“Bir yanda ev-eşik qarqaşam durur, bir yanda
ömürlə ölüm baş-başa...”
Məmməd Dəmirçioğlunun
qırılmış yaradıcılıq yoluna ağı
Deyirlər qeybdən gələnlər bəzən real
həyatda baş verənlərdən daha önəmli olur. Qeybdən gələn
necə olursa, birdən gəlir. O, qulağına
pıçıldayıb, hisslərinə hakim kəsilir. Sən də onun təsiri altında fikirlərə
qərq olursan. Görmədiyin,
yaşamadığın, heç zaman olmadığın və
ola bilməyəcəyin (bəlkə də
ola bilib hiss etməyəcəyin!) bir dünyanın sakininə
çevrilirsən. Orada yaşayır, elə oradan da qonaq
olacağın sonsuzluğa addım atırsan...
Ötən
il dekabrın 24-ü,
axşamçağı iş otağımda kitablarımla,
yazılarımla baş-baş qalıb dərdləşirdim.
Bir az da kövrək, incə və incik
hisslər içimi nədənsə narahat etmişdi. Birdən
kitablardan, yazılardan əlimi çəkib, haradasa dərin
düşüncələrə daldım… Məmməd
Dəmirçioğlu elə öz görkəmində,
öz boy-buxununda gözlərindəki uzaqlara – müdhiş
bir nöqtəyə zillənmiş mənalı,
çoxçalarlı, zəngin baxışlarıyla gəlib
gözüm önündə dayandı. Sanki
məni özü ilə söhbətə çəkmək
istəyirdi.
Onun bu səssiz-səmirsiz xitabına məndə cavab
vermək ehtiyacı yarandı. Nə vaxtıydı
bir-birimizlə görüşmürdük. Əlimi mobil telefona atıb zəng etmək, onunla həmsöhbət
olmaq istədim. Nədənsə bir qədər ara verib fikrimdən daşındım. Dedim
gecdir. Səhər inşallah, zəng edib hal-əhval
tutaram. Bunu deməyimə baxmayaraq, yenə
də mistik bir məkandaydım. Məmmədin
eynəyinin üstündən məchul nöqtəyə zillənən
baxışları, yumru burnunun altındakı lopa
bığları, bığlarının altından arada səyriyən
dodaqları məni sanki dediyim həmin təkrarolunmaz bir aurada
saxlayırdı. Məmmədi
görüb tanıyanlar, onun duruşunda, baxışında
fərqli ovqatı, görünüşü və
elitarlığı yaxşı görmüşdülər.
Onun duruşu, baxışı, sadəliyi,
insanlara münasibəti koloritli müdrik türk kişilərinin
ləngərindən idi. Boy-buxunca o qədər iri bədənli
olmasa da, görkəmində böyük bir yenilməzlik,
vüqar vardı Məmməd Dəmirçioğlunun…
... Zəng etməkdən vaz keçdim. Səhər tezdən Bakı Slavyan Universitetindəki
kafedramıza gəldim. Otağa daxil olan
kimi Rüstəm Kamalı qanıqara gördüm. Hal-əhval
soruşub gödəkcəmi asmaq istəyirdim ki, Rüstəm
mənə «Halım necə olacaq, Məmməd Dəmirçioğlu
öldü» - dedi. Sanki ayağımın
altındakı yer titrədi. Bir
anlığa özümü unutdum. Rüstəmin
gözlərində yaş gilələnmişdi. Mən də özümü saxlaya bilmədim.
Məmmədin ölümünə
inanmadım. Özümü bu ölüm
xəbərindən yayındırmağa
çalışdım. Səylərim əbəs
idi. Məmməd Dəmirçioğlunu
ölüm elə yerdə yaxalamışdı, onun cəngindən
bacarıb qurtulmağa belə güc tapmamışdı.
Rüstəmə axşam Məmməd Dəmirçioğlu
ilə mistik dünyada, virtual bir məkanda bir-birimizlə
ünsiyyətdə olmağımız barədə
danışdım. O da, mən də belə mistik
mükalimə üzərində mat-məətəl qalıb
düşündük. Əlim heç yerə
çatmadı. Məmməd Dəmirçioğlunu da
belə itirdik…
Məmməd
Dəmirçioğlu qıpçaq türklərindən,
qarapapaqlardan olması ilə yanaşı, içində bir
irfan havasını, təsəvvüf aləmini, dini
ulularımızın, müqəddəs¬lərimizin iç
dünyasını yaşadanlardan idi. O, poetik
naxışları, qafiyə hörgüləri ilə dualar,
alqışlar deyib Satuk Buğra xan, Battal Qazi, Əhməd
Qazi, Hacı Bektaş Vəli, Abdal Musa və başqaları
kimi sanki quş cildinə, keyik şəklinə girib insanlar
içində insanlığı, xeyri, mərhəməti
yayanlardan idi. Bunu mən Məmməd Dəmirçioğlu
ilə görüşlərdə də, sənət, həyat,
poeziya haqqında söhbətlərdə də,
kitablarını oxuyanda da, onunla mükalimələr edəndə
də dərindən duyub hiss etmişdim.
