“Azərbaycan bütün zamanlara örnək
ola biləcək əsl tolerantlıq nümunəsidir”
Oruc
Quliyev: “Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə
bütün xalqları birləşdirir”
Azərbaycan mədəniyyəti xalqımızın
tarixi qədər qədim və zəngindir. Uzun və
mürəkkəb inkişaf yolu keçmiş teatr, kino,
musiqi və xalq sənətinin müxtəlif növlərinin
tətqiqi Azərbaycan xalqının yüksək mədəni
irsə malik olmasını sübut edir. Azərbaycan
xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri,
zəngin ədəbiyyatı, incəsənəti və musiqi
mədəniyyəti ilə haqlı olaraq fəxr edir və
onu qoruyub, olduğu kimi gələcək nəsillərə
ötürür. Azərbaycan çoxmillətli,
çox dinli bir ölkədir. Azərbaycanda
təxminən 20-dən artıq azsaylı xalqların
nümayəndələri, müxtəlif dinlərin
daşıyıcıları yaşayır. Bunlar həm də müxtəlif sivilizasiyaların
Azərbaycanda mövcud olduğunu göstərir. Tarix göstərir ki, bütün dövrlərdə
xalqımız müxtəlif millətlərin nümayəndələrini
həmişə hörmətlə qarşılayıb.
Mövcud milli-mədəni müxtəliflik və
etnik dini dözümlülük mühiti Azərbaycanı
çoxmillətli, çoxkonfessiyalı diyar, dünya
miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz
məkanı etmişdir. Bu səbəbdən
Azərbaycanda millətlərarası, dinlərarası
tolerantlığın olduğunu söyləmək
mümkündür. Ölkədə
azsaylı xalqların milli mədəniyyətinin
inkişafına şərait yaradılmışdır.
Millətin öz varlığını
qorumasının yollarından biri onun dilinin, mədəniyyətinin
qorunub saxlanılmasıdır ki, bu da Azərbaycan dövləti
tərəfindən təmin olunur. Azərbaycanda
olan dəyərlər Qərb üçün də, Şərq
üçün də vacib və çox əhəmiyyətli
nümunədir.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxansının
direktoru Oruc Quliyevin fikrincə, bu gün dünyanın bir
nömrəli problemi məhz tolerantlığın,
qarşılıqlı hörmətin, mədəniyyətlərarası
dialoqun olmamasıdır. Bu gün Avropada, Yaxın Şərqdə gedən
proseslər onu göstərir ki, dünya
sivilizasiyasının bünövrəsini təşkil edən,
millətlərarası münasibətlərə çox
ciddi təsir göstərən qarşılıqlı
hörmət, tolerantlıq anlayışı aradan
götürülüb, nəinki aradan
götürülüb, hətta bir alət kimi istifadə olunur
ki, milləti millətə qarşı qaldırsınlar və
hansısa problemlər yaratsınlar. Həm dünyada baş
verən bu kimi hadisələr nöqteyi-nəzərindən,
həm də Bakıda bir neçə mötəbər tədbirin
keçiriləcəyini nəzərə alaraq, 2016-cı ilin
“Multikulturalizm” ili elan etməsi bu proseslərə
bir cavabdır. Multikulturalizm ilinin elan
olunması, həm insanların, millətlərin,
konfessiyaların birgə yaşaması üçün ən
əsas düsturdur, həm də Azərbaycanın regionda
rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi
də özümüzdə birləşdirmək
iqtidarındayıq. Biz bu gün
bağlayıcı, inkişaf etdirici bir amilə
çevrilmişik. “Multikulturalizm ili” Azərbaycanın
dünyadakı mədəniyyətlər və
sivilizasiyalararası dialoqa töhfəsi ilə yanaşı,
dünyadakı sülh və əməkdaşlığa
xalqın milli iradəsinin ifadəsidir. Multikulturalizm
ilində ölkəmizdə yaşayan azsaylı xalqların,
toplumların dillərinin, adət-ənənələrinin, mədəniyyət
nümunələrinin qorunması strateji istiqamət kimi
müəyyən edilib. Bu il maarifləndirmə
məsələsinə üstünlük verilməsi, multikulturalizm,
tolerantlıq anlayışının düzgün qəbul
olunması üçün tədbirlərin keçirilməsi
bir məqsəd kimi qarşıya qoyulub. Tolerantlığın
məkanı, multikultural ənənələrə sadiq
müstəqil Azərbaycan mədəniyyətlərin
dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub
saxlanılması və sivilizasiyalar arasındakı
qarşılıqlı münasibətlərin tənzimlənməsinə
yönəlmiş mühüm layihələrin, mötəbər
forumların gerçəkləşdirilməsi sahəsində
zəngin təcrübəyə malikdir. Multikulturalizmin
əsasında müxtəlif millətlərdən olan insanların
hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlara
əməl edərək birgə yaşaması ideyası
dayanır. Amma bu zaman mədəni, dini,
dil, etnik və digər xüsusiyyətlərə zərər
dəyməməlidir. Əsl multikulturalizmin hökm
sürdüyü cəmiyyətə nail olmağın alətləri
də gözəl və dəqiqdir – tolerantlıq, qanunlara,
bir-birinin azadlığına hörmət. Multikulturalizm
ayrıseçkiliyə yol vermir, əksinə bütün
xalqları birləşdirir.
