Çağdaş Azərbaycan ədəbiyyatı
“Xalq Cəbhəsi” qəzetinin
sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin
ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin
“Çağdaş Azərbaycan ədəbiyyatı” əsərini
təqdim edirik.
V yazı
Şairi boğan bu havasızlıq daha böyük təsirlə qadın şairin riqqətli qəlbini titrədir. Onun duyduğu əzabı bir “Hicran” adlı parçada görürük:
Bir solğun çiçəyəm, bir sarı yarpaq
Candan
şikayətkar, canandan iraq,
Çıxdım
ki, yollardan alayım soraq,
Xəbər
verən yoxdur, sorma dedilər!
Ayrılınca
hilal qaşlı yarımdan,
Mən
yaslara batdım, geymədim əlvan,
Düşünüb
o ulduz gözləri hər an,
Ağlarkən,
özünü yorma dedilər!
Mənim
göylərimdən günəş çəkildi,
Parlaq həyatıma
zülmət töküldü:
Vərəmli
qəlbimə oxlar tikildi,
Qoy
axsın qanları, sarma dedilər!
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum,
ümidini qırma dedilər!
Milli Azərbaycan öz bağrından fədakar
mücahidlər yetişdirir. Qəhrəmanlıqla ölməyi
şərəfsiz yaşamaqdan üstün tutan bunlar kişi kimi savaşır və itirilmiş
hürriyyətlə istiqlalın geri alınması uğrunda
Sovet zindanları ilə uzaq Şimalın buzlu sahillərini
saysız qurbanlarla doldururlar. Bu igidlər arasında şahanə
həyəcanlarla yaşayan istedadlı gənclər az deyildi. Bu məhbus şairlər
haqqında vaxtı ilə Bakıdan gələn mühacirət
nəşriyyatında nəşr edilmiş bir məktubda təfsilat
verilmişdi. Milli düşmənə
qarşı kin və mübarizə ruhu ilə qabaran bu
canlı parçalar arasında diqqətəlayiq bir şerləşmə
vardır. Məhbuslardan biri edamlar və işgəncələrə
məruz qalan məhbusların qorxunc vəziyyətini “Yazma!”
adlı şerdə belə təsvir edir:
Görürəm,
qanlı qaranlıqların
Zülmə
baş əydirən alçaqlıqların
Ölümdən
yapdığı qorxunc bir varlıq
Əlləri qazmada dərin məzarlıq.
Hayqırmaq
istədim: “Məzarçı qazma,
Qazma,
yaşayıram, ölməmişəm mən!..
Qəlbim,
qanım istidir səninkindən
Ümidim
böyükdür, gömülməz, qazma!
Kiçikdir
mənimçin aldığın ölçün,
Bu məzarı
öz boyuna biçdin!
Boş yerə yorulma... göy yerə sığmaz!”
Ancaq...
Susdurur səsi
qaranlıqların
Qan
köpürən öskürəkli nəfəsi...
Çınladır
afaqı bir bayquş səsi
Acı
bir fəryadla bağırır: “Yazma!”
Məhbus şairlə zindanda əzab çəkən
arkadaşı özünə “Yaz!” – deyə müraciət
edir:
Üfüqdə
duyulan bayquşun səsi
Qulaqlar çınladır, ruhlar hırpalar (əzab vermək
-red.).
Qaranlığın
qan donduran nəfəsi
Bəzən bizi belə qorxuya salar.
Əvət,
söylədiyin alçaq qatillər,
Hər
yerə soxular, hər yeri gəzər
Yıxar,
yaxar, boğar, yıxdırar, əzər!
Bəlkə
hər şey edər, lakin o şeytan
Bir cənnət var, orda bir şey edəməz.
O cənnət
ideal, bəkçisi (keşikçi-red.) iman,
İman
olan yerdə şeytan yaşamaz!
