SEYİD CƏFƏR PİŞƏVƏRİ VƏ GİLANDAKI “CƏNGƏLİLƏR” HƏRƏKATI

 

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı istila etdikdən sonra öz işğalçılıq meyillərini Azərbaycanla həmsərhəd olan ölkələrə, o cümlədən İranda reallaşdırmağa çalışdılar. Bu zaman İranın şimalında - Gilan əyalətində Mirzə Kuçik xanın başçılığı altında belə adlanan “Cəngəlilər” (“Meşə adamları”) hərəkatı gündən-günə vüsət götürüb genişlənməkdə idi. Rusiyada, sonra isə ucqar bölgələrdə sovet rejiminin qələbəsi, Lenin və digər sovet rəhbərlərinin Şərqin müsəlman xalqlarına verdikləri şirin vədlər və zahirən azadlıq hərəkatlarına tərəfdarlıq etmələri Gilan əyalətində antirejim qüvvələri ruhlandırdı, hərəkatın miqyası durmadan genişləndi. Pişəvəri bu haqda yazırdı: “İranın o vaxtkı vəziyyətindən az-çox xəbərdar olan adamlar yaxşı bilirlər ki, beynəlmiləl müharibənin axırlarında bir iddə (dəstə) Gilan meşələrində “İttihad İslam” (İslam birliyi) adı altında üsyan edərək müttəfiq qoşunları ilə (Antanta) inadlı mübarizəyə girişib, hər qiymətə olursa-olsun, onların irəliləməsinin qarşısını almağa çalışırdılar”. Azərbaycana doğru irəliləyən ingilis hərbi qüvvələrinin qarşısını kəsməkdə və onların irəliləyişinə mane olmaqda “Cəngəlilər”in köməkliyi danılmazdır. Cəngəlilərin “sədd” yaratmağının mühüm səbəblərindən biri göstərdikləri xidmət müqabilində öz azadlıqları üçün sovetlərdən kömək alacaqlarına və onlar tərəfindən dəstəklənəcəyinə bəslənilən ümid idi.

Mirzə Kuçik xanın başçılığı altında rejimdən və imperialist dövlətlərin müdaxiləsindən narazı qüvvələrin meşəyə toplanması və öz mübarizələrinə buradan başlaması I Dünya müharibəsinin ilk illərindən - 1915-ci ildən başlanmışdı. Hərəkata başçılıq edən Mirzə Kuçik xan Tehranda din və islamşünaslıq üzrə təhsil almış, gənc yaşlarında Səttarxan hərəkatında (Məşrutə) (1905-1911) iştirak etmişdi. Ömrünün sonunadək dindar müsəlman olmuş Mirzə Kuçik hələ Tehranda olarkən Həsənbəy Rövşəni tərəfindən yaradılmış “İslam Birliyi Təşkilatı”na üzv olur, sonra Rəştə gəlir, “Cəngəl”də (meşədə) öz həmfikirləri ilə birgə “İslam Birliyi Komtəsi”ni yaratmağa müvəffəq olur. Başqa azadlıq mücahidi Ehsanulla xan və onun tərəfdarları əvvəlcə bu komitəyə üzv

olurlar və mübarizəni bu komitənin göstərişi əsasında icra edirlər. Komitənin şüarları: Ölkə istiqlaliyyətinin qorunması; xaricilərin İrana müdaxiləsinə son qoyulması; Feodal zülmünün və haqsızlığın aradan götürülməsindən ibarət olmuşdu.

Gilanda başlanan “Cəngəlilər” adı altında genişlənən xalq hərəkatını dəstəkləmək, onun ideya istiqamətini səlisləşdirmək və ona kömək məqsədi ilə Sovetlərin təklifi ilə İran Ədalət Firqəsinin başçısı Əsədulla Qafarzadəni bir neçə nəfərlə birlikdə 1918-ci ilin yazında Gilana - Rəştə yola saldılar. Əslən Ərdəbildən olan fars dilini yaxşı bilən və Sovet rəhbərliyinin inandığı Ə.Qafarzadə Rəştə çatar-çatmaz rejim tərəfdarları tərəfindən qətlə yetirilir. Ə.Qafarzadənin, Firqə rəhbərlərinin bu cür ehtiyatsızcasına Rəştə göndərilməsini S.C.Pişəvəri yanlış addım hesab edərək, “bu təyinatı böyük bir səhvə yol vermək” kimi qiymətləndirmişdi.

