Azərbaycan folklorunda
tolerantlıq və
multikultiralizm
IV yazı
Filologiya
üzrə fəlsəfə doktoru Mətanət
Yaqubqızı qeyd edir ki, Oğuz rayonunda Aya baxanda salavat
çəkmək adəti günü bu gün də gündəmdədir.
Müəyyən mənada bu inam sadəcə milli sərhədləri
deyil, regional sərhədləri də aşıb. Yəni
Oğuz rayonunda milli mənsubiyyətindən asılı
olmayaraq bütün bölgə əhalisinin Aya, Günəşə
inamı bu gün hələ də güclü olduğu kimi,
həmin inamın izlərinə Azərbaycanın Qərb
rayonlarında, xüsusilə də Tovuz rayonunun Bozalqanlı,
Girzan, Qaraxanlı kəndlərində günü bu gün də
rast gəlmək mümkündür. Həmin kəndlərdə
təzə doğmuş ayı görən ağsaqqallar və
ağbirçəklər “Ay, bizi də təzələ” deyə
dua edirlər.
“Teleut
türklərində bir əfsanədə “Ay quzeyin
(şimalın), günəş isə güneyin (cənubun)
simvolu idi.” Bu inanc göyün üst qatında duran “Göy
qartalı”nın duruşuna görə yaranmışdı.
Söyləndiyinə görə, bu qartalın sol qanadı
ayı, sağ qanadı günəşi örtürdü. Bu
duruma görə qartalın başı şərqə
baxmalı idi. Bu duruş Türk mifologiyasına uyğun istiqamət
idi. Bu əfsanəyə görə Ay qaranlıq və gecələr
diyarı olan quzeyin, günəş isə
aydınlığın hökm sürdüyü və
gündüzlər diyarı olan güneyin simvolu idi...
Göytürklər yönlərini təyin edərkən
üzlərini şərqə, yəni günəşin
doğduğu istiqamətə döndərirdilər. Altay
bölgəsində yaşayan Türk şamanlarının
qapıları da daima şərqə doğru
açılırdı. Halbuki normal olaraq Türk xalqları
günəşi görə bilmək üçün
qapılarını cənuba açardılar.
Görünür ki, dini və mənəvi vəzifəsi
olan şaman bu qaydanı pozur, əski din normalarına əməl
edirdi. “Oğuz dastanı”nda sabaha, danın ağarmasına,
gün çıxmasına böyük bir önəm
verilmişdi. Bütün həyat, o gün və günəşlə
başlayırdı. Günəş batdıqdan sonra isə hər
şey dayanırdı. Yakut Türklərinin, Altay Türklərinin
yaradılış dastanlarında “Cənnət ilə Həyat
Ağacı da şərq bölgəsində
tapılırdı. Əski inanclara sahib insanlar günü bu
gün də evlərini üzü şərqə doğru
tikirlər. Günəş həm də insanlara
sağlamlıq bəxş edib. Günəş
şüaları D vitaminidir. Atalar əbəs yerə deməyib
ki, “Günəş girməyən evə həkim girər”.
Tarixçi-araşdırmaçı
Arizə Xudiyevanın qeyd etdiyinə görə, rayon daxilində
mövcud olan bəzi abidələrin tarixi bir qədər
sonrakı dövrlərə təsadüf etdiyinə görə
alban abidələri üçün xarakterik olan bəzi
xüsusiyyətlər bu abidələrdə özünü
göstərmir. A.Xudiyeva qeyd edir ki, Oğuz rayonunun Qarabulaq kəndində
mövcud olan alban məbədinin həm giriş, həm də
çıxış üçün istifadə olunan tək
bir qapısı var ki, bu qapı da məhz şərqə
doğru açılır. Bu kimi faktlar əski insanların əski
inanclarına əsaslanır.
Bu qədər
əski inancları özündə əks etdirən abidələrimiz
həm zəngin memarlıq üslubuna görə, həm də
tarixi dəyərinə görə həmişə diqqət
mərkəzində olub, bu səbəbdən də
başqalarının diqqətini özünə cəlb edib.
Məsələ burasındadır ki, nəinki abidələrimizi,
hətta ölkəmizin vətəndaşı olan bəzi
xalqların və etnik qrupların nümayəndələrini
belə qonşularımız tərəfindən
özününküləşdirmək cəhdləri olub.
Məsələn,
“1979-cu ildə Tbilisidə gürcü alimi İlya Adamiya
özünün “Gürcüstanın xalq memarlığı
(“Saingilo”)” kitabını nəşr etdirib. Müəllif tərəfindən
Azərbaycanın bir neçə qədim abidəsi, eləcə
də V əsrin yadigarı olan Qum məbədi, Güllük
– Közbarax kəndləri yaxınlığındakı Pəri
qalası (bu abidəni gürcü çarı Tamaranın
adı ilə də bağlamağa çalışır), Ləkit
və Kürmük məbədlərini və s. gürcü
memarlığının nümunəsi kimi təqdim edilib.
