Qulam Yəhyanın xatirələri
II
yazı
“Xalq Cəbhəsi” qəzetinin sayğılı
oxucularına Qulam Yəhyanın xatirələrini təqdim
edirik.
Bu zamanlar komsomola daxil oldum. Komsomoldakı fəaliyyətimə
görə o zaman Zaqafqaziya komsomol təşkilatı Mərkəzi
Komitəsinin üzvü seçildim. Nəhayət,
1925-ci ildə Sov.İKP sıralarına daxil oldum. 1927-1929-cu illərdə iki illik partiya məktəbini
oxuyub qurtardıqdan sonra 1931-ci ilə qədər Bakı
şəhəri Lenin rayon partiya komitəsində müxtəlif
illərdə və 1931-ci ildən həmin rayon partiya komitəsinin
kadrlar şöbəsi müdiri və sonra Lenin rayon
İcraiyyə Komitəsinin sədri vəzifəsində
çalışmağa başladım. Sonradan
təşərrüfat işlərini nəzəri cəhətdən
daha yaxşı öyrənməyim məqsədilə məni
1935-ci ildə Xalq Təsərrüfatı İnstitutuna
oxumağa göndərdilər. Mən həm
partiya katibi, həm də Xalq Təsərrüfatı
İnstitutunda oxuyarkən müxtəlif yerlərdə
müxtəlif mövzularda mühazirə və məruzələr
oxuyurdum.
Nəhayət, 1937-ci ildə məsləhət oldu ki,
İrana gedəm. Orası da qeyd edilməlidir ki, 1927-ci ildə
anam və bacılarım və 1932-ci ildə atam artıq
İrana getmişdilər. Mən İrana
gedərkən yolda İran polisi tərəfindən tutulub,
1939-cu ilə qədər Ərdəbildə zindanda qaldım.
Mənim Bakıda tanıdığım
adamlardan zindanda var idilər. Onlar məni
görüb salamat olmağıma sevinməklə
yanaşı tutulduğuma görə çox kədərləndilər.
Onlar mənə məsləhət gördülər
ki, özümə müəyyən bir sənət uydurum,
yoxsa mənim fəhlə və başqa sadə işçi
olmağıma və sadəcə, iranlı olduğum
üçün İrana gəldiyimə inanmazlar. Axırda belə qərara gəldim ki,
özümü həkim kimi təqdim edim. Belə də etdim, istintaq zamanı özümü
həkim kimi qələmə verdim. Buna
baxmayaraq, məni şallaqlayıb, hökmən nə
üçün gəldiyimi etiraf etməyimi tələb etdilər.
Fiziki cəhətdən çox qüvvətli
olan və mənə şallaq vuran polis nəfəri heç
bir haray-dad salmamağımı görüb deyirdi ki,
görürsüz şallağa necə dözür, heç
səsini də çıxarmır. Ona
görə ki, hər bir şallağa bir onluq qızıl
alıb. Zindana gətirildiyim ilk
günü mənimlə çox mədəni rəftar etdilər.
Ancaq ikinci günü öz iç üzlərini büruzə
verib, məni tək nəfərlik kameraya saldılar və 6
ay burada qaldıqdan sonra zindanda aclıq elan etdim, xeyli məhbus
mənə qoşulduqlarına görə mənim ümumi məhbuslar
içərisinə buraxılmağıma icazə verməyə
məcbur oldular. Bu zaman məhbusların
müalicəsini mənə tapşırmaq istədikdə mən
rədd etdim. Ona görə ki, mən tibbi
məsələlərə aid bir neçə broşüra
oxumaqdan başqa bir şey bilmirdim. Hətta
özüm də xəstə olmamışdım ki,
müalicə olunmağımdan müəyyən şeylər
yadımda qalsın. Çox söhbət
və yoldaşlarla məsləhətləşəndən
sonra “həkimliyi” qəbul etmək qərarına gəldim.
Beləliklə, “həkimliyə”
başladım.
