Türk Qızılbaş əmirliyinin
inzibati idarə sistemində yeri
10-cu yazı
1589-cu ildən Məşhədin Əsfərayın
mahalının hakimi Ustaclı elinin Çavuşlu
obasından Mehdiqulu xanın qardaşı Əbumüslüm
xan idi. Onların hər ikisi 1592-ci ildə özbəklərlə
savaşda öldürülmüş, Əsfərayin digər
qardaşları Həsən xana verilmişdi. Əsfərayın 1593-cü ildə isə Baba
İlyas Bayatın oğlu Məhəmməd Sultana verilir.
1595-ci ildə isə Səbzəvar özbək
Əbdülmömin xandan alınır və bura Budaq xan Qacar
hakim təyin edilir. 1594-1595-ci illərdə
Ustaclı elinin Kəngərli obasından olan Mustafa sultan
Xorasanda Tun və Təbəsin hakimi idi. O, özbəklərlə
savaşda öldürülmüş, Təbəs Kəngərli
obasından Teymur sultana verilmişdi. Ancaq özbəklərlə
savaşda cəsarətsiz hərəkət etdiyinə görə
Təbəs ulkasına ağıllı və igid Mehrab xan
Qacar hakim olur.
Tun və onunla bağlı bir neçə bölgə
isə Süleyman Xəlifə Türkmana
tapşırılır 1598-ci ildə Təbəs hakimi Mehrab
xan Qacarın özbəklərə qarşı Tun ətrafındakı
qəhramanlığı Herata çatdıqda, Xəvaf və
Baxərz hakimliyi də ona həvalə edilmişdi.
I Şah Abbasın hakimiyyətinin 14-cü ilində
Xorasanda Nisə və Abiverd əmiri Mərv hakimi Bektaş
sultan Ustaclının oğlu Möhbəli sultan idi. O, 1629-cu ildə Xarəzm
hökmdarı İsfəndiyar xanın hücumları
zamanı öldürülmüşdü. I
Şah Səfi dövründə (1629-1642) Ustaclılardan Nisa əmiri
Kəlbəli sultanın adı çəkilir. O da
İsfəndiyar xanın hücumu zamanı şəhəri tərk
edib qaçdığına görə ölüm cəzasına
məhkum edilmişdi. 1602-ci ildə Məşhəd
hakimi Budaq xanın oğlu Yusifəli xan idi. Qardaşı Bayraməli sultana da Məşhəddə
ulka verilmişdi. Elə həmin il Məhşəd
hakimliyi Xəvaf hakimi Mehrab xan Qacara verilir. O, I Şah
Abbasın hakimiyyətinin 21-ci ilində də bu vəzifədə
idi.
1610-cu ildə Nişapur hakimi Baba İlyas oğlu Məhəmməd
sultan Bayat vəfat edir. Onların hər ikisi ata-babaları kimi
Xorasanda Qara Bayatların ağsaqqalları olmuşdular. Yaka Türkmən oymaqlarından olan Qara Bayatların
yurtları Nişapur civarında olub, Xorasandakı oymaqlar
arasında Səfəvilərə ən sadiq oymaq idilər.
Hələ Məhəmməd Xudabəndə
dövründə Mahmud bəy Qara Bayat elinin əmiri mənsəbinə
layiq görülüb ona sultan titulu verilmişdi.
1587-ci ildə Xorasan özbəklər tərəfindən
tutulduqda Mahmud sultan və Qara Bayat elinin bir çox əmiri qətlə
yetirilmişdi.
I Şah Abbas zamanı adı çəkilən
Məhəmməd sultan qulluğa
götürülmüş, Qızılbaşlara sadiq olan
Qara Bayatlar divan vergisindən azad edilib, sipahi zümrəsinə
daxil edilmişdi. Məhəmməd sultan
öncə Əsfərayin, sonra Nişapur hakimi olmuşdur.
