Pişəvərinin “Qəsri-Qacar”
zindanı ilə bağlı acı xatirəsi
“Əhval-ruhiyyəmiz qüvvətli olduğu
üçün mübarizəni davam etdirdik”
Seyid Cəfər
Pişəvəri həbsə alınmasını təsvir
edərək yazır: “On bir il bundan əvvəl Dey
ayının altısı günü (27 dekabr 1930) mənim
üçün bir tarixi gün hesab olunur. Mən, 6.10.9
tarixini (6 dey, onuncu ay, 1319-cu ili nəzərdə
tutur) bu günədək bir saat da olsun yaddan
çıxarmamışam. O gün ki hava şəraiti də
lap bu gün kimi nəzərimdədir. Yerlər
buz bağlamışdı, bala-bala qar yağırdı.
Şimran dağları uzaqdan ağ yumurta
kimi görünürdü. Məhəmməd
Ənzabi (Məhəmməd Ənzabi S.C.PiĢəvərinin
köhnə dostlarından, həm də xalası oğlu idi –
Ə.R.) ilə nahar etdikdən sonra mənzildən
çıxdıq. O günlərdə biz Qəvvam əl-Səltənə
xiyabanındakı Entexabiye küçəsində
yaşayırdıq. Ənzabi məndən
ayrılıb öz evinə qayıtdı. Mən isə dostlardan biri ilə işim olduğu
üçün onun evinə gedəcək idim. Qapının yanında bir-birimizdən
ayrıldıq. O Qəvvam əl-Səltənə
xiyabanına tərəf getdi, mən isə sağa
döndüm. Həmin dəqiqədə nəyin
haqqında fıkirləşdiyim yaxşı yadıma gəlmir.
Lakin həmişə olduğu kimi
başımı aşağı salıb paltonun
yaxasını qaldıraraq sürətlə irəliləyirdim.
Küçə xəlvət və soyuq idi. Küçənin
başında, sol tərəfə dönmək istədikdə
qəflətən tanımadığım bir adam
qarşıma çıxdı. O, yöndəmsiz libas (paltar)
geyinmişdi.
Əlində əsa var idi. Qiyafəsi
çimçəşdirici, baxışları isə həyasız
və fızul idi. Bu yöndəmsiz
adamı görən kimi fikrimdə ona qarşı şiddətli
nifrət oyandı. Onun
xoşagəlməz səsi bu nifrəti daha da artırdı.
- Ağa,
sizin adınız filan... deyil, - deyə bu şəxs mənə
müraciət etdi.
- Nə
üçün, sözünüz var?
Zahirdə
ədəbli rəftar etmək istəyən, lakin ədəbsiz
baxışları və gülüşləri ilə xəbis
niyyətini göstərən bu adam əlavə
etdi:
- Ağa,
şəxsən bəndənin sizə deməli bir
sözü yoxdur. Məni göndərmişlər
ki, bir neçə dəqiqəlik Ettelaat (Təhlükəsizlik)
İdarəsinə təşrif gətirməyinizi xahiş
edim. Zənnimcə sizdən kiçik bir
söz soruşmaq istəyirlər.
Mən işin bu qədər də sadə
olmayacağını başa düşdüm. Axı Ettelaat
idarəsinin indiyədək heç məndən azacıq belə
işi olmamışdı. Bu idarəyə
girən adamlar heç də asanlıqla oradan çıxa
bilməmişdilər. Əlacsız qalaraq dedim: - Belə
olduqda qayıdaq mən evə xəbər verim.
O dedi: -
Buna ehtiyac yoxdur. Tezliklə
qayıdacaqsınız.
Mən başa düşdüm ki, bu polis dərsini əzbərləyib. Qaçmaq
haqqında da əslən fikirləşə bilməzdim.
Yəqin ki, o, tək deyildi. Digər
tərəfdən mən özümü günahsız hesab
edirdim. Buna görə də mənzilə
qayıtmaq haqqında israr etməyərək polislə birlikdə
yola düşdüm. Bu sadə, səssiz-səmirsiz
bir dəvətlə, həyatımda yeni dövrün
başlanmasını hiss etdim və bildim ki, bir daha öz
meylimlə könlüm istəyən yerə gedə bilməyəcəyəm,
ixtiyarım başqalarının əlinə keçib.
Buna baxmayaraq bu işin aqibəti haqqında hələlik
məlumatım yox idi. Ayağımın altında
birdən-birə açılmış uçurumun haraya
gedib çıxacağını bilmirdim.
Sipəh xiyabanında Ənzabi arxadan gəlib bizə
çatdı.
