Məhəmməd
Əmin Rəsulzadə
“Xalq Cəbhəsi”
qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq
Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd
Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı”
əsərini təqdim edirik.
I yazı
Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq.
Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm.
Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illərdə Azərbaycan xalqı tarixinin ən həyəcanlı günlərini yaşayırdı. Ədəbiyyat bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə yaxınlaşmanın şövq və sevinci içində yaşayır, böyük ümidini bütün həssaslığı ilə tərənnüm edirdi. Indi soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə davam gətirməyərək, Vətən mücahidlərinin bəxtinə düşmüş əcəl camını içmiş şair Əliyusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi:
Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu,
Sübh olmuşdu, fəqət bir oyanan görmədim.
Anlamazdı kimsə onun o şübhəli dərdini,
Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.
Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,
Yeni başdan qızıl güllər, yasəmənlər açacaq,
Bu qaranlıq gecələrin ıssız, tutqun çağında,
Almas yıldız doğacaq da, üfqə yıldız saçacaq (türkcə məsəldir-red.).
Dedilər ki, Azərbaycan türklərinin elində
Əski atəş yeni başdan alovlanmış, coşmuşdur.
Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə,
Yenə onu təqdis ilə ziyarətgah edəcək.
Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə,
Yenə onu təqdis ilə ziyarətgah edəcək.
Ey türk oğlu, səni Tanrı Şərqə hadi (yol göstərən, bələdçi - red.) göndərdi,
Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,
Ürəyində sönməyəcək bir həqiqi od yandır!..
Azərbaycanın yeni yazmağa başlayan digər şairləri də belə nikbin görüşlər və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər nəşr edirlər. Bunlardan Hüseyn Cavidin “Şeyx Sənan”ını, Məhəmməd Hadinin “Eşq ilahəsi”ni, Əhməd Cavadın “Qoşma”sını, Cəfər Cabbarlının “Qız qalası”nı və sairləri qeyd edə bilərik.
Milli Qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibəti ilə hürriyyət (azadlıq - red.) pərisinə müraciət etdiyi “Nədən yarandın?” parçası son dərəcə lirikdir. Onun bu lirizmindən biz də aşina olaq:
Sən qüdrətin aşıb coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Sehr dilli bir fırçanın əliylə,
Ahuların duruşundan yarandın!
Ay işığı gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın!
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın!
Qaranlıqda qırılırkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin,
Dan yeriylə görüşündən yarandın!
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca
bir soğukundan (sərinlik - red.) yarandın!
Qələm
əldə ilhamımı dinlərkən,
Sən qəlbimin
duruşundan yarandın!
Azərbaycanın həmlələr və həyəcanlar
tərənnüm edən coşğun rübabına ən
ağır bir zərbə endirildi. Hürriyyətin feyzli
(ləzzətli-red.) havasından doymadan, milli istiqlalın
verdiyi bütün nemətlərdən hələ faydalanmadan,
Azərbaycan ədəbiyyatı yenidən tarixin ona
ayırdığı faciəli və həzin qismətinə
qatlanmaq zərurətinə düşdü.
Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi
üçün əngəllər törətdi. Milli ruha
yabançı olan kommunist höküməti formaca milli olan ədəbiyyata
əvvəlcə səbrlə yanaşdısa da, məlum
olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə
çalışdı.
Lakin Sovet
işğal höküməti milli Azərbaycan ruhunu
çürütmək və burada “proletkult” deyilən bir mədəniyyət
yaratmaq sahəsində sərf etdiyi əməklərində
müvəffəq ola bilmir, bu iş
üçün o, özünə lazım olan vasitələrə
malik deyildi. Ədəbiyyat əski ustadların əlində
idi. Görünüşdə mövcud vəziyyətə
uyğun olaraq, yeni hökümətin bəzən sərtliyini,
bəzən də diplomatca yumşaqlığını dadan
bu yazıçılar öz çətin və ağır
işləri ilə məşğul idilər.