20-ci illərin əvvəllərində Gilandakı “Cəngəlilər”in hərəkatı xeyli genişlənir və qüvvətlənir. Həm də Ehsanulla xanın “Mücazat komitəsi” (“Cəzalandırma Komitəsi”) Tehranda bir neçə terror əməliyyatını uğursuz həyata keçirdiyi üçün qaçıb Rəştə gəlməsi, dövlət qoşunundan, polisdən, hətta Kazak dəstələrindən “Cəngəlilər”ə qoşulanlar hərəkatı xeyli qüvvətləndirir. Yaranmış fürsətdən istifadə edən “Cəngəllər” mübarizə mərkəzini şəhərə - Rəştə köçürməyə müvəffəq olurlar.

Əssalam, Talış, Xal-xal, Astara yolları “Cəngəl” qüvvələrinin nəzarətinə keçir. Hərəkatda irəliləyişin yarandığı bir vaxtda parçalanma əmələ gəlir: iki mövqe, “sağ” və “sol” mövqe yaranmış olur. Mötədil mübarizə yolunu seçən Mirzə Kuçik xan dəstəsi ilə tündlük və bir qədər də “bolşevikçilik” mövqeyinə meyillənən Ehsanulla xanı dəstəsi (Onlar xüsusi mülkiyyətin ləğvini, mülkədar və burjuaziyanın bir sinif kimi ləğvini, dinin dövlətdən ayrılmasını, hicabın (baş örtüyünün) ləğvini və s. istəyirdilər - Ə.R.) arasında qütbləşmə dərinləşir. Bu qütbləşməni aradan götürüb vahid strategiya ilə hərəkatı yoluna qoymaq, Mirzə Kuçik xanla Ehsanullanı ortaq məxrəcə gətirmək məqsədi ilə hərəkata kömək üçün Ədalət rəhbərliyindən S.C.Pişəvəri 30 nəfərlik bir nümayəndəliklə 23 may 1920-ci ildə Rəştə gəlir. S.C.Pişəvəri ilə Mirzə Kuçik və Ehsanulla xan arasında gedən danışıqlarda birgə fəaliyyət haqda razılıq əldə olduğundan S.C.Pişəvəri Rəştdə qalır. O, kütlə qarşısında çıxışlar edir, “Cəngəl” silahlıları arasında izahat işləri aparır və “Cəngəl” qəzetinin nəşrinə kömək edir və s.

S.C.Pişəvəri sonralar “Cəngəli”lər hərəkatı ilə bağlı öz xatirələrində yazırdı ki, “Cəngəlilər hərəkatı başqa iranlılar kimi məni də cəlb etdi... kəndlərdə, şəhərlərdə top güllələri altında belə irəli gedirdik, iş görürdük... Bizim ruhumuzun qidası iman və əqidə idi. Azadlıq uğrunda mübarizə aparan böyük şəxsiyyətlərin sırasında cəmiyyətin ağır və məsuliyyətli işlərini yerinə yetirməklə məşğul olsaq da, heç vaxt özümü böyük saymamışam...” .

S.C.Pişəvərinin özünün bir dəstə həmməsləki ilə Gilana gəlməsi və hərəkatın irəliləməsi üçün yorulmadan gördükləri təbliğatı və təşkilatı işlər “Cəngəl”çi qüvvələr arasında həmrəyliyin artması, həm də tarixi şəraitin verdiyi imkanla bağlı 1920-ci il iyunun 4-də Gilanda “Cəngəlilər” hərəkatı qalib gəldi. Rəştdə və onun ətrafinda ordu və kazak kazarmaları, dövlət təsisatları, polis, poçt-teleqraf “Cəngəli” qüvvələrin əlinə keçdi. Gilan solçu qüvvələrin güclü təzyiqi altında və Rusiyadan gəlmiş komissarların istəyi ilə “Gilan Şura Sosialist Respublikası” elan edildi. “Gilan Muxtar Respublikası” adı əvəzinə, “Şura” və “Sosialist” sözlərinin respublikanın adına pərçim edilməsi çox ciddi taktiki və siyasi yanlışlıq, ölkənin və şəraitin nəzərə alınmaması idi. Sovetlərdəki sosializmin açıq-aydın başqa müsəlman bir ölkəyə ilk ixracı idi. Bu məsələ Mirzə Kuçik xanı, onunla həmfikirdə olanları çox narahat etsə də, Orconikidze kimi bolşevik emissarların, ona qoşulan Ehsanulla xanın və tünd gedən bəzi iranlı kommunistlərin təkidi və “solçu” əməllərinin nəticəsində mümkün olmuşdu.