Mən zindanda “həkimlik” edərkən Bakıdan gəlmiş
bir feldşer “əlim altında” işləyirdi. Mən xəstələri
müayinə edib xəstəliklərini müəyyən
etdikdən sonra müalicəsini “müavinimə” həvalə
edirdim. Bizə təkcə məhbuslar
deyil, eyni zamanda həbsxana işçiləri, o cümlədən
zabitlər də müraciət edirdilər. Bir hadisə mənim həqiqətən “çox
yaxşı” və “bilikli həkim” olmağımı
sübut etdi. Bir gün bir nəfəri
istintaq zamanı o qədər döymüşdülər ki,
özündən getmiş, halsız olmuş və ayaq
üstə dura bilmirdi. Döyülmüş məhbusu
mənə göstərdilər, mən onu müəyyən
“müayinədən keçirdikdən” sonra əvvəla, məhbusların
belə döyülməsinə, onlarla belə qeyri-insani rəftar
edilmsinə bir “həkim kimi” etiraz etdim və dedim ki, onu həbsxanadan
buraxsınlar, 2-3 günə öləcək, qoy gedib ailəsinin
yanında ölsün. Mənim belə etiraz və təklifimi
eşidən zindan rəisi çox əsəbi halda əmr
etdi ki, şəhərdən başqa həkim
çağırsınlar və göstəriş verdi ki, bundan sonra mənim hşbsxanadakı xəstələri
müalicə etməyimə icazə verməsinlər. Bu xəbər çox surətlə zindana
yayıldı. Nəhayət, şəhərdən gəlmiş
həkim Fransada aldığı öz xarici diplomuna and
içib dedi ki, məhbus özünü yalandan bu hala
salıb, onun halı yaxşıdır, heç bir
ölüm və ona oxşar əlamət yoxdur. Hər ehtimala qarşı zindan rəisinin əmri ilə
xəstəni həbsxana xəstəxanasında müayinə
etdilər və ciddi nəzarət altına alıb, imkan dairəsində
bütün müalicə vasitələrinin tətbiq edilməsinə
baxmayaraq, xəstə sutka yarımdan sonra öldü. Bu
hadisədən sonra çoxları məndən üzr istəməli
oldular və mənim bir “yaxşı həkim” kimi hətta
Fransada təhsil almış təcrübəli həkimdən
belə yüksək biliyə malik olduğum “aşkar” oldu,
bununla da nüfuzum xeyli yüksəlmiş oldu. Bundan
sonra həbsxana məmurlarının demək olar ki,
hamısı, o cümlədən rəis də mənimlə
hesablaşmaq qərarına gəldilər.
Bu zaman
İkinci Dünya müharibəsi ərəfəsi və
almanların İranda olması, İranda dəmir və
şosse yollarının çəkilməsi fəhlə
sinfinin yaranıb artmasına səbəb olması ilə
yanaşı, bu zaman SSRİ-dən çoxlu mühacirlərin
İrana gəlməsi və onların əsas hissəsinin Azərbaycanda
zorla saxlanılması Azərbaycanda narazıların, mərkəzi
dövlət əleyhinə olanların, bir sözlə,
mövcud quruluş əleyhinə olanların sayı çox
surətlə artırdı. Bunun qarşılığında
Mərkəzi Hakimə heyəti, yerli feodalların və qismən
yaranmaqda (Azşrbaycanda çox zəif olsa da) olan xırda
burjuaziyanın kömək və göstərişləri əsasında
bütün “şübhəli” adamları həbs edirdilər.
Bir qayda olaraq şübhəli adamların çoxunu, bəlkə
hamısını “bolşevik” adlandırırdılar. Söz yox ki,
zindanda “bolşevik”lərdən başqaları da var idilər.
Onların bir hissəsi oğru, xuliqan və bir qismi də
tayfa ağsaqqalları, torpaq sahibləri və müxtəlif
kiçik feodal, qolçomaq, kəndxuda və başqaları
idilər ki, onlar da özlərindən “böyük”,
“güclü” rəqibləri tərəfindən həbs
edilmişdilər. Beləliklə, zindandakı
məhbuslar ilk növbədə iki hissəyə -
bolşeviklərə və qeyri-bolşeviklərə
bölünürdülər. Bu
bölgüdən sonra bolşeviklər “günahları” və
keçmiş “dərəcələrinə” görə təbəqələrə
bölündüyü halda qalanlar sərvətlərinə
görə dəstələrə bölünürdülər.
Mən həbsxanada qaldığım müddətin
ilk dövrlərindən birincilərin başçısı
hesab olunurdum. Bu da mənim bütün məhbuslar
arasında, xüsusilə “bolşeviklərə” mənsub
olanlar içərisində məşhurlaşmağıma səbəb
oldu. Müəyyən müddət
içərisində məhbuslar arasında, xüsusilə
“bolşeviklərə” mənsub olanlar içərisində
möhkəm ittifaq yaradıldı ki, nəticədə həbsxanada
bəzi hərəkətlərə, birinci növbədə
zindan işçilərinin bəd rəftarları əleyhinə
etirazlar başlandı. Hər halda belə
bir “yeniliyin” mənbəyinin haradan olduğu heç kəs
üçün gizli deyildi. Bütün bunlar zindana gələnlərin
və zindanla əlaqədar olanların nəzər-diqqətlərini
çox tez bir zamanda özünə cəlb edib,
“bolşevik”, “Rusiya”, “kommunist” və başqa bu kimi sözlərin
həqiqi mənasını başa düşməyə
başladılar. Yəni ümumi məhbuslar
içərisinə buraxıldıqdan bir neçə
gün sonra bir nəfər dünyagörmüş, təmkinli,
ağsaqqal adamla bir otaqda yerləşdirdilər. Mən otaqda bütün qayda-qanunu gözləyir,
adi qaydalara əməl etməklə yanaşı özümdən
yaşlılarla müraciət qaydalarına tam əməl etməyə
çalışırdım. Mənim
görüşümə gələn olmadığına
görə zindanın cirəsilə dolanırdım. Bu cirə ya yanmış, ya da yarım
bişmiş, yarım səngahdan ibarət idi. Mənimlə bir otaqda olan adama hər gün evdən
cürbəcür yeməklər gəlir və bütün
günü armudu stəkanda lumusu da yanında müxtəlif
mürəbbələrlə çay içir və mənə
də təkidlə təklif edirdi ki, onunla yeyib-içim.
