“Azərbaycanda
2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dünya birliyinə
bir siyasi mesajdır”
II yazı
“Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi
dünya birliyinə bir siyasi mesajdır, sülhə, əmin-amanlığa,
ədalətə çağırışdır. Bununla Azərbaycan
dünyaya dialoq və inkişaf təklif edir. Eyni zamanda Azərbaycan islamafobiyanın və digər
təhlükəli amillərin süni surətdə yayılmasına
xidmət edən bir çox dini və siyasi xadimləri bəşəriyyəti
fəlakətə sürükləyən əməllərindən
əl çəkib, öz səylərini dinlər və millətlər
arasında tolerant münasibətlərin yaradılmasına,
multikultural dəyərlərin qorunmasına və
inkişafına yönəltməyi təklif edir”. Bu fikirləri Respublika Veteranlar Təşkilatının
beynəlxalq əlaqələr və xalqlar arasında dostluq
daimi komissiyasının sədri, istefada olan ədliyyə
polkovnik-leytenantı Zahiddin Abbasov səsələndirib.
O deyib ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”
elan edilməsinin tarixi kökləri var: “Azərbaycan əsrlər
boyu mədəniyyətlərin qovuşduğu bir məkanda
yerləşməklə müxtəlif millətlər və
dinlər arasında aparıcı rol oynamışdır ki, nəticədə
ölkədə mövcud olan dözümlülük, dostluq
və həmrəylik yaranıb. Odur ki, Azərbaycanda
hər bir etnos digər etnosların mədəni
hüquqlarını tanıyır və bu hüquqlara
hörmətlə yanaşır. Bütün
bunlar da ona səbəb olmuşdur ki, əsrlər boyu ölkəmizin
tarixində dini və yaxud etnik zəmində qarşıdurma
baş verməmişdir. Bundan belə bir nəticə
çıxara bilərik ki, Azərbaycanda multikulturalizmin tarixi
burada yaşayan millətlərin, etnik qrupların yaşı
qədərdir.
Azərbaycanda millətindən, dinindən, məzhəbindən
asılı olmayaraq hər kəs digər din və mədəniyyətlərə
də öz etiqad və ənənələrinə yanaşdığı
kimi yanaşdığından cəmiyyətimizin mühiti,
ab-havası günü-gündən daha da
sağlamlaşır, ölkəmiz sabitlik adasına
çevrilir.
Məlum olduğu kimi, Azərbaycan dünyada iqtisadi cəhətdən
çox sürətlə inkişaf edən bir ölkədir. Bir neçə il bundan öncə dünyanın məşhur
iqtisadçıları buna çox təəccüblənirdilər.
Axı necə olur ki, müharibə vəziyyətində
olan kiçik bir ölkədə bu cür inkişaf baş
verir? Nəhayət, bu qərara gəlirlər
ki, bu iqtisadi inkişafın əsas səbəbi ölkədə
olan sabitlikdir, dini konfessiyalar, etnik qruplar arasındakı
mehribançılıq və isti münasibətlərdi, həm
də milli əxlaq, milli tərbiyədir. Cəmiyyətimizdəki
bu sabitlik ölkəmizdə günü-gündən möhkəmlənən
multikultural dəyərlərdən, tolerantlıqdan doğan
sabitlikdir. Bu sabitliyi heç bir qüvvə
poza bilməz”.
O əlavə
edib ki, cəmiyyətimizin yaşam tərzindən az-çox
məlumatı olan xarici mətbuat da bu barədə tez-tez
yazılar verir: “2015-ci ildə Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun iştirakçısı, ABŞ-ın Simon Vizyental Mərkəzinin
aparıcı mütəxəssisi Annet Blüm “The Huffington
Post” qəzetində dərc etdirdiyi “Bakı–dialoqun və
sülhün unikal vəhdəti” adlı məqaləsində
yazır ki, “Ekstremizm və dözümsüzlük əleyhinə
çıxış edən bu ölkədə (Azərbaycanda)
qəti şəkildə kök salmış dəyərlər
sayəsində ətraf ölkələrdən gələn təhlükələr
üçün özünə yer tapmaq və inkişaf etmək
şansı yoxdur”. Müəllif daha sonra yazır: “Azərbaycan
bütün dini əqidələrdən və mədəniyyətlərdən
olan insanların azad yaşadığı və bərabər
imkanlara malik olduğu bir ölkədir”. Burada elə bu yazıdan
irəli gələn bir faktı oxucunun nəzər-diqqətinə
çatdırmaq istəyirəm: Zaqatalanın
Fındıqlı kəndində əsrlər boyu bir ailə
kimi altı etnik qrup yaşayır. Burada
yaşayan avarların, rusların, azərbaycanlıların,
saxurların, ingiloyların və türklərin yaşam tərzi
mehriban bir ailənin yaşam tərzinə bənzəyir.