Millətin
parlaq gələcəyinə böyük ümidlər
bağlayaraq hürriyyətə susamış, mübarizə
həyəcanının gərginliyini daşıyan bu igidlərin
əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada
tanış edən şeir bolşevik
senzurasından azad olaraq mühacirətdə nəşr edilən
Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda,
İstiqlal,
o yaşayan millətin qəlbində can,
İstiqlal,
o səadət, həyat, zəfər, şərəf,
şan,
İstiqlal,
o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə
tutuşur, gözlərdə sönsə belə, –
deyən
Gültəkin adını daşıyan alovlu şairin
yazıları xüsusi bir yer tutur. Gültəkinin
şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin
nəşidələrini (beyt və ya misra-red.)
görürük. Mübarizənin ədalətliliyinə
və qələbə ilə nəticələnəcəyinə
bağlanan ümid, Gültəkində adətən dini bir
mahiyyət alır. Gültəkin şeirlərinin
təfsilatı ilə araşdırılması bizi çox
məşğul edir, vaxtımız və
iclasımızın çərçivəsi buna imkan vermir.
Bir neçə misalla kifayətlənirik,
düşünürük ki, bu bir neçə misalla da
Gültəkinin yaradıcılığı haqqında
müəyyən fikir yarana bilər.
Onun milli
istiqlal və milli bayrağa müraciət etdiyi bir şeir:
Hür
dedim özümə, zəncir qıraraq,
Get də
kəməndini cəhənnəmdə yak!
Yurdumun
mübbəd nigahbanıdır
Asırlar
altından yüksələn bayraq!
Bayrağımız
ölməz, ölərsə əgər,
Torpağın altına köçər ölkələr.
Azəri
qanıyla yuyundun, yetər!
Etdiyin
Neronun zülmündən betər...
Bir zəhər
sunsa (təqdim etmək, uzatmaq-red.) da, əməl doğrudu
Türklüyün qəlbinə vurduğun neştər.
Qaldıqca
ruslarda diyarım mənim
Intiqam
alacaq şüarım mənim!
Azəri
oğluyam, adımda şan var,
Damarlarımda
zülmə hayqıran qan var:
Məni
öksüz (yetim - red.) sanıb kükrəmə,
düşmən,
Bax, arxamda haqqı sevən cahan var.
O
cındır bayrağın əlbət solacaq,
Azərbaycan
yenə mənim olacaq!
Qurtuluş,
ey nazlı, sevimli pəri,
Könüldən
vurğundur sənə azəri,
Dişimlə
qıraram bir gün gələr də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa,
ey həsrətlə doğan istiqlal!
Yaşa
ey türk, yaşa ey gözəl hilal!
Gültəkinin yanında milli mühacirət şəraitində
yaşayan və yurdsevərlik ideyalarını tərənnüm
edən başqa şairlər də vardır. Bunlardan Sənan
və Yaycılı Kərimi göstərə bilərik.
Budur, Sənanın “İstiqlal şəhidlərinə”
müraciət etdiyi bir parça:
Məşhədində
nə daş, nə məzarın var,
Qara
torpaqlardır qanlı kəfənin...
Həsrətlə
can verdin ah və zarın var,
Uyu
ağuşunda yanıq Vətənin...
Analar!
Dindirin həp göz yaşını,
Qoymayın
onlara məzar daşını...
Onlar
yüksəlmişlər başqa aləmə
“Ölürük, yaşasın istiqlal” – deyə.
Qalxın,
ey mələklər, bir ləhzə susun
Süsləyin əflakı, salama durun.
Istiqlal
ediniz canfədaları
Qanlı
qələbəylə şühədaları...
Siz ey
gözəl yurdun qoynunda yatan
Şühəda!
Yolunuz sevgi izləri...
Hərarətli
eşqin zəhrini dadan
Nəsil
unutmayacaq əlbət sizləri!
Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı
Şərq komandanlığı tərəfindən himayə
edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş
gənc bir şairdir. Hələ uşaqkən
yaşadığı faciələrlə duyduğu iztirab bu
içli (həyəcanlı - red.) şairi həsrət və
iztirab hissləri ilə canlandırmışdır. Bunu
biz onun Araz çayına müraciət etdiyi bir şeirindən
görürük:
Suyundan
son ayrılıq damlasını içərkən,
Tutmuş
bir od kimi bağrımı yaxdın, Araz,
Birər damla qan idi gözlərimdə birikən
(toplanan, yığışan - red.)
Çox
acı xatirəylə könlümə axdın, Araz!
Bir
zamanlar nə coşğun, nə qədər şən
axardın,
Köpürən sularınla dağı, daşı
yarardın.
Söylə:
büllur suların nədən belə bulandı?..
Sən ki
günəşdən parlaq, aydan bərraqdın, Araz!
Çoxdandır
ayrılmışıq ana-ata yurdundan,
Fələk cananı almış aşiqlərin
qoynundan.
Söylə,
yoxmu bir xəbər o dərdli anamızdan?..
Sən də
mi könlümüzü sonsuz buraxdın, Araz!..
Ədəbiyyat bir millətin ruhunu əks etdirən ən
gözəl aynadır, - deyirlər. Bu tərif
baxımından yuxarıdakı iqtibas etdiyimiz materiallar bizə
kommunizm ölkəsində, qırmızı istilanın milli
hissi öldürdüyünə dair söylənən bəzi
bədbin hökmlərin mübaliğəli olduğunu
göstərir.
Həyat
meydanına partlayışlı günlərdə atılan və
sovet istilasından qaçaraq indi mühacirətdə olan
Almas Yıldırım Vətənə bağlılıq
hissini “Qürbətdə” adlı şeirində coşğun
bir ifadə ilə anlatmaqdadır:
Mən
torpağı atəşlə yoğrulan bir diyarın,
Doğdum yad çəkmələrlə tapdanan
yaxasında.
Ömrümü
udub keçən hər qışın, hər baharın,
Içində mən ağlaram yalnız onun yasında.
Basdığın
hər torpağın qoy cənnət olsun yeri,
Mən onu bircə anda adlayıb keçəcəyəm.
Getsin də
buz bağlasın hər bir çeşmənin gözü
Mən
yenə o içdiyim ağunu (zəhəri - red.) içəcəyəm...
Gəlsin
hər çiçək mənə versin baharı müjdə,
Könlümdəki
dağların getməz başımdan qışı...
Mən edəməm
eşqimə yad bir məbəddə səcdə,
Burax, getdiyi yolun tufanlar olsun eşi (yoldaş- red.).
Mən
qürbətdə ölərsəm, qəlbinə salma
çilə ( əzab, iztirab red.).
Söylə
dostlar gömməsin nəşəmi torpaqlara...
Yaxaraq
vücudumu kül edib verin yelə
Bəlkə bir zərrə alsın rüzgar bizim
dağlara?
Yox, mən
ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Elə et, sevinməsin Kremlin vəhşi qurdu,
Mən
tufanla doğmuşam, tufanla öləcəyəm!..
Bu ruhda və bu inamda nə qədər gənc qüvvələr
müxtəlif sovet zindanlarında məhv olurlar. Zülm
görmüş bu azərbaycanlı qardaşlarına ithaf
etdiyi gözəl bir şerinə şair Gültəkin “Buzlu
cəhənnəm” başlığını vermişdir.
Bu dinləyəcəyiniz şairin şah əsəridir:
Sibirya, ey
soyuq və qorxunc dəniz
Şimalın
köksündə uyuma səssiz,
Qalx, bir
müsafirin gəldi, diqqət et:
Sənə
hədiyyələr gətirdi – vəhşət!..
Əlinin
buzunu eşqdə ərit,
Çıx, acıyan qəlblə qucağını
aç.
Hədiyyən
bir dəmət (dəstə-red.) saralmış igid
Hamsı bitkin (cücdən düşmüş-red.)
hamsı xəstə, hamısı ac.
