Azərbaycanda məzhəblər
arasındakı tolerantlıq dünyaya nümunədir
Bu gün dünyanın müxtəlif ölkələrində
fərqli dinlər, təriqətlər arasında ixtilaflar
müşahidə olunur. Fəxrlə demək olar ki, Azərbaycan
xristianların, islam dininə sitayiş edənlərin,
eləcə də yəhudi icmasının maneəsiz, dinc,
birgə yaşadığı barmaqla sayılacaq qədər
çox az sayda olan ölkələrdəndir. Ölkəmizdə
bütün səmavi və qeyri-səmavi dinlər
üçün ibadət evlərinin olması bunun bariz
nümunəsidir. Müxtəlif dinlərə
mənsub insanların münasibətlərinin
qarşılıqlı hörmət əsasında
qurulması isə artıq Azərbaycanı artıq
bütün dünyaya tolerantlıq nümunəsi kimi
tanıdıb.
Öz milli və dini tolerantlığı ilə ad
çıxarmayan Cənubi Qafqaz ölkələri arasında
Azərbaycan tamam fərqli mövqeyə malikdir. Azərbaycan
bütün dini etiqadları və etnik azlıqları təşviq
etməklə dinlərarası, millətlərarası dialoqun
kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləyib.
Azərbaycan daim müxtəlif din və millətlərin
qarşılıqlı anlaşma şəraitində
yaşadığı bir dövlət modelini sərgiləyib. Hər bir
tarixi situasiyada Azərbaycan dünyaya tolerantlıq üzərində
qurulmuş siyasi portretini nümayiş etdirə bilib. Azərbaycanda bütün dinlərə mənsub
insanların sərbəst şəkildə öz
inanclarına etiqad etməsinə, bütün millətlərin
nümayəndələrinin ölkənin bərabərhüquqlu
vətəndaşı qismində hüquq əldə etməsinə
lazımi şərait yaradılıb. Azərbaycan
Respublikasında mövcud tolerantlığın ən əsaslı
isbatı ölkənin əsas qanunu, hüquqi təməli
hesab olunan Konstitusiyada dinindən, dilindən asılı
olmayaraq bütün vətəndaşların qanun
qarşısında bərabərliyinin təsbit
olunmasıdır.
Bu gün Azərbaycan dünyəvi arenada
tolerantlılığını, milli həmrəyliyin təmin
olunduğu, müxtəlif mədəniyyətlərin
toqquşduğu multikulturalizmin hakimliyini saxladığı
dövlət siyasəti modelini təsdiqləyib. Dünyada
qloballaşma tendensiyasının hökm sürdüyü bir
şəratdə özünütəcrid siyasəti dövlətin
beynəlxalq həyatdan parçalanması, dezinteqrasiya ilə
nəticələnə bilər. Dövrün
reallıqları da sübut edir ki, dövlətin qlobal proseslərdən
kənarda dayanması qeyri-mümkündür. Bu
baxımdan müxtəlif din və millətlərin nümayəndələrinin
toplaşdığı Azərbaycan özünəməxsus
dialoq modelini formalaşdırmağa nail olub. Dinlərarası
dialoq şəraitində, bütün xalqların bərabər
və azad şəkildə yaşayışının təmin
olunduğu bir şəraitdə tolerant Azərbaycan modelinin
dünyəvi uğuru və perspektivləri danılmazdır.
Azərbaycan yüksək mənəvi dəyərlərə
malik tolerant və dünyəvi ölkədir. Artıq ölkəmiz bir çox dünya dövlətləri
üçün nümunə sayılacaq tolerantlıq modelini
formalaşdırıb və nümayiş etdirib.
Doğurdan da, bu gün istənilən cəmiyyətdə
sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən
əsas amillərdən biri dini dözümlülük,
müxtəlif dinə sitayiş edən insanların
tolerantlıq şəraitində yaşaya bilməsi ilə
birbaşa bağlıdır. Sözügedən
amil həm də davamlı inkişafın möhkəm əsasını
yaradan ən vacib faktorlardan biri kimi çıxış edir.
