Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı

 

I yazı

 

Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olub. İki əsrə yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməyib. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir ədəbiyyat yaranıb. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli ziyalıların məktublaşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki tayda yaşayan azərbaycanlıların Vətənin birliyi, bütövlüyü inamını gücləndirib, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə ünsiyyətin böyük təsiri olub.

XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi. Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkib. 1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır. Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən «Molla Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə böyük rol oynayıb.

«Molla Nəsrəddin» jurnalı 1906-cı ildə capdan cıxan saylarından birində yazırdi ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu, indi də İran mutləqiyyəti Güney Azərbaycanın başına gətirməkdədir. İrandakı panfarsist quvvələr Güney Azərbaycan xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar; ana dilində mətbuat və ədəbiyyat nəşri qadağan edilib. «Tehran hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərəcədə qadağan tutub ki, bu sətirləri cızmaqaralayanın gözünün qabağında Təbriz şəhərində həftənin bu baş – o baş kitab mağazalarında saxta axtarışlar meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla» («Molla Nəsrəddin» ¹ 5, 1906). Jurnal uzaqgörənlikllə elə bir gündən xəbər verirdi ki, o gün İran azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və taxtı cumhuriyyət üsul-idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim azərbaycan-türk dilimiz var…» («Molla Nəsrəddin» ¹ 19, 1925).

«Molla Nəsrəddin» jurnalının 1925-ci ildə Güney Azərbaycanın xoş gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata keçdi. Həmin il Güney Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi. 1978-1979-cu illər İran İnqilabından sonra bu məsələ yenə də gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu. Ancaq təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Güney Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Ancaq bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Güneydə yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm olmadı.

1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mədəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqanlarının, «Varlıq» istisna olmaqla hamısı bağlandı. 20 illik bir zaman ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin adı ilə ayrılmaz surətdə bağlı olub. Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti var.

Misirin Qahirə şəhərində çap olunan «Hikmət» və «Kamal» qəzetləri 1799-cu ildən Azərbaycanı idarə edən Fətəli şah Qacarın oğlu vəliəhd Abbas Mirzə özünü istedadlı sərkərdə, elmə, sənətə yüksək qiymət verən şəxsiyyət kimi tanıda bilmişdi. Abbas Mirzə bilirdi ki, ölkəsinin geri qalmasının səbəblərindən biri hərbi məğlubiyyətlər üzündəndirsə, digər səbəbi iqtisadi və mədəni geriliklə bağlıdır. O dövrdə fransalı şərqşünas, yazıçı, Bonopart Napoleonun mütərcimi Jan Gevr İranda olarkən Təbrizdə şahzadə Abbas Mirzə ilə də görüşür. Vəliəhdin görüş zamanı ona verdiyi ilk suallardan biri Avropanın inkişaf və tərəqqiyə necə nail olması ilə bağlı olur. Abbas Mirzə verdiyi suala özünün gəlmiş olduğu nəticəyə uyğun cavab alır; hər kəs öz millətinin tərəqqisini istəsə bunu elmi bilikləri ölkəyə tətbiq etmək yolu ilə tapa bilər.

Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başladı. İran-Rus müharibələrində İran ordusunun müasir texnikadan geriliyi üzə çıxmışdı. Abbas Mirzə qonşu Türkiyədə aparılan islahatlardan təsirlənərək Azərbaycanda bir nizamlı ordu yaratmağa səy göstərdi. Yeni ordu hərəkət edən top və yeni silahlarla təhciz edilmiş, hərbi elmə və təlimə yiyələnmək üçün Avropadan zabitlər dəvət edilmişdi. Təbrizdə silah və top istehsalı zavodu qurulmuş, hərbi və texniki kitabları çevirmək üçün tərcümə idarəsi təşkil edilmişdi. Uğurla nəticələnən bu islahatlar tək Güney Azərbaycanda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) və Təbrizdə ilk nizamlı hərbi alayların yaranması ilə tarixə daxil oldu. O dövrdən etibarən Təbriz İranın mədəni və iqtisadi mərkəzinə çevrildi. Təbrizdə bir çox ölkələrin konsulluğu açıldı.