Qələbəyə qovuşmuş, Gilanı və ətraf bölgələri ələ keçirmiş “Cəngəl” qüvvələri 1920-ci ilin iyun ayının 9-da Gilan Respublikasının ilk hökumətini təşkil etdilər.

 

Gilan hökuməti:

Mirzə Kuçik xan - baş komissar və hərbi nazir;

Mir Cəfər Cavadzadə - Xarici İşlər naziri;

Mirzə Məhəmmədəli Pirbazari - maliyyə;

Mahmudağa - Məhkəmə;

Hacı Məhəmmədcəfər - Poçt və teleqraf;

Nəsrulla Fəttahi - maarif;

Mirzə Məhəmmədəli Xumami - ümumi işlər üzrə;

Mirzə Məhəmmədəli Fəxrai - Ticarət İşləri üzrə komissarlar təyin olunurlar.

Göründüyü kimi, nə Ehsanulla xan, nə Xali Qurban və nə də Mirzə Kuçikdən narazı olanlar ilk hökumət kabinəsinə daxil olmamuşlar. Bu özü-özlüyündə hərəkat rəhbərliyi arasında həmrəyliyin olmamasına və çəkişmələrin olduğunu göstərir ki, bu işdə xaricdən olan diktələr və buyruqlarla bağlı ideoloji ixtilaflar, taktika və strategiyadakı fərqli cəhətlər parçalanmanı daha da dərinləşdirmişdi. Qeyd etmək lazımdır ki, Mirzə Kuçik xanın təşkil etdiyi hökumət əslində legitim olmamışdı. Onun daxildə bəzi xırda-para işləri (abadlaşdırma, bazar qiymətlərinin aşağı salınması, möhtəkirliklə mübarizə və s.) nəzərə alınmazsa, nə

daxili və nə də xarici siyasətdə gözə çarpan iş görülməmişdi. S.C.Pişəvərinin bu hökumətdə xarici işlər naziri olub-olmadığını Əli Muradi özünün “Rzaxan zindanından Azərbaycan Demokrat Firqəsinin sədrliyinədək” kitabında şübhə altına alır. O, yazır: “Bu yazılarda nəzərə çarpan yanlışlıq ondan ibarətdir ki, Seyid Cəfər Cavadzadə (Pişəvəri) inqilabi hökumətdə Xarici İşlər naziri kimi qeyd olunur. Halbuki Pişəvəri təkcə Ehsanulla xanın başçılığı ilə iki aydan sonra qurulmuş Kudəta (Çevriliş) dövlətində nə daxili, nə də xarici işlər naziri yox, poçt-teleqraf naziri olmuşdu”. O, sözünə davam edərək yazır: “Mirzə Kuçikxan dövlətində isə xarici işlər naziri bəlkə Seyid Cəfər Möhsün Sümesərayi olmuşdu”.

Bu yanlışlığın adlarla bağlı olduğunu qeyd edən müəllif S.C.Pişəvərinin nə Xarici, nə də daxili işlər üzrə nazir olmadığı fikrində israrlıdır. Lakin bu yanlışlığı sübut edən heç bir mənbə göstərmədiyindən “ehtimal” əsasında deyilən bu fikir ciddi qəbul oluna bilməz. Yuxarıda Ehsanulla xanın başçılığı altında poçt-teleqraf naziri S.C.Cavadzadə (Pişəvəri) yox, Sərdar Möhsün (Bu adam 1905-1911-ci illər inqilabının iştirakçısı, sosial-demokrat firqəsinin fəallarından olub – Ə.R.) olduğu göstərilir .

Sənədlərdən məlum olur ki, İKP-nın I qurultayı 1920-ci il iyun ayında Rəştdə keçirilmiş, beş gün davam etmişdi. İran Kommunist partiyasının yeni seçilmiş MK-nın 15 nəfər üzvündən biri də S.C.Pişəvəri olmuşdu. Qurultay “Cəngəlilər” hərəkatındakı çoxşaxəliyi, ideya və məram fərqlərini bir məcraya yönəldə bilməmişdi. Üstəlik, yeni yaranmış MK-nın özündə də birlik olmadığından, sonra seçilmiş MK-nın əvvəlki MK-nı tanımaması; bütün bunlar Gilandakı xalq hərəkatına ağır zərbələr oldu. Onu istədiyi hədəfə çatmaq işini mümkünsüz etdi.