Sən,
ey bu gün yalnız qatilin deyil,
Haq deyən
başın da qəbri olan yer:
Bu
solğun dəmətin önündə əyil,
Ona
ölüm vermə, həyat və ruh ver!
Düşün
ki, həpsini düşmən soldurmuş...
Hicran qəlblərinə
bir damğa vurmuş...
Onları
yollamış bədbəxt bir diyar,
Qəlblərində
kədər, gözlərində nəm,
Onları
incitmə, yetimdir onlar,
Ey soyuqla
yaxan buzlu cəhənnəm!
Söylə
tapındığın məbudun qışa,
Qucağında çılpaq uyuyanlar var.
Acısın
məhv olan bu yaşayışa,
Dinsin
qasırğalar, həp fırtınalar...
Soyuğun
altında bir yumaq kimi,
Gömüldüyü
qara,
Rüzgarların
ilıq bir bucaq kimi,
Açılsın onlara.
Of... bu
boğucu qaranlıq
Hardan endi
gözəl yer.?!
Tıxandı
hər nəfəs artıq,
Sanki
boğuluyor kürə...
Bulanıq bir yerin kirli yaxası (yer, sahil -red.)
Yerdə
sürünüyor iştə Tundra...
Sibirya,
Sibirya... əvət Sibirya:
Təbiətin
o bir zalım cakası... (lovğa -red.) Nənə!
Yenə
Nələr düşündün ki, doldu gözlərin?
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox... onu
düşünmə, indi övladın,
Buzlu
üfüqlərin qucağındadır,
O, ən əməlpərvər
bir çağındadır:
Əmdikcə
soyuğu, “yenə ver” deyir:
Qəlbindəki
alov bax, nələr deyir:
Sil
göz yaşlarını, dur gözlə onu
Hər
donduran qışın bahardır sonu!..
Və sizə,
ey ölümün qorxunc yolunda
Dəmir
addımlarla yürüyən gənclər!
Siz ey bir
taleyin gizli qolunda
Yürürkən
bəxti də sürüyən, gənclər!
Uzadın
siz mənə əlinizi,
Təbrik
eyləyim mən, igidlər sizi!
Baş əymədiniz
siz haq yeyənlərə,
Dediniz
yaşamaz azəri haqsız,
Sizi kəsmək
üçün enən xəncərə
“Hürriyyət
istərik” – deyə yazdınız!
Səlamət
yoludur getdiyiniz yol,
Günəşlər doğacaq izlərinizdə.
Yalnız
deyilsiniz, yoldaşınız bol,
Bir imanlı millət var yerinizdə.
Düşmən
saldırsa da dörd yandan sizə
Qorxmayın
“qurtuluş çox mahal” deyə,
Biz də
gəlirik o yoldan sizə
Istiqlal,
istiqlal, istiqlal, - deyə!
Dünya tarixinin xülasəsi haqq ilə batil,
hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan
hürriyyət və demokratiya, o biri yandan isə totalitarizm ilə
kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi
həmin mübarizənin yeni, böyük
qarşılaşması deməkdir. Bu, bəlkə
də son qarşılaşmadır. Bu
mübarizədə həqiqi ədib və şairlərin
vicdanına tərcüman olan böyük şərhçilərə
görə vətən, hürriyyət və istiqlal
ideallarına bağlı qaldığını güclü
surətdə elan edən milli Azərbaycan
türklüyünün yeri çoxdan təyin olunmuşdur.
Müqəddəratını hürriyyətsevər millətlərin
və mədəniyyət dünyasının müqəddaratı
ilə bağlamış Azərbaycan, hürriyyət və
demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla
şübhə etməz! Duyduğu min bir iztirabdan sonra
arzuladığı hürriyyət və istiqlalına
qovuşacaq, şair Gültəkinin bu beytini zəfər
sevincləri içində təkrar edəcək:
Sən
bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa,
yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Son. 1950, Ankara.
Xalq Cəbhəsi.- 2016.- 18 avqust.-
S.14.