“DƏDƏ
QORQUD”
“Dədəm Qorqud gəlübəni
şadlıq çaldı, boy boyladı, soy soyladı, bu
Oğuznaməni düzdü, qoşdu”.
“Kitabi-Dədə Qorqud”dan
Çox
qiymətli bir səyahətnamənin müəllifi olan Adam
Oleari həm katib, həm müşavir kimi
çalışdığı səfirliyin heyətilə
birlikdə 1698-ci uldə Dağıstan və Azərbaycandan
keçib İrana səyahət edərək, yenə həmin
yolla geri dönərkən, Dərbənd
yaxınlığında gördüyü “Qırxlar məzarlığı”
kimi tarixi abidələrdən bəhs edərkən belə
yazmaqdadır: “...Bunlardan biri Pir Muxara (Pyhr Muchar) aid olub
ovalıqda, digəri isə İmam Qorqudun (İmam Kurchud)
dağ üzərindəki türbəsi idi. ...Bir mağarada
yerləşən türbənin içində və
çölündə Qurban bayramına təsadüf edən
bu ziyarət əsnasında uzaq yerlərdən gələn
qadın və qızların daşın içində
oyulmuş çuxurdakı tabutun ətrafında yalın
ayaqla dolaşdıqlarını təsvir edən A.Oleari səyahətnaməsinin
başqa bir yerində Dədə Qorqudun xidmət etdiyi Kral
Qazan haqqında məlumatı da qeyd edib. Yerlilərdən
topladığı bu məlumata görə, çox əski
zamanlarda Midiyada Qazan adlı bir kral hakimiyyətdə idi.
Bu kral Elbrus dağının arxasında, bu
gün daha çox yəhudilərin olduğu, Tabasaran ölkəsində
yaşayan oğuz millətindən nəşət etmişdi.
Təbrizdə Acı çay kənarındakı
məzarı bu gün belə mövcuddur. Onun xanımı Kraliça Burlanın (Burlea)
qırx addım uzunluğundakı türbəsi Urmi
qalasının yanında göstərilməkdədir.
İranlıların söylədiklərinə görə,
bu oğuz milləti bugünkülərə nisbətdə
çox daha uzunboylu və qüvvətli vücuda malik insanlar
idi.
A.Olearidən bir qədər sonra – XVII əsrin
ortalarında buraları ziyarət edən məşhur
türk səyyahı Övliya Çələbinin də
işarə etdiyi Qorqudla bağlı səyyahın verdiyi məlumat
tarixi qaynaqlara uyğundur. Bir sözlə, “Dədə Qorqud”u
təşkil edən boylardakı “Salur Qazan”la xanımı “Boyu
uzun Burla xatun”, heç şübhəsiz ki, A.Olearinin bəhs
etdiyi Kral Qazanla, qəbrinin uzunluğu qırx addım olaraq
göstərilən Kraliça Burladır.
...Dədə
Qorqud və Qorqud ata adları ilə xatırlanan, tarixi və ədəbi
olmaq üzrə iki şəxsiyyət halında
qarşımıza çıxan Dədə Qorqud azərbaycanlıların
da daxil olduğu oğuz-türk icmasının mənqibəvi
ozanları və oğuz xanlarının müşküllərini
həll edən bilici, vəzir və məsləhətçisi
kimi göstərilməkdədir. Ədəbi şəxsiyyət
olmaq etibarı ilə də əski oğuz ənənələrindən
alınma bir sıra nağıl və dastani hekayələrin
bir araya toplandığı “Kitabi-Dədə Qorqud”un müəllifi sayılmaqdadır.
Hələ Elxanilər dövrünün tarixçisi Rəşidəddin
“Dədə Qorqudun həddindən artıq hekayəsi
olduğunu” qeyd edib. Bizə gəlib çatan 12 boyun
hamısında başlıca mövzunu cəsarət və
şücaət təşkil edir və oğuz türklərinin
ictimai birliyini, adət-ənənələrini əks etdirən
bu boyları məzmununa görə qəhrəmanlıq, məhəbbət
və mifoloji boylar olmaq üzrə üç qrupa ayırmaq
mümkündür. Azərbaycan türkcəsində
yazılmış ən əski türk nəsrinin ən saf və
ən təmiz nümunələrini ehtiva edən bu boylar Azərbaycan
ədəbiyyatının tarixi, ədəbi və lisani bir
abidəsi sayılmaqdadır.