Öz mədəniyyətinə, tarixinə, ənənələrinə,
əməllərinə hörmətlə yanaşan xalq, gərək
eyni şəkildə fərqli mədəniyyətlərə
də, fərqli tarixə də hörmətlə
yanaşsın. Mövcud milli-mədəni müxtəliflik
və etnik dini dözümlülük mühiti Azərbaycanı
çoxmillətli, çox konfesiyalı diyar, dünya
miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz
məkanı etmişdir. Bu gün həmin
mədəni, linqvistik etnik rəngarəngliyin qorunmasına
yönəldilən və uğurla həyata keçirilən
dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən
bəri toplanmış böyük tarixi təcrübənin
xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış
unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin
gücləndirilməsini zəruri edir. Azərbaycanda
həm multikulturalizm ənənələri, həm də
tolerantlıq xalqın milli xüsusiyyətləri ilə
bağlıdır. Sivilizasiyaların
qovuşuğunda yerləşən Azərbaycanın zəngin
mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə
malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Azərbaycan bütün zamanlara örnək ola
biləcək əsl tolerantlıq nümunəsidir. Dünyada
sivilaziyalararası dialoqla ciddi problemlərin yaşanması,
bu fonda konfliktlərin artması
tendensiyasının müşayiət olunması, xüsusilə
də islamafobiya kimi təhlükəli meyllərin bir sıra
dövlətlərin və digər subyektlərin siyasətində
özünə geniş yer alması reallığında Azərbaycanın
mədəniyyətlərarası dialoq məkanına
çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən
məsələdir. Bu məsələnin həlli istiqamətində
Azərbaycanın təcrübəsi digər ölkələr
üçün örnək ola bilər. Mövcud multikultural mühit, tolerantlıq
dünyanın bir çox dövlətlərinin diqqətini cəlb
edib. Dünyadakı din xadimləri Azərbaycandakı
mövcud vəziyyəti yüksək qiymətləndirirlər.
Hazırda Avropanın bir sıra universitetlərində
“Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu fənn təkcə Azərbaycan multikulturalizminin təbliği
ilə deyil, eyni zamanda, dünyada, xüsusən də Avropa
ölkələrində olan multikultural ənənələrin
müqayisəli şəkildə öyrənilməsi ilə
bağlıdır. Bu, Azərbaycan dövlətinin
son illərdə əldə etdiyi nailiyyətlərdən
biridir.
Prezidentin
müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə
“Multikulturalizm ili”nin elan edilməsi ilə
bağlı müxtəlif dövlət qurumlarının
qarşısına ciddi vəzifələr qoyulub. Qloballaşma, sürətli məlumat mübadiləsi,
məlumatın ötürülməsinin asanlaşması və
XXI əsrdə gerçəkləşən digər proseslər
bir çox ölkədə mədəniyyət fərqini
daha da artırmışdır. Bu səbəbdən
kitabxanaların mədəniyyətinə, dilinə və
dininə baxmadan cəmiyyətin bütün üzvlərinə
xidmət etməsi, cəmiyyətin ehtiyacını
qarşılayaraq bilik mənbəyi kimi çıxış
etməsi onların üzərinə düşən əsas
vəzifələrdən biridir. Kitabxanalar
ənənəvi xidmətlərlə yanaşı, cəmiyyətdə
ehtiyac duyulan yeni xidmət sahələrinə cavab verə
bildikləri müddətcə bilik mənbəyi olaraq
qalacaqlar. Cəmiyyətə xidmət
göstərən hər bir qurum, inkişaf və dəyişimə
uyğunlaşdığı zaman var olacaqlar. Multikulturalizm qavramından qaynaqlanan fərqli mədəniyyət
qruplarına istiqamətlənmış kitabxana xidməti də
bu mənada dövr və mühitə
uyğunlaşmalıdır. Kitabxanaların
və digər mədəniyyət müəssisələrinin,
insanların ünsiyyətində və daha sağlam bir cəmiyyətin
ortaya çıxmasında vacib rolları olması danılmazdır.
