“Multikulturalizm” termini Avropada yaransa da, XX əsrin sonlarından başlayaraq tənəzzülə uğradı”

 

Zahiddin Abbasov: “İkili standartlar siyasəti etimadsızlıq və ədalətsizlik tendensiyalarının əmələ gəlməsinə səbəb oldu

 

I yazı

 

“Tərkib hissəsini tolerantlıq təşkil edən multikulturalizm Avropada XVII əsrdə yayılmağa başlamışdır: katoliklərlə provaslavlar arasında davam edən otuz illik (1618-1648-ci illər) müharibədən sonra bağlanılan sülh sazişinə görə, bütün dinlər və məzhəblər saziş imzalanan gündən tolerant yaşamalı, biri-birinə dözümlü olmalı idilər”. Bu fikirləri Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələr və xalqlar arasında dostluq daimi komissiyasının sədri, istefada olan ədliyyə polkovnik-leytenantı Zahiddin Abbasov səsələndirib. O deyib ki, “Multikulturalizm” termini Avropada yaransa da, XX əsrin sonlarından başlayaraq tənəzzülə uğradı: “Çünki dünyanın aparıcı dövlətlərinin həyata keçirməyə başladıqları ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə kəskin şəkildə müşahidə olunan etimadsızlıq və ədalətsizlik tendensiyalarının əmələ gəlməsinə səbəb oldu. Bunlar da öz növbəsində dini nifrət, ksenofobiya, ayrı-seçkilik, islamafobiya, ekstremizm və s. bu kimi təhlükəli amillərin yaranmasına təkan verdi. Bütün bu təhlükəli amillər Avropada multikulturalizmin tam formalaşmasına və həyat tərzinə keçməsinə maneçilik törətdi. Son zamanlar bu amillərin getdikcə sürətlə artması, eyni zamanda bir çox Avropa ölkələrində faşist ideologiyasının gənclər arasında təbliği, xüsusilə Hitlerin “Mənim mübarizəm” kitabının çoxlu sayda yenidən nəşr olunaraq yayılması, Avropada həyat tərzinin deqradasiyaya uğramasını labüd edir. Bütün bu hadisələr Avropa mədəniyyətinin və mənəviyyatının iflasa uğramasından xəbər verir. Bu gün Qərbin mənəvi-siyasi həyatının reallıqları budur! Bunu avropalıların özləri də yaxşı dərk edirlər. Hətta Hollandiya qəzetlərindən biri bu ilin əvvəllərində bu barədə açıq-aşkar yazmışdır: “Avropada artıq müqəddəs bir şey qalmayıb”.

Bu il mart ayının 22-də Brüsseldə həyata keçirilən terror aktları da Avropadakı mənəvi-siyasi həyatın reallıqlarından irəli gəlir. Müxtəlif millətlərdən olan 35 nəfərin həyatına son qoyan və 348 nəfər dinc əhalinin yaralanmasına səbəb olan bu terror aktları yalnız Belçikanı deyil, bütün Avropa strukturlarını hədəfə alıb.

Bu gün Avropanı silkələyən qaçqınlar problemi kimi terrorla bağlı problemlərin də çoxalmasının səbəbkarı elə avropalıların özləridir. Bu problemlər onların digər ölkələrin daxili işlərinə qarışmalarının və bir çox terror təşkilatlarını dəstəkləmələrinin məntiqi nəticəsidir. Təsadüfi deyildir ki, Brüsseldəki terror aktları baş verməmişdən bir neçə gün öncə — martın 18-də Türkiyə Respublikasının Prezidenti R.T. Ərdoğan terror təşkilatlarına qarşı prinsipial mövqe tutmadıqlarına görə Avropa dövlətlərini kəskin qınamaqla yanaşı, onların da hər an terror aksiyalarına məruz qala biləcəkləri barədə xəbərdarlıq edərək demişdir: “Siz bilmirsiniz nə vaxt ayaqlarınızı minanın üstünə basacaqsınız, lakin bu, mütləq baş verəcək. Öz döşünüz üzərində isindirdiyiniz ilan sizi istənilən anda sanca bilər”. Deyilən bu kəskin xəbərdarlıqdan üç-dörd gün sonra bütün dünya Türkiyə Prezidentinin haqlı olduğunun şahidi oldu.

Bu gün terrorçuların törətdikləri cinayətlərə görə məsuliyyət dünya birliyinin üzərinə düşür. Çünki dünya birliyinin önündə gedən iri dövlətlər, beynəlxalq terrorizmin bünövrəsini qoyan erməni terrorizmini vaxtilə dəstəkləmək əvəzinə onun məhvinə çalışsaydılar, bu gün dünyanın müxtəlif regionlarında terrorizm bu dərəcədə tüğyan edə bilməzdi.