Mən isə cavabında deyirdim ki,
ömrümdə çay içməmişəm və belə
xorəklərdən də xoşum gəlməz. Bu hadisədən bir qədər keçdikdən
sonra atamgilə xəbər çatdı ki, mən Ərdəbil
zindanındayam, onlar Ərdəbilə gəldilər, mənə
bir sıra yemək şeyləri ilə birlikdə
imkanları dairəsində pul da gətirdilər.
O zamandan
mən də çayçıdan çay və qəlyan
sifariə etməyə başladıqda otaq qonşum daim mənə
çox təəccüblə baxıb,
dözümlülük və iradəmə həsəd
aparırdı. Atam Ərdəbildə mənimlə
görüşən günü növbəti “kötək
seansını” qəbul etdiyim üçün halım
yaxşı deyildi və çalışırdım ki, bu vəziyyəti
atam hiss etməsin. Görüş
otağında atam mənə təklif edirdi ki, onlarla bir qədər
oturum. Ancaq o, bilmirdi ki, mən hələ
bir ay da bundan sonra yerə otura bilməyəcəm. Ona
görə də atama dedim ki, yaxşı olardı ki, o mənə
bazardan süd alıb gətirsin. “Belə
“seanslar” tez-tez olur və hər seansdan sonra bu işlərin
“ustaları” yumurta sarısı, döyülmüş ət
və sairə ilə müalicəyə
başlayırdılar. Bu seanslar cədvəl
üzrə olarkən qabaqcadan hazırlıq görüb,
dediyim müalicə vasitələrini qabaqcadan hazırlamaq
mümkün olduğu halda, bəzən bu “seanslar” fövqəladə
keçirilir və belə hallarda vəziyyət daha pis olurdu.
Xüsusilə, döyülmüş yerlərə
yapışmış çirkli paltarın qoparılması
“seansların” əzabından daha bədtər olurdu. Mən güman etmirəm ki, bu seansları qəbul
etmiş adamlar ömürlərinin axırına qədər
yaddan çıxara bilsinlər.
Mənim
təklifim müəyyən edilmədən iki il
yarım zindanda qalandan sonra bizim kəndlilər Ərdəbildə
yaşayan kənd sahibi Hacı Tağıxanın bayram
görüşünə gələrkən ondan bütün
kəndlilərimiz adından xahiş etmişdilər ki, mənim
zindandan buraxılmağım üçün yardım etsin.
O da söz vermiədi ki, kömək edəcək. O zaman
artıq bilirdim ki, məni Həmədana sürgün etmək
istəyirlər. Ancaq Hacı Tağının
işə qarışması nəticəsində kəndimizə
sürgün etdilər və qərara alındı ki, kənddən
heç yerə getməyim. Bu haqda məndən
iltizam da aldılar. Kənddə müəyyən
işlə başımı qarışdırmaq məqsədilə
atam və başqa qohumlarımın birgə səyləri nəticəsində
bir kənd dükanı acdılar ki, mən orada
yavaş-yavaş alverlə məşğul olum.
Mən alver etməyi bacarmadığım
üçün tez bir zamanda dükanın “mayası” yox oldu. Kənddə
başqa məşğuliyyətim olmadığı
üçün qərara gəldim ki, gedib Miyanada dəmiryolunda
fəhlə işləyim. Buna anam və
başqa qohumlarım razı olmadılar. Ancaq
kənddə qalmaq mənim üçün çox çətin
idi. Hər halda bir gün hamıdan xəbərsiz
yola çıxıb Miyanaya getdim, orada tanışlarımdan
gördüm, nəhayət Qızılüzən
çayı üzərində tikilməkdə olan dəmir
yol körpüsündə fəhləlik etməyə
başladım. Uzun müddət fiziki
işdən ayrıldığım üçün fəhlə
işləmək mənim üçün bir qədər
çətin olsa da, fəhlə yoldaşlarımla işə
başladım. Burada işləyənlər
içərisində məni Bakıdan tanıyanlardan
başqa bizim kəndimizdən də olanlar var idi. Onlar mənim
halıma acıyırdılar. Lap işin ilk günü əlim qabarla dolmuşdu.
Ancaq işləmək lazım idi.
Yoldaşlarımdan çoxu vəziyyətimi
görüb, təklif etdilər ki, mən işləməyim,
onlar mənim işimi də yerinə yetirərlər. Hər halda mən
buna razı olmadım. Bir gün işlədiyim
yerin yaxınlığında körpünün
qoyulacağı bünövrəsindən su çəkən
nasosun matoru işə düşmədi. O sahənin
mühəndisi və sahə rəisi hər ikisi xarici (alman)
idilər.
Xalq Cəbhəsi.-2016.-
24 avqust.- S.14.