Dünyanın mövcud siyasi və dini xəritəsinə
nəzər yetirməklə qeyd edilənlərin
çoxsaylı real nümunəsinə rast gəlmək
mümkündür. Modern tərəqqi
yolunda uğurla irəliləyən Azərbaycanı da
xarakterizə edən əsas xüsusiyyətlərdən biri
yüksək dini tolerantlığın artıq mədəniyyətimizin
ayrılmaz tərkib hissəsi olmasıdır. Hazırda Azərbaycanda dinindən, dilindən, irqindən
və digər bu kimi mühüm göstəricilərdən
asılı olmayaraq bütün xalqlar bir ailə kimi dostluq,
qardaşlıq, mehribanlıq şəraitində
yaşayırlar. Məhz bunun nəticəsidir
ki, Azərbaycan dünya miqyasında təkcə dinamik
sosial-iqtisadi inkişafa malik ölkə olaraq yox, həm də
dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət
kəsb edən dövlət kimi qəbul olunur. Artıq beynəlxalq miqyasda da qəbul olunan həqiqətdir
ki, Azərbaycan tolerantlıq mühiti baxımından
dünyada özünəməxsus bir modelin əsasını
yaradıb. Amma son vaxtlar ölkəmizdə
yayılan müxtəlif təriqətlər tərəfindən
qeyri-qanuni təbliğat işlərinin aparılması, dini ədəbiyyatların
yayılması kimi hallar tez-tez qeydə alınır. Buna misal kimi "Yehova şahidləri" adlı
dini təriqətin üzvlərinin qeydiyyatdan keçdikləri
ərazidən başqa yerlərdə təbliğat
aparması, dini ədəbiyyatlar yayması halları ilə
tez-tez rastlaşılır. DİN tərəfindən
bir neçə dəfə bu təriqət üzvləri ilə
bağlı bu cür qanunsuz əməllər
aşkarlanıb. Bu cür hallara Azərbaycanda
yayılan bəzi dini təriqətlərdə də rast gəlinir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) sədr müavini Səyyad Aran da dəfələrlə
qeyd edib ki, respublika ərazisində dini təriqətlərin
qeydiyyatdan keçdikləri ərazilərdən başqa yerdə
təbliğat aparması yolverilməzdir: "Xristian
icmalarının əksəriyyəti Bakıda qeydiyyatdan
keçib. O nümayəndəliklərin Bakı şəhərində
nəzərdə tutulan yerlərdə öz dini
etiqadlarına uyğun olaraq mərasimlərini, ayinlərini
keçirmək hüquqları var. Dövlət buna tam məsuliyyəti
ilə təminat verir. Amma tutaq ki, "7-ci
gün adventistləri", xristian baptistləri və yaxud
"Yəhova şahidləri" gedib Tovuzda, Qazaxda təbliğat
aparırsa, bu yolverilməzdir. Çünki Tovuzda,
Qazaxda onların dini icması qeydiyyatdan keçməyib".
Millət vəkili Yevda Abramov deyib ki, Azərbaycanda
qeydiyyatdan keçən dini təriqətlərin məqsədi
heç də xoş deyil. Onun sözlərinə
görə, onların çoxu elə ölkədə
sabitliyi pozmaq üçün maliyyələşdirilərək
təşkilatlandırılır. "Yehova
şahidləri" adlı dini təriqətin də gah
Sumqayıtda, gah da Gəncədə palatka qurub dini təbliğat
aparması düzgün deyil. Bu təriqətin
üzvlüyə cəlb etdiyi insanlara ayda 200 manat maaş verərək dul qadınları,
imkansız ailələri öz icmasına cəlb edir. Ümumiyyətlə . "Yehova
şahidləri" və bu kimi dini təriqətlərə
ciddi nəzarət olunmalıdır". Y. Abramov bildirib
ki, son vaxtlar "Yehova şahidləri" dini təriqət
üzvlərinin Azərbaycanın iri rayon və şəhərlərini
hədəf seçərək təbliğat aparması
heç də təsadüfi deyil: "Çünki bu
cür dini təriqətlərin arxasında müxtəlif
ölkələrdə qarışıqlıq yaratmaq istəyən
siyasi qüvvələr durur və bu məqsədlə
külli-məbləğdə maliyə ayrılır. Bizim şeyximiz də bildirib ki, Azərbaycanda
heç bir dini təriqətə yer yoxdur. Bu insanların dini azadlıqlarının məhdudlaşdırılması
demək deyil. Azərbaycan kifayət qədər
tolerant ölkədir. Elə olmasaydı,
Azərbaycanda müxtəlif dinlərə etiqad edən
insanlar yaşaya bilməzdilər. Dinləri
təriqətlərə bölənlərin məqsədi
xoş olmadığından bizim hüquq mühafizə
orqanları da ayıq-sayıq olmalıdırlar. Əgər "Yehova şahidləri" dini təriqətinin
üzvləri öz nizamnamələrində göstərilənlərdən
kənara çıxırlarsa, bunun qarşısı
alınmalıdır".
Milli Məclisin
deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə
mətbuata açıqlamasında deyib ki, heç bir dini təriqət
üzvünün ölkəmizdə yaradılmış
tolerantlıq mühitindən süi istifadə etməsinə
imkan vermək olmaz: "Azərbaycanda həm dini, həm də
milli baxımdan tolerantlıq həmişə yüksək
olub. Müxtəlif dini təriqət üzvlərinə
Azərbaycan qanunvericiliyinin onlara verdiyi imkandan kənara
çıxmağa icazə vermək olmaz. Bu gün Azərbaycanda yaşayan azsaylı xalqlar
sülh şəraitində özlərinə qarşı
ayrıseçkilik his etmədən yaşayırlar. Biz
heç bir xalqdan özümüzü ayrı hiss etməmişik.