XX əsrdə Qərbin dəstəyini hiss edən erməni terrorçuları müxtəlif ölkələrdə göbələk kimi baş qaldırır, təşkilatlanır və müsəlmanlara qarşı qırğınlar törədirdilər. Onların təkcə “ASALA” terrorçu təşkilatı 1975-1985-ci illərdə 21 ölkənin 38 şəhərində 110-dan artıq terror aktları təşkil ediblər. Azərbaycan ərazilərində isə ermənilər 1988-1995-ci illərdə yüzlərlə terror aksiyaları həyata keçirdilər ki, nəticədə 1568 nəfər günahsız insan həlak oldu, 1808 nəfər isə yaralandı.

Erməni terrorçularının azərbaycanlılara qarşı yüz ildən artıq davam edən çoxlu sayda soyqırımlarının sonuncusu və ən dəhşətlilərindən biri 1992-ci il fevralın 26-da Xocalıda baş verdi. Yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayət nəticəsində əksəriyyəti qoca, qadın və uşaq olan 613 nəfər dinc əhali məhv edildi.

Ermənilərin bir əsrdən artıq azərbaycanlılara və türklərə qarşı davam edən terrorçuluq fəaliyyəti dünya birliyinin qözü qarşısında həyata keçirilirdi. Getdikcə azğınlaşan erməni terrorizminin qarşısını almaq üçün dünya birliyi bu müddət ərzində heç bir cəhd, təşəbbüs göstərmədi. Əksinə, 1980-cı illərin sonlarından başlayaraq, Qərb dövlətləri Azərbaycana qarşı təcavüzə hazırlaşan Ermənistan dövlətinə dəstək verərək, o illərdə bu dövlətin səyi nəticəsində Yerevana axışan erməni terrorçularını silahlandırmaqla məşğul oldular. Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 20 mindən artıq günahsız azərbaycanlının məhvi və bir milyondan artıq insanın qaçqın və köçkün düşməsi ilə nəticələnən Qərbin ermənilərə verdiyi bu dəstək, hazırda da davam etməkdədir. Bu dəstəyə arxalanan, terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistana, başda Serj Sarkisyan olmaqla, vaxtilə Xocalı soyqırımı törətmiş cinayətkar-terrorçu qruplar rəhbərlik edirlər. Himayədarlarının səyləri nəticəsində onlar bu gün də özlərini çox azğın və həyasız apararaq torpaqlarımızı azad etmək istəmirlər”.

Onun fikrincə, Avropada həyata keçirilən hər bir terror aktından dərhal sonra avropalılar terrorizmi məhv etmək üçün bütün səylərini səfərbər edəcəkləri barədə bəyanatlar verməkdən çəkinmirlər: “Lakin onlar anlamırlar ki, neçə ki, erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri soyqırımlarına dünya birliyi siyasi və hüquqi qiymət verməyib, neçə ki, Ermənistana rəhbərlik edən terrorçular özlərini təhlükəsiz hiss edirlər, neçə ki, terrorizmə ikili standartlarla yanaşılır, neçə ki, “yaxşı” və “pis” terrorçular anlayışı mövcuddur, neçə ki islam dinini alçaltmaq və gözdən salmaq məqsədilə özlərinin yaratdıqları terror təşkilatlarını islam dininə bağlamağa çalışırlar, terrorizmin məhv edilməsinə nail ola bilməyəcəklər. Terrorizmi məhv etmək üçün dünyanın iri dövlətləri, ABŞ və Avropa İttifaqı ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Ermənistanın terrorçu rəhbərlərinin Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə çalışmalı və ayrı-seçkilik qoymadan terrorçu təşkilatlara qarşı mübarizəni davamlı şəkildə aparmalıdırlar. Yalnız bu halda terrorizmi məhv etmək mümkün olar. Bütün bunları Qərb ya başa düşmür, ya da başa düşmək istəmir. Təəssüf ki, digər sahələrdə olduğu kimi, terrorizmlə bağlı ikili standartlar siyasəti, ayrı-seçkilik bu gün də davam etməkdədir. Məsələn, Avropa dövlətləri, 2015-ci ilin yanvarında və noyabrında Parisdə, bu ilin mart ayında isə Brüsseldə həyata keçirilən terror aktlarına dərhal və çox kəskin şəkildə reaksiya verərək öz həmrəyliklərini nümayiş etdirdilər. Lakin bu ilin mart ayında çoxlu insan tələfatına səbəb olan, dalbadal Türkiyədə törədilən terror aksiyalarına, eləcədə Yəməndə və İraqda lap bu günlərdə baş tutan, ağır terror hadisələrinə Avropa dövlətləri tərəfindən heç bir reaksiya verilmədi. Hətta Hollandiya parlamentinin üzvləri Türkiyədəki terror aktları nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən belə imtina etdilər. Avropada baş verən bütün bu hadisələr bizə, burada dini nifrətin, islamafobiyanın artıq pik həddinə çatdığını deməyə əsas verir. Bu fikirlə əlaqədar bir neçə faktı da oxucunun nəzər-diqqətinə çatdırmağı lazım bilirəm. Belə ki, hələ 2005-ci ildə Məhəmməd Peyğəmbərin karikaturasını özünün redaktoru olduğu qəzetdə dərc etdirən Daniya vətəndaşı Fleminq Rouzun namizədliyi Nobel mükafatı kimi mötəbər bir mükafata təqdim olundu. Bir neçə il bundan əvvəl Türkiyə yazıçısı Orxan Pamuk da öz əsərlərində islamı təhqir etdiyinə və “erməni soyqırımı”nı sübut etməyə çalışdığına görə Nobel mükafatına layiq görüldü. Britaniya yazıçısı, Hindistan əsilli Salman Rüşdi də islamı təhqir edən şeirlərinə görə Avropanın rəğbətini qazanıb”.

