Qədimdən gələn zəngin ənənələr
günümüzədək qorunub saxlanır
Azərbaycan qədim tarixə, zəngin mədəni irsə
malik olan bir ölkədir. Əlverişli təbii-coğrafi
mövqeyi Azərbaycanda tarixin müxtəlif mərhələlərində
bir çox qəbilə, tayfa və xalqların məskunlaşmasına
səbəb olmuşdur. Qərblə Şərq
arasınada bir körpü rolu oynayan bu əraziyə
axışan tayfaların hər biri müasir Azərbaycan
xalqının etnik təşəkkülündə
özünəməxsus rol oynamışdır. Azərbaycan etnomədəni mühitində
formalaşan və Azərbaycan xalqının etnososial birliyinə
daxil olan etnoslar bu ərazidəki təşəkkülü mərhələsində
uzun bir tarixi yol qət etmiş, nəticədə Azərbaycan
ərazisində minilliklər boyu formalaşmış spesifik,
rəngarəng ənənəvi mədəniyyətə
özünəməxsus rəng qatmışlar. Bunun nəticəsində Azərbaycan hər zaman
“etnoqrafik xəzinələr muzeyi” kimi tanınmışdır.
Tarix elmləri doktoru Məhəbbət Paşayeva
bildirib ki, əsrlər boyu birgə yaşamış, tarixin
müəyyən dövrlərindən Azərbaycanı
özlərinə məskən seçmiş etnosların hər
biri zaman keçdikcə vahid ümumazərbaycan dəyərlərinə
sahib olmaqla yanaşı etnik spesifikliyi də qoruyub
saxlamışlar. Bununla da Azərbaycan mənəvi irsinin
daha da zənginləşməsinə öz töhfələrini
vermiş, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinin
tərkib hissəsinə çevrilmişlər.
Bu gün Azərbaycanda əhalinin böyük əksəriyyətini
təşkil edən Azərbaycan türkləri ilə
yanaşı tatlar, dağ yəhudiləri, udilər, saxurlar,
xınalıqlar, buduqlar, qrızlar, ingiloylar kimi bir sıra
etnoslar yaşamaqdadır. Qeyd etmək
lazımdır ki, Azərbaycanın Quba bölgəsində,
Şahdağın qoynunda məskunlaşdıqlarına
görə tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ etnik
qrupları” və ya “Şahdağ xalqları” kimi
qruplaşdırılan xınalıqlar, qrızlar, buduqlar
kompakt olaraq yalnız Azərbaycanda yaşayırlar və
dünyanın etnik xəritəsində yalnız bu ölkədə
qeydə alınmış nadir etnoslardandır.
“Şahdağ
xalqlarının”, həmçinin udilərin və
ingiloyların mənşəyi ilə bağlı aparılan
araşdırmalar bu etnosların Azərbaycanın qədim
dövləti olan Qafqaz Albaniyasında məskunlaşan, Azərbaycanın,
həmçinin Qafqazın antik və orta əsr mədəniyyətinin
əsas yaradıcılarından sayılan alban tayfalarından
olduqlarını söyləməyə əsas verir. Etnik tərkibinə
görə rəngarəng olan Qafqaz Albaniyasında Azərbaycan
xalqının etnogenezində mühüm rol oynamış
uti, qarqar, hun, udi, kaspi, qel, hər, qat kimi bir çox tayfalar,
Strabonun da qeyd etdiyi kimi, alban tayfa ittifaqında birləşmişdilər
(Strabon, Coğrafiya, XI kitab, IV fəsil). Bu gün Azərbaycanda
yaşayan udilər, ingiloylar, o cümlədən
xınalıqlar, qrızlar, buduqlar kimi etnoslar kök etibarilə
Azərbaycanın alban mənşəli tayfaları olaraq udi,
qel, hər, qat kimi qədim alban tayfalarının varisləridir.
