Xalq ədəbiyyatında
“Dəli Alı” dastanı
Səlim RƏFİQ
Klassik azəri
(Azərbaycan-red.) ədəbiyyatının təşəkkül
və inkişafında qüvvətli təsiri olan xalq ədəbiyyatının
yayılma sahəsi siyasi və yaxud coğrafi hüdudların
çərçivəsi daxilinə aid deyil. Əksinə, azəri
(Azərbaycan-red.) ləhcəsinin hökmran olduğu sahə
qədər genişdir. Müxtəlif növlərə
ayrılan bu ədəbiyyatın ən əhəmiyyətli
parçalarından biri də dastanlardır. Azəri (Azərbaycan-red.)
dastanları arasında “Koroğlu” kimi başqa sahələrdə
təşəkkül edərək sonradan gələnləri
olduğu kimi (Müəllif səhv olaraq “Koroğlu”nun
başqa yerdə təşəkkül
tapdığını söyləyir – A.H.), “Qaçaq Nəbi”
kimi sırf məhəlli şəraitdən doğanları
da var. Bunlardan biri də haqqında bəhs edəcəyimiz “Dəli
Alı” dastanıdır. Dəli Alı xatirələrilə
xalq zehnində bu gün belə yaşayan bir qəhrəmandır.
Haqqında biri digərindən az-çox fərqli bir sıra
rəvayətlər var. Nağı bəyin ağzından təsbit
etdiyim rəvayətə görə:
Dəli
Alı Gəncənin Qarasuçlu (Kəndin adı
Qarasuçudur və hazırda Goranboy rayonu ərazisinə daxildir
– A.H.) kəndlilərindən hündür boylu, enlikürək,
kəskin baxışlı bir gənc imiş. 1898-ci ildə
22 yaşında dağlara çəkilmək məcburiyyətində
qalıb, fəqət hər zaman dağlarda yaşamayıb, ətrafına
seçib topladığı on bir igidlə bərabər kəndləri
dolaşaraq, günlərini toylarda, ziyafətlərdə
keçirib. Alı rus-yapon müharibəsinə çox
maraqlı olduğundan gündəlik qəzetləri təqib
və tərcümə etdirirmiş. Bir gün dostlarından
birisi qəzetin hansı qismindən
xoşlandığını soruşub, o da cavabında: “Yapon
hərbində öldürülən rus zabitlərinin
siyahısından”, – demişdi. Rus çar hökuməti tərəfindən
şiddətlə təqib edilən və bir xalq qəhrəmanı
mahiyyətini alan Alı 1905-ci ildə baş verən erməni-müsəlman
(türk) hadisəsində böyük müvəffəqiyyət
qazanıb və ətrafına topladığı üç
min kəndli ilə bərabər, Bayan, Çardaxlı
(Əslində Bayan, Çardaxlı ermənilərin vaxtilə
sıx yaşadığı Azərbaycan kəndləridir –
A.H.) kimi erməni kəndlərini tutmuşdu. Fəqət
uşaqlara, qadınlara, ixtiyarlara və müqavimət
göstərməyənlərə əsla
toxunmamışdı… Erməni-müsəlman (əslində
türk-red.) hadisəsi barışıqla nəticələndikdən
sonra çar hökumətinin vermiş olduğu gizli əmr əsasında
rus əsgər və jandarması Alını mühasirə
etmişsə də, heç bir nəticə əldə edə
bilməmişdi.
Alı
1907-ci ildə Kərbəladan döndükdən sonra bir daha
xüsusi olaraq Şimali Qafqazdan göndərilən xristian
osetin alayı tərəfindən mühasirə edilmiş,
iki düşmən arasında cərəyan edən şiddətli
vuruşma bu dəfə də Alının müvəffəqiyyətilə
nəticələnmişdi. Alının Zeynəb adlı bir
bacısı vardı, bir gün yaylaqda Alının
iştirakı ilə oğluna toy edirmiş. Hökumət
fürsətdən istifadə etmək istəmiş, fəqət
vəziyyətdən xəbərdar olan qaçaq bu dəfə
heç bir hadisəyə meydan vermədən çəkilmək
məcburiyyətində qalmış və hərbdən
qaçmağını belə izah etmişdi: “Məni
yaxalamaq istəyənlərə söyləyin ki, bir neçə
dəfə mühasirə edildiyimi öncədən bildiyim
halda savaşdan qaçmadım. Özümü düşmənə
tanıtmaq üçün çarpışdım. Fəqət
bu dəfə bunu etməyəcəyəm, çünki
ortada toy məclisi var.” Alını qəti olaraq yaxalamaq istəyən
rus hökuməti zabit şahzadə Knyaz Qalitsını
Petroqraddan Gəncəyə göndərmiş və bu da
Zurnavat kəndində Alı ilə bir görüş təyin
etmişdi. Alı knyazla qarşılaşınca dərhal ona
güləş təklif etmiş. Alı da cavab olaraq: “Mən
tüfənglə güləşərəm”, – demiş.
