindən söhbət açılıb. Bundan başqa şeirdə ana-vətən vəhdəti hiss olunur. Şeirin birinci misralarında bunun şahidi ola bilərik:

 

Dil açanda ilk dəfə, ana söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz.

 

Şeirdə dünya dil mədəniyyəti irsinin Homerdən Puşkinədək, Şərqdə isə Füzulidən S.Vurğunadək olan dil ənənəsinin B.Vahabzadədə ən yüksək məqama çatması hiss olunur:

 

Bu dil - bizim ruhumuz, eşqimiz. canımızdır,

Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

 

Şeirin axırıncı bəndində şair dilin xalqımıza bəxş etdiyi əvəzsiz nemətləri tanımayan özünün də dediyi kimi “ana dilində danışmağı ar bilən, modalı ədəbazlar”a qarşı tənqidi mövqe tutub, əvvəldən didaktika yolunu tutan şair axırıncı bənddə öz təlatümlərini və dil haqqında qayğılarından belə bəhs edib.

 

Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən , modalı ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar telli sazlar.

Qoy bunlar mənim olsun.

Ancaq vətən çörəyi, bir də ana ürəyi

Sizlərə qənim olsun.

 

Şairin 1967-ci ildə Kasablankada səyahətdə olarkən yazdığı “Latın dili” şeiri onun dilçilik görüşlərinin ikinci mərhələsinin zirvəsini təşkil edir. Bu şeir yazıldığı dövrün B.Vahabzadənin dil barədə düşündüklərini göstərir. Şeirdə şairin məqsədi latın dilinin mükəmməlliyini göstərmək deyil, bu dili Azərbaycan dili üçün misal gətirməkdir. Qədim Roma imperiyasının dili olan, xalqı mövcud olmayan bu dilin yenə də öz mükəmməlliyini saxlaması, dil kimi ölüb getdikdən sonra belə müasir dünya dillərində izinin, təsirinin hələ saxlamasını bir daha xatırlatmaqdır. Aşağıdakı misralarla şair xalqı mövcud ola-ola dilimizin ölməzliyini və təmizliyini təmin etməyə çalışıb. Latın dilindən örnək gətirib:

 

Latın dili!

Hər sözündə dünya boyda yük daşıyır,

Latın dili!-Millət ölüb, dil yaşıyır.

“Ana”deyən,”torpaq”deyən,

“Vətən” deyən yox bu dildə.

Ancaq yenə yaşar bu dil.

 

Şair sonrakı misralarda latın dilinin bu xüsusiyyətini Azərbaycan dilində görə bilmədiyi üçün təəssüflənir. Fikirləri ilə latın dilini Azərbaycan dili ilə müqayisə edərək, vətən ola-ola korlanan dilimizi, “kiçik, yoxsul komalarda dustaq olan bir dil”ə bənzədib. Bundan başqa sonda bədii sualdan istifadə edilib.

 

İndi söylə,

Hansı dilə ölü deyək:

Vətən varkən,

Millət varkən,

Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi?

Yoxsa, uzun əsrlərdən, keçib gələn,

Xalqı ölən,

Özü qalan bir diləmi?

 

Şairin yaradıcılığının dilçiliklə bağlı görüşlərinin üçüncü və dördüncü mərhələsi öz-özlüyündə rəngarəngdir. Bu dövrlərdə onun görüşləri daha yüksək səviyyədə təzahür edir. Onun dillə bağlı yazdığı ayrı-ayrı məqalələrdəki fikirləri bizi bunu deməyə imkan verir ki, bu dövrlər şairin dilçilik görüşlərinin xüsusi mərhələsidir. Şair bir məqamı diqqətə çatdıraraq dilimizin möhtəşəm ifadəliliyindən danışaraq bu gözəlliyin erməniləri belə valeh etdiyini deyir. O, məqaləsində yazır: “Bir neçə il əvvəl Yeravanda keçirilən Zaqafqaziya xalqlarının poeziya günlərində mən də iştirak edirdim. Biz burada şeirlərimizi azərbaycanca oxuyurduq. Erməni xalqının demək olar ki, böyük bir qismi bizim dilimizi bilir. Buna görə də oxuduğumuz şeirlər gurultulu alqışlarla qarşılandı.”