O, cəmiyyətin izdihamından istifadə edərək
qabağa keçib, polisi tanıdığını və
onun məqsədindən xəbərdar olduğunu müəyyən
işarələrlə mənə başa saldı. Polisin gözləri yalnız mənə
dikilmişdi. O, mənim qaça biləcəyimdən
qorxurdu. Buna görə də Ənzabinin hərəkət
və işarələrinə fikir vermirdi. Biz isə bu
vəziyyətdən istifadə edərək
Təminat idarəsinin qapısınadək işarə
ilə bir-birimizlə söhbət etdik. Orada isə məcburi
olaraq təəssüflü gülüşlə
vidalaşdıq. Mən bilirdim ki, o, necə
olursa-olsun, tutulmaq xəbərimi bizim evə
çatdıracaq. Buna görə də
sakit ürəklə Təminat idarəsi binasının pillələri
ilə yuxarı qalxdım. Orada polis məni
kiçik bir otağa apardı. Üç
böyük miz və bir sadə qəfəs ilə zinət
verilmiş bu otaqda polis məni gənc bir kişiyə
tapşıraraq çıxıb getdi. Sonralar
həmin gəncin adının Rüfət olduğunu bildim.
Məni gətirən polisi isə bu günədək
ikinci dəfə görməmişəm”.
O
dövrün ən dəhşətli zindanı kimi tanınan
“Qəsr-Qacarda” 226 ¹-li siyasi məhbus S.C.Pişəvərinin
ilk istintaqı 1930-cu ilin yanvarında başlamış,
1940-cı ilin aprelinədək davam etmişdi. İstintaqın
ilk mərhələsini əslən Xozustandan olan savadı və
peşəkarlığı yetərincə olmayan Fəruzeş
familiyalı müstəntiq aparmışdı.
S.C.Pişəvəri özünün zindan xatirələrində
göstərir ki, bir qayda olaraq onu çox zaman gecə
yarısı sorğu-suala çəkirmişlər ki, onun
iradəsini sarsıdıb, ondan lazım olan cavabları ala
bilsinlər.
S.C.Pişəvərinin
çox illik zindan həyatının istintaq materialları nə
az, nə çox - 7 cilddir. Suallar
dəfələrlə təkrar olduğundan oxucunu yormamaq
üçün istintaq materiallarının xülasəsini
verməklə kifayədənəcəyik.
Müstəntiq:
S. -
Adınız və familiyanız nədir? Özünüz
haqda məlumat verin.
S. -
Mircavad oğlu Mir Cəfər Pişəvəri. Otuz beş yaşım var. Azərbaycanın Xalxal
mahalındanam. İran və Şurəvi mədrəsəsində
müəllimlik etmişəm. Ev adresim: Vüzarete Cəng,
Çaharrahi. Ġntixabiyye küçəsinin içi, Moəyyedol-
Məmalekin evi, nömrəsi yoxdur. Bir
qadınım və bir oğlum var.
S. -
Neçə müddətdir Tehrandasınız?
C. -
Üç il yarım, dörd il olar.
S. - Nə
zamandan Şurəvi mədrəsəsinin müəllimisiniz?
C. - Bir il dörd aydır.
S. - Bundan
əvvəl nə iş görərdin?
C. - Ticarət işinə baxardım. Kitab
mağazam var idi.
S. - Kitab
mağazanız harada idi?
C. - Rifahi xiyabanında.
S. - Nə
vaxtdan kitab mağazanız var idi?
C. - Təqribən
iki il.
S. - Kitab
satmaq işini nə üçün tərk etdiniz?
C. - Qazancı yox idi. Bir də ki, başqa iş
tapmışdım.
S.
-Şurəvi (Sovet) mədrəsəsində nə dərsi
verirdiniz?
C. - Rus
siniflərində riyaziyyat, tarix, coğrafiya, fars
dili.
S. - Ayda nə
qədər gəliriniz var idi?
C. - Yüz iyirmi tümən alırdım.
S. -Nə
zamandan Şurəvi mədrəsəsində müəllim
oldunuz?
C. - 1929-cu ilin avqust ayında Ģourəvi mədrəsəsinə
daxil oldum.
S.
-İran tarixi ilə 1929-cu ilin avqust ayı nə zamandır?
C. - 1308-cı ilin Ģəhrivər ayının əvvəlləri.
S. - Kitab
mağazasında şərikin də var idimi?
C. - Şərik yox, ancaq şagirdim var idi.
S. -
Neçə şagirdin var idi?
C. - Üç nəfər.
S. -
Adlarını buyurun!
C. - 15
yaşında bir uşaq, adı Hacı Xan idi, familiyası
yadımda deyil. Onu mağazamın
qonşuluğunda olan bir başmaqçı mənə
tanıtdırdı. Başmaqçının
adını bilmirəm. Ancaq familiyası
Əmiryan idi. Şagirdə gündə
4-5 qran verirdim. Yay tətillərindən
sonra, mədrəsələr açılanda o da mədrəsəyə
getdi. Bir də Əli Şərqi idi ki,
tanışlarımdan Ağaye Mirzə Hüseyn Xan Omid onu mənimlə
tanış etmişdi. Yaşı
çox olduğu üçün qərar qoymuşduq ona ayda
30-35 tümən verəm. O da bir müddət qaldı,
sonra dedi ki, Mazandaran dəmir yolunda bir iş tapdığı
üçün getdi. Bu iki şagirddən qabaq
Məhəmmədxan Ənzabi adlı bir şagirdim var idi.
