Güney Azərbaycanda mətbuatın
yaranması və inkişafı
II
yazı
Artıq XIX əsrin II yarısında Azərbaycanda
çoxlu çapxanalar mövcud olmasına baxmayaraq, onlar
Avropa ölkələrindəki mətbəələrdən
texniki baxımdan çox geri qalırdı. Əl əməyi
ilə işləyən litoqrafiya çapxanalarının
çoxunun avadanlığı köhnəlmişdi. Çap dəzgahlarında çap olunan məhsulun
tirajı yüksək olanda (adətən tiraj 500-600-dən
çox olmurdu) onun keyfiyyəti çox pis olurdu, mətn
çətin oxunurdu. 1871-ci ildə Nəsrəddin
şahın göstərişi ilə İranda çap və
tərcümə işlərini mərkəzləşdirən
«Mətbuat və tərcümə evi» yaradılır. Oraya onun təşəbbüskarı Məhəmmədhəsən
xan rəhbərlik etməyə başlayır. Artıq 70-ci illərin sonu 80-ci illərin əvvəllərində,
İranda və Azərbaycanda kitab çapının yeni mərhələsi
başlanır. Nəşriyyat işində,
istər kitabların, istərsə də mətbuat nümunələrinin,
həm texniki cəhətdən, həm də məzmun
baxımından keyfiyyəti dəyişib, müasir
dövrün tələblərinə
uyğunlaşırdı.
Bu dönüşü doğuran amillər, yaranmaqda olan
burjuaziya ziyalılarının maarifçi fəaliyyətlərinin
qüvvətlənməsi, habelə Qərblə, ilk növbədə
Rusiya ilə mədəni əlaqələrin genişlənməsi
idi. Sovet dövrünün tədqiqatçıları
Qacarlar barəsində yazdıqları əsərlərdə
bu sülaləyə məxsus hökmdarların İranı
viran qoymuş bir müstəbid, Azərbaycanı da zorla ələ
keçirmiş bir işğalçı kimi təqdim edirdilər.
«Qacarın Azərbaycanı işğal edən bir şəxs
kimi qələmə verilməsi, habelə parçalanaraq
daxili feodal müharibələri məngənəsində
boğulan bir məmləkətdə, Azərbaycan Səfəvi
dövlətini, yenidən dirçəldib onun tarixi sərhədləri
daxilində inkişafına nail olmaq istəyən bir azərbaycanlı
sərkərdəsinə işğalçı
damğası vurmaq ən azı ədalətsizlik idi».
Maraqlıdır ki, müasir tədqiqatçılar
Qacarları İran dövlətçiliyinin, dirçəldilməsi
və inkişaf etdirilməsində oynadığı tarixi
rol mövqeyindən yanaşıb, araşdırırlar. XIX əsrin
80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi
başlandı. Ölkədə
ziyalıların maarifçi fəaliyyətləri və
Avropa ilə əlaqələrin qurulması nəticəsində
bir çox sahələrə mütəxəssis kadrlar
hazırlamaq üçün elmi biliklər tədris edən
kitabların tərcüməsinə və nəşrinə
böyük ehtiyac vardı. O dövrdə tərcümə
və nəşriyyat naziri Məhəmmədhəsən xan
Etimadülsəltənənin bu sahədə böyük xidmətləri
olmuşdu.