Qalitsın Alıya heyran olmuş və mərkəzə
dönər-dönməz onu əfv etdirərək, vəziyyəti
teleqrafla vilayətə bildirmişdi. Xalq qəhrəmanını
sevinclə qarşılamış, Alı da silah
daşımaq səlahiyyətini saxlamaq şərtini bildirməklə
qəbul etmişdi. Silah daşımaq qəti şəkildə
yasaq olmasına rəğmən, ona silahla dolaşmaq
üçün icazə verilmişdi. Bununla yanaşı,
50-60-dan çox rus məmurunu öldürən Alı
çar hökumətinin 300 illiyi münasibətilə
keçirilən mərasimdə iştirak etmək
üçün qonaq dəvət edilmiş və Petroqradda
Qalitsın tərəfindən çara təqdim edilmişdi.
Bir
gün Knyaz Janderi heç cür yaxalamağa müvəffəq
olmadığı Qaçaq Nağını öldürməyi
Alıya təklif etmişdi. Alı bu təklifə görə
valiliyə gedərək türk qaçağını
yaxalamağın onun üçün namussuzluq olduğunu
açıqca söyləmişsə də, fəqət
çox keçmədən Janderinin qurduğu bir hiylənin
qurbanı olmuş və aldadılmış olan bir mehtəri
tərəfindən öldürülmüşdü. Gəncə
xalqı böyük bir hüzn içində əvəzsiz
bir mərasimlə onu torpağa tapşırmışdı.
İstər
bir rəvayətdən və istərsə də
toplamış olduğum digər məlumatlardan
çıxarılacaq nəticəni belə xülasə edək:
Dəli
Alı on doqquzuncu əsrin son yarısı ilə iyirminci əsrin
ilk rübündə yaşamış bir qəhrəmandır.
Ətrafına seçib toplamış olduğu igidlərlə
bərabər rus çarizmi ilə illərlə
çarpışmış və mübarizəsi mütəmadi
olaraq onun qalibiyyətilə nəticələnmişdi. Rus
hökuməti mühitinin qəhrəmanının öhdəsindən
gələ bilməyəcəyini anlayaraq, Alını əfv
etmək məcburiyyətində qalmış və hətta
onu rus xanədanının 300 illiyi münasibətilə
keçirilən böyük mərasimə iştirak
üçün Azərbaycandan qonaq dəvət etmişdi.
Xalq
arasında xatirələriylə yaşayan Alı haqqında
yaranan rəvayətlərdə tarixilik hakimdir. Əlbəttə,
az olmaqla bərabər fantastik cəhətlərə də təsadüf
edilir. Bu da, yəqin, hadisənin çox qədim
olmamasından irəli gəlmişdir. Rəvayətin əsasını
türk-rus müharibəsi təşkil edir. Əcəba,
xalqın zehnində qüvvətli bir iz buraxan Alının
xalq ədəbiyyatında bir mövqeyi varmı? Yəni
xalqın həyat və həyəcanı ilə yaxından
bağlı olan saz şairləri onun haqqında dastan
yazmışmı? Bu sualın cavabını Hümmət
Əlizadənin toplamış və Azərbaycanı Öyrənmə
Cəmiyyətinin 1929-cu ildə Bakıda nəşr etmiş
olduğu “Nağıllar”, yəni “Xalq hekayələri”
adlı kitabının ikinci cildində tapırıq. Müvəffəqiyyət
və toyla bitən bir çox xalq hekayələrinin sonunda
“Doak”, yaxud “duvaqqapma”lar var. “Şahzadə” adlı hekayənin
sonunda “Duvaqqapma” deyə qeyd edilən uzun bir mənzum
parça Dəli Alı haqqında təşəkkül
etmiş bir dastandan başqa bir şey deyil.
Alının
dastanı bundan ibarətdir:
Dəli Alı bir set açıb,
Şah Abbas dövranı kimi,
Yanında yoldaşları var, Azərbaycan
xanı kimi.
Zeynalabdin bəy bəzənib, Misirin
sultanı kimi,
Hər yana kağız
dağılıb, Süleyman fərmanı kimi.
Neçə çinovniklər gəlib,
çox ağır keçti yığnağı,
Bir yanda Qavrı-qanıq, bir yanda
Qoşqarın dağı.
Aləmi çıraxban
gördüm, xudadandır çır-çırağı,
Şəmkirdən dügi gəlir,
Sarıyaldan gəlir yağı.
Hər yana qafilə işləyir,
xudgar (Xotkar – A.H.) bəzirganı kimi,
İgitliginin səbəbinə, ona
deyillər Dəli Alı.
Şücaatda qəhrəmandı,
Loğmana bənzər kəmalı,
Barilahim, özün saxla,
pozulmasın bu cəlalı.
On bir serker qoyunun gördüm, yeddi
serker qaramalın
Mehtərdə qırx atın
gördüm,Cəlalın türkmanı kimi.
Günün günorta vaxtında, gəldi
Alının dəstəsi,
Hər biri bir iyitdi, bir qoşunun sərkərdəsi.