“Molla Nəsrəddin”in əski müdiri Cəlil Məmmədquluzadə
“Kamança” adlı bir pyes yazır. Təəssüflər
doğuracaq erməni-müsəlman toqquşması əsnasında
bir erməni kamançaçı ondan intiqam istəyən
bir türkün əlinə keçir. Lakin
sənətkar hər iki millət üçün ortaq olan
bir musiqi çalmaqla düşməninin qəlbini
yumşaldır və beləliklə, ölümdən
qurtarır. Nədənsə pyesi o zaman səhnəyə
qoymurdular.
Həmin yazıçının “Anamın kitabı”
adlı başqa bir əsəri də çox böyük rəğbət
doğurur.
Üç oğul müxtəlif məmləkətlərdə
oxumuşlar: İran məktəbinin şagirdi molla olub
dönmüş, özü ilə əski sxolastik zehniyyətini
gətirmişdir. Türkiyə tərbiyəsi alan
o birisi Azərbaycan şivəsini İstanbul ağzı (ləhcə
- red.) ilə dəyişdirməyi bir mərifət sayır. Rusiyada təhsil görmüş
üçüncü oğul isə tamam başqa şeylərdən
zövq alır. Ailədə ixtilaf
başlayır. Bu
qarışıqlıqdan bezmiş ixtiyar ana oğullarına
öyüd verərək kitabından uzaqlaşmamağı
tövsiyə edir. Cəmiyyəti öz ana kökündən
ayırmaq istəyən kommunistlərə, xalqı “Anamın
kitabı”na çağıran bu əsər
xoş gəlməmiş, onun üçün də
oynanması uzun zaman qadağan edilmişdi.
Süleyman bəy Axundzadənin “Laçın yuvası”
adlı pyesi də eyni cür qarşılanmışdı. Əhvalat
Qarabağda cərəyan edir. Azərbaycanlı
gənc bir kommunist Qarabağın keçilməz meşələrindən
birində yerləşən bəy qəsrini tutur. İnqilabçının nişanlısı olan
qız ondan üz çevirir. Lakin
ingilabçı uzun bir monoloqla qızı inandırmağa
çalışır, inqilabın lazım olduğunu ona
sübut etmək istəyir. “Yalnız bu
yolla müsəlman məmləkətlər dünya
imperializminin əlindən qurtulacaqlar” deyir.
Pyesin sosial səbəbə deyil, sadəcə siyasi
taktikaya dayanan bu inqilabçılığı
qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu senzuraya
görə Azərbaycan öz qüvvələri ilə və
ictimai-iqtisadi motivlərlə sovetləşmişdir.
Halbuki “Laçın yuvası”nı tutan
azərbaycanlı kommunist oranı sadəcə olaraq
imperializmin Şərqdəki səngərini daha yaxşı
yıxa bilmək üçün tutur. Inqilab məqsəd
ikən burada vasitə kimi göstərilmişdir.
“Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın
sovetləşdirilməsindən sonra bir çox mənzumələr
yazır. Bunlardan mənsur “Topal Teymur” ilə mənzum
“Peyğəmbər” sovet rəhbərlərini çox məşğul
edir. Şairin bu iki əsəri oxucularda
olduqca dərin təsir buraxır. Öncə
oynanılmasına icazə verilən “Topal Teymur”
tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə
oynanır. Əhali türklüyün
ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə
dərəcədə məmnun və coşğun olur. Məsələni sonradan başa düşən
bolşeviklər pyesin göstərilməsini qadağan edirlər.
“Sovet çörəyini yediyi halda tarixin
panturanist tiplərini idealizə etməyə cəsarət edən”
şairə qarşı sovet tənqidçiləri atəş
püskürürdülər. “Topal Teymur”
müəllifinə uzun zaman hiddətlənmiş
hökümətin şiddətli cəzalarına qatlanmaq
lazım gəlir. Onu
sıxışdırırlar, qəzet sütunlarında tənqid
edirlər.