Şahdağın
ətəklərinə yayılmış Qrız, Buduq kəndləri,
xüsusilə də, Şahdağın ən yüksək
zirvəsində, dəniz səviyyəsindən 2350 metr
yüksəklikdə yerləşən Xınalıq kəndi
dağların arasında bəşər sivilizasiyasının
dağıdıcı qüvvəsindən qoruna bilmiş
canlı tarixdir. Azərbaycan tarixində
özünəməxsus izləri olan olan xınalıqlar,
qrızlar, buduqlar müstəqil etnik qruplar kimi öz kəndlərinin
adı ilə tanınsalar da, bu etnosların etnik
özünüadlandırmasında qədim alban etnonimləri
özünü büruzə verir. Tədqiqatlar nəticəsində
məlum olub ki, xınalıqlar, buduqlar, qrızlar erkən
orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb
sərhədlərində bir-birinin qonşuluğunda, Şəki,
Kambisena kimi vilayətlərin yaxınlığında yerləşən
Xeni, Hereti, Bed mahallarında məskun olmuşlar (7, s.40-41). Bu etnoslar VI-VIII əsrlər boyu davam edən
İran, xəzər, nəhayət, ərəb
istilalarından qorunmaq üçün Tufan dağını
aşaraq hazırda yaşadıqları Şahdağ ətəyindəki
kəndləri salmışlar. Xınalıqlar
və hapıtlar arasında dolaşan əfsanələrdə
də onların əcdadlarının Tufan dağının o
tayındakı Xeni və Hərnə şəhərlərindən
gəldikləri söylənir. Əhalinin
“Tufan dağının o tayı” adlandırdığı ərazi
müasir Azərbaycan Respublikasının Şəki-Zaqatala
bölgəsi ilə, yəni yuxarıda adı çəkilən
alban mahallarının yerləşdiyi ərazilərlə
üst-üstə düşür.
Azərbaycanın alban köklü tayfalarından biri də
hazırda kompakt şəkildə Qəbələ rayonunun Nic
kəndində və Oğuz rayonunda yaşayan udilərdir. Udi etnoniminə
antik müəlliflərdən Herodot, Strabon, Plini və
Ptolomeyin əsərlərində rast gəlinir. Alban tarixçisi Ìusa
Kalankatlının “Alban tarixi” əsərində (I kitab,
4-cü fəsil) udilər haqda daha ətraflı məlumat
verilir.
Qel tayfalarının varisləri sayılan ingiloylar isə
Azərbaycanın şimal-qərb bölgəsinin Qax, Zaqatala,
Balakən rayonlarında məskunlaşıblar. Qellərin
tarixən yaşadığı yer Qafqaz Albaniyasının
Hereti vilayəti olub. XIX əsr müəllifləri
də Heretinin ingiloyların əcdadlarının
yaşadığı qədim Albaniya vilayəti olduğunu
qeyd edirdilər. XVII əsrin II yarısından etibarən
qellər kütləvi şəkildə müsəlmanlığı
qəbul etdiklərindən Azərbaycanın şimal-qərb
bölgəsinin əhalisi tərəfindən “yengi qeloylar”, yəni
yeni yolu – müsəlmanlığı qəbul etmiş
qeloylar adlandırılmağa başlamışdılar. “Qel” və ya “qeloy” etnonimi tədricən fonetik dəyişikliyə
uğrayaraq “yengiloy”-“ingiloy” şəklinə
düşmüşdür. Azərbaycanın
şimal-qərb bölgəsində yaşayan əhali
ingiloyları indi də çox zaman elə keçmiş
etnik adları ilə “qeli” və ya “qeloy” adlandırır.
Çar Rusiyasının bu bölgədə
yeritdiyi milli müstəmləkə və dini parçalama
siyasəti nəticəsində hazırda ingiloyların bir
qismi xristian, bir qismi isə müsəlmandır.
Azərbaycanlıların mənəvi irsini təşkil
edən alban mədəniyyəti və etnosu müəyyən
transformasiyaya uğrasa da, bu mədəniyyətin bir sıra zəngin
və qədim ənənələri günümüzədək
qorunub saxlanmışdır. Həm yazılı qaynaqlar, həm
də arxeoloji və tarixi-etnoqrafik araşdırmalar qədim
alban åtnoslarının
təbiət qüvvələrinə, Göyə, Aya, Günəşə
sitayiş etdiyini və bu inanclar sistemini xristianlıq, islam ideologiyalarının tərkibində də
yaşatdığını təsdiqləyir. Xristianlığın
Qafqaz Albaniyasında çox erkən dövrlərdən
yayılmasına baxmayaraq, alban tarixçisi Musa
Kalankatlının da yazdığı kimi, VII əsrdə belə
yerli əhali arasında qədim ilahilərə sitayiş edənlər
vardı (Alban tarixi, I, 14). Alban tanrılarını yunan
adları ilə tanıdan Strabon xristianlığın qəbuluna
qədər albanların Helios (Günəş), Zevs (Yerin və
Göyün tanrısı) və Seleneya (Ay), xüsusilə
İberiya yaxınlığındakı Selenaya sitayiş
etdiklərini yazırdı (Strabon, Coğrafiya, XI kitab,
4-cü fəsil). Ölkəmizin digər
bölgələrinə nisbətən aya, xüsusilə də
təzə aya sitayişin izlərinə daha çox rast gəlinir.
