Azərbaycan dinlərarası dialoq mərkəzinə
çevrilib
Azərbaycanda dini etiqad azadlığı ilə bərabər
insan hüquq və azadlıqlarının müdafiəsi,
azad sözün, müstəqil mətbuatın, demokratik dəyərlərin
inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan
multikulturalizmin, tolerantlığın əsas məkanlarından
biri kimi tanınır. Həyata
keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində
multikulturalizm Azərbaycanın dövlət siyasəti və
həyat tərzinə çevrilib. Bu
cür yanaşma həm multikulturalizmin ən yaxşı
modeli olan ölkəmizin inkişafının tarixi
reallıqları ilə, həm də müasir dünya
sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın
davamlı inkişaf tələbatı ilə elmi cəhətdən
əsaslandırılıb.
Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial
sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki
stabil çoxmədəniyyətlilik və
çoxkonfessiyalılıq mühiti, dövlət-din
münasibətlərinin qurulması bir çox xarici ekspertlər,
dövlət rəsmiləri tərəfindən nümunəvi
model kimi qiymətləndirilir. Təsadüfi
deyil ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq
mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi
olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB
Dinlərarası Şurasının, MDB Müsəlmanları
Məşvərət Şurasının, Qafqaz Xalqları Ali
Dini Şurasının toplantılarının Bakıda
keçirilməsini qeyd etmək olar.
Ölkəmizdəki sabitliyin, dini
dözümlülüyün, burada yaşayan millətlər
arasında qarşılıqlı münasibətlərin
yüksək səviyyəsi Azərbaycana gələn
bütün qonaqları valeh edib. Şübhəsiz ki,
dözümlülük ruhunun qorunub saxlanılmasında
müsəlman ruhanilərinin də müəyyən xidmətləri
var. Müasir Azərbaycan dövlət-din münasibətləri
modeli çərçivəsində bütün dini
konfessiyalar qanun qarşısında bərabərdir və eyni
statusa malikdir.
Ölkə vətəndaşlarının əksəriyyətini
təşkil edən müsəlmanların
hüquqlarının təmin olunması ilə yanaşı
dövlət respublikada yayılmış digər dinlərə
də qayğı göstərir. Belə ki, 1920-ci ildə
bağlanmış Jen Mironosets baş kilsəsinin binası
1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda
səfərdə olan Moskvanın və bütün
Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il
tarixdə bu məbədi müqəddəs elan etmiş və
ona baş kafedral kilsə statusu verib. Qeyd edək ki, Allah evi
Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə
görə müsəlman olan Aydın Qurbanov tərəfindən
bərpa edilib. Bundan başqa, 1999-2001-ci illərdə
paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryamın
Miladı baş kilsəsi bərpa olunub.
Polşalı keşiş Yerji Pilyusun səyləri nəticəsində
qeydiyyatdan keçən respublikanın katolik icması da
qayğıdan kənarda qalmayıb. İlk iclaslar
dindarların mənzillərində keçirilirdi, 2000-ci ildə
isə bu məqsədlər üçün bina
alınıb və o kiçik kilsəyə çevrilib.
Katolik icmasında Vatikanın təyin etdiyi iki
keşiş xidmət göstərir, ibadətlər bazar və
dini bayram günləri yerinə yetirilir.
Respublikada qədim ənənələrə malik olan yəhudi
icmasının mədəni irsi də Azərbaycan hökumətinin
qayğısı ilə əhatə olunur. Təkcə onu qeyd etmək
kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakultəsində ibrani bölməsi açılıb, Azərbaycan
Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə
Rusiyanın yəhudi mədəniyyətinin qorunması və
inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda"
kitabını hazırlayır. 1990-cı ildən
respublikada "Azərbaycan-İsrail" dostluq cəmiyyəti,
habelə "Soxnut" cəmiyyəti fəaliyyət
göstərir.