O, vəfat etdikdə Nişapur ulkası həmin eldən
Bayraməli sultana verilir, o həm də Qara Bayat elinə əmir
təyin olunur. 1609-cu ildə Cam vilayətinin
hakimi Təkəli Şahnəzər xan Məşhədə
hakim təyin edilmişdi. O, 1618-ci ildə vəfat edir və
qardaşı Qələndər sultan Məşhəd hakimi
olur. Cam vilayəti də ona verilir. Seyid
Hüseyn bin Murtuza Hüseyni Astrabadi 1632-ci ildə Xorasana
özbəklərin yeni hücumundan bəhs edərkən Mənuçöhr
bəyin Məşhəd hakimi olduğunu yazır.
"Zeyl-i tarix-i alamara-yi Abbasi"də Mərkəzi
Asiya xanları ilə münasibətlərdən bəhs edilərkən
Məşhəd mahallarının hakimləri haqqında da məlumat
verilir. Mənbədə göstərilir ki, Xarəzm hakimi
Ərəb Məhəmməd xan ibn Hacəm xanın
övladları arasında hakimiyyət uğrunda çəkişmədə
məğlub olan böyük oğlu İsfəndiyar xan I
Şah Abbasın yanına (1621) gəlir. O, I Şah
Abbasdan hərbi yardım alıb, 1622-ci ildə Urgəncə
qayıdıb qardaşlarını məğlub edərək
hakimiyyətə keçir. Bir qədər sonra
İsfəndiyar xan I Şah Abbasın ona hərbi
yardımını unudub "Xorasan qiyamı"ndan istifadə
edərək Mərv, Nisə, Abiverdi və Dərunu ələ
keçirmək üçün qardaşı Əbülqazi
xanla 1630-cu ildə Xorasana hücum edir. Bu
zaman Nisə hakimi Ustaclı tayfasının adlı-sanlı əsilzadələrindən
Bektaş xanın gənc və təcrübəsiz oğlu
Möhbəli sultan, Dərun hakimi isə xassə
qulamlarından iyirmi dörd yaşlı Uğurlu sultan idi.
İsfəndiyar xan hər iki qalanı hakimlərinin
təcrübəsizliyindən istifadə edərək ələ
keçirə bildi.
İsfəndiyar xan Rəhmanqulu Qaradaşın
simasında Türkmən əyanlarından bir neçə nəfərə
əmir əl-üməra rütbəsi verib onları ələ
alsa da, qızılbaşlarla savaşın gedişində
ciddi məğlub olub Xorasanı tərk edir. İsfəndiyar
xana qarşı müharibədə Çəpnilərdən
Aşur xanın Mərv, Əhməd sultanın Səbzəvar,
Bayat əmirlərindən Bayraməli sultanın Nişapur
hakimi olduğunu görürük. Eyni
zamanda İsfəndiyar xana qarşı müharibədə
adları çəkilən Gəraylı, Cəlair, Yaka
türkmən obaları Səfəvi dövlətinə tabe
idilər.
"Abbasnamə" də göstərilir ki,
Türküstan hakimi İmamqulu xan 1642-ci ildə Mərvdən
Məşhədə gəldikdə burada bəylərbəyi
Mənuçöhr xanın oğlu Qarçıqay xan idi. H.1054
(m.1644)-cü ildə Məşhəd bəylərbəyi
Qarçıqay xan tutduğu vəzifədən azad edilir və
yerinə Mərv bəylərbəyi Murtuzaqulu xan Qacar təyin
edilir. Müəllif yazır ki, Hind
elçisi Cannesar xan 1647-ci ildə geri döndükdə
Mehrab xanın oğlu Murtuzaqulu xan Qacar Məşhəd bəylərbəyi
idi. O, əvvəllər Mərvdə də hakim
olmuşdu. Qeyd olunan ildə o, Qələmrou və
Əlişəkərə göndərilir. Məşhədə isə yenə Qarçıqay
xan hakim təyin edilir. Bu zaman Məşhəddən
müqəddəs məzarın mütəvəllisi Mirzə
Möhsün vəfat etmiş, bu vəzifə Mirzə
Bağır Rezəviyə verilmişdi. H. 1074
(m.1663)-cü ildə Məşhədin yeni bəylərbəyi
Mənuçöhr xan pis əməllərinə görə
vəzifədən azad edildi və bura divanbəyi Səfiqulu
bəy göndərildi. H.1077 (m.1664)-ci ildə Məşhəd
əhalisi Rüstəm xanın oğlu Səfiqulu xandan da
Şaha şikayət etdilər. Nəticədə
o həbs edildi və əmlakı da müsadirə olundu.