O hesab edir ki, bir tərəfdən dini nifrətin, islamafobiyanın və s. təhlükəli amillərin getdikcə artması, o biri tərəfdən iri dövlətlərin digər dövlətlərdə demokratiyanı, insan hüquqlarını bərqərar etmək adı altında dünyanı yenidən bölmək cəhdləri XX əsrin sonlarından başlayaraq dünyanın müxtəlif regionlarında (Şimali Afrikada, Yaxın Şərqdə, postsovet respublikalarında və s.) müharibə və münaqişə ocaqları yaratdı: “Bütün bunlar da dünyada çoxlu sayda insan tələfatına və insanların kütləvi şəkildə öz yurd-yuvalarından didərgin düşmələrinə səbəb oldu. Təkcə son 15 ildə 45 ölkənin daxili işlərinə qarışılması nəticəsində bu ölkələri, əksəriyyəti müsəlman olan, 10 milyondan artıq qaçqın tərk edib. “Ərəb baharı” və rəngli inqilablar nəticəsində isə son illər yer üzündə qaçqınların sayı 70 milyondan çox artıb. Əgər 2001-ci ildə yer kürəsində qaçqınların sayı 171 milyon idisə, bu gün onların sayı 244 milyona çatıb. Yalnız Suriyada gedən müharibə illərində 4,5 milyon insan qaçqın düşüb. Bu qaçqınların min nəfərə yaxını dəniz sularında boğularaq həlak olub. 10 mindən çox qaçqın uşaq isə itkin düşüb. Bu müharibədə öldürülənlərin sayı artıq 450 mini ötüb. Nəzərə alsaq ki, Suriya əhalisinin 91 faizi müsəlmandır, burada nə qədər müsəlmanın qırıldığı aydın olar. Bəla burasındadır ki, Avropada getdikcə güclənən dini nifrətin və islamafobiyanın təsiri altından çıxa bilməyən bir çox siyasi və dini xadimlər islam dininə ibadət edən insanların faciəsinə, həmişə olduğu kimi, indi də biganə münasibət bəsləyirlər. Bu ilin fevral ayında Roma Papası ilə Rusiya Patriarxının Kubada baş tutan görüşü baş verdi. Onlar bu görüşdə Şimali Afrikada və Yaxın Şərqdə baş verən hadisələrdə yalnız xristian qırğınlarının qarşısını almaq tədbirləri barədə müzakirələr apardılar. Güman ki, bu görüş ABŞ konqresinin xristianlar üçün çox mühüm bir addım atmasına təsir göstərib: 2016-cı il martın əvvəllərində ABŞ Konqresi Yaxın Şərqdə xristianların öldürülməsinin “Xristian əhalisinə qarşı soyqırım” kimi tanınması barədə qərar qəbul etdi. Bütün bunlar onu göstərir ki, islamafobiya təkcə Avropada deyil, bütün xristian dünyasında yayılmaqdadır.

Beynəlxalq ictimaiyyəti təhdid edən bu təhlükəli amilləri — islamafobiyanı, dini nifrəti və s. vaxtında hiss edən respublika Prezidenti mədəniyyətlərarası dialoqu daim müzakirə obyektinə çevirən, ortaya çıxan problemlərə dərhal reaksiya verən bir platformaya ehtiyac olduğu qənaətinə gəldikdən sonra bu ili “Multikulturalizm ili” elan etdi”.

 

Əli

Xalq cəbhəsi.-2016.-13 avqust.-S.9.