Çağdaş Azərbaycan
ədəbiyyatı
“Xalq Cəbhəsi” qəzetinin
sayğılı oxucularına Azərbaycan Xalq
Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin
“Çağdaş Azərbaycan ədəbiyyatı”
əsərini təqdim edirik.
III yazı
Çekist ruhlu sovet tənqidçiləri “Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə” beytində əks-inqilabçı bir rəmz görürlər. Cavad onların mühakiməsincə “inqilab tərəfindən uzaq ellərə atılmış müsavatçı millətçilərə” işarə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzuməsini şeirlə türkcəyə tərcümə etdirmişdilərsə də, sonralar onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər. Hüseyn Cavid kimi o da ziyalılara qarşı tətbiq olunan ümumi təmizləmə, qətliam illərində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir. Sibirin ucqar bir güşəsində, məhrumiyyət və səfalətlər içində əziz yurdunun yolunda qalan gözlərini əbədi olaraq qapayan böyük şairin bu vəhşət dünyasından qəti-əlaqə etdiyini faciənin şahidi olan bir azərbaycanlıdan acılarla xəbər aldıq.
Bolşevik dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmalarına səbəb oldu. Onlar Cəfəri özlərinə “cığırdaş” sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra olsa da, həm nəşr etməyə, həm də oynanmağa buraxırlar. Onun qələmindən məharətlə yazılmış bir çox əsərlər çıxmışdır. Sovet tənqidçilərinə görə o, mövcud yazıçılar arasında kollektivist düşünüşü ən çox mənimsəyən bir yazıçı kimi qiymətləndirilsə də, pyeslərinə verdiyi adların hamısı “Vəfalı Səriyyə”, “Aydın”, “Oktay”, “Od gəlini”, “Yaşar” və sairə fərdi xarakterlərdir. Milli mühacirət nəşrlərində ədəbi cərəyanları yaxından izləyən yazıçılarımızdan Mirzə Balanın dediyinə görə, individualizm və onunla bərabər liberalizm Cabbarlının bütün əsərlərində mövcuddur. Bu fikrə sovet tənqidçilərindən ciddi olanlara da rast gəlirik. Son zamanlarda Bakıda nəşr olunan iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” də Cabbarlını təhlil edərkən qəhrəmanlarının “faciəviliyi və hətta anarxizmi” üzərində dayanıb. Həqiqətən də “Aydın” teatr səhnəsini titrədən alqışlar içində fikrin, səyin, sənətin və insanın həqiqi şəxsiyyətini şərtləndirən bütün dəyərlərin hürriyyətini tələb edir. O, heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini istəmir. İstiqlal – bu ən böyük bir feyzdir. “Rədd olsun osmanliların Hicazdakı, ingilislərin Hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...”
“Oktay” həyatın hər sahəsində və xüsusilə mədəniyyətlə sənətdə yaşayışın milliləşməsi üçün vuruşur. Aktyorların səhnəarxası yaşayışlarına aid bir əsər oynanır. Səhnə içində bir səhnə göstərilir. Burada türk qadını rolunu oynayan, lakin türk olmayan bir aktrisa naz edir və səhnəyə çıxmaq istəmir. Bu anda pyesin qəhrəmanı Oktay səhnəyə çıxır və hiddətli bir əda ilə tamaşıçılara bağırır: “Bir aktrisa da verə bilməyəcəksənsə, öl!..”
Müraciət müdhiş bir təsir bağışlayır. Tamaşaçılar arasından gənc bir türk qızı çıxaraq səhnəyə gəlir və nazlanan aktrisanın yerini məharətlə tutur. Qeyri-adi bir təsir. Tamaşaçıların həyəcanı sözlə ifadə edilməsi mümkün olmayacaq bir dərəcədə!..
“Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər.
Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş örtüyündən düzəltdiyi bir bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, əsir edirlər və edamına qərar verirlər. Əlləri arxasında bağlı halda dar ağacının altında onu şəhadət kəlməsini oxumağa məcbur edirlər. O isə “bütün dünya desə də, mən demərəm “La ilahə illallah” – deyə hayqırır.
Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir.
Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda, rejissordur. Məşhur musiqi professoru Qliyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir. Tənqidçilərdən biri onun xüsusiyyətlərindən bəhs edərkən, o cümlədən belə deyir:
“Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər, dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu”.
Aydın, Oktay, Elxan kimi qəhrəmanların da ətrafındakı insanlarda həyəcanlar oyadacaq xüsusiyyətləri vardır. Onlar alovlu sözləri ilə, açıq fikirləri ilə və cəsarətli hərəkətləriylə insanları sarsıdaraq arxaları ilə aparırlar. Fəlakət və səfalətlərə baxmayaraq, mübarizəyə gedən bu insanlar anlaşılmaz bir qüvvətlə bu rəhbərlərindən ayrılmırlar. Hətta qəhrəmanlar bunları işin təhlükəliliyi ilə tanış edib, təhlükədən uzaqlaşdırmaq istədikləri zaman belə onlar özlərini gözləyən cəfalara məmnuniyyətlə hazır olduqlarını bildirirlər. Cabbarlıda kişi qəhrəmanlar kimi, qadın qəhrəmanları da yetkin tiplərdir. Onun əsərlərində Azərbaycan cəmiyyətindəki bütün məsələlər kimi, qadın məsələsi də real bir şəkildə qoyulmuş və həll edilmişdir. Qız qalasındakı Durna mətanətli və namuslu Azərbaycan qızının şüurlaşdırılmış tipidir. Cabbarlının əsərlərindəki qadın surətləri passiv etirazdan başlayaraq, aktiv protestə və sosial mübarizəyə qədər yüksəlir.
Cabbarlı dramlarının bir xüsusiyyəti də müsbət qəhrəmanlarının qüdrətini göstərmək üçün qarşılarına çıxan mənfi tipləri yetkin bir şəkildə və qüvvətli olaraq təsvir etməsidir ki, bununla şeytanlara qələbə çala bilən qəhrəmanların ilahi qüvvələri haqqı ilə təqdir və təsəvvür oluna bilsin. Ümumi iclas çərçivəsi içində, təəssüf ki, Cabbarlının əsər və tiplərinin təfsilini və təhlilini verə bilməyəcəyik.
O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqdə o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökümət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır.
Bolşevik istilasından əvvəlki məşhur adlarla bərabər, Sovet Azərbaycanında yaradıcılıq istiqlalı göstərən yeni bəzi yazarlar da görürük. Belələrinə biz həyatı təsvir edən hekayə, novella və roman yazanlar arasında rast gəlirik. Bunlar əksər hallarda rəsmi sovet tənqidçiləri tərəfindən şiddətli tənqid edilir. Misal üçün Sabit Rəhman adlı birisi tərəfindən yazılan “Vəfasız” romanı üzərində dayanaq. “Vəfasız”ın xülasəsi budur:
Yoxsul bir
müəzzin ailəsinin qonşuluğuna
sovet məmuru köçür.
Məmurun səkkiz yaşlı pioner, yəni kiçik kommunist bir oğlu
var. Yaramaz pioner qonşularına rahatlıq
vermir. Müəzzinin bağçasında o, qırmadığı fidan,
qoparmadığı budaq
qoymur, hər şeyi alt-üst edir. Müəzzinin ailəsi yeni
qonşunun əlindən
zara gəlir. Müəzzinin arvadı xəstələnir.
Yeganə oğul işsizdir.
Özü artıq qocadır,
həyatının son günlərini
yaşayır. Az-çox
dəyəri olan bütün əşyasını
satmışdır: müəzzinin
ailəsi artıq sözün tam mənasında
acdır. Nəhayət məscid də
bağlanır. Həyat çıxılmaz
bir vəziyyətdədir.