Abidələrimizi
gürcü abidəsi kimi təqdim edən gürcülər
ingiloyları da gürcü hesab edirlər. İngiloyları
gürcü hesab edənlərə tarixçilərimizin
cavabı kifayət qədər elmi və kəskindir:
“...Əsası ingiloy adlanan əhali qrupu heç də
gürcüdən dönmə və ya törəmə
konfessional əhali qrupu deyil, qədim Alban soykökünə
bağlı olan müstəqil etnosdur”.
Yaxud da:
“Din və dil mənsubiyyətlərindən asılı
olmayaraq bölgədə yaşayan bütün ingiloyların
mənşəcə bir kökdən olmasını,
onların azərbaycanlılarla sıx bağlı
olduqlarını etnoqrafik, toponomik faktlar da sübut edir.
Bölgədəki yaşayış evləri, milli geyimlər
və yeməklər, əkinçilik və maldarlıq təsərrüfatı,
ailə-məişət münasibətləri, mənəvi
mədəniyyətin elə bir məsələsi yoxdur ki,
ümumi cəhətlər, eyniyyət müşahidə
olunmasın”.
Elə bu
səbəbdəndir ki, mərhum professor Q.Cavadov da QƏXTMT
(SMOMPK) adlı məcmuədə əvvəlcə A.F.Plotto tərəfindən
ingiloylar haqqındakı məqaləni nəzərə
çatdırıb və ona münasibət bildirərək
ingiloyların gürcü hesab olunmasını təəssüflə
qeyd edib və bildirib ki, ingiloyların gürcülərə
heç bir dəxli yoxdur.
Şəki
Zona Elmi Mərkəzi “Folklor laboratoriyası”nın
aparıcı elmi işçisi, fəlsəfə doktoru və
folklor bilicisi olan Əli Süleymanovun topladığı bir lətifə
nümunəsi, müəyyən mənada, bu kimi fikirlərə
də aid edilə bilər. Lətifənin məzmunu belədir:
Kişmişin bol və ucuz vaxtında bir kişi bazara gedib
bir torba kişmiş alır. Kişi kişmişi gündə
üç dəfə az-az, dənə-dənə
yeyirmiş. Aradan çox keçməmiş kişi bir də
torbanın qoyulduğu yerə gələndə görür
ki, torba yoxa çıxıb. Kişi çox pərt olur.
Başlayır deyinməyə. Kişinin sonsuz deyinməyini
görən arvad deyir: “Ay kişi, nə özünü
öldürürsən? Kişmişdir də. Alarsan, yeyərsən”.
Kişi deyir: “Arvad, mən kişmiş torbasının itməsinə
yanmıram, ey! Yanıram ki, mənim dənə-dənə
yediyim kişmişi oğru xaşma ilə yeyəcək”.
Doğrudan
da, əgər bu gün mənəvi və maddi sərvətimizə,
bu sərvətimizin tərkib hissəsi olan milli
varlığımıza, milli mənsubiyyətimizə sahib
çıxmasaq, onlara yad əllər uzanacaq və artıq onlar
bizimki olmayacaq. İstər tarixi abidələr, istərsə
də bölgə əhalisinin yaratdığı söz
örnəkləri birmənalı şəkildə sübut
edir ki, onlar bu torpağın, bu yurdun daimi sakini, aborigen
xalqıdır.
İstər
millət, xalq və etnik qrupların, istərsə də
onların dilinin yaranması, formalaşması ilə
bağlı müxtəlif fikirlər, az inandırıcı
olanlarından başlamış, ən dəqiq sübutlara
söykənənlərinə qədər müxtəlif əfsanələr,
rəvayətlər, təxminlər, elmi fərziyyələr,
nəzəriyyələr və faktiki dil materiallarına əsaslanan
elmi mülahizələr şəklində müxtəlif mənbə
və elmi araşdırmalarda qeyd olunmaqdadır.
Tədqiqat
başlıca olaraq folklor materiallarına əsaslandığına
görə müxtəlif folklor janrlarına aid nümunələrdə
bu məsələlərlə bağlı irəli
sürülən fikirlərə daha sonra nəzər yetirəcəyik.
Burada isə dilin, xüsusilə də Şəki-Zaqatala
regionunda yaşayan xalqların və etnik qrupların dillərinin
mənşəyi və keçdiyi inkişaf yolu ilə
bağlı həmin sahənin ən aparıcı mütəxəssislərinin
fikirlərinə nəzər salmağı məqsədəuyğun
hesab edirik.