Bu zaman Məşhədin Nişapur mahalında
hakim türk Bayat elindən Bayraməli xan Bayatın
olduğunu görürük. H.1063-cü
ildə Bayraməli xan Bayatın xahişi ilə şah
Nişapura hakim onun oğlu İbrahim bəy Bayatı göndərir.
«Təzkirət
əl-müluk» da Zəmindavər və Quryan, Kuşəklə
yanaşı Kəri və Lukə, Badqis, Teymuri, Əli Xacə,
Mir Arif elləri ulkasının da Qəndəhar bəylərbəyiliyinə
tabe olduğu qeyd olunmuş, ancaq sonuncu ellərin Bəluc
aşirətləri kimi göstərilməsi aydın deyil. Ona görə ki, Teymuri və Kəri (Gəraylı)
təmiz türk aşirətləri olduğunu inkar etmək
mümkün deyil. Göstərilən digər
ellərin isə Bəlucla əlaqəsinə dair
dövrün başqa qaynaqlarında məlumat verilmir. Qəndəhar Səfəvi dövlətinin Moğol
dövləti ilə sərhəddində hərbi-strateji vilayət
olub, hər iki dövlət üçün iqtisadi-ticarət
əhəmiyyəti kəsb edirdi. Vilayət
Heratın teymurlu hökmdarı Sultan Hüseyn Bayqara (1470-1506)
dövründə ona tabe idi. Məhəmməd
xan Şeybani 1507-1508-ci illərdə teymurlu dövlətini məğlub
edib, bütün Xorasanı və o cümlədən Qəndəharı
da ələ keçirmişdi. Ancaq Mərv
savaşında (1510) I Şah İsmayıl Məhəmməd
xan Şeybani üzərində qələbə
çalır. Xorasanı geri alır və
Səfəvi dövlətinin şərq sərhədlərinin
hüdudu Amu-Dərya çayına çatır.
Səfəvilər Xorasanı tutduqdan sonra Heratın
teymurlu hakimlərinin mülkü olmuş Qəndəharı
da öz irsi mirasları hesab edirdilər. Qızılbaş sərkərdələrindən
Şahruh bəy Əfşar 1511-ci ildə Qəndəharı
fəth etmiş və şəhərdə I Şah İsmayılın
adına xütbə oxutmuş və sikkə
zərb olunmuşdu. Ancaq Qəndəhar 1522-ci
ildə Zahirəddin Babur tərəfindən işğal
edilir və o, bu vilayətə oğlu Kamran Mirzəni hakim təyin
edir. Səfəvi dövlətinin Herat əmir
əl-ümərası Xüləfa sultan Rumlunun I Şah Təhmasibin
rəsmi buyruğu olmadan Qəndəhara hücumu onun məğlubiyyəti
ilə nəticələnmişdi. Həmin
ildə Heratın yeni valisi Ağzıvar xan
Şamlının da Qəndəhara yeni hücumu baş
tutumamış və o, burada cidid müqavimətlə
qarşılaşıb geri çəkilməyə məcbur
olmuşdu.
1537-ci ildə I Şah Təhmasibin özünün
başçılıq etdiyi ordu Hilmend çayına
yaxınlaşır və Şah Əmir sultan Rumlunun ordusuna Qəndəharın
fəth edilməsi barədə buyruq verir. Qızılbaş
ordusu 1537-ci ildə Qəndəharı Baburlardan geri alır.
I Şah Təhmasib vilayətin
torpaqlarını ərazi-ye divanın tərkibinə
qatıb bura Qızılbaşlardan Budaq xan Qacarı hakim təyin
etdi. Ancaq Kamran Mirzə I Şah Təhmasibin
geri qayıtmasından istifadə edib 1538-ci ildə Qəndəharı
yenə fəth edir. 1544-cü ildə I
Şah Təhmasibin Böyük Moğol hökmdarı
Hümayuna (1530-1556) hərbi yardımı müqavilində o,
Qəndəharı Səfəvilərə güzəştə
gedir. Qızılbaş Budaq xan Qacar Qəndəhar
hakimi oldu. Ancaq çox keçmədi ki,
Hümayun Qəndəharı geri qaytarmaq şərti ilə Səfəvilərdən
geri alır və bura hər iki tərəfə sədaqətli
olan Bayram xan Türkman vali təyin edilir. Hümayun
Qəndəhardan istinadgah kimi istifadə edib, Hindistanda itirdiyi
torpaqları tutduqdan sonra Qəndəharı Səfəvilərə
geri qaytarmğı vəd etmişdi. Ancaq
Humayunun qəflətən vəfatı (1556) buna imkan vermədi
və Qəndəhar tərəflər arasında mübahisəli
bir məsələ kimi qaldı. Elə
buna görə də I Şah Təhmasibin Qızılbaş
ordusu 1558-ci ildə Zəmindavər və Qəndəhara
hücum edərək hər iki məntəqəni geri
aldı. Şah Qəndəhara
qardaşı oğlu Sultan Hüseyn Mirzəni hakim təyin
edir. O, 20 ilə yaxın Qəndəharda hakim olmuşdu.
Bəhram Mirzənin oğlu
Hüseyn Mirzənin Qəndəhar hakimi olması
haqqında II Şah İsmayıl da fərman vermişdi. Sultan
Hüseyn Mrzə II Şah İsmayıl dövründə vəfat
edir. Səfəvi hökmdarı Məhəmməd
Xudabəndə Sultan Hüseyn Mirzənin oğlu Müzəffər
Hüseyn Mirzəni Qəndəhara və onun qardaşı
Rüstəm Mirzəni də Zəminədavər və Gərmisərə
hakim təyin edir. Həmzə bəy
Zülqədər isə Şahın fərmanı əsasında
Müzəffər Hüseyn bəyin lələsi və həm
də vəkil statusu ilə Qəndəhara göndərilir.
Rüstəm Mirzənin kiçik qardaşlarına
da Zəmindavər bölgəsində ulkalar verilir. Müzəffər Hüseyn Mirzə və Rüstəm
Mirzə ölkənin Şərq sərhədlərinin təhlükəsizliyini
təmin etməli idilər. Bu zaman Sistanın sabiq
valisinin soyundan olan Məlik Mahmud və yerli əmirləri, əyanları
II Şah İsmayıldan sonra bura Qızılbaş hakimin
göndərilməməsindən istifadə edib, sərbəst
hərəkət etməyə başladılar və
onların bu separatçı fəaliyyəti dövlətin
Şərq sərhədlərinin təhlükəsizliyinin təminatı
üçün qorxu yaradır. Moğol
hökmdarı Cəlaləddin Məhəmməd Əkbər
(1556-1605) 1589-cu ildə Qəndəharı tutmaq
üçün hərbi hazırlığa başlayır.
O, Qəndəharı bir həmlə ilə almaq istəyirdi. Bu məqsədlə hərbi əməliyyata rəhbərlik
Əbdürrəhim xana tapşırılmışdı.
O, Qəndəharı hiylə ilə tutmağı qərara
alır. Çünki bilirdi ki, güc tətbiq
edilsə, şəhərin mühasirəsi uzansa, Qəndəharı
idarə edən Səfəvi Mirzələri bu bölgəyə
göz dikmiş özbəklərlə Moğollara
qarşı müqavilə bağlaya bilərlər.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 1 dekabr.-
S.14.