Odur ki, əsrlər boyu birgə
yaşadıqlarına baxmayaraq, bu etnik qruplar arasında bir dəfə
də olsun qarşıdurma olmayıbdır. Bu bir daha
ondan xəbər verir ki, Azərbaycan lap qədimdən
müxtəlif etnosların və dini icmaların dinc
yanaşı yaşamalarının unikal nümunəsinə
çevrilmişdir. Azərbaycanın bu sahədə
əldə etdiyi təcrübə dünyanın görkəmli
din xadimləri, siyasətçiləri, ictimai xadimləri tərəfindən
dəfələrlə yüksək qiymətləndirilib.
Məsələn, Almaniyanın respublikamızda olan
keçmiş səfiri Klaus Qrevlik hələ əsrin əvvəlində,
2004-cü ilin 22 iyununda Bakıda keçirilən
tolerantlığa dair seminarda demişdir: “Yaratdığı
dövlət-din münasibətləri modelini Azərbaycanın
artıq ixrac etməsi mümkündür. Bu
sizin sərvətinizdir”. 2008-ci ilin mart ayında
Bakıda rəsmi səfərdə olan Vatikanın dövlət
katibi Kardinal Qarqizio isə ölkəmizdəki mövcud
tolerantlığa belə bir qiymət vermişdir: “Azərbaycanda
tolerantlıq onun xalqının nailiyyətidir. Mən
Azərbaycanda qardaşlıq münasibəti gördüm və
başa düşdüm ki, bu, burda yaşayan xalqın ənənəsidir”.
30.04.2014-cü
il tarixdə “ABŞ-Azərbaycan: gələcəyə
baxış” adlı forumda Missisipi ştatının
keçmiş qubernatoru Xeyli Barbur isə ölkəmizi belə
qiymət-ləndirmişdir: “Azərbaycan Allahın Avropaya
verdiyi hədiyyədir”.
2014-cü
ilin mayında Bakıda səfərdə olan İsrailin xarici
işlər naziri Aviqdor Liberman da jurnalistlərlə
görüşündə Azərbaycanda olan
tolerantlığı tərifləyərək demişdir: “Azərbaycan
tolerantlığın unikal nümunəsidir... Yəhudilər
min illərdir ki, Azərbaycanda yaşayırlar və həmişə
özlərini buradakı cəmiyyətin tamhüquqlu
üzvü kimi hiss edirlər”.
Dövlət başçımız multikulturalizmin beynəlxalq
arenada təsdiqinə və təbliğinə hələ
2008-ci ildə start verib. Onun təşəbbüsü ilə 2008-ci ildə
Bakıda keçirilən Avropa İttifaqına üzv ölkələrin
mədəniyyət nazirlərinin toplantısına İslam
Əməkdaşlıq Təşkilatına üzv olan
dövlətlərin mədəniyyət nazirləri, 2009-cu
ildə yenə Bakıda baş tutan İƏT-ə daxil olan
ölkələrin mədəniyyət nazirlərinin
toplantısına Aİ ölkələrinin mədəniyyət
nazirləri dəvət olundular”. O deyib ki, Prezidentin dünya
siyasətçiləri tərəfindən “Bakı prosesi”
adlandırılan bu təşəbbüsü sonralar bir
çox irimiqyaslı Beynəlxalq forumların, mədəniyyətlərarası
dialoqların Bakıda keçirilməsinə təkan Verdi:
“2011, 2013 və 2015-ci illərdə Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumları, 2013-cü ildə yenə Bakıda təşkil
olunan müsəlman ölkələrinin Dini Liderlərinin
Zirvə toplantısı, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 2014-cü ildə Moskvada təşkil olunan “Azərbaycan-tolerantlığın
məkanıdır” fotosərgisi, 2015-ci ildə ölkəmizin
birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə
Parisdə baş tutan “Dini tolerantlıq: Azərbaycanda birgə
yaşayış mədəniyyəti” mövzusunda
keçirilən konfrans, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə bu il martın
10-11-də Bakıda dünyanın 50-dən çox
keçmiş və fəaliyyətdə olan dövlət və
hökumət başçılarının iştirakı ilə
baş tutmuş 4-cü Bakı Qlobal Forumu və digər bu
kimi tədbirlər multikultural dəyərlərin dünya
miqyasında təbliğində Azərbaycanın əvəzsiz
rolunu göstərdi. Multikulturalizm dəyərlərinin təbliği
və təşviqi sahəsində 15 may 2014-cü il tarixli sərəncamı ilə Respublika
Prezidenti İlham Əliyevin yaratdığı Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin apardığı işi isə
xüsusi qeyd etmək lazımdır. Bu mərkəz
tərəfindən ölkəmizdə və xaricdə
multikulturalizm artıq bir fənn kimi tədris edilir. Keçən ilin yayında və bu ilin fevralında
Bakıda Multikulturalizmin Yay və Qış məktəbləri
təşkil olundu. Təkcə Qış məktəbində
16 ölkədən (İsveç, Almaniya, Rusiya, Yaponiya,
Türkiyə və s.) 55 tələbə gənc iştirak
etmiş və xalqımızın multikultural dəyərləri
ilə yaxından tanış olublar.
