“Azərbaycan mədəniyyəti
müxtəlif dövrlərdə müxtəlif
sivilizasiyaların nailiyyətlərindən bəhrələnib”
Səlahəddin Xəlilov: “Eyni zamanda mürəkkəb və zəngin bir fenomendir”
I yazı
“Şərq təfəkküründə
ənənəçilik çox
güclüdür. O hər
cür yenilikçi fəaliyyət qarşısında
böyük sədlər
çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə
qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır,
metafizik yaxınlaşmadır.
Ətalət həm də
vəznin ağırlığı
deməkdir ("ağır
otur, batman gəl").
Əlbəttə, fizikadan məlum
olan "ətalət-kütlə
ölçüsüdür" fikrini kor-koranə surətdə sosial-mənəvi
həyata aid etmək düzgün olmazdı.
Lakin buradakı açıq-aşkar
uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində,
mənəvi sferada dəyişkənlik, mütəhərriklik
"yüngüllük" kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə ağırlıq kimi – müsbət mənada qiymətləndirilir”. Bu fikirləri
fəlsəfə elmləri
doktoru, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov
səsələndirib: “Bu, doğrudur
ki, insanı insan edən məhz mənəvi qadağanlar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər
özü də hər bir inkişaf
mərhələsində ağıl
süzgəcindən keçməli,
bir növ filtr – təmizləyici rolunu oynamalıdır.
Şərqi geri qoyan ətalət
qüvvəsinin böyüklüyü
yox, hərəkətverici
qüvvənin kiçikliyidir;
mənəvi sədlərin
yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir.
Qərb dünyası intellektual yüksəliş yürüşündə
mənəvi sədləri
dağıtdı. Yaponiya intellekti
mənəvi sədlə
həmahəng surətdə
inkişaf etdirərək
onun üzərindən
keçməyə müvəffəq
oldu. Biz isə elmi tərəqqi
və intellektual inkişafın qayğısına
qalmadığımızdan və yeganə böyük sərvətimiz
olan mənəvi səddin üstündən
keçə bilmədiyimizdən
onun altından keçməyə çalışırıq.
Lakin görəsən
bünövrəsi artıq
oyul-maqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid
etmək olarmı?
Bizcə, neçə-neçə nəsillərdən
bizə miras qalmış mənəvi
sərvətlərin, adət-ənənələrin,
dini-əxlaqi dəyərlərin
intellektual inqilabın
tufanlarından, dağıdıcı
təsirlərindən qorunub
saxlanması, "milli-mənəvi
dəyərlərin ümumbəşəri
dəyərlərlə birləşdirilməsi"
üçüncü minilliyin
astanasında Şərq
xalqları qarşısında
duran ən böyük tarixi vəzifədir.
İnsanın mənəvi ehtiyacları
onun boya-başa çatdığı milli-mədəni
mühitin spesifikası
ilə müəyyən
olunur. Ona görə də
hər bir xalqın sosial-mənəvi
mənşəyini, mədəniyyət
tarixini öyrənmədən
yeni nəslin nə kimi hisslərlə
yaşadığım, onun
mədəni tələbat
meyllərini və estetik zövq oriyentasiyasını müəyyən
etmək çox çətindir. Lakin təəssüf
ki, əvvəlcə proletkultçuluğun təsiri
ilə, sonra isə repressiya və yetkin sosializm illərində bizi öz mənəvi
köklərimizlə bağlayan
tellər zəifləmiş,
milli mədəniyyət
tarixinə maraq azalmışdı. Sosialist
gerçəkliyinin milli
özünüdərk və
mədəni tərəqqi
üçün yaratdığı
şəraitdən tam şəkildə
istifadə etmək imkanına biz yalnız müstəqilləşmə mərhələsində
nail olmuşuq. Bu imkanı reallaşdırmaq
isə hər xalqın özündən
asılıdır.
Xüsusən Azərbaycan mədəniyyətinin
müxtəlif tarixi dövrlərə bölünən
zəngin və çoxsahəli keçmişinin
öyrənilməsi ciddi
çətinliklərlə bağlıdır və bu sahədə yalnız elm və sənət adamlarının
birgə səyi nəticəsində nailiyyət
əldə etmək mümkündür”.