Günlərin bir günü həyətdən atılan
bir daşla müəzzinin pəncərəsinin
şüşəsi qırılır:
bu daş xəstə yatağındakı
qadının qəlbinə
dəyir, qadın bir daha ayılmamaqla
bayılır. Bundan
son dərəcə mütəəssir
olan ixtiyar, oğluna müraciət edərək deyir ki: “Oğlum Saleh, anan aclıqdan
və pionerin atdığı daşdan
öldü. Bir azdan mən
də öləcəyəm.
Nə qədər kədərli
olsa da, ehtimal ki, sən
də öləcəksən.
Lakin, oğlum, iki gözüm, öz işimiz uğrunda şərəf və namusla ölək”.
Bir az sonra
ixtiyar müəzzin ağlını itirir. Yetim qalan Saleh
iş axtarmağa başlayır. Müəzzin oğlu olduğu
üçün onu hər yerdən qovurlar. Nəhayət,
o, qonşudakı kommunist
Sultanla tanış
olur. Sultan bütün
hallarda ona müti olmaq şərti ilə müdiri olduğu idarədə bir iş verir. Burada Saleh məmurlardan
İncə adlı gənc bir qızla
tanış olur. Sultanın eşqini rədd
etmış İncənin
qüdrətli müdir
tərəfindən təqib
edildiyini öyrənən
Saleh bunu qıza xəbər verir. Bu “xəyanət”dən
xəbər tutan
Sultan Salehi öz himayəsindən məhrum
edir, o, xidmətdən
çıxarılır və
müəzzin oğlu
olduğu üçün
komsomoldan (yəni gənc kommunist təşkilatı) çıxarılır.
Saleh yenə küçələrdədir.
Göy altında ona yer olmadığını
düşündüyü ümidsiz bir çağında Saleh öz-özünə söyləyir:
“Yeni rejim anamı öldürdü,
atamı dəli etdi, məni isə hər hüquqdan məhrum etdi, qovdu. Nə etməli...
hüquqlardan məhrum
edilmiş bütün
səfil məhrumların
intiqamını almalı...”
qərarı verir və kommunist Sultanın yanına gedir.
Görürsünüz ki, bu hekayədə
sovet həyatı olduqca real bir şəkildə göstərilir. Təqib olunan
insanın faciəsi təsvir olunur və təzyiqlərə
qarşı mübarizə
aparan qəhrəman
tipi verilir. Göstərdiyi bu cəsarətli realizmi üçün sovet tənqidinin yazıçıya müdhiş
hücumlar edəcəyini
bilmək çətin
deyildir. Bu tənqid ona “tərsinə realist” adını
verir, “sinfi düşmən, xırda
burjua zehniyyətinin əsiri” elan edir. Bakıda çap edilən
“Bakinski raboçi” qəzetinin ədəbiyyat
tənqidçisinə görə
(¹ 125, 1934-cü il) yazıçı
“ənənələrin toruna
düşmüş, ingilabçılığa
məxsus əhatədən
məhrum bir zavallıdır”. Bu tənqidçi “sovet rejiminin ədalətsizliyindən,
anasının öldürüldüyündən,
atasının dəli
olduğundan və özünün də dilənci halına düşdüyündən” bəhs
edilən Salehə qarşı hiddət və kinlə doludur.
Sabit Rəhmanın öncə
sovet təqdirini alıb, hökümət
mətbuatında çap
edilən bu romanı kimi H.Axundlunun “Kələfin ucu” adlı romanı da öncə eyni şəkildə təqdir
olunub, dövlət tərəfindən nəşr
edilir, mükafatlandırılır,
sonradan “əks-inqilabçı
və müsavatçı”
ruhuyla zəhərlənmiş
ideyalarla bulaşıq
bir əsər kimi aradan götürülür.
“Kələfin ucu”nda təsvir olunan qəhrəman bir kənd uşağı ikən Bakıya gəlmiş və burada inqilabçı proletar mühitində “əsil kommunist” olmaq əvəzinə “millətçilik” ruhuyla aşılanır. Bunu öncə hiss etməmiş
sovet çekistləri
sonra ayılırlar, əsəri də, müəllifi də aradan götürürlər.
1950, Ankara.
Xalq
Cəbhəsi.- 2016.- 16 avqust.- S.14.