Drezden kitabxanasında yeganə nüsxəsi olan və nə
zaman təsbit edildiyi hələlik məlum olmayan bu əsərdən
bəzi boyları tərcümə və nəşr etmək
surətilə ilk dəfə 1815-ci ildə almanlar, sonra da
1894-1903-cü illərdə ruslar bəhs ediblər. Birinci
Dünya mü¬haribəsi illərində türk tədqiqatçılarından
Kilisli Rüfət Drezden nüsxəsindən surəti
çıxarılmış Berlin kitabxanasındakı
nüsxənin yenidən üzünü çıxarıb
1332-ci (1916-cı) ildə bu on iki boyu İstanbulda nəşr
etdi. Son zamanlarda italyan türkoloqlarından professor
E.Rossi Vatikan əlyazmaları arasından “Dədə Qorqud”
boylarının altısını ehtiva edən ikinci bir əlyazmanı
tapıb və bunu nəşr etdirməklə yanaşı,
eyni zamanda, 1951-ci ildə şərqşünasların
İstanbulda keçirilən konfransında təbliğatını
aparıb.
“Dədə Qorqud” boyları 1950-ci ilə qədər
Sovet Azərbaycanında məktəblərdə tədris edilərək
böyük bir rəğbət qazanmışdı. Bu boyları
“Azərbaycan folklorunun ən əski bir abidəsi” kimi təsvir
edən Bakı Universitetinin professorlarından Dəmirçizadə
“Dədə Qorqud” motivləri əsasında oğuz xan və
bəylərini idealizə edən bir pyes də
yazmışdı. Fəqət keçən
ildən etibarən vəziyyət dəyişib. 1950-ci
ilin may ayında Azərbaycan Kommunist Partiyasının birinci
katibi Bağırov “Dədə Qorqud”un
kobud siyasi səhv olduğunu partiya
yığıncağında rəsmi olaraq elan etdi. Bu rəsmi
elanın ardınca dərhal qələmə sarılan
“filologiya elmləri doktorları” “Ədəbiyyat qəzeti”ndə
“Dədə Qorqud”un xanlara və bəylərə
qarşı “mübarizə aparan” xalq qəhrəmanlarına əsla
yer vermədiyini, feodalları idealizə etdiyini və buna
görə də “xalq düşməni bir əsər”
olduğunu irəli sürdülər. Fəqət
bu iddia şəxsi bir inam və qənaətdən ziyadə,
Moskvadan verilən bir əmrin kor-koranə icrasından
başqa bir şey deyildi.
Sovet İttifaqının rus olmayan millətlərin milli
kültür dəyərlərinə qarşı
apardığı mübarizənin bütün şiddətilə
davam etdiyi bir zamana təsadüf edən bu qərar 1946-cı
ildə ədəbiyyat cəbhəsində başlayan ilk
çarpışmalardan sonra – aparılan təmizlikdən
sonra əslində gözlənilirdi. SSRİ Ədəbiyyat
Cəmiyyətinin 1947-ci ilin yayında keçirilən XI
ümumi yığıncağında milli bölmələrin
hesabatları ilə bağlı müzakirələrdə
qeyri-rus millətlərin ədəbiyyat sahəsində
“çox təhlükəli bir yolda” olduqları
bildirilmişdi. Bu toplantıda Latviya, Litva və Estoniya
kimi millətlər “Qərbi Avropa kültürü
qarşısında diz çökməkdə”, Ukrayna,
Şimali Qafqaz, Azərbaycan, Türküstan (Orta Asiya),
Gürcüstan və Ermənistan isə “milli keçmişlərini
ideallaşdırma və romantikləşdirməkdə”
günahlandırılmışdı. 1948-ci ilin dekabr
ayında toplanan XII ümumi konqresdə çar istilasına
qarşı mübarizə aparan türküstanlı xalq qəhrəmanlarını
tərənnüm edən bir əsər münasibətilə
Boris Qorbatov adlı bir rus kommunisti Moskva naminə belə
deyirdi: “Sabiq rus imperatorluğunun kənar əyalətləri
üçün Rusiyaya ilhaq hadisəsi nəyi ifadə etməkdə
idi? Bu hadisə milli fəlakətmi, yoxsa irəliyə
doğru bir addım idimi? Marksizm elmi bu mənada
doğrudur. Bu məmləkətlərdən,
məsələn, Qazaxıstan (yəni Türküstanın
Şimali-qərb bölgəsi) Rusiyaya ilhaq edilməmiş
olsaydı, Çin və yaxud Xokand tərəfindən
parçalanıb udulacaqdı. Və nəticə
etibarı ilə ingilis müstəmləkəçilərinin
asan bir şikarı olacaqdı. Belə
olduğu təqdirdə, yəni daha doğrusu, bu belə də
qəbul olunmalıdır, bütün dastan və qəhrəmanlıq
hekayələrini, bütün folkloru və onun qəhrəmanlarını,
eləcə də bütün ədəbiyyatı yalnız
bu nöqteyi-nəzərdən mütaliə etmək
lazımdır. Xalq ədəbiyyatının
yerli feodallara qarşı mübarizədə Rusiya ilə birləşmək
üçün çarpışan qəhrəmanları
idealizə edilməlidir”.
