Türk Qızılbaş əmirliyinin inzibati idarə
sistemində yeri
14-cü yazı
Xəlil sultan
öldürüldükdən sonra Şiraza hakim Zülqədərin
Çiçəkli obasından qorçubaşı İzzəddin
Zülqədər təyin edilir, ancaq çox keçmir ki, o
da öldürülür və Şiraz hökuməti Əli
bəy Zülqədərə verilir. O da tayfanın Çiçəkli
obasından idi. 1524-1525-ci illərdə Div sultan
Rumlunun dəvəti ilə Əli bəy Zülqədər də
paytaxta gəlmiş və ölkə daxilində əmirlərin
çəkişməsinə qarışmışdı.
O, 1525-ci ildə vəfat edir və Şiraza hakim
qardaşı oğlu Murad sultan təyin edilir. Ancaq
çox keçmədi ki, Şiraz hakimliyi Zülqədər
elinin Camuslu obasından Həmzə sultan Zülqədərə
tapşırıldı. H. 939 (1532-1533)-cu ildə Həmzə
sultan tutduğu vəzifədən azad edilir və Şiraza
hakim Xəlil sultanın qardaşı Qazi xan göndərilir.
1534-cü ilin
payızında Azərbaycanda bərk qar və dolu
yağdığına, havalar soyuduğuna görə
Osmanlı ordusu qışlamaq üçün Bağdada
çəkilərkən Kuhgiluyədə hakim Əlvənd
xan Əfşar idi. O, bu zaman min nəfərlik hərbi dəstəsi ilə
gəlib Şahın ordusuna birləşir. Ancaq
Əlvənd çox keçmir ki, itaətsizliyə yol verir
və Şahın göstərişi ilə xəbərdarlıq
edilmədən ələ keçirilib
öldürüldü. Kuhgiluyəyə
hakim Mənsur bəy Əfşarın nəvəsi Həsən
sultanın oğlu Məhəmməd bəy Əfşar
göndərildi və ona Şahruh xan ayaması verildi.
H. 946 (1540)-cı ildə Qazi xan Təkəli
vəfat edir və Şiraza hakim Zülqədər elinin
Hacılar obasından Keçəl bəyin oğlu İbrahim
xan təyin edilir. O, 1555-ci ildə Şirazdan Astrabada göndərilmiş
və 1557-ci ildə özbəklərə qarşı
savaşda öldürülmüşdü. İbrahim
xandan sonra Şiraz hakimi Tatı oğlu Əli sultan Zülqədər
oldu.
II Şah İsmayılın
dövründə onun oğlu Şahşücanın atabəyi
Zülqədər Qalxançı oğlu Vəli xan Şiraz
əyalətində hakim idi. Bu zaman
Əfşarların böyük əmirlərindən Xəlil
xan hakim olduğu Kuhgiluyədə deyil, mərkəzdə
otururdu. Sultan Məhəmməd Xudabəndə
hakimiyyətə keçdikdən sonra Şahruh bəy
Tatı oğlu Zülqədərə xan rütbəsi verib,
Şiraza vali təyin edir. Sultan Məhəmməd
Xudabəndənin hakimiyyətinin ilk ilində İsgəndər
bəy Münşinin yazdığına görə Fars məmləkəti
Zülqədər əmirləri arasında yenidən
bölünüb, onların hər birinə burada ulkalar
verilir. Ancaq Kuhgiluyə vilayətinə
Əfşarlardan Xəlil xan hakim təyin edilir. Məhəmməd Yusif Qəzvini yazır ki,
özünü İsmayıl Mirzə adlandırmış
bir nəfər yalançı qələndərin
başçılığı altında 1580-ci ildə qiyam
baş verən zaman Fars bəylərbəyi Əli xan Zülqədər
idi. O, bu yalançı qələndərdən ehtiyat
edərək üməra-ye tabinləri və Kirman hakimi Vəli
xan Əfşarla birlikdə Azərbaycana gəlir. Əli xan Zülqədər Şahın göstərişi
ilə 1581-ci ildə geri qayıtmalı Fars və
Xorasandakı iğtişaşların
qarşısının alınması üçün
göndərilmiş Qızılbaş ordusuna birləşməli
idi. Ancaq bəhanələrlə əmri
yerinə yetirmədi. Şah Zülqədər
elindən Əli xan Zülqədərə tabe olan əmirlərin
rütbə və titullarını ləğv edib, Ümmət
bəy Zülqədərə xan titulu verib Farsa əmir əl-üməra
təyin etdi. Zülqədər elindən
bir çox bəylər yüksək titul və rütbələrlə
təltif edilib, Ümmət xanla Farsa göndərilir.