Rza xanın hakimiyyətdə yerini möhkəmlətməsi irticanın əl-qolunu açdı. Belə bir şəraitdə “Cəngəl” hərəkatının başlanğıcında özünü “Cəngəl” inqilabçılarına, “Ədalətçi”lərə və sonra isə İran Kommunist partiyasına dost, arxa kimi göstərən sovet rejimi verdiyi vədlərə xilaf çıxdı. İran rejimi ilə Sovetlər arasında 1921-ci ilin fevralında Moskvada “Dostluq və Qardaşlıq haqda müqavilə” imzalandı. Bu, Sovetlərin İrandakı milli-azadlıq hərəkatına, onun rəhbərliyinə ilk və açıq xəyanəti idi. Bu xəyanət Gilanda başlanmış azadlıq hərəkatını məğlubiyyətə apardı (1946-ci ildə Güneydəki hərəkat kimi). Gilandakı xalq hərəkatına Sovet rəhbərliyinin etdiyi xəyanət göstərdi ki, onların daimi dostu yox, işğalçılığa xidmət edən kommunistlik mənafei var. Bu mənafenin həyata keçməsi yolunda “Bütün dünya proletarları birləşin!” yalançı şüarı onlara dünya hegemonluğu üçün lazım imiş.

İrticanın əli ilə daxildə təxribat və xaricdən olan xəyanət, hərəkat rəhbərliyindəki çəkişmə və pozuculuğun artması 1919-1920-ci illərdə Gilandakı hərəkatı məğlubiyyətə uğratdı. 1921-ci ilin astanasında Gilandakı hərəkat yatırılmaq ərəfəsində Ehsanulla xan dəstəsinin Tehrana vaxtsız, məsləhətsiz və yersiz hücumu Tehran qoşunu tərəfindən darmadağın edildikdən sonra Ehsanulla xan Sovetlərə qaçmaq məcburiyyətində qaldı. Mirzə Kuçik xanın meşədəki “iqamətinə” məşvərətə çağrılmış Heydər əmioğlunun yatdığı otaq gecə ikən müəmmalı şəkildə yandırıldı. Öz dəstəsi ilə Talış dağlarına çəkilən Mirzə Kuçik xan sərt çovğun və şaxtaya düşüb dondu. Onun donmuş meyitindəki başı kəsib Rza xana töhfə aparan dönük və xəyanətkar Xalı Qurban əvəzində Rza xandan polkovnik rütbəsi almağa müvəffəq oldu. Hərəkat fəalları təqiblərə, həbs və edamlara məhkum oldular. Cəngəlilərdən tərəfdarlıq edən və onun təəssübünü saxlayanların əmlakı müsadirə edildi, özləri ağır cəzalara məruz qaldılar və s.

Cəngəli hərəkatının ağır və uğursuz sonluğu sonrakı nəsillərə hər cəhətdən ibrət dərsi olmalıydı. Vahid hədəf uğrunda aparılan mübarizədə yersiz və əsassız ixtilaflar, yersiz çəkişmələr, ən başlıcası yadların felinə uyub, buyruq qulu olmaq mübarizə tariximizdə acı və faciəli sonluqla başa çatmışdı.

Cəngəli hərəkatındakı qarmaqarışıq mövqelər, rəhbərlikdə vahid taktika və strategiya planının olmaması, yersiz çəkişmə və ixtilaflar hərəkata köməyə gəlmiş yaşlı gənc S.C.Pişəvərini məyus etmişdi. O, bu haqda öz mülahizə və fikirlərini “Ajir” qəzeti səhifəsində (15 Azər 1322-ci il tarixdə (6 dekabr 1943) ətraflı söyləmişdi. Cəngəlilər hərəkatındakı anarxizmi, çox məramlılığı və vahid mərkəzin olmadığını görüb Rəşti tərk edərək mübarizəsini davam etdirmək üçün qeyri-leqal vəziyyətdə əvvəl İsfahana, sonra Tehrana getmişdi.

 

Əkrəm Rəhimli

Tarixçi

Xalq Cəbhəsi.- 2016.- 16 avqust.- S.13.