2010-cu ildə Məmməd Dəmirçioğlunun nəfis
şəkildə tərtib edilmiş «Səhra gülləri»
kitabı işıq üzü görmüşdü. Bu kitabdan
birini də mənə hədiyyə etmişdi. Hələ
o vaxtlar mənim üçün qəribə səslənən
«səhra gülləri»ni içimdən keçirir, «səhra»
ilə «gül»ün «ünsiyyətini», «ülfətini»
özümçün arayıb açmaq istəyirdim. Məmmədin şeirlərində bitib
qönçə-qönçə açmış səhra
güllərinin bu kitabda təqdimatında özgə aləmi,
başqa hüsnü var idi. Gördüm ki, Məmmədin
səhra güllərində mifoloji dünyada olduğu kimi
«ömürlə ölüm baş-başa»durub:
Naçar
Dəmirçioğlu hay-həşəm qurur,
Özüm qul əhliyəm, əndişəm –
qürur.
Bir yanda
ev-eşik qarqaşam durur,
Bir yanda
ömürlə ölüm baş-başa –
kimi
işlətdiyi çeşidli ifadələr məni
ovsunlamışdı.
Məmmədlə mənim aramda yaşanan həmin mistik
görüşün sanki onun nə vaxtsa oxuduğum şeirdə
kimi sıralardan qarşımda düzənləndiyini görəcəkdim. Fikirləşdim ki, Məmməd
«Gəldilər» şeirində elə həmin hissləri
yaşaya-yaşaya ipə-sapa düzmüşdü:
Ağlıma
gəlməyənlərim
Yatdım, yuxuma gəldilər.
Çin-çin
olan yuxularım,
Gün-gün başıma gəldilər.
Məmmədin ömrü bax beləcə, piltə-piltə
yanmışdı. Onun içindən çıxan alovun
tüstüsünü yalnız məhrəm olanlar duyar,
görə bilərdilər.
Məmməd gedişatı, həyatı şeirlərinin
mahiyyətinə elə uyğunlaşdırır, elə
hopdurur, elə hörürdü ki, o hörgüdə
simmetriklikdən kənar heç nə
görünmürdü. Elə «Qiblə» şeirində olduğu kimi:
Sağım
zülmət, solum züllət,
Heç bilmirəm haram Qiblə?
Şeyx
imansız, şah bimürvət
Hara baxdım - haram «Qiblə».
Məmməd belə düşünən, belə
görən, belə yazan, sözü zindan altında Debet
çəkiciylə gərəkli hala çatdırıla
biləcək dəmir kimi döyürdü. Döyə-döyə
sözü aliləşdirdi, sözün
sakrallığını qoruyurdu. Qoruyurdu
ki, söz urvatdan düşməsin, mataha minsin. Debetin
adını çəkdim, Dəmir dedim… “Məmmədin
Dəmirçioğlu” soyadı ilə yazması,
tanınması yenidən yadıma düşdü. Ona bu soyad əcəb yaraşırdı. Bu adın yapışdığını hələ
«Səhra gülləri» kitabını oxuyanda dərindən
duymuşdum. Çünki Məmmədin
şeirlərində sözü dəmir kimi döyəcləməyin
keyfiyyətini görmüşdüm. O, mənim aləmimdə
qaraçay-malkar «Nart» dastanlarındakı nart dəmirçisi
Debetə oxşayırdı. Çünki dəmirçi
Debet Günəş Tanrısının haləsindən dəmiri
elə istənilən konfiqurasiyalara salıb nartlara silah
hazırlayıb, yer üzünün ən pisləri olan
harral tayfasını məhv etdiyi kimi Məmmədlə
sözə öz körüyünün haləsi və
öz ülgüsü ilə görkəm verirdi. Məmməd
sözün xəmirinə öz təbii acıtmasını
qoşurdu, sözləri manqal üstə qızaran kabab kimi
“qızartmağı” bacarırdı Məmməd. Dəmirçi
Debet qaraçay-malkarların müxtəlif mifoloji təsəvvüflərinin
məhsulu kimi ortada idisə, Məmməd İncə dərəsinin,
Qazax mahalının, Azərbaycan ellərinin, Türk
obalarının Allah tərəfin¬dən bizlərə
verilmiş bəxşişi idi.