1580-ci ildə Kuhgiluyədə
Lurlar arasında özünü II İsmayıl adlandıran
qələndərin başçılığı
altında mərkəzdənqaçma hərəkatına
qarşı müharibədə Xəlil xanın oğlu Rustəm
xan, sonrakı savaşlarda Xəlil xan özü də
öldürüldü. Xəlil xanın yerinə Kuhgiluyəyə
digər oğlu Mahmud xan hakim göndərilmiş və
yalançı İsmayılla savaşda o da qətlə
yetirilmişdi. Şah Kuhkiluyədə
Əfşarlardan yeni ordu yaradıb, yalançı
İsmayıl hərəkatına son qoymağı Xəlil
xanın Şüştər hakimi olan oğlu Əli sultana
tapşırır. Ancaq Əli sultan da
vilayətə daxil olan kimi Seyid Mübarək tərəfindən
öldürülür. Sultan Məhəmmədin
fərmanı ilə Kuhgiluyəyə yenə də
Əfşarlardan Xəlil xanın qardaşı oğlu
İsgəndər xan hakim təyin edilir. Bu
zaman Fars bəylərbəyi isə Zülqədər Ümmət
xan idi.
Sultan Məhəmmədin
hakimiyyətinin son illərində mərkəzi hakimiyyət
daha da zəifləmiş, Kuhgiluyədə yalançı
İsmayıla qarşı döyüşlərdə
Əfşarlar pərişan olmuşdular. Əfşar Xəlil
xanın oğlu Şahqulu bu vəziyyətdən istifadə
edib Əfşarları ətrafına toplayır, əmisi
oğlu İsgəndər xanı məğlub edib Kuhgiluyədə
hakimiyyəti ələ alır. Bu zaman
onun yaxın qohumu Əbdüllətif bəyin oğlu Həsən
bəy Əfşar da Kuhgiluyə hakimi olmaq istəyirdi. Onların arasındakı qarşıdurmada Həsən
bəy Şahqulu xanı məğlub edərək
öldürdü və o, bu qələbədən sonra I
Şah Abbasın fərmanı ilə xan titulu alıb, Kihquliyədə
1595-ci ilə qədər hakim oldu.
F.Sümərin yazdığına
görə, II Şah İsmayıl və Sultan Məhəmməd
dövründə Kuhgiluyədən başlayaraq İsfahan,
Kirmandan Heratın güneyindəki Fərah və Əsfərayinə
qədər geniş bir ərazidə Əfşarlar məskun
olub, onların yaşadıqları geniş bir arealda kifayət
qədər ulkaları vardı. Şah Abbasın hakimiyyətinin
8-ci ili Həsən xan
öldürüldü və Fars əyalətinin Kuhgiluyə
vilayəti Kazerun hakimi Əmir xan Əfşara verildi. Kazerun ulkasına isə Əfşarın Alplı
obasından olan İsmayıl xan təyin edilir. Şah Abbasın hakimiyyətinin 10-cu ilində
Əfşarın Ərəşli və Gündüzlü
obaları ona qarşı çıxıb Xəlil xanın nəvələrindən
Əbülfəthi xan elan edib hakimiyyətə gətirərək,
əslində dövlətə qarşı
çıxdılar. Kuhgiluyə də Fars
hakimi Allahverdi xana verilir. Seyid Hüseyn bin Murtuza
Hüseyni Astrabadinin əsərində 1632-ci ildə Nəqdi
xan Şamlının Kuhgiluyə hakimi olduğunu yazır. O,
1638-ci ildə Bağdad savaşında Osmanlılar tərəfindən
əsir götürülüb İstanbula göndərilmiş
və bu vilayətə oğlu Zeynal xan bəylərbəyi təyin
olunmuşdu.
