S.C.Pişəvərinin
deputat mandatı niyə ləğv olundu?
1-ci
yazı
Pəhləvi sülaləsinin hakimiyyətdə
olduğu illərdə (1925-1979) İran Şura Məclisi
tarixində 14-cü çağırış məclisə
seçki kompaniyası qədər gərgin,
qarşıdurmalı, çox fraksiyalı məclis
olmamışdı. Bu, hər şeydən əvvəl zaman,
durum və siyasi qüvvələr arasında qarşıdurma
imkanlarının mövcudluğu ilə bağlı
olmuşdu. İran Şura Məclisinə
14-cü çağırış Əli Söheyli və Məhəmməd
Said Mərağeyinin hökumətlərinin hakimiyyətdə
olduğu illərə (fevral-aprel 1942; mart-noyabr 1944) təsadüf
edir. 14-cü Məclisə seçki kompaniyası 1322-ci
il Xordad ayının son həftəsində
(1943-cü ilin iyununda) start götürmüş, 1323-cü
ilin (1944-cü ilin) yayında başa çatmışdı.
Məclisdə mövcud olmuş 136 deputat kürsüsü
uğrunda 800 namizəd iştirak etmişdi ki, bunlar da ən
azı 6-7 fraksiyanı təmsil edirdilər.
Fraksiyalar
öz məzmun və siyasi əqidələrinə görə
biri-birindən fərqli idilər və hər biri öz məqsədlərinə
və siyasi hədəflərinə görə
İrandakı müttəfiq dövlətlərin qüvvələrinə
arxalanırdıl ar. Məsələn, Seyid Ziyanın
baŞçılıq etdiyi belə adlanan “Mihən pərəstan”
(vətəni sevərlər) fraksiyası ingilislərə, “Səltənət
tələban” (Şahpərəstlər) mövcud rejimə,
doktor Müssədiqin başçılıq etdiyi “Fraksion
Milli” (Milli fraksion) milli burjuaziya və müstəqil
mövqeli ziyalılara, İXP-sı İHT, “Azadlıq cəbhəsi”,
“Zid faşist” təşkilata və s. “sol” təmayüllü
qüvvələr sovetlərə söykənirdilər. Başqa sözlə desək, hər fraksiya öz hədəf
və məqsədinə görə özünə dəstək
tapmaq zorunda olmuşdu.
Antirejim qüvvələrin səy və istəyinə
baxmayaraq Söhili hökumətinin fəallığı və
irtica qüvvələrinin ona köməyi nəticəsində
keçmiş 13-cü məclis nümayəndələrinin
60 faizi 14-cü Məclisə mandat ala bilmişdilər. Bu 14-cü
çağırış Məclisdə qüvvələr
nisbətinin Şahpərəst və mürtəce qüvvələr
tərəfində olacağını əvvəlcədən
nişan verirdi. İXP fraksiyasına 10 nəfər
daxil idi (S.M.İskəndəri, Murtaza Yəzdi, İyrəc
İskəndəri, Rza Radməneş, Rəhmanqulu Xələtləri,
Firudin Kəşavərz, Əbdülsəməd Kambəxş,
Məhəmməd Pərvin Günabadi, Ardaşes Ovanesyan,
Tağı Fədakar).
Bu 10 nəfərdən biri məclis açılan ərəfədə
vəfat etmiş (Süleyman Mirzə İskəndəri), digəri
(Rəhman Xələtbəri) Rza Şaha (Mozandaranda) təziyə
tutduğuna görə İXP tərəfindən deputat
mandatından məhrum edilmişdi. Beləliklə,
14-cü Məclisdə İXP-nı 8 deputat təmsil etməli
olmuşdu.