Azərbaycanda
islam şiə-imami, sünni-hənəfi
və şafii məzhəbləri ilə də təmsil
olunub. Azərbaycan yeganə müsəlman ölkəsidir ki,
burada islam məzhəblərarası
ziddiyyətləri nəzərəçarpacaq halda
olmayıb. Azərbaycanda şiə, sünni etiqadlı
müsəlmanlar xoş , mehriban,
qardaşlıq şəraitində yaşayırlar. Xüsusilə, Məhərrəmlik ayında Azərbaycanda
sünnilər şiələrlə bərabər məclislər
quraraq, öz məzhəb tolerantlıqlarını göstərirlər.
İslam Peyğəmbərinin doğum
günündə məzhəblərarası mühitin
sağlam olması daha çox diqqəti cəlb edir.
Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq
Krişna Şüuru cəmiyyəti artıq 10 ildən
çoxdur fəaliyyət göstərir. Azərbaycan bəlkə də
dünyanın yeganə ölkəsidir ki, burada yəhudi və
islam inanclı insanlar bir-biri ilə
doğma, mehriban şəkildə yaşayırlar. Azərbaycan insanı başqa irqdən, dindən
olanlara qarşı açıqdır. İrqi,
dini diskriminasiya bu xalqın psixolologiyasına yaddır.
Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması
var. 2010-cu ildə Bakıda səfərdə olan bütün
ermənilərin katolikosu II Qaregin və onu müşayiət
edənlərin erməni kilsəsinə baş çəkmələri
bir daha Azərbaycanda işğalçı millətə xas
olan abidələrə belə toxunulmadığın göstəricisidir. Hazırda Azərbaycanda
pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə
təmsil olunub. Ölkədə,
xüsusilə, Bakıda müsəlmanların və digər
dindən olan şəxslərin bir qismi İsa Peyğəmbərin
doğum günündə kilsəni hörmət məqsədi
ilə ziyarət edirlər. Bu onu göstərir
ki, Azərbaycanda insanlıq amili, qardaşlıq amili hər
şeyin fövqündədir. Azərbaycanda
xristianlara qarşı heç bir diskriminasiya yoxdur. Əksinə, münasibətlər olduqca
yaxşı, xoşagələndir. Bunun səbəblərindən
biri də SSRİ dövründə kosmopolit ideologiyanın təsirləri
ilə bağlıdır. Belə ki,
ümumi sovet vətəndaşı olaraq adlandırılan
respublikaların əhalisi dini və irqi diskriminasiyaya yol verməməyə
çalıışırdılar. Sovet
dövründə sosialist respublikaların əhalisi digər
respublikanın əhalisindən olan şəxslərlə ailə
münasibəti qururdular. Belə ki, hələ
Azərbaycan SSR-də əhalisi müsəlman olan vətəndaşlarımızın
digər respublikalardan, əsasən, xristian qızlarla nigaha
girdiklərinə dair çoxsaylı faktlar vardır. Bu da öz növbəsində Azərbaycanda
xristianlara qarşı münasibətin yumşaq olmasına təsir
edən amillərdən biri olmuşdur.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri
üçün yaradılmış bərabər hüquq və
sərbəst fəaliyyət dünya birliyi və ölkəmizdə
fəaliyyət göstərən müxtəlif dini konfessiya
rəsmilərinin də diqqətindən yayınmayıb. ABŞ Konqresinin “Rol Call” qəzeti
bu məsələ barəsində araşdırma apararkən
Azərbaycanda bütün dinlərin nümayəndələrinin
heç bir maneə olmadan fəaliyyət göstərməsini
yüksək dəyərləndirərək yazır: “Azərbaycan
öz dini rəngarəngliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian
dövlətlərindən birinin yerləşdiyi məkan olub
və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin
formalaşmasında iştirak edib. Hətta
əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər
təqiblərlə qarşılaşanda, Azərbaycanı
özləri üçün təhlükəsiz məkan
kimi görüblər. Məzhəblərarası
nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanda
bütün dini konfessiyalar qarşılıqlı hörmət
və ehtiram içərisində yaşamaqda davam edirlər”.