Gördüm asmana dayandı,
“öldürrəm-öldürrəm” səsi
Yaponyadan tüfəng gəlib, yeddi
verst vurur gülləsi.
Zərbəsindən dağlar titrər,
bərki dərəfşanı kimi.
Alı məclisə gələndə,
təəccüp qaldı işlərinə,
Anası onu tək doğub,
qurbandı sirrim sirrinə.
Savaş beşlik qızıl,
işliyirdi qəpik üzərinə,
Neçə sandıxlar
açılıp, zərrabın (zərgər-A.H.)
dükanı kimi.
Hadı bəy məclisə gələndə,
nəf-ziyanın görmədim,
Beş yüz erkək
qırıldı, toğlunun sayın görmədim.
Nisyə qalan xələtlərin,
doğru, yalanın görmədim.
Nağdırdan mətləp verir, o
kişi qərəmkar kimi.
O ki Kərbəlayi Məhəmməddi,
bir nər oğlu nər kimiydi,
Qızılhacılı Allahverdi
Malik Əjdər kimiydi.
Sağ olsun Əsmayi qardaşı, nərə
Heydər kimiydi.
Xaçbulaqda meydan açıp,
Koroğlu meydanı kimi.
Aslan da şimşək kimi girəndə
meydan içinə,
Səyriyir patronları batır al qan
içinə,
Zərrəcə qorxusu olmaz,
düşsə yüz düşman içinə
İsgəndər tək səs
salıpdı, yeddi Dağıstan içinə,
Tip dağıdır, ordu pozur,
qüdrətin aslanı kimi.
Biçarə fağır Əliəsgər,
gəldin yetdin hər nə isə,
Haq səni zərraf yaradıp,
qıymət qoy yaxşınan pisə.
Tatoğlu iki qardaşa, olar girəndə
məclisə,
Hamıdan çox pul verib, qızılnan
doldu kisə,
Aşıxlar güzəran tapıp,
bəylər güzəranı kimi.
Dastan heca vəzninin səkkizlik şəkliylə yazılıb. Bəzi texniki qüsurlarına rəğmən, şəklən müvəffəqiyyətli olan bu dastan, şübhəsiz ki, bir həyəcan məhsuludur. Dastan sırf Alının şəxsiyyətinə aid deyil, ətrafındakılara da əhəmiyyətlərinə görə bir-bir mövqe ayrılır. Bunların içərisində, xüsusən Alının qardaşı Aslan nəzər-diqqəti hər kəsdən çox cəlb etməkdədir. Dastandakı coğrafi isimlər, təbii olaraq, Gəncə vilayətinə aiddir. Bu da Alının dolaşdığı sahələri göstərməsi etibarı ilə əhəmiyyətlidir. Dastanda keçən “Həkim Loğman”, “Şah Abbas”, “Süleyman fərmanı” xalq ədəbiyyatında, xüsusən əvvəlki ikisinə, xalq hekayələrində (“hekayə” deyərkən müəllif nağılları, dastanları nəzərdə tutur – A.H.) də çox təsadüf edilir.
“Azərbaycan” sözü də kəlmənin xalq arasında yayılmasından sonra yerləşdiyi fikrini verməkdədir. Səkkizinci parçanın son misrası Koroğlu təsiri və xatirəsinin bu gün belə yaşadığını sübut etməkdədir. Üçüncü parçadakı: “Bariallahım özün saxla, pozulmasın bu cəlalı”, – beyti dastanın Alı həyatda ikən yazıldığına və dolayısı ilə sağlığındakı təsirinə bir dəlildir. Xalq rəvayətləri dastandan süjet etibarı ilə daha zəngindir. Dastanın quruluşunda bu rəvayətlərin təsiri olduğuna qüvvətli bir ehtimal var. Əcəba, Alı haqqında mövcud olan dastan yalnız bundanmı ibarətdir? Bu suala indilik qəti cavab vermək imkanı yox. Bununla birlikdə, klassik bir şairin Alı üçün mədhiyyə yazdığını eşitdim. Bu dastan əldə edildiyi zaman qəhrəmanın hətta klassik ədəbiyyatda özü üçün bir mövqe qazandığı isbat edilə bilər.
On birinci parçadan anlaşıldığına görə, dastanın şairi Ələsgər ismində bir aşıqdır. Ələsgərin kimliyini təyin etmək əlimizdəki vəsiqələrə görə imkansızdır. Yalnız “Nağıllar”ın ikinci cildinin sonunda Alının müasiri olan və əlli, altmış yaşında ikən 1921-ci ildə ölən göyçaylı bir saz şairindən bəhs edilir ki, bu bizim dastanın müəllifi Ələsgərmidir, başqasımıdır? Bu xüsusda doğru və sağlam bir fikir söyləyə bilmək üçün məsələni qətiyyətlə həll edə biləcək vəsiqələri əldə edincəyə qədər açıq buraxıram.
Məqalə
İstanbulda 1933-cü ildə “Azərbaycan yurd bilgisi”
dərgisinin 23-cü sayında nəşr
edilib.
Azərbaycan
türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 6 avqust.-
S.14.