Yarandığı
gündən iki ildən az bir vaxt
keçməsinə baxmayaraq, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Avropanın mədəniyyət mərkəzlərini
də fəaliyyət meydanına çevirməyə
başlayıb. Artıq Avropanın bəzi mədəniyyət
mərkəzlərində BBMM-in nümayəndəlikləri
ilk addımlarını atmaqdadırlar. Məsələn,
Almaniyanın Drezden şəhərindəki nümayəndəlik
bu ilin mayında dini tolerantlıqla əlaqədar böyük
bir konfrans keçirəcəkdir. Bu
konfransda Azərbaycan cəmiyyətinin birgə
yaşayış modeli şiələrlə sünnilərin
birliyi çərçivəsində nümayiş etdiriləcək,
bu iki məzhəb nümayəndələrinin necə bir yerdə
ibadət etmələrindən danışılacaq.
Multikulturalizmin Azərbaycan modeli respublikamızda
olduğu kimi, bir çox ölkələrdə də bu ildən
artıq tədris olunmağa başlayır. Məsələn, “Azərbaycan
multikulturalizmi” Almaniyanın Auqsburq şəhərində qədim
universitetlərin birində, İndoneziyanın “Qacax Mada”
universitetində, Tbilisidə İvan Cavaxaşvili Dövlət
Universitetində, Latviya Pedaqoji Universitetində, Yeltsin adına
Ural Universitetində, Praqanın (Çexiya) Karlovski
Universitetində və Sofiyanın (Bolqarıstan) Klement-Oxridski
adına Universitetində və digər xarici ali təhsil
ocaqlarında bir fənn kimi tədris edilir. Ümumiyyətlə
xarici ölkələrin 13 ali təhsil
ocağında “Azərbaycan Multikulturalizmi” kursu daim tələb
olunan bir fənnə çevrilmişdir. Bu tədris
ocaqlarına tədris proseslərinin təşkilində (tədris-metodiki
vəsaitlərlə, tədris proqramları və s. ilə)
BBMM yaxından köməklik göstərir. Ölkəmizdə bu sahədə aparılan
ardıcıl fəaliyyətin nəticəsidir ki, Azərbaycanın
multikultural dəyərləri, tolerant ənənələri
beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox
cəlb edir. ABŞ-ın Oreqon
ştatı Senatının və Nümayəndələr
Palatasının bu yaxınlarda-fevralın 24-də Azərbaycanın
tolerantlıq modelini təqdir edən bir bəyanat vermələri
bunun bariz nümunəsidir. Bu bəyanatda
bildirilir ki, ABŞ Azərbaycanın tolerantlıq modelinin
bütün dünyada təbliğinə
çalışmalıdır.
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən bir neçə
il bundan öncə
başlanğıcı qoyulmuş və dövlət siyasətinin
prioriteti səviyyəsinə yüksəlmiş
multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər
Bakını artıq Beynəlxalq Platformaya, ölkəmizi isə
mədəniyyətlərarası dialoq ölkəsi statusuna
çevirmişdir. BMT kimi nüfuzlu bir təşkilatın
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Formunun bu il
aprelin 25-27-də Bakıda keçirilməsinin qərara
alınması isə ölkəmizin dünyada artan
nüfuzundan xəbər verir. Müxtəlif
ölkələri təmsil edəcək 3000-dən artıq rəsmi
şəxsin iştirakı gözlənilən bu Forum
dünya miqyasında dinlərarası, mədəniyyətlərarası
dialoqun aparılması sahəsində ən mötəbər
və ən möhtəşəm Forum olacaqdır. Bu Forumda dünyanı narahat edən, demək olar ki,
bütün məsələlər müzakirə olunacaq və
bu barədə “Bakı Deklarasiyası” qəbul ediləcəkdir.
Dünyanın gələcəyi baxımından Azərbaycanın
multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin
təbliği və təşviqi ilə əlaqədar bu
günə qədər görülən və gələcəkdə
görüləcək işlərin əhəmiyyəti
çox böyükdür. Çünki bu kimi tədbirlərin
həyata keçirilməsi nəticəsində dünya
ictimaiyyəti Azərbaycan həqiqətləri ilə daha
yaxından tanış olur,
xalqımızın həqiqətən tolerant, sülhsevər
və işgüzar bir xalq olduğuna digər xalqlarda inam və
əminlik yaranır. Ölkə başçımızın
Gəncədə “İmamzadə” dini kompleksində
yaradılan şəraitlə tanış
olarkən söylədiyi kimi “Bütün bu işlərin bir
məqsədi var ki, ilk növbədə ölkəmizin
uğurlu inkişafı təmin edilsin. Dünya
miqyasında Azərbaycanın rolu və bizə olan hörmət,
inam, rəğbət daha da artsın”.
Əıi
Xalq Cəbhəsi.- 2016.- 16 avqust.-
S.9.