Onun fikrincə, Azərbaycan mədəniyyəti müxtəlif
dövrlərdə müxtəlif
sivilizasiyaların nailiyyətlərindən
bəhrələnmiş və
eyni zamanda onların bəzilərinin
beşiyi başında
dayanmış elə
mürəkkəb və
zəngin bir fenomendir ki, onu bəsit, standart təfəkkürlə
dərk etmək, mənimsəmək mümkün
deyil: “Tarixi keçmişə etinasız
və bəsit münasibətin nəticəsidir
ki, müasir Azərbaycan bədii təfəkkürünün qaynaqlarını
təşkil edən və özünəməxsus
ənənələrə malik olan milli
əfsanə və əsatirlər, şifahi xalq yaradıcılığının
istər xarici təsirlər üzündən
yarı yolda qalan, istərsə bu gün də
yaşamaqda davam edən müxtəlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sərvətlərinin
daşıyıcısı, qoruyucusu və ötürücüsü rolunu
oynamış əvəzsiz
ozan sənəti, Zərdüştilik fəlsəfəsindən
miras qalmış düşüncə tərzi
və adət-ənənələr,
Alban dövləti dövründə
xristianlığın təsiri
ilə formalaşmış
sənət nümunələri
və xüsusən yeni dövrə gəlib çatmış
olan arxitektura abidələri və sənət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xristianlığın
və əcdadlarımızın
etiqad bəslədiyi digər dinlərin öz yerini tədricən islama verdiyi keçid mərhələsində incəsənətdə
baş verən təbəddülatlar və
islamın təsiri ilə yeni keyfiyyət
halına qədəm
qoyan orta əsr sintetik Azərbaycan mədəniyyəti
– bütün bunlar uzun müddət xüsusi tədqiqat obyektinə çevrilməmiş,
müasir milli mədəniyyətimizin strukturunda
hələ də nəzərə çarpacaq
yer tutan qədim ünsürlərin
mənşəyi və
təkamül yolu layiqincə araşdırılmayıb.
Çarizm və daha sonra sovet
dövründə heç
bir əsas olmadan adət və ənənələrimizin,
milli sənətimizin
spesifik xüsusiyyətlərinin
ancaq islamla bağlanması və islama bəslənilən qeyd-şərtsiz mənfi
münasibətin az qala bütün
məcburi keçmişimizə
şamil edilməsi müasir milli mədəniyyətimizi öz
tarixi kökləri ilə əlaqəni itirmək təhlükəsi
qarşısında qoyub.
İndi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə
qayıdış, digər
tərəfdən də
elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu
çağdaş tələblərə
uyğunlaşmaq vəzifəsi
durur. Hər bir şəxsin
fərdi-mənəvi aləmində
gedən proseslər də bütövlükdə
millətin mənəvi
həyatı ilə bağlı problemləri xatırladır. Karl Qustav Yunqun yazdığı
kimi, “ayrıca insanın psixologiyası bütövlükdə millətin
psixologiyasına uyğun
gəlir”. Daha sonra
K.Yunq fərdlə toplum arasındakı münasibətdən çıxış
edərək ictimai inkişafın mümkünlük
şərtlərini də
ayrı-ayrı insanların
«norma»dan kənara çıxa bilməsi ilə müəyyənləşdirir.
K.Yunq yazır: “0 işi ki, millət
görür, o işi
hər bir insan da görür;
və bir insan bu işi
görürsə, deməli
bütövlükdə millət
də görür”. Bu bir növ
fərdlə millət
arasında tarazlıq
vəziyyətidir. Bu tarazlıq ancaq bir halda pozula
bilər; ayrı-ayrı
adamlar milli-mənəvi
meyarlar sisteminə uyğun gəlməyən
hərəkətlər etdikdə.
Lakin bu uyğunsuzluq, bu kənara-çıxma iki
istiqamətdə ola bilər. Kimsə millətin səviyyəsinə
qalxa bilmir, yaxud kimsə orta milli səviyyədən
yüksəyə qalxmaq
və öz soydaşlarından indiyədək
heç kimin görə bilmədiyi işlər görməklə
milli inkişafa yeni impuls verir”.
O əlavə edib ki, burada biz ideologiya ilə tərbiyə arasında münasibətlə qarşılaşırıq: “Tərbiyə fərdlərə yönəlmiş olur və hər bir fərdin mövcud mədəni-mənəvi dəyərlərə yiyələnməsinə çalışır. İdeologiya isə millət səviyyəsində olur və bütövlükdə ictimai inkişafın təmin olunması naminə bu dəyərlər sisteminin özünü nəzəri şəkildə formalaşdırır. Deməli, hər bir ölkədə tərbiyə prosesi milli ideologiya zəminində həyata keçirilməlidir. Bu baxımdan, pedaqoji proses və pedaqoji nəzəriyyə də tam müstəqil olmayıb, milli-fəlsəfi fikrin və ideologiyanın tələblərinə uyğun surətdə hər bir inkişaf mərhələsində yenidən qurulmalıdır.
Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə nələri qorumaq lazım olduğunu təyin etmək üçün, ilk növbədə meyarlar müəyyənləşməlidir.
Məqalədə göstərilir ki, "soy-kökə qayıdış" çağırışında qorxulu olan məqam ondan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.
Şərq təfəkkür tərzi ilə Qərb təfəkkür tərzini müqayisəli təhlil edən müəllif qeyd edir ki, Şərq təfəkkür tərzini müasir dövrdə xalqımızın tərəqqisinə mane olan səbəb kimi qəbul etmək səhv olardı. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir.
Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq "müasir" olmağa çalışırıq.
Məqalədə göstərilir ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur”.
Əli
Xalq cəbhəsi.- 2016.- 12 avqust.-
S. 9.