Vyanada Oqtay Abbasquliyevin xatirəsinə konserti
Vyanadakı “Kayzerzaal“ fortepiano qalereyasında Əməkdar İncəsənət Xadimi, professor Oqtay Abbasquliyevin xatirəsinə klassik konsert axşamı təşkil olunub. “Təsviri incəsənətlə görüşür“ adlı solo konsert Vyanada fəaliyyət göstərən “Culture Meeting Point“ mədəniyyət təşkilatının təşkil etdiyi beynəlxalq “Esperantella“ festivalı çərçivəsində baş tutub.
“Culture Meeting Point“ mədəniyyət təşkilatının rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova tədbiri giriş sözü ilə açaraq Oqtay Abbasquliyevin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində solo konsertləri ilə tanınan Oqtay Abbasquliyev görkəmli bəstəkar Frans Listin ən çətin əsərlərinin mahir ifaçısı kimi şöhrət qazanıb. O, həyatını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə həsr edib. Oqtay Abbasquliyev bir müddət akademiyanın fortepiano kafedrasının rəhbəri, sonra isə prorektoru olub. Bu gün onun yetişdirdiyi tələbələr xarici ölkələrdə uğurlu konsert proqramları ilə çıxış edirlər.
Sonra səhnəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı, Oqtay Abbasquliyevin tələbəsi Samir Mirzəyev dəvət edilib. Samir Mirzəyev rus bəstəkarı Modest Musorqskinin “Bir sərginin rəsmləri“ əsərini ifa edib.
Konsertin ikinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot“ süitası ifa edilib. Azərbaycan bəstəkarı Fərəc Qarayev tərəfindən aranjeman edilmiş səkkizhissəli süita tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda O.Abbasquliyevin qızı Nigar
Abbasquliyeva ailəsi adından tədbiri təşkil
edən “Culture Meeting Point“ təşkilatına və Samir Mirzəyevə təşəkkür edib.
Xalq cəbhəsi.- 2016.- 2 dekabr.-
S. 16.