Türküstan üçün deyilmiş olan bu
sözlər, bir qayda olaraq, bütün qeyri-rus millətlərinə
şamil edilib.
Milli keçmişi, milli qüruru və tarixi
milli qəhrəmanları tərənnüm etmək günah
sayılmaqdadır. Qafqazın böyük
milli bir qəhrəmanı İmam Şamil 1947-ci ildə
SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda
professor Əcəmyan tərəfindən Türkiyə və
İngiltərənin casusu elan edildi. Halbuki
azərbaycanlı Heydər Hüseyn oğlunun “XIX əsrdə
Azərbaycanın ictimai təfəkkür tarixi” (Akademik Heydər
Hüseynovun (1908-1950) “Azərbaycanda XIX əsr ictimai fikir
tarixindən” kitabı nəzərdə tutulur – A.H.) adlı əsərində
İmam Şamil müsbət vəsfləri ilə göstərilmişdi.
“Çarizmin meydana gəlməsi və feodal
zülmünə qarşı mübarizədə Azərbaycan
kəndlisinə İmam Şamil tərəfindən hər
cür kömək göstərildiyi” qeyd olunan bu əsər
1950-ci ilin martında hətta Stalin mükafatını da
qazanmışdı. Fəqət “Dədə Qorqud”u
qanunsuz əsər elan edən Bağırov Şamili tərənnüm
edən bu əsəri də ləğv etdirməyə və
həmin ilin may ayında isə Stalin mükafatının geri
alınmasına müvəffəq oldu. Rusiyaya qarşı
apardığı 25 il sürən qəhrəmanca
mübarizəsinin təsiri ilə hələ də
haqqında qəhrəmanlıq dastanlarının yaranması
davam edən İmam Şamil tarixi olmaqla bərabər, mənqibəvi
və simvolik ölməz mənəvi şəxsiyyəti ilə
rus imperializmi üçün təhlükə təşkil
etməkdə davam edir.
“Dədə Qorqud”dakı motivlər isə tamamilə
başqa qəbildəndir. Belə ki, bu
boylardakı hadisələrin cərəyan etdiyi vaxt və
yerin nə dünənki, nə də bugünkü Rusiya ilə
bir əlaqəsi var. Əsasən “Dədə Qorqud”
dövründə rus milləti də mövcud deyildi.
Buna görə də rus istilası və bu istilaya
qarşı mübarizədən söhbət belə ola bilməz. Fəqət əvəzində
Şamil mənqibələrində olduğu kimi, “Dədə
Qorqud” dastanlarında da qəhrəmanlıqlarla dolu parlaq
keçmiş var. Millətin milli mənliyini, milli
şüurunu və milli vicdanını tərənnüm və
ona böyük milli ideallar təlqin edən belə bir əsərin
təbliğ və tədrisinə Moskva əsla dözə
bilməzdi. Həqiqətən Ukrayna şairi
Sosyuranın (Sosyura Vladimir Nikolayeviç (1897-1965),
“Ukraynanı sev” şeirinə görə 1951-ci ildə
repressiyaya uğrayan, Ukraynadan olan sovet şairi – A.H.)
1944-cü ildə yazdığı “Ukraynanı sev” əsəri
də məmləkətinə və millətinə sevgi təlqin
etdiyi üçün şairi ilə bərabər eyni aqibətə
uğrayıb.
Mirzə Bala. “Dədə
Qorqud”. Məqalə Münhendə çıxan “Qafqaziya” dərgisinin
1952-ci il 8-ci sayında (s.10-12) nəşr edilib.
Mirzə Bala MƏMMƏDZADƏ
Azərbaycan
türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 12 avqust.- S. 13.