Avropa Yəhudilər
Parlamentinin (AYP) sədr müavini Tomer Orni: "Azərbaycana səfər
edib film çəkərkən burada hər iki xalq arasında
qarşılıqlı hörmət olduğunu gördüm.
Azərbaycanda yaşayan bütün dinlərin
nümayəndələri bir-birilərinin bayramlarını
qeyd edirlər. Azərbaycanda icmalararası
münasibətlər çox yüksək səviyyədədir.
Gəldiyim qənaət isə budur ki, Azərbaycandan
çox şeyləri öyrənmək olar".
Vatikan
Dövlətinin mədəniyyət üzrə pontifik
şurasının prezidenti, kardinal Canfranko Ravazi:
"Doğrudan bir daha əmin oldum ki, Azərbaycan tolerant bir
ölkədir. Ölkənizin ən ucqar bölgəsində
xristianlığa aid belə bir tarixi abidənin qorunub
saxlanması tarixə verdiyiniz əvəzsiz qiymətdir və
buna görə sizlərə minnətdaram".
Böyük
Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən
seçilmiş millət vəkili, Yerli Özünüidarə
və Biznes Komitəsinin üzvü Bob Bləkman: "Öz
milli və dini tolerantlığı ilə ad
çıxarmayan Cənubi Qafqaz ölkələri arasında
Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini
etiqadları və etnik azlıqları təşviq edir.
Suriya, Yaxın Şərq və Şimali
Afrikada radikal İslamın baş qaldırdığı,
Misirdə isə xristianların təzyiq altında olduğu
bir zamanda yaşayırıq. Xristian
ölkəsi olan Ermənistanın Azərbaycan
torpaqlarının 20 faizini işğal etməsinə
baxmayaraq, Azərbaycandakı xristian və yəhudi
icmalarının inkişafı üçün hər
cür şərait yaradılıb".
Ölkəmizdəki
mövcud tolerantlığı qiymətləndirən Moskva və
bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci
ildə Bakıda demişdi: "Ölkənizdəki
tolerantlıq və dini dözümlülük başqa
dövlətlər üçün nümunədir".
Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın
mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı
nümunəvi dini tolerantlığa heyranlığını
gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman isə Bakının İslam Mədəniyyətinin
Paytaxtı elan olunması ilə əlaqədar deyib:
"İSESKO bütün dünyaya
çatdırmalıdır ki, siz necə də qədim və
zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə
əməkdaşlıq sahəsində imzalanan sənədlərin
həyata keçirilməsi üçün biz öz tərəfimizdən
hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq
digər üzv dövlətlər üçün nümunə
olacaqdır".
Belə faktlar istənilən qədərdir. Bütün
bunlar bir daha təsdiqləyir ki, ölkədə din-dövlət
münasibətləri qanunlara, ən əsası, ölkə
Konstitusiyasına əsaslanır. Bu isə
ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət
və qarşıdurmanın meydana çıxmasına imkan
vermir. Bir sözlə, tarixi reallıq və
ənənələri nəzərə almaqla, Azərbaycan
multikulturalizm və dini tolerantlığın unikal məkanına
çevrilib. Dünya meridianlarında
ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə
onların harmoniyada və əməkdaşlıqda olduqları
bir coğrafi məkan kimi tanınmaqdadır.
Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrıseçkilik ucbatından haqsızlığa məruz qalsa da, özünün ali milli keyfiyyətlərinin tərkib hissəsi olan tolerantlıq, dözümlülük, multikultralizm kimi yüksək dəyərlərini daim yaşatmış, bu xüsusiyyətlərini itirməmişdir. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələrin nüfuzlu ictimai, siyasi, elm xadimləri, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri, əldə etdiyimiz böyük nailiyyətləri, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və bu sahədəki zəngin təcrübəni öyrənmək, yaymaq, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər. Bu, bizim üçün böyük şərəfdir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 24 avqust.-
S.13.