H.1054 (m.1644)-cü ildə baş vəzir
Sarı Tağı ayamalı Mirzə Məhəmməd
Tağının oldürülməsində iştirak edən
sabiq Kuhgiluyə hakimi Nağdi xan Şamlının oğlu
Mehdiqulu bəy bu zaman atasının əvəzinə həmin
vilayətin bəylərbəyi idi. O, baş vəzirə
qarşı təşkil edilmiş qəsddən xəbərdar
olub bu barədə vaxtında məlumat vermədiyinə
görə həbs edilmiş Kuhgiluyəyə bəylərbəyi
qullarağası Siyavuş bəy göndərilmişdi. O,
h.1059 (m.1649)-cu ildə vəfat edir, qullarağası vəzifəsi
və Kuhgiluyə hökuməti Allahverdi xan mirşikərbaşıya
tapşırılır. Azərbaycan bəylərbəyi
və sipəhsalar Əliqulu xan həbs edildikdən sonra
(m.1655) sipəhsalar hərbi vəzifəsi də ona verilir.
H.1054 (m.1644)-cü ildə Fars-Kuhgiluyənin
Durux mahalının hakimi Mehdiqulu sultan, onun canişini isə
Xəndanqulu sultan idi. Mehdiqulu sultandan sonra
bu mahalda hakim olmuş Şahverdi sultan işində
nöqsanlara yol verdiyinə görə h. 1065 (m.1655)-ci ildə
vəzifəsindən azad edilmişdi. Mahala
Bəndər Abbas hakimi Pirbudaq xan Pornak göndərilmişdi.
H.1074 (m.1663)-cü ildə isə Duruxda hakim Gədalı
bəy Qacar idi. Elə həmin ildə onun
yerinə Duruğa hakim Kuhgiluyə bəylərbəyi Zaman bəy
göndərilir. O, Mənuçöhr xanın qohumu
idi. Ancaq o da elə həmin il vəfat
etmiş və bura hakim Novruz bəy təyin edilmişdi. Sultan Məhəmmədin hakimiyyətinin son illərində
Farsda Zülqədər əmirləri iki qrupa
bölünmüş və onların arasında çəkişmə
başlanmışdı. Mənbələrdən
əldə edilən məlumat təhlil edildikdə məlum
olur ki, Farsda Qızılbaş əmirləri arasında
baş vermiş bu çəkişmədə vaxtı ilə
baş vəzir olmuş Mirzə Salmanın oğlu Mirzə
Abdullanın da əli olmuşdu. Bu zaman
Fars bəylərbəyi Zülqədər elinin Şadıbəyli
obasından Əli xan idi. Ona qarşı
çıxan əmirlərə yenə də Zülqədər
elinin Şadıbəyli obasından olan Mehdiqulu bəy
başçılıq edirdi. Ara
savaşlarında bəylərbəyi Əli xan Zülqədər
öldürüldü. Vəzir Mirzə Məhəmməd
tərəfindən Şiraz hakimliyinə Şahqulu xəlifə
Zülqədər və Əli xan Zülqədərin
oğlu Təhmasibqulu sultanın namizədliyi irəli
sürülsə də, onlardan heç biri Şirazda Zülqədər
əmirləri arasındakı hadisədən ehtiyat edib, Farsa
getməmişdi. Bu zaman Məşhədi tutub faktiki
olaraq mərkəzə tabe olmayan Mürşüdqulu xan
Ustaclı və onun yanındakı Mirzə Abdulla tərəfindən
Mehdiqulu xan Zülqədərin adına
Fars hakimi olması barədə fərman göndərilir. I Şah Abbas hakimiyyətə keçdikdə
Şiraz əyalətin hakimi Mehdiqulu xan Zülqədər idi.
Fəqət o, Abbas Mirzə və
Mürşüdqulu xana qarşı birləşən əmirlərdən
olduğu üçün onu Zülqədər elinin
Hacılar obasından olan Yaqub bəyə
öldürtmüşdülər. Yaqub bəyin
atası İbrahim xan vaxtilə Şiraz hakimi olmuşdu.
Yaqub bəy isə hələ 1586-cı ildə
Xorasana getmiş Abbas Mirzənin mülazimi olmuşdu. Abbas Mirzə hakimiyyətə keçdikdən sonra
onu Şiraza əmir əl-üməra təyin edib, Mehdiqulu
xanın bütün sürsat və əmlakını da ona
vermişdi. İsgəndər bəy
Münşinin yazdığına görə o, 1589-cu ildə
xan titulu da almış, bütün Fars əyalətinin əmir
əl-ümərası idi. Ancaq müvazinətsiz
bir şəxsiyyət olub, Şahın əmirlərini dinləmədiyinə
görə tutduğu vəzifədən kənar edilməsi qərara
alınmışdı.