Azərbaycandan İran Şura məclisinə Təbriz
şəhər əhalisinin vətənsevər və
demokratik qüvvələri tərəfindən bir neçə
mütərəqqi şəxsiyyətlər sırasında
Seyid Cəfər Pişəvərinin də namizədliyi
14-cü çağırış Şura Məclisinə irəli
sürülmüşdü. S.C.Pişəvərinin
deputatlığa namizəd göstərilməsi İXP,
mütərəqqi təşkilat və
cəmiyyətlər tərəfindən müdafiə
edilmişdi. Onun namizədliyi sovetlər tərəfindən
də müdafiə edilmişdi. “Seyid Cəfər
Pişəvəri, “Ajir” qəzetinin müdiri... on altı min
təbrizlinin rəyini almaqla Məclisə nümayəndə
seçildi. Pişəvəri bu seçkidə
sovet dövlətinin də mənəvi nüfuzundan bəhrələndi.
Haqq üçün deməliyik ki, ona verilən
rəyləri Təbriz əhalisi fəhlələr və zəhmətkeşlər
seçki qutularına salarkən heç bir əyintiyə
yol verməyiblər”. Mənbələrdə belə bir
fakt qeyd olunur ki, seçkilərdə S.C.Pişəvərinin
şəksiz qələbəsini hiss edən rejim məmurların,
o cümlədən Təbrizdəki dövlət valisi Müqəddəm,
Seyid Ziya və onların adamları səsləri
parçalamaq məqsədi ilə iki yüz nəfərdən
artıq adamın namizədliyini irəli sürmüşlər.
Ancaq irticanın bütün cidd-cəhdinə baxmayaraq... S.C.PiŞəvəri 15.780 səslə İran məclisinə
vəkil seçildi. Halbuki dövlətin
dəstəklədiyi və maddi cəhətdən çox
imkanlı olan Fətəli İpəkçiyan 10 min səsdən
artıq əldə edə bilməmişdi.
S.C.Pişəvərinin
xalq kütləsi içərisində böyük hörmətə
malik olduğunu görən vali general müqəddəm
karxanalarda (fabrik, zavodlarda), emalatxanalarda və iş yerlərində
iş vaxtının saat 18-də qurtarması və zəhmətkeşlərin
işdən çıxan vaxt səsvermə məntəqələrinin
bağlanması haqda xüsusi göstəriş vermişdi. Bu vasitə ilə də S.C.Pişəvərinin
xeyrinə rəy vermək istəyənlərə süni əngəl
və maneələr törədilmişdi.
Tehran məmurlarının törətdikləri
çoxsaylı maneələrə baxmayaraq Təbrizdən Məclisə
göstərilmiş 12 nəfər namizəd içərisində
S.C.Pişəvəri Rəhim Xoydən sonra səslərin
sayına görə ikinci yeri tutmuşdu. S.C.Pişəvərinin
seçilməməsi üçün törədilən
çoxsaylı maneələrə baxmayaraq o, 16 min nəfərə
yaxın Təbrizlinin rəyini almağa müvəffəq
olması Təbrizdəki dövlət məmurları və
irtica üçün ağır zərbə olmuşdu.
Hətta bu məsələ üstündə “... Təbriz ostandarı (vali) mərkəzdən yetərincə
danlaq almışdı”.
Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, S.C.Pişəvərinin parlamentə
namizədliyinin uğurlu olmasını İXP Təbriz
Əyalət Komitəsi rəhbər Pişəvəri ilə
heç vaxt düz gəlməyən erməni Ardaşes
Ovanesyan öz adına çıxır və
bu işdə onun böyük “zəhməti” və
“qayğısı” olmasını qeyd etmişdi. Halbuki sənədlərdə
və S.C.Pişəvərinin məqalələrində və
xatirələrində A.Ovanesyan S.C.Pişəvərinin şəxsiyyətinə
və məsləkinə hələ “Qəsr-Qacar”dakı
zindan dövründən müxalif bir adam
olduğu qeyd edilir. S.C.Pişəvəri və
zindanda olarkən və azadlığa çıxıb siyasi
fəaliyyətini davam etdirərkən A.Ovanesyanı oportinist
“solçu” kimi xarakterizə etmişdi. Təbriz
kimi ayıq, inqilabçı və yad yerdən gələn rəhbərliyə
dözməyən müsəlman bir şəhərə kənardan
A.Ovanesyan kimi bir erməninin partiya rəhbərliyinə təyin
edilməsini S.C.Pişəvəri İXP
başçılarının kadr siyasətindəki
günahlarından biri hesab etmişdi.