Qohumlarımdan idi, xalam oğlu idi. O da
müəllimliyə getdiyi üçün iki nəfər
başqa şagirdi gətirdim.
ġagirdlərimin hamısı bu 3 nəfər olmuşdu.
S.C.Pişəvərinin 10 illik zindan dövründə
xanımı Məsumənin dəfələrlə yüksək
dövlət məqamlarına, hətta şahın
arvadının ünvanına ərinin
bağışlanması haqda ərizələri cavabsız
qalmışdı. 24 mordad 1331-ci ildə (sentyabr 1932) 501/4705 ¹-li cavabla Məsumə
xanıma dövlət tərəfindən rəsmən
bildirilir ki,“təkrar ərizələr
yazmaqla dövlət məqamlarını və şəxsiyyətləri
narahat etməsin”. S.C.Pişəvəriyə
psixoloji əzab verib, ruhiyyəsini sarsıtmaq məqsədi ilə
xanımın boşanmasına və başqa ərə getməsinə
razılıq ərizəsi yazması təklif olunur. Belə bir təklif Məsumə xanıma da
edilmiş və bu haqda rəsmi ərizə ilə dövlətə
müraciət etməsi “məsləhət”
görülmüşdü. Ancaq Məsumə xanım
bu riyakar təklifi rədd etmiş və ömrünün
sonunadək “Ağaya” (o, Pişəvərini belə
adlandırırdı) sədaqətli həyat yoldaşı,
vəfalı dost qalacağını söyləmişdi. S.C.Pişəvərinin istintaqına aid materiallardan
və ona verilmiş çoxsaylı suallardan bəlli olur ki,
istintaqda əsas məsələlərdən biri Əli Şərqinin
kimliyini aydınlaşdırmaq idi. Qarşı tərəf
çox əlləşirdi ki, S.C.Pişəvəri
özü Əli Şərqini “adam öldürən”,
“terrorçu”, “dövlətə düşmən” adam kimi təqdim etsin. Belə olan təqdirdə
S.C.Pişəvəri Əli Şərqini dövlətə
qarşı cinayətlərə təhrik edən adam kimi tanınacaq idi. Bu isə
həm Əli Şərqinin və həm də S.C.Pişəvərinin
edamına “hüquqi əsas” yaratmış olacaq idi.
Müstəntiq S.C.Pişəvəriyə bir neçə dəfə:
“Siz nahaq inad edirsiz, Ə.Şərqi hər şeyi səmimiyyətlə
boynuna alır” deməklə S.C.Pişəvərini
Ə.Şərqinin satqınlığına inandırmaq və
onu çaş-baş salmaq istəyirdi. Ə.Şərqi
ilə bağlı uzun söhbətə son qoymaq
üçün S.C.Pişəvəri Ə.Şərqi ilə
üzləşdirilməsini tələb etmişdi, “Əli
Şərqi nə desə, mən qəbul edərəm” deməklə
müstəntiqin isti aşına soyuq su qatmışdı.
Çətin vəziyyətə düşən
lorustanlı müstəntiq istintaq vərəqəsini
özü istədiyi kimi yazır və imzalamağı S.C.Pişəvəridən
tələb edir. S.C.Pişəvəri isə
yazılanları oxuduqdan sonra vərəqə imza
atacağını bildirdikdə istintaqı aparan Fəruzeş
əsəbi halda: “... Ağa mən ki, sənə
papış tikmirəm, burada iki kəlmənin artıq ya əskik
olmasının nə əhəmiyyəti var?” S.C.Pişəvəri cavabında “Ağa, işə
baxılan zaman təqsiri bir kəlmə ilə də
adamın boynuna qoyarlar. Məsələn
“xeyr” sözü əvəzinə “bəli” sözünü
götürək”. Belə olan təqdirdə kəmsavad,
təcrübəsiz müstəntiq mətin və zəkalı
bir insanla üz-üzə dayandığını
anladı...
S.C.Pişəvərinin zindan divarları arasında
yazdığı xatirələrdən bəlli olur ki, Rza
şah məmurları ona fiziki, pisixoloji əzab-əziyyət
verməklə, ondan özlərinə gərək olan
cavabı almağa çox çalışsalar da, onun iradəsini
sındıra bilməyiblər.
“Rza xanın bütün cəlladlıq dəsgahı
bizi məhv etmək istəyirdi. Ən yaxşı
yoldaşlarımızı itirdik, özümüz isə
fiziki cəhətdən ayaqdan düşdük. Lakin əhval-ruhiyyəmiz qüvvətli olduğu
üçün mübarizəni davam etdirdik”.
Əkrəm Rəhimli
Tarixçi
Xalq Cəbhəsi.- 2016.- 17 avqust.-
S.13.