Azərbaycanın şimal-qərb bölgəsində
rast gəlinir.
Strabonun qeyd etdiyinə görə, Ay məbədinin
yerləşdiyi bu bölgədə qoruyucu vasitə kimi
uşaqların boynuna xüsusi ayinlə hazırlanan aypara
medalyonu taxılması ənənəsi mövcud olub.
Belə medalyon yalnız Ay tutulanda dəyirmi metal
parçasını qövsvari formada kəsməklə
hazırlanar, bu zaman şər qüvvələri qorxutmaq
üçün mis qab döyəclənərdi. Udilər Aya
qurban kəsər, həyat, artım simvolu kimi sonsuz
qadını təzə ayın işığında axar sudan keçirər, təzə aydan uzun
ömür diləyərdilər. Azərbaycanın bir
çox bölgəsində rast gəlinən bu ənənə
hazırda islam ideologiyası ilə
qaynayıb-qarışmışdır: təzə ayı
görən zaman yaşlı insanlar islam adətilə salavat
çevirərlər.
Daşkəsən,
Şəmkir, Naxçıvan, Şəki bölgələrindəki
arxeoloji abidələrdən aypara və günəş
fiqurlu qəbir örtüklərinin aşkar edilməsi Azərbaycanda
Ay, Günəş kultu ilə bağlı qədim
inamların hələ e.ə. III minillikdə mövcud
olduğunu təsdiqləyir. Strabonun Ay kimi
öləndən sonra yenidən doğulacağına inanan
yaşlı insanların təzə ayın şərəfinə
bütün gecə şənlik etməsi barədə verdiyi
məlumat qədim Azərbaycan əhalisinin dəfn mərasimlərində
özünəməxsus yer tutan aypara nişanının
mahiyyətini anlamağa imkan verir (Coğrafiya, III, 4). Təbiətin
ölüb yenidən canlanması, Günəşin, Ayın
batması və doğması kimi insanların da ölümdən
sonra yeni bir həyata başlayacağına inancın izlərini
Azərbaycandakı yas mərasimlərində yayqın olan “Ay
kimi doğdun, gün kimi batdın…” ağısında da
görmək olur.
Alban mədəniyyəti üçün səciyyəvi
olan astral inamlar, təbiət qüvvələri ilə
bağlı müəyyən simvolik işarələr
Xınalıq, Qrız kəndlərindəki qədim qəbir
abidələrində bu günədək qorunur. Bu qədim alban
tayfalarının astral təsəvvürləri sonralar islam ideologiyasının təsiri ilə daha da
təkmilləşərək tədricən islami dəyər
qazanmışdır.
Xınalıq
kəndində ən qədim qəbiristanlığında
aşkar etdilmiş bir başdaşının üzərindəki
təsvirdə inanc sistemlərinin belə sinkretizmini görmək
mümkündür: qəbirüstü abidədə aypara
simvolu, ərəb yazıları, eləcə də, alban
başdaşları üçün xarakterik olan nəbati və
zoomorf təsvirlər bir aradadır. Bu
başdaşında həyat ağacını qoruyan iki
quş, daşın yuxarı hissəsində su qabı, aypara
simvolundan başqa, daşın yan tərəfində
yuxarı qalxan həyat ağacı təsvir edilmişdir.
Göründüyü kimi, həyat
ağacı ilə bağlı çox qədim kökləri
olan ənənələrin, mifik dünyagörüşlərin
izlərini daşıyan bu süjet klassik ideologiyaların da tərkibində
yaşamağa davam etmişdir. Xınalıq,
Qrız kəndlərindəki qədim qəbiristanlıqlarda
Qafqaz albanlarının ta qədimdən riayət etdikləri
adətə görə ucaldılmış adsız qəbir
daşları da var.
Tədqiqata cəlb etdiyimiz qədim alban tayfalarında
Günəş kultunun izləri özünü daha çox
büruzə verir. Ümumiyyətlə, azərbaycanlılar
səma cisimləri içərisində Günəşi daha
müqəddəs hesab edir, hətta günə and içirlər.
Udilər Günəşin şərəfinə
bazar gününü qədim astroloji təqvimlərdə
olduğu kimi “Günəş günü” adlandıraraq həmin
gün ailəlikcə günəşin doğmasını
seyr edərlər. XIX əsrdə burada
günəşlə bağlı ovsun ayini keçirildiyi məlumdur.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 25 avqust.-
S.13.