Məmməd sözlə oyun oynamağı
xoşlamazdı. Bununla belə o fakir idi, sehrbaz idi, dərviş
idi. Ancaq Məmmədin dərvişliyi
klassik anlamdakı təsəvvüf təriqətlərinə
girən yoxsul mənasını adekvat deyildi.
Təsəv¬vüfə, irfana hissi – rəğbət
ifadə edib onlara onların öz qaydaları ilə yanaşsa
da, nə mənəvi, nə də maddi baxımdan yoxsul
deyildi Məmməd. Əksinə, olduqca zəngin idi. Dərvişlik
onun içində təriqət yolunda irfan istiqamətində
şüarçılıca yox, mahiyyətə xidmət edən
idi. Məmmədin zənginliyi cibdəki
pulda, malda, varda, cah-cəlalda yox, qəlbində saxlayıb,
oxuculara ərməğan etdiklərində idi.
Ona elə gəlirdi ki, nə vaxtsa ölüb
ayılacaq.
Şairin «Ölüb ayıllam» kimi irfan dünyasını
qucan şeirində biz buna daha dərindən inana bilirik:
Yollar
üstündə bitmişəm,
Solmaqdı, bitməkdi peşəm.
Olub yuxuya
getmişəm,
İnşallah, ölüb ayıllam.
Məmməd Dəmirçioğlu təsəvvüfdə
olduğu kimi dünyanın keçiciliyinə
inanırdı. O, dərviş, sufi olsa da, insanlardan
uzaqda gəzib-dolanmırdı. Tanışları,
dostları ilə yaxşı ünsiyyət qurmağı
bacaran, Vətən dərdini içində çəkənlərdən,
onun uğrunda hər çətinliyə dözməyə
hazır olanlardan idi. Daim nəfsini təmizləməkdə,
onu buxovlara salmaqla yaşayanlardan idi. Özbəkistanda
yaşayanda da, məlum Qarabağ hadisələri
başlayandan sonra, oranı qoyub Vətənə
qayıdıb burada çalışanda da, neçə-neçə
evlərə, saraylara öz rəsmləri ilə rənglər
bəxş edəndə, naxışlar vuranda da belə idi.
Çünki o, bütün ruzisini daim Haqdan diləyir, ondan
gözləyir, ümidini Haqqa bağlayır, inamını,
etiqadını ona səmtləndirən Allahın müridi
olmaqla təfəkkürünü, qəlbini ona qurban vermək
haqqında düşünürdü.
Məmməd Dəmirçioğlu özü söylədiyi
kimi, onun ümidləri və duaları, Allahın özü
kimi onu göylərə, daim göylərə
çağırırdı.
Və Məmməd düşüncəsində Göylər son dərəcə fərqli və sakral bir məkan idi. Elə buna görə də «Səhra gülləri» şeirində dilə gətirdiyi fikirlərdə Səhranın və Göy üzünün abırı, isməti, həyası görünürdü. Göyün Tanrılığı ilə Yerin bəndəliyi müqayisə edilirdi və
Göy üzü Tanrıdı, yer üzü bəndə,
Göy üzü səndədir, yer üzü məndə.
Yer üzü, göy üzü düşübdü bəndə,
Bir nəğmə oxuyaq, səhra gülləri…. - deyirdi.
Azərbaycan ədəbi-fəlsəfi, poetik-estetik fikrində İncə dərəsi şairlərinin öz ilmələri, öz naxışları, öz ritmləri, öz ahəngləri görünməkdədir. Aslan Kəmərlidən, Ağamalı Sadiq Əfəndidən, Məmməd İlqardan və başqalarından o naxışları sətirlərə vurub rayihələr yaradanlardan biri də Məmməd Dəmirçioğlu idi.
Dəmirçioğlu ilə bağlı fikirləri mən keçmiş zamanda dilə gətirsəm də, Məmməd mənim düşüncəmdə və xəyallarımda əbədiyyət qazanmış yaradıcı poetik şəxsiyyət kimi canlanacaqdır. Onun muma döndərdiyi sözlərin rəngi də, ruhu da heç zaman solmayacaq…
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2016.- 19 avqust.-
S.14.