B.Xəlilov B.Vahabzadənin dilə münasibəti barədə yazarkən onun məqalələrini xüsusi dəyərə malikliyini bildirib. Müəllif şairin bir neçə məqaləsini misal gətirərək, şairin xalq folklorundan da yararlandığını, ona necə dəyər verdiyini söyləyib. Bayatıları təhlil etməkdə xalqın dilinin dürüstlüyünü bilməyin mümkünlüyünü sübut edib. “Bəxtiyar Vahabzadə 1973-cü ildə ”Bayatılar”, “Ana laylası, uşaq dünyası” məqalələrini yazır. Bu məqalələrdə o, xalq yaradıcılığından - bayatılardan, laylalardan, yəni xalqın ruhundan süzülüb gələnləri yaşatmağımızı vacib sayır. Bununla belə, məqalələrdə qeyd edilir ki, doğma dilimizin, doğma dilimizim sözlərimizin sehrində xalqın düşüncəsini,mənəviyyatını əxz edə bilirik. Deməli, yenə də dil aparıcı mövqedə olur.”

B.Vahabzadə dilimizin qrammatikası barədə də öz məqalələrində də müfəssəl məlumat verib. Məsələn, “Dildə təbiilik və gözəllik” adlı əsərində yazır: “Sözləri və onun toplusu olan cümlələri - bir ağıldan o biri ağıla, bir ürəkdən o biri ürəyə fikir yükü daşıyan nəqliyyat vasitəsinə bənzədib. Nəqliyyat yükə xidmət etdiyi kimi, sözlər də fikrə xidmət edir. Fikrə görə söz tapılır, sözə görə fikir yox! Ancaq fikir yükünün mənzilə tez, kəsə yolla çatdırılması üçün münasib nəqliyyat vasitəsi ən dəqiq sözlər, ibarələr, ifadələr tapılmalıdır”.

B.Vahabzadə və C. Məmmədquluzadə yaradıcılığının əsasını təşkil edən dil məsələləri ortaq cəhət kimi götürülə bilər. Belə ki, “Anamın kitabı” əsərində ortaya qoyulmuş problem o cəmiyyətin ana dilinə olan münasibətini gözəl şəkildə təsvir edirsə, B.Vahabzadənin bu gün çox məşhur olan aşağıdakı misraları da bu günün dil mənzərəsini, insanlarımızın doğma dilə münasibətini açıq aydın ortaya qoyur.

 

Bir vaxt rusca idi, bütün reklamlar,

İndi ingiliscə dürtülür gözə.

İtin də dilinə hörmətimiz var

Bircə öz dilimiz yaramır bizə!

 

Sənətkarlarımızın yazıb yaratdığı bu incilər nə qədər qiymətlidir. Bu incilər içərisində poeziya ilə bərabər tarix də yaşayır. Belə ki, bu əsərlərlə tanış olarkən müxtəlif dövrlərdə dilimizin ərəb – fars, rus, son dövrlərdə isə Avropa dillərinin təsirinə məruz qaldığı haqqında məlumatlar alırıq. Və əgər tarix bunu bizə mənbə kimi verirsə, bu misralarda şairin, ədibin daxili səsini, urək yanğısını da hiss edə bilirik. Təhlillərdən də göründüyü kimi, şair B.Vahabzadənin dilin saflığının qorunması, onun daxili imkanlarının üzə çıxarılması istiqamətində müstəsna xidmətləri olub. Bu keyfiyyətləri nəzərə alaraq onu Azərbaycan ədəbiyyatı tarixinin “ana dili şairi” adlandırsaq yanılmarıq. Onun bu istiqamətdə yazdığı əsərlərini özündən əvvəl və özündən sonrakı dil tendensiyasının ən bariz nümunələri hesab etmək olar...

 

Vüsal Şabizadə

araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2016.- 4 avqust.- S.14.