Müqəddəm Məhəmmədhəsən xan
Etimadülsəltənə dövrünün mütərəqqi
şəxsiyyətlərindən idi. İctimai xadim
adını qazanmış Məhəmmədhəsən xan
tarixçi-alim idi. Qacarların rəsmi
tarixçisi olmuş, sonralar mətbuat və çap işləri
naziri təyin olunmuşdu. O, İranda və Güney Azərbaycanda
maarifin, o cümlədən elmin, kitab çapı və qəzet
nəşrinin inkişafında əvəzsiz xidmətlər
göstərmişdi. Layiqli qiymətini almamış,
xalqı tərəfindən az
tanınmış istedadlı, cəfakeş ziyalı Məhəmmədhəsən
xan haqqında daha ətraflı məlumat vermək yəqin
ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan Cənubi Azərbaycanın
qədim və sənət ocaqlarından olan Marağa şəhərində
əsl-nəcabətli ziyalı ailəsində
doğulmuşdu. Gənc yaşlarında orduda xidmət
etmiş, sonra sarayda diplomat kimi
çalışmışdı. Məhəmmədhəsən
xan Müqəddəm Tehran darülfünunun ilk məzunlarından
olmuş, istedadlı tələbə kimi ən yüksək
ödülə layiq görülmüşdü. 1863-67-ci illərdə Fransada təhsilini davam etdirməklə
yanaşı, İran səfirliyində attaşe kimi
çalışmışdı. Məhəmmədhəsən
xan bir çox Şərq və Avropa dillərini yaxşı
bildiyi üçün uzun illər Nəsrəddin şah
Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə
və nəşriyyat naziri olmuşdu. Məhəmmədhəsən
xan əvvəl «Sani-əd-daulə» (Dövlət sənətkarı),sonralar «Etimad-ül-səltənə»
(Sultanın etimadı) ləqəblərini daşıyır.
1871-ci ildə Nəsrəddin şah Qacarın
göstərişi ilə İranda çap və tərcümə
işlərini mərkəzləşdirən (Darültəba
və Darültərcümə) – Mətbuat və Tərcümə
evinin əsası qoyulur və bu elmi müəssisəyə Məhəmmədhəsən
xan rəhbərlik etməyə başlayır. Onun
başçılığı ilə çalışan
bütöv bir işçi heyəti elmi nəşriyyat
işləri ilə məşğul olur, dövlət qəzetlərini,
rəsmi sənəd və fərmanları çap edirdi.«Darültərcümədə Avropa dillərindən
hərbi və diplomatik işə aid kitablar, coğrafiya,
kimya, fizika, tarixə dair dərsliklər tərcümə
olunurdu. İranda Avropa mədəniyyətinin
yayılmasında bu idarənin rolu çox böyük idi».
Məhəmmədhəsən xan Qacarların tarixinə,
ictimai elmlərə, həmçinin İranın, eləcə
də Azərbaycanın tarixi və coğrafiyasına aid
30-dan artıq kitabın müəllifidir. Avropa ədəbiyyatından
etdiyi tərcümə kitablarının sayı 10-u
keçir. Məhəmmədhəsən
xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edir,
bir çoxunun redaktoru olur. Onlar
aşağıdakılardır:
1.
«Ruznameye milli».
2.
«Ruznameye dövləti».
3.
«Ruznameye elmi».
4.
«İran».
5. «Mərrix».
6.
«Miratüs səfər».
7.
«Ruznameye orduye humayun».
8.
«Ettila».
9. «Şərəf».
Bu mətbu orqanlarının bir neçəsindən bəhs
etmək yerinə düşər. «Ruznameye milli» («Millət qəzeti»)
ilk nömrələrindən biri böyük mütəfəkkir
M.F.Axundovun ürək yanğısı ilə «xalqa və
millətə heç bir faydası olmayan qəzet
adlandırdığı «Millət qəzeti», sonralar Məhəmmədhəsən
xanın publisistik fəaliyyəti nəticəsində o
dövr üçün xarakterik darıxdırıcı,
quru materiallar çap edən orqandan, özünə
çoxlu oxucu toplayan bir qəzetə çevrilir. Artıq bu qəzetdə rəsmi saray xəbərləri
ilə yanaşı elmi və ədəbi xarakterli yazılar
görünməyə başlayır. «Ruznameyi-milləti»
1866-67-ci (1283 h.q.) ildən çap olunmağa
başlamışdı. Məhəmmədhəsən
xan 1871-ci ildən etibarən bu qəzetə nəzarət
edir. Bu orqanın cəmi 33 sayı
çıxmışdı. Qəzetdə
vaxtaşırı Məhəmmədhəsən xanın
klassik fransız ədəbiyyatından etdiyi tərcümələr
verilirdi. «Ruznameye elmi» («Elm qəzeti»)
1876-cı (1293 h.q.) ildən etibarən çap olunur. Redaktoru Məhəmmədhəsən xan idi. Həftədə 3 dəfə nəşr olunurdu.