S.C.Pişəvərinin
14-cü çağırış Məclis seçkilərindəki
uğurunu az qala tam öz adına
çıxan Ardaşes öz xatirələrində belə
bir uydurmanı nağıl edir ki, guya “Pişəvəri
Tehrandan yola düşməzdən əvvəl güman
edirmiş ki, Təbrizdəki seçkidə mən ona
müxalif olacağam. Buna görə də o,
bir neçə nəfərdən, o cümlədən
Süleyman Mirzədən və doktor Yəzdidən məktub
alıb gətirmişdi ki, mən ona seçkidə kömək
edim. Mərkəzi Komitədəki yoldaşlar sonralar mənə
dedilər ki, o, (Pişəvəri - Ə.R.) söz verdi ki, İXP-na yenidən üzv olacaq və
Hizb Tudənin (İXP) Məclisdəki fraksiyasma daxil olacaq”.
A.Ovanesyan sonra söyləyir ki, “... seçkilərdə
namizədlər hələ rəsmən elan edilməmişdi
ki, qəflətən kabinetimin qapısı
döyüldü, Pişəvəri nigaranlıq keçirən
vəziyyətdə otağa daxil oldu. Məlum oldu ki, vəziyyəti
onu məcbur edib ki, kömək üçün mənə
müraciət etsin. Həmin an fikirləşdim ki, hisslərə
qapanmayım, keçmişdə olanlan unudub ona kömək
edim ki, o məclisə vəkil seçilə bilsin...”.
A.Ovanesyanın dediklərindən belə
çıxır ki, İXP-nin bu erməni “Komissan” Təbrizdə
rəhbərlikdə olmasaydı S.C.Pişəvəri Məclisə
deputat seçilə bilməyəcək idi. Halbuki S.C.Pişəvəri
10 il həbsdə olanda, sonrakı dövrlərdə də və
1947-ci ildə Bakıda “xatirələr”ini yazanda da həmişə
Ardaşes Ovanesyanı cəmiyyətə radikal “solçu”,
“vaxtsız banlayan xoruz”, hərəkat rəhbərliyində
ixtilaf salan, dedi-qodu yaradan, özündən razı bir adam
kimi təqdim etmişdi. Belə olan halda A.Ovanesyanın
S.C.Pişəvəriyə “dostluq münasibəti” göstərməsi
haqda dedikləri yəqin ki, uydurma və qondarmadan başqa bir
şey ola bilməzdi.
“Qəsr-Qacar”
zindanından həbsdən və Kaşan şəhərinə
sürgündən sonra 1945-ci ilin yayınadək Tehranda
yaşayan S.C.Pişəvəri bir neçə dəfə Azərbaycana
gəlmiş, müxtəlif bölgələrdə olmuş,
Azərbaycandakı vəziyyətlə yaxından tanış idi. Bu
tanışlıq təkcə zahiri görüş yox,
ayrı-ayrı zümrələrin nümayəndələri
ilə canlı söhbət, ünsiyyət yaradan
görüşlər olmuşdu. Sonralar o,
xalqına, onun istək və düşüncəsinə yetərincə
bələd olmadığını özü
üçün bağışlanmaz günah sayırdı.
Seçki kompaniyası ilə əlaqədar bir
neçə ay Azərbaycanın Şəhər, rayon, qəsəbə
və kəndlərində xalqla olan görüşlər
S.C.Pişəvəridə öz soydaşları haqqında
böyük inam və dərin təəssürat
yaratmışdı. S.C.Pişəvəri Tehrana
qayıtdıqdan sonra “Ajir”də çap etdirdiyi “Biz nə deyirik,
millət nə istəyir?” adlı məqaləsