Azərbaycanda yaşayan
yəhudilər
Yəhudilər bu gün dünyanın demək olar,
bütün ölkələrində yaşayırlar. 1948-ci ildən
yəhudi dövləti - İsrail mövcuddur. Ənənəvi dini iudaizmdir. Yəhudilərin
çoxu yaşadıqları ölkənin dilində
danışırlar. İsraildə isə
rəsmi dövlət dili XIX əsrdə danışıq
dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi
dilləri var. Onlardan ən çoxsaylısı alman dil
qrupuna daxil olan idişdir. Qədim
özünü adlandırma bney-İsrael — İakov
İsrailin oğulları, ulu baba İakov İsrailin nəslidir.
İlk əvvəl yəhudi adı İuda nəslinə
deyilirdi. Sonradan İuda
çarlığında tayfasından asılı olmayaraq
yaşayan hər kəsə deyildi. İuda
çarlığı süquta uğradıqdan sonra yəhudi
adı spesifik əhəmiyyətini itirdi və milli-dini
bağlılığı göstərdi. Yəhudiliyin əlamətlərini müəyyənləşdirən
ən qədim mənbə yəhudi hüququ olan Qalaxadır.
O qanun Talmudun qərarları əsasında yaranıb. Qalaxa görə, "yəhudi o adamdır ki,
anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi
adlanıb (qiyur)".
Yəhudu diasporları tədricən
ardıcıllıqla bir neçə əsas mərkəz
şəklində formalaşıblar. Edot adlanan etnik yəhudilər dil və
məişət cəhətcə fərqləniblər:
• Bavli (Mesopotamiya, Cənubi
Qafqaz) — V-XI əsrlər;
• Sefardlar (Pireney
yarımadası) — b.ə. əvvəli - 1492;
• Aşkenazlar (Mərkəzi
Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası.
İkinci Dünya müharibəsi ərəfəsində
və dövründə altı milyona qədər yəhüdi
öldürülüb (Holokost).
Ən
böyük yəhudi icmaları (60 min nəfərdən
çox) aşağıdakı ölkələrdədir:
ABŞ — 5,2 — 5,5 mln. nəfər
(keçmiş SSRİ-dən təqribən 400 min); İsrail
— 5,394 mln. nəfər (2008-ci il; keçmiş SSRİ-dən
təqribən 1,120 mln. nəfər); Fransa; Argentina; Kanada;
Böyük Britaniya; Almaniya; Rusiya; Avstraliya; CAR; Braziliya.
Mütəşəkkil yəhudi icmaları
dünyanın 110 ölkəsində var. Azərbaycanda
üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi
yəhudiləri və gürcü yəhudiləri icmaları
mövcuddur. Dağ yəhudiləri hazırda ölkədəki
bütün yəhudi diasporu arasında çoxluq təşkil
edir. Onların dili tat dilidir, lakin nitqlərində
çoxlu türk, fars və rus sözləri
var.
Dini əqidələrinə görə, dağ yəhudiləri
rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu
və ravvin rəvayətlərini də dinin əsas mənbələri
sırasında götürürdülər. Dağ yəhudiləri əqidə məsələlərində
əşkinazi yəhudilərlə müqayisədə daha
ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı
yəhudilər XVIII əsrdən etibarən Polşa və
Ukrayna yəhudiləri arasında özünü göstərən
xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən
uzaqdırlar.
Bakıda,
Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə
sinaqoqu fəaliyyət göstərir. Qubadakı
Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında
dağ yəhudilərinin kompakt yaşadıqları yeganə
yerdir. Avanın 9-da - matəm orucu
günü dünyanın hər yerindən dağ yəhudiləri
buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər,
yaxınlarının qəbirlərini ziyarət etsinlər.
Qəsəbədə üç sinaqoq və
ayinçilik məqsədilə tikilmiş mikva var.
Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən
orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri
icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin
maliyyə yardımı ilə gürcü yəhudilərinin
sinaqoqu bərpa edilib. Azərbaycan müstəqillik əldə
etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb,
beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini
möhkəmlədib, öz dini məktəblərini -
iyeşivalarını, mədəniyyət mərkəzlərini
(məs., Yəhudi icmasının mədəniyyət mərkəzi),
cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti,
Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs.,
Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini
(məs., Az-İz, Başnya, Amişav) yaradıblar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi
komitələri Azərbaycandakı yəhudi diasporu
arasında yəhudi ənənələrini qoruyub saxlamaq,
sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət
tədbirləri keçirməklə məşğuldur.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi
sinaqoqu açılıb. Bu, Avropada ən
böyük sinaqoqdur. 2003-cü ilin
sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət
göstərir.
Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri
ilə təmsil olunub. Moisey Kalankatuklu dağ yəhudilərinin
Qafqaza gəlişini e.ə. I əsrə
aid edir. Tədqiqatçıların bu barədə
fikirləri fərqlidir. Onlar sənətkarlıq, ticarət,
həkimlik, müəllimlik və s. bu kimi sahələrdə
çalışmışlar. Müstəqilliyimizin
bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli
azlıqların, o cümlədən yəhudilərinin həyatında
yeni mərhələ başlayıb. Milli
azlıqların hüquq və azadlıqlarının
qorunmasına, onların mədəniyyətinin, dilinin
inkişafına dövlət səviyyəsində dəstək
verilməsi yəhudi icmaları qarşısında yeni
imkanlar açıb. İcmalar dövlət
qeydiyyatından keçərək sərbəst fəaliyyət
göstərir, yeni dini ibadət yerləri, sinaqoqlar tikir, milli
mərasim və bayramlarını qeyd edirlər. Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və
Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət
göstərir. Onlardan 6-sı Dağ yəhudilərinə,
1-i isə Avropa və Gürcüstan yəhudilərinə
aiddir.
Quba
rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı
“Qırmızı Qəsəbə”də yəhudi
uşaqları üçün “Şmirat a-Şem” adlı
kollec açılıb. Burada yəhudi milli adət
və ənənələrini tədris edən israilli müəllimlər
çalışırlar. 2010-cu ilin oktyabr ayında isə
bu qəsəbədə Dağ yəhudiləri dini
icmasına məxsus 200 il yaşı olan
sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib.
Azərbaycandakı fəaliyyət göstərən
“Gürcüstan yəhudiləri” isə əski zamanlardan
Gürcüstan ərazisində məskunlaşan yəhudi
diasporunun nümayəndələridir. Sonrakı
dövrlərdə onların bir hissəsi Azərbaycana
köçüb və əsasən Bakı şəhərində
məskunlaşıblar.
Gürcüstan yəhudiləri öz milli-dini
bayramlarını maneəsiz qeyd edir, yəhudi uşaqları
bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşları
kimi təhsil alırlar. Ölkəmizdə Holokost günü, yəni
yəhudilərin II Dünya müharibəsi zamanı
faşizm rejimi tərəfindən soyqırımına məruz
qalması günü də qeyd olunur. Digər
yəhudi icması olan Avropa yəhudilərinin (aşkenazilərin)
Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci
yarısında Bakıda neft sənayesinin yüksək
inkişafı dövrünə təsadüf edir.
Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində
memarlar, müəllimlər, həkimlər, vəkillər və
s. ixtisas nümayəndələri var idi.
1897-cı ildə Bakıda təqribən 2500-ə
yaxın yəhudi yaşayırdı və onların əksəriyyəti
Avropa yəhudiləri idilər. 1913-cü ildə isə bu say təqribən on minə
çatırdı. Digər yəhudi
icmalarında olduğu kimi, 1910-cu ildə Bakıda da sinaqoq
inşa edilmiş, bu yer Avropa yəhudilərinin nəinki ibadət
yerinə, eyni zamanda təlim-tədris ocağına
çevrilmişdi. Şəhərdə “iyeşiva”
adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət
göstərirdi ki, bu tədris ocaqlarında “Tövrat”,
“Talmud” və “Mişna” kimi müqəddəs kitabları
öyrədilirdi. Yəhudi qızları
üçün də xüsusi gimnaziya və məktəblər
açılmışdı. Bu gün də
Azərbaycan Respublikasında aşkinazilər digər yəhudilərlə
birgə, antisemitizmdən uzaq bir mühitdə
yaşayırlar.
Hazırda Azərbaycan Respublikasında yaşayan yəhudilərin
çoxu respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında
aktiv fəaliyyət göstərirlər. Bakıda tanınmış
yəhudilərin - Nobel mükafatı laureatı, fizik Lev
Landaunun, respublikanın əməkdar həkimi Solomon
Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı
Albert Aqarunovun və başqalarının
yaşadıqları binalarda memorial lövhələr
mövcuddur.
Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində qeydiyyatdan keçmiş yəhudi dini
icmaları bunlardır: Avropa Yəhudilərinin Bakı dini
icması, Bakı şəhəri Dağ Yəhudiləri dini
icması, Gürcüstan Yəhudilərinin Bakı dini
icması, Sumqayıt Yəhudiləri dini icması, Quba rayonu
Qırmızı qəsəbə Dağ Yəhudiləri dini
icması, Azərbaycan Yəhudiləri dini icması, Oğuz
şəhəri Yəhudi dini icması, Bakı şəhəri
“Yerusəlimin işığı” yəhudi dini icması.
Yəhudi icmaları Azərbaycan Respublikasının ən
fəal dini icmalarından sayılırlar. Respublikada Azərbaycan-İsrail
Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və
“Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması
və mühafizəsi ilə məşğul olan komitələr,
dini məktəblər - iyeşivalar, yəhudi
icmalarının mədəniyyət mərkəzləri,
“Yeva” adlı qadın cəmiyyəti və digər
qeyri-hökumət təşkilatları fəaliyyət
göstərir. Bundan başqa Bakı Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində
ivrit dili tədris edilir.
1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr
cəmiyyəti təsis edilib, bu cəmiyyət “Az-İz”
abreviaturalı qəzet nəşr etməyə
başlayıb. 1992-ci ildən isə Azərbaycan
Respublikası və İsrail dövləti arasında
diplomatik əlaqələr qurulub. Dini ibadətlərin
yüksək səviyyədə yerinə yetirilməsi
üçün Avropa yəhudilərinə bütün
lazımi şərait yaradılıb.
Siyasi elmlər
üzrə fəlsəfə doktoru Zaur Əliyev yəhudilərin
başqa ölkələrdə tarixən kompakt yaşamaq,
inanc, dil və mədəniyyətlərini inkişaf etdirmək
səylərini təhlil edərək yazır: “...Hər dəfə
dünyadakı ayrı-ayrı millətlərin diasporlarından
danışanda ilk olaraq diqqəti güclü yəhudi
diasporu cəlb edir. Biz bu millətin keçdiyi
yola baxsaq, onların yeni dünya nizamında güclü olma səbəbinə
qismən də olsa cavab tapa bilərik. Dünyanın
bütün bölgələrində əsrlərdən bəri
formalaşan yəhudi diasporunu digərlərindən
güclü və nüfuzlu edən cəhətlər bu
günün özündə də tam açılmayıb.
Bir çox tədqiqatçılar isə
ümumilikdə diaspor termininin yəhudilərə şamil
olunmasına qarşı çıxaraq, bu "sirli millət"in
milli xüsusiyyətlərinin diaspora anlayışı ilə
üst-üstə düşmədiyini əsas kimi göstərirlər.
"Tarixi formalaşma prosesi və müasir
durumu maraqlı, cəlbedici və sirli məqamlarla dolu olan yəhudi
diasporunu güclü edən səbəblər
hansılardır?" sualına hələ də
bütöv şəkildə cavab vermək
qeyri-mümkündür. Yəhudilərin
milli-mənəvi xüsusiyyətləri dünyanın digər
xalqları üçün açılmaz bir müəmma
kimi qalır. Bir millət barədə
dünyanın müxtəlif bölgələrində
çoxsaylı və bir-birindən fərqli fikirlər
formalaşıb”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 27 avqust.-
S.13.