Bu zaman Yaqub xanla Zülqədər
tayfa ağsaqqalları arasında narazılıq olduğu
üçün ağsaqqallar onun hakimiyyətinə tabe
olmurdular. Nəticədə 1592-ci ildə Yaqub xan tutduğu vəzifədən
kənar edildi. Yəzd, Kirmana
özbaşına hərbi yürüşlər edib, əslində
mərkəzlə hesablaşmayan Yaqub xan ortadan
götürüldükdən sonra Şiraza hakim və Farsa əmir
ül-üməra Zülqədərin yüzbaşı
silkindən Bünyad xan təyin edilir. Zülqədər
tayfası uzun illər idi ki, Farsda məskun olub bu vilayətə
onların əmirləri hakimlik edirdi. Ancaq I Şah Abbas
hakimiyyətinin 6-cı ilində özbəklərlə
savaşarkən onlar az əsgər gətirdiklərinə
görə cəzalandırıldılar. Fars
ölkəsi Bünyad xan və digər Zülqədər əmirlərindən
alındı və Şiraza hakim Hüseyn xan Qacarın namizədliyi
irəli sürüldü. Elə həmin il o, Şiraz hakimi oldu. Ancaq Zülqədər əmirləri
ölkənin qorunması və idarə edilməsində
üzərlərinə böyük öhdəlik
götürdüklərinə görə növbəti il Şiraz hakimliyi və Farsda ulkaları yenə
özlərinə qaytarılır.
I Şah Abbas Avropa dövlətləri
arasındakı çəkişmədən bacarıqla
istifadə edib Hörmüz və Kişi portəgizlərdən
geri almağa (1622) müvəffəq oldu. Hadisələrin
sonrakı gedişindən də görünür ki, o bu siyasətini
davam etdirib İran körfəzi və onun sərhəd məntəqələrində
Səfəvi imperiyasının mövqeyini möhkəmləndirib,
Orta Şərqdə onun hərbi-siyasi güc sahibi olduğunu
təsdiq edir. Ancaq onu da qeyd etmək lazımdır ki,
körfəzin adaları və sərhəd məntəqələrində
Xorasanda olduğu kimi güclü yerli dayaqlar yaratmadan,
xüsusilə Bəndər Abbas və Hörmüzə
inanılmış, bacarıqlı əmirlərdən hakim təyin
etmədən əldə edilmiş uğurların itirilməsi
qorxusu vardı. Bu səbəblə əlaqədar
olaraq, 1638-ci ildə İmamqulu xan aradan
götürülüb və Farsda Zülqədərlər
yenidən hakimiyyətə gətirilir, ulkaları özlərinə
qaytarılır. Hörmüzə isə
Səfiqulu bəy və Polad xan hakim göndərilir.
Onlar təsadüf nəticəsində
öldürüldükdə qorçubaş Əmir xan
Söklənin qardaşı Qara xan ora hakim göndərilir,
1640-cı ildə isə Bəndər Abbas və Hörmüzə
qorçubaşı Əmir xan Söklənin oğlu Ümmət
bəy hakim təyin edilir.
I Şah Abbasın dövründə
Zülqədərin Kavurqalı, Söklən, Şəmsəddinli,
Eymur, Hacılar adlı obalarının Sərəxs, Kirman,
Qarabağ və Astrabada köçürülməsi
onların əmirlərinə bu vilayətlərdə,
mahallarda vəzifə, ulka verilməsi ilə bağlı olub,
bunu Zülqədər elinə vurulan zərbə kimi qəbul
etmək doğru olmazdı. Əksinə, I
Şah Abbas ellərin, obaların əmirlərinin yerlərini
dəyişməklə vilayət və mahallarda bir nəsil
üçün hakimiyyətin irsi imtiyaza çevrilməsinin,
mərkəzdən qaçma hallarının, separatizmin
qarşısını almış, dövlət hakimiyyətini
və onun yerli dayaqlarını möhkəmləndirmişdi.
I Şah Abbasın hakimiyyətinin son illərində,
I Şah Səfi dövründə Şəmsəddinli
obalarından birinin Axıskada sakin olduğunu, bu obanın əmirlərindən
Səlim xan və oğlu İsmayıl xanın Axıskaya
hakim təyin edildiklərini görürük. I Şah Abbasın dövründə Əfşar
elinin Gündüzlü obasının da bir bölüyü
Kühgiluyə və Xuzistanda məskun idi. Sonralar onların bir qismi Xorasanın Abiverd
mahalına, bir qismi də Urmiya bölgəsinə
köçürülmüşdü.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq cəbhəsi.- 2016.- 7 dekabr.- S.14.