1863-70-ci illərdə Elm naziri Əliqulu Mirzə
Qacarın rəhbərliyi ilə çıxan İranda ilk
elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliyyə-İran
qəzetinin bir növ davamı idi. Qəzetin
64 sayı işıq üzü görüb.
Qəzetdə
məhkəmə işləri, dövlətin tərəqqisi
ölkənin təhlükəsizliyini təmin etməyi
genişləndirmək və s. ilə bağlı yazılar
da olurdu. Bu səbəbdən də bu qəzet
daha çox İran liberallarının və nəşr
olunan başqa qəzetlərin tənqidinə məruz
qalırdı. İlk dövrlərdə
bu qəzetin müasir elmlərdən bəhs edən
şöbəsi də vardı. Səhifənin
aşağı hissəsində Məhəmmədhəsən
xanın qələm tərcüməsində «Kapitan Hatterin
macəraları» adlı bir rubrikası da vardı. Hər
iki qəzetdə məhkəmə xəbərləri,
rütbə və vəzifələrə təyin olunma və
çıxarılma, şah fərmanları, ov səfərləri,
dini məsələlər və s. və başqa dövlət
funksiyalarını əks etdirirdi. «Ruznameye
dövləti». («Dövlət qəzeti»)
1868-ci (1285 h.q.) ildən nəşr olunan bu qəzetdə
yerli, xarici informasiyaya və məhkəmə ilə
bağlı xəbərlərə geniş yer
ayrılırdı. Əldə olan 622-ci
sayının 1- ci səhifəsində bir çox rəsmi qəzetlərdə
olduğu kimi «Şir və günəş» təsviri var.
Məhəmmədhəsən xan fitnə-fəsadlara
baxmayaraq, mühüm məsələlərə
düzgün mövqeyini saxlamış, siyasi mübarizədə
iştirak edib.
Avropalılar Məhəmməd xanı o qədər
də sevmirdilər. Çünki, o,
bacardıqca onların əlində oyuncaq olmamışdı
və Qərbin Şərq ölkələrinə aid tədqiqatları
ilə o qədər razılaşmamışdı. Xarici inhisarın ölkədə fəaliyyətinə
etiraz ifadə edən Nəsrəddin şaha
yazdığı məktublarından birində çar
Rusiyası və İngiltərə kimi imperialist dövlətlərin
İran haqqında planlarını açmağa
çalışırdı. İranda ilk
rəsmi qəzet Mirzə Tağı xanın təşəbüsü
və Nəsrəddin şahın «İran xalqının mədəniyyətinin
inkişafı, daxili və xarici xəbərlərdən məlumatlandırılmasına»
göstərdiyi sayğı sayəsində 1851-ci ildə
işıq üzü görmüşdür. Cənubi Azərbaycanda teleqrafın təsis
olunması da həmin ilə təsadüf edir. Dövlət siyasətini təbliğ edən bu qəzet
«Ruznameyi-Vaqeyi-İttifaqiyyə» adlanırdı və
oradakı siyasi məqalələri Mirzə Tağı
Əmir Kəbir hazırlayırdı. Qəzetin
redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi.
İranda ilk qəzetlər Mətbuat Nazirliyinin nəzdində
olan xüsusi nəşriyyat idarəsi tərəfindən
hazırlanıb, məqalə və məlumatlar əsasında
tərtib olunurdu. Bu qəzetlərdə yenilik və həyati həqiqətlər
az əks olunduğundan, oxucuları da cəlb
edə bilmirdi. İranın tanınmış mətbuat tədqiqatçısı
M.Bərzini yazırdı: «Əhali çox nadir hallarda qəzet
alıb oxuyurdu. Ona görə də dövlət
onları rəsmi orqanlara göndərib, dövlət
qulluqçularına zorla abunə etdirirdi. Elə bu səbəbdən o zaman qəzetləri
zornamə (fars dilindəki «qəzet-ruznamə» sözünə
qarşılıq olaraq-P.M.) adlandırırdılar».
1858-ci ildə Təbrizdə «Azərbaycan» adlı ilk rəsmi
qəzet nəşr olundu. Bununla, Güney Azərbaycanda
dövrü mətbuatın əsası qoyuldu. «Əxbari-darülsəltəneyi-Azərbaycan» və
başqa adlar altında çıxan bu qəzetin səhifələrində,
o dövrün rəsmi qəzetlərinə xas olan saray xəbərləri,
şahın və vəliəhdin səyahət və səfəri
ilə bağlı məlumatlar, ölkə daxili və
xaricində baş verən hadisələrin qısa xülasəsi
verilirdi. Təbii ki, bu qəzet də digərləri
kimi texniki tərtib və məzmun baxımından çox zəif
olur, özünə oxucu toplaya bilmirdi.
Nəşr olunan qəzetlərdə ölkədəki
sosial-siyasi məsələlərə toxunmaq qadağan
edilmişdi. Hətta xarici mətbuatı tərcümə
zamanı, belə mövzulara toxunmaq olmazdı. Bəzən də tərcüməçiləri
sözü dəyişdirməyə vadar edirdilər. İranda qanun haqda fikir yalnız XIX əsrin sonunda
yaranmağa başlayır. Tanınmış
İran tədqiqatçısı Ə.Kəsrəvi
yazırdı ki, bu tarixə qədər iranlılar
arasında belə bir fikrin olması haqda heç bir məlumat
və xəbər yox idi. Tanınmış
alim «Zəkaülmülkü məcbur etmişdilər ki,
öz tərcümələrində, artıq qanun
adını çəkməsin. O da qanun əvəzinə
qayda kəlməsi işlətməyə məcbur olurdu. Məsələn,
yazırdı; filan adam Londonda qayda üzrə
üç il həbsə məhkum olunub». İnformasiyanın
əksər hissəsi o vaxtlar Röyter agentliyinin Avropada
hazırlanan, Şərq ölkələrindəki qəzetlər
üçün nəzərdə tutulan «İctimai yeniliklər»dən
əxz olunurdu. Rəsmi xarici teleqraf xəbərləri,
Avropa ölkələrinin elmi nailiyyətləri, xarici ölkələrin
mədəniyyət və tarixi ilə bağlı məsələlər
ixtiyarsız olaraq, oxucuların maarifləndirilməsinə
xidmət edirdi.
Güney Azərbaycanda yeni maarifin rüşeymi 1869-cu ildə
Təbrizdə «Mədrəsəye-Nasiri» məktəbinin
açılması ilə qoyulmuşdu. Dövlət
tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb
isə 1877-ci ildə açılan «Təbriz» mədrəsəsi
idi. Tədqiqatçılar bu tədris
ocağını Tehran darülfünunu ilə müqayisə
edərək, ona tən olduğunu yazırlar. Bu mədrəsənin açılması Cənubi
Azərbaycanda dünyəvi təhsilin inkişafında
atılmış ilk addım idi. «Təbriz»
mədrəsəsi 1893-cü ildən «Müzəffəriyyə»
adlandırılır. Güney Azərbaycan
maarifinin tanınmış araşdırçısı
Hüseyn Ümid yazır ki, Azərbaycanda yeni maarifin ilk
bünövrəsi, həmin məktəbin əsası üzərində
qurulmuş və bu təhsil müəssisəsi bir çox
alimlər yetişdirib cəmiyyətə vermişdi.
1893-cü ildə «Müzəffəriyyə» mədrəsəsində
«Nasiri» adlı qəzet çap olundu. Bir çox
üstün keyfiyyətləri ilə seçilən bu qəzetin
redaktoru, «Müzəffəriyyə» məktəbinin müdiri
idi. Bununla, Güney Azərbaycanda yeni bir ənənənin
tədris müəssisəsində – məktəb və mədrəsələrdə
qəzet, jurnal çapının əsası qoyuldu. Mədrəsə və məktəblər
yetişdirdikləri gəncləri dərs vəsaiti ilə təmin
etmək məqsədi ilə çap maşınlarına və
avadanlıqlarına malik idilər.
Pərvanə Məmmədli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 31 avqust.-
S.14.