Abbas Mirzənin təşəbbüsü ilə 1809-cu ildən etibarən, Avropada təhsil almaq və orada elm və texnikanın yeniliklərinə yiyələnmək və yeni yaradılan qurumların kadr baxımından təminatı üçün tələbələr göndərildi. 1815-ci ildə onların sayı 7-yə çatmışdı. Avropadan mütəxəssis kimi geri qayıdan bu gənclər, sonralar İran və Cənubi Azərbaycanda elm, maarif və mətbuatın inkişafında xidmət göstərib, ilk mətbəələrin, kitab çapı, qəzet nəşri, dünyəvi məktəblərin və s. əsasını qoydular. 1812-ci ildə Abbas Mirzənin göstərişi ilə Təbrizə ilk çap maşınları gətirildi. Moskva və Peterburqda çap işinə yiyələnən Mirzə Cəfər və Mirzə Əsədulla Təbrizə geri dönərkən çap maşınının avadanlıqlarını da özləri ilə gətirərək, Abbas Mirzənin Avropadan gətirdiyi çap dəzgahlarında işə başladılar. 1825-ci ildən etibərən Təbrizdə mətbəələr işə düşdü. İngilis şərqşünası E.Braun yazırdı ki, Təbriz İranda çap maşınının işə salındığı ilk şəhər olduğundan, sonralar bütün ölkədə qurulan mətbəələr basmaxana, oranın işçiləri isə basmaçı adlanırdı. Basma – türk mənşəli söz olub, çap mənasında işlədilir. Basmaxana – çapxana, basmaçı isə orada çalışan işçi – çapçı mənasındadır. Bütün bunlar mətbəənin və çap sənətinin əsasını Azərbaycanda qoyulduğundan xəbər verirdi.

1825-ci ildə Təbrizdə «Basmaxane-dər-əl-səltəne» adlı mətbəədə Quran litoqrafiya üsulu ilə çap olundu. Kitab məşhur xəttat Mirzə Hüseynin işlədiyi nüsxə əsasında basılmışdı. İlk nəşr olunmuş kitablar sırasına «Fətəli şahın hakimiyyəti illərinin tarixi», Əbdülrəzzaq Dünbülinin Qacarlara həsr etdiyi kitab, həmçinin hüquq, hərb sənəti və təbabətlə bağlı digər kitablar daxil idi. Artıq 1820-30-cu illərdə tək Təbriz deyil, Urmiyyə, Ərdəbil, Qəzvin, Xoy şəhərlərində bir neçə mətbəə mövcud idi. O dövrdə bütün İranda çap işi Azərbaycan mətbəələrində yerinə yetirilirdi. Tehranda ilk mətbəələrdən birini Xoylu Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar xarici ölkələrdə diplomat kimi çalışmış, İranda ilk rəsmi mətbu orqan olan «Ruznameye-vaqaiye-ittifaqiyə»nin redaktoru olmuşdu. Rəsmi nəşrlər üçün Avropa qəzetlərindən tərəqqi ilə bağlı yazıları tərcümə edib. «Bütün İranda ilk publisist və nəşriyyatçılardan olmuşdu». Abbas Mirzənin İranda apardığı islahatları, sonralar Əbülqasım Qayım-Məqam və Tağı xan Fərəhani davam etdirirlər.

Mirzə Tağı Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829-1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdi. Mirzə Tağı baş nazir olduğu illərdə (o artıq Əmir Kəbir ləğəbi daşıyırdı - P.M.) yeni elmlərə aid müxtəlif kitabların çap olunub, yayılmasına böyük rəğbət göstərmiş, bir çox kitablar onun fərmanı ilə yazılıb çap edilmişdi. Bu kitabların içərisində vaxtilə vəliəhd Abbas Mirzənin sərəncamı ilə tərcümə edilib və 1846-1847-ci illərdə çap olunmuş «Böyük Pyotrun tarixi» (1846), «XII Karl» (1847), «Böyük İskəndər» kitabları kimi tarixi kitablar, Sədinin «Gülüstan»ı, Firdovsinin «Şahnamə»si, Xosrov Nasirinin «Divan»ı kimi Şərq poeziyası nümunələri var idi. Dahi Azərbaycan şairi M.Füzulinin «Divan»ı ilk dəfə 1850-ci ildə Təbrizdə nəşr olunur. Bundan başqa 1852-ci ildə XIX əsr Azərbaycan şairi Nəbatinin, 1855-ci ildə XVI əsrin məşhur din xadimi Ə.F.Ərdəbilinin yazdığı «Əqideyi-İslam» adlı dini-tarixi əsərinin çap olunması ilə Azərbaycan dilində nəşr olunan kitabların əsası qoyulur.

 

 

Pərvanə Məmmədli

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 30 avqust.- S.14.