Şairin ikinci əsəri nisbətən daha
yaxşı qarşılanır. Lakin “Peyğəmbər” mənzuməsində
də bolşevik məzhəbli marksizm əqidəçiliyi
burada da az “küfr” tapmamışdı.
Bolşevizm
şəraitində sənətkarlarımızın hansı
üsullarla öz fikirlərini söyləməyə fürsət
axtardığını göstərə bilmək
üçün bu son dərəcə gözəl əsərdən
bəzi parçaları nümunə gətirək:
“Peyğəmbər”də Həzrəti-Məhəmmədin
həyatı təsvir edilir. Mənzum dram olan bu
pyes Bisət, Dəvət, Hicrət, Nüsrət adlı
dörd pərdədən ibarətdir. Birinci
pərdədə peyğəmbər, Hərra dağına
çıxır. Burada ona vəhy gəlir.
Cəzb olunmuş halda o, bu sözləri söyləyir:
Öylə
bir əsr içindəyəm ki, cahan
Zülmü vəhşətlə qovrulub yanıyor.
Üz
çevirmiş də Tanrıdan insan
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz
kimsə qəlbi, vicdanı
Məhv
edən haqlı, məhv olan haqsız...
Başçıdır
xalqa bir yığın cani,
Həp
münafiq, şərəfsiz, əxlaqsız,
Gülüyor
nurla daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət,
hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor.
Peyğəmbərin bu bədbin həsbi-halındakı
(söhbət, ürəyini boşaltmaq - red.) qaranlıq
tablonu sovet tənqidçiləri, təbii ki, kapitalist və
burjua aləminə aid edirlər. Lakin oxucu və ya
tamaşaçılar burada “kommunist cənnəti” içindəki
reallıqları görürlər. Bir dəstə
cahillərin ayaqları altında insanlıq haqlarını
tapdalayanlar onlar deyilmi? “İmansızlıqda
həqiqət” və “biliksizlikdə mərifət” görənlər
onlara hakim olan xamlar onların özləri deyilmi?
“Zülmü
vəhşətlə qovrulub yanan” ölkə onların
öz yurdlarıdır!..
Ümidsizliyə qapılan, düşüncəyə
dalan Peyğəmbərin yanına Cəbrayıl gəlir. Ona qızıl cildli kitab gətirir
və cəsarətləndirmək üçün deyir ki:
Əl
verir səndə olsun əzmü-səbat
Bu
qaranlıq mühiti get parlat!
Həqqi anlat da olma heç məyus.
Cəbrailin
bu təlqinlərinə uyan Peyğəmbər dəvətə
başlayır:
Ən kiçik zərrə, ən böyük aləm
Tanrı eşqilə rəqs edib duruyor.
Incə bir rəmzdir, o, çox mübhəm,
Hər böyük qəlb o rəmz için vuruyor.
Yüksələn haqqa yaxlaşır ancaq
Onu duymaz sürüklənən həşərat.
Nuru
heç dərk edərmi kor, heyhat!
Nərdə
parlarsa haqq, şərəf, vicdan,
Eyilik,
doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman.
Orda var
şübhəsiz, böyük yaradan!
Daha sonra
qızıl kitabı, yəni Quranı iqtibas edən Peyğəmbər
deyir ki:
Ulu
Tanrı, o görünməz yaradan
Əmr edər
yalnız ədalət, ehsan,
O, fəna
işləri, fəhşiyyatı
Nəhy
edər, varlığının isbatı
Bu təbiət,
bu məlamətli fəza...
Onca
birdir: ulu, zəngin, füqəra.
“Məhrumlar” məmləkətində, bir məmləkətdə ki, özünü heç bir şeylə göstərməyən bir gənc varlı bir ailəyə mənsub olduğuna görə cəzalandırılır, “Allahın varlı ilə kasıba fərq qoymadığı”ndan danışmaq nə böyük cəsarət, nə də məharət tələb edirdi. Lakin şairin əsl cəsarətini biz indi görəcəyik.
1950, Ankara.
(Ardı növbəti
sayımızda)
Xalq cəbhəsi.-
2016.- 12 avqust.- S.15.