Mövcud mədəni irsin gələcək nəsillərə
ötürülməsində kitabxanaların yeri
böyükdür. Bu onların yalnız vəzifəsi
deyil, uzun müddət varlıqlarını qoruya bilmələrinin
sığortasıdır. Xüsusilə
uşaqlar və gənclərə yönəlmiş xidmətləri
bu mövzuda daha vacib yer tutur. Mədəniyyət
baxımından getdikcə fərqliləşən bir cəmiyyətin
ehtiyaclarını qarşılamaq kitabxanalar üçün
həm bir təhlükə, həm də fürsət
qaynağıdır. Bu vəziyyət isə
kitabxanaların mövcud quruluşlarında vacib dəyişiklikləri
gündəmə gətirir. Mövzu ilə
əlaqədar kitabxanaların üzərinə düşən
rol üçün öz planlarını yenidən gözdən
keçirmək gərəkdir. Multikulturalizm
və onun ədəbiyyata yeni anlayış kimi daxil olması
müasir dövr üçün çox aktualdır. Belə ki, o, bütövlükdə mədəniyyətə
baxışı dəyişir. Mədəniyyət
bütün sahələrdə bizim dünyaya
baxışımızı müəyyənləşdirir,
bizim verdiyimiz qərarlara və hərəkətlərə təsir
edir. Ölkə xaricindən qaynaqlanan mədəniyyət
fərqləri ilə yanaşı, ölkə içindəki
fərqli qruplar arasındakı məsələlərin də
qarşılıqlı anlayışa əsasən həll
olunması Azərbaycanda kitabxana xidmətlərinə öz təsirini
göstərmişdir. Kitabxana əməkdaşları
çalışmalıdır ki, bu sahəni tədris edən
kadr heyəti, ilk növbədə, ölkədə
yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar –
onların tarixi, təsərrüfatı, məişəti,
yaşadıqları coğrafi ərazi, təhsili, mediası,
ölkənin ictimai-siyası həyatındakı rolları və
ən nəhayət, beynəlxalq sənədləri və təcrübə
barədə məlumatlı olsunlar. Məlumatın əldə
olunmasını asanlaşdırmaq, ehtiyac duyulan xidməti vermək,
fərqli mədəniyyətləri təbliğə yönəlmiş
tədbirləri dəstəkləmək və s. multikultural
ölkələrdəki kitabxanalardan gözlənilən
funksiyalardan yalnız bir neçəsidir. Kitabxanalar
multikultural bir cəmiyyətdə körpü vəzifəsini
yerinə yetirirlər. Mədəniyyətlərin
və sivilizasiyaların dialoqunun təşkilində
kitabxanaların da üzərinə çox böyük
yük düşür. Azərbaycançılıq məfkurəsinə
uyğun olaraq tolerantlığın və mədəni, dini
linqvistik müxtəlifliyin qorunmasını təmin etmək,
multikulturalizmin və tolerantlığın həyat tərzinə
çevrildiyi Azərbaycanda mövcud olan multikultural ənənələri,
habelə bölgələrə aid mədəni irsi,
onların bir-birinə təmas dərəcəsini öyrənmək,
təbliğ etmək 2016-cı il və bundan sonrakı illərdə
əsas məqsədlərdən biri olacaqdır. Müasir multimədəni cəmiyyətlər
kulturoloji strategiyalara əsaslanan
düşünülmüş multikulturalizm siyasəti olmadan
sabit inkişaf edə bilməzlər. Azərbaycan
tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini
hüquqi və siyasi müstəvidə yenidən bərpa
etdi. Bu gün dünya üçün
multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan
bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə
yaşayan müxtəlif xalqların mədəni
hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun siyasəti ilə
bəşəriyyətə yaxşı nümunələr
göstərir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 23 avqust.-
S.13.