Hər
şeydən əvvəl bunu qeyd edək ki, millət etnik
baxımdan insan cəmiyyətinin ən inkişaf etmiş ali
formasıdır. Milli dillər də millətlə bir yerdə
doğulub və inkişaf prosesi keçib. Hətta belə
bir fikir də söyləmək mümkündür ki, hər
bir dil aid olduğu millətlə bərabər ictimai-tarixi
formasiyalardan və mərhələlərdən keçir.
Ən ilkin cəmiyyət formaları olan tayfa və qəbilələrin
dili əksər halda az inkişaf etmiş, yalnız şifahi
ünsiyyətə xidmət edən tayfa və ya qəbilə
dilləri olur. Belə dillər məişət
ehtiyaclarını ödəyəcək qədər leksik
vahidlərə və ən bəsit şəkildə
ünsiyyəti təmin edəcək qədər qrammatik
imkanlara malik olur.
Bu
gün, yəni 21-ci əsrdə, dilimizdəki leksik vahidlərin
ümumi sayının yüz minlərə, qrammatik qayda və
normalarınsa yüzlərlə olduğu bir zamanda bizim gündəlik
həyatımızdakı aktiv leksikonumuz təxminən 5-7 min
sözdən ibarətdir. Bu gün sırf məişət həyatı
ilə bağlı təxminən 2 minə qədər leksik
vahiddən və təxminən 15-25 qrammatik normadan istifadə
edirik. O halda belə təxmin etmək olar ki, yalnız məişətlə
bağlı istifadə edilən qəbilə və tayfa dillərində
sözlərin ümumi sayı heç bir halda 2 mindən,
qrammatik norma sayı isə 10-15-dən çox ola bilməzdi.
Əgər bu faktı da nəzərə alsaq ki, qəbilə
məişətində heç bir texniki vasitə, indiki qədər
ev, geyim əşyası və s. olması mümkün
deyildi, o halda həmin dillərdəki sözlərin ümumi
sayının nə qədər az olduğunu təxmin etmək
o qədər də çətin deyil. Cəmiyyətin
inkişafının sonrakı mərhələlərində
ona paralel olaraq dil də inkişaf edib. Təbii ki, bu mövqe
dilin insanların özü tərəfindən
yaradılması ideyasına bağlıdır. Bundan fərqli
mövqelər də var. Yəni dilin hazır şəkildə
insanlara kənardan (Allah tərəfindən və ya kosmosdan)
hazır şəkildə verildiyini iddia edənlər də
var. Hər iki halla bağlı belə bir ümumi fərziyyə
irəli sürülür ki, “dil bir yerdə yaranıb yer
üzünə yayılıb”. Amma insanların özlərinin
fərqli məkanlarda yaranıb, öz dillərini fərqli
şəkildə yaratdıqlarını iddia edənlər də
vardır. Biz şəxsən dillərin monogenez olması, yəni
eyni bir kök dildən əmələ gəlməsi
ideyasının tərəfdarıyıq. Bununla belə
müxtəlif alim və tədqiqatçıların bu məsələ
ilə bağlı irəli sürdükləri fərqli fikir
və mülahizələrə nəzər salaq.
“İnsanlar qəbilə birliyindən xalq, sonra isə millət birliyinə keçərkən xarakterik əlamətlər – ümumi dil, etnik mənsubiyyət, ərazi, şüur itirilmir və davamlı xüsusiyyətlər kimi nəsillərdən-nəsillərə ötürülür... Hər bir xalq üçün öz ölkəsinin tarixi keçmişi, keçdiyi inkişaf yolu, mədəniyyəti maraqlıdır. Çünki keçmiş nəsillərin nailiyyətlərini bilmədən yenilərini yaratmaq çətindir. Əsrlər boyu nəsillərin öz təcrübələrini bir-birilərinə ötürmələri nəticəsində müxtəlif sahələrdə müvəffəqiyyətlər qazanılıb. Bu vəziyyət insan cəmiyyətinin bütün dövrlərində qanunauyğun şəkildə davam edib”.
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, əksər tədqiqatçılar dünya dillərinin eyni bir Ulu dildən yarandığını qəbul edirlər. Həmin tədqiqatçıların bəziləri, insanların Allah tərəfindən yaradıldığını, bəziləri Yer adlı bu planetdə insanların kənardan, yəni kosmosdan gətirildiyini, bəziləri isə insan adlı bioloji varlığın Yer adlı bu planetin konkret bir nöqtəsində tarixi təkamül nəticəsində yarandığını qəbul edirlər. Qeyd edilən hər üç halda bütün müasir dillərin məhz bir qədim və Ulu dilin yaranması ideyası aparıcı rola malik olur. Yəni bu mövqelərdən hər hansı birini qəbul edən alimlər, avtomatik olaraq bunu da qəbul edirlər ki, bütün millətlərin və dillərin kökü birdir.
Xalq Cəbhəsi.- 2016.- 6 avqust.-
S.13.