Bu gün mənim Azərbaycanda yaşayan
müxtəlif xalqların nümayəndələrindən
olan çoxsaylı dostlarım var. Onlar da özlərini azərbaycanlı
hesab edirlər. Təbii ki, onların da öz dili, adət-ənənələri
var. Ancaq dövlət işində, idarəçilikdə,
hakimiyyətin qollarında, ictimai-siyasi həyatda kifayət qədər
bu xalqın təmsilçiləri var. Mənim təmsil
olunduğum parlamentdə azsaylı xalqların nümayəndələri
var. Həmçinin digər dövlət qurumlarında da ən
yüksək vəzifələr tutan etnik xalqların nümayəndələri
var". Millət vəkilinin sözlərinə görə,
Azəbaycanda bütün millətlər münasibət həmişə
normal olub: " Biz özümüzü
onlardan, onlar isə özlərini bizdən ayrı hiss etməyiblər.
Azərbaycanda bütün xalqlara sevgi, hörmət
var, ölkədə bütün xalqlar bərabər hüquqa
malikdir. Onlar dövlət idarəçiliyində
də kifayət qədər təmsil olunurlar. Azərbaycanda yaşayan xalqları ayırmağa cəhd
edən hər hansı bir çirkin niyyətli, məqsədli
işlər boş və mənasızdır".
Bakıdakı
Məşədi Dadaş məscidinin imam-camaatı Hacı
Şahin Həsənli isə bildirib ki,ölkəmizdə
məzhəblərarası, dinlərarası münasibətlər
yüksək səviyyədə olub: "Dəfələrlə
qeyd etmişik ki, Azərbaycanda radikallığa yer yoxdur. Azərbaycanda daima tolerantlıq olub. Din səhv
başa düşülərsə, bu, cəmiyyətə
dinsizlikdən daha artıq ziyan vurar. Azərbaycanda
bəzi cərəyanlar məzhəblərarası
qarşıdurma yaradır. İstər
sünni, istərsə də şiə məzhəblərinin
nümayəndələri bu kimi hallara qarşı mübarizə
aparmalıdır. Hamı da görməlidir
ki, həqiqətən də bu məzhəblərin heç
bir cərəyana aiddiyyəti yoxdur. Ölkəmizdə
mövcud dini məzhəblər arasındakı tolerantlıq
dünya üçün bir nümunədir. Azərbaycanın gələcək inkişafı
onun dünyəviliyi ilə bağlıdır. İnsanların dinə bağlı olması, eyni
zamanda dünyəvi dövlətdə yaşamaq istəyi
müsbət nümunədir. Bu, Azərbaycan
xalqının seçimidir. Hamıya məlumdur
bu, şişirdilmiş məsələ deyil ki, cəmiyyətimizdə
doğurdan da tolerantlıq nümunəsi var. Azərbaycanda hətta
bir çox inkişaf etmiş ölkələrə nümunə
olacaq qədər dözümlülük var. Amma
azadlığın bir sərhəddi olmalıdır. Hər hansı ideya, hər hansı əqidə
dövlətçiliyə və onun təməllərinə
zərbə vurursa, heç şübhəsiz ki, o azadlıq
məhdudlaşdırılmalıdır. Bəzən
etiqad azadlığı adı ilə bizlərdən tələb
edirlər ki, milli kimliyimizə zərər vura biləcək
cərəyanların da fəaliyyətinə meydan verilməlidir".
Hacı
Şahin Həsənli deyib ki, ümumiyyətlə Azərbaycanda
qeyri-ənənəvi dinlərin fəaliyyəti məhdudlaşdırılmalıdır:
"Çünki bu cür təriqətlərin işi cəmiyyətdə
nifaq yaratmaq, qarışıqlıq salmağa hesablanıb. Hətta bu gün bəzi qeyri-ənənəvi dinlər
var ki, onların arxasında ermənilərin
dayandığı bildirilir. Mənim
fikrimcə, "Yehova şahidləri" və sair bu kimi
qeyri-ənənəvi dinlərin təbliğatçıları
missiyoner təşkilatlar tərəfindən maliyyələşdirilərək
dövlətçilik əleyhinə təşkilatlandırılır.Ona
görə də, bu gün demokratik ölkələrdə
belə onların fəaliyyətinə qadağa qoyulub. Bizdə niyə bu addım atılmamalıdır ki?
Axı bu cür qeyri-ənənəvi dini təriqətlər
cəmiyyətdə dini yalnış istiqamətə yönləndirməyə
çalışırlar". H. Ş. Həsənlinin
sölərinə görə, hətta bu cür təriqətlər
müharibədə düşmənə gullə
atmağın günah olduğunu təbliğ edirlər:
"Azərbaycan müharibə şəraitində
yaşayır. Bu cür təriqətlərin bu
istiqamətdə təbliğatı təhlükəlidir.
Ona görə də hesab edirəm ki, bu qeyri-ənənəvi
təriqətlərin fəaliyyətinə Azərbaycanda birmənalı
şəkildə qadağa qoyulmalıdır".
Cavid
Xalq Cəbhəsi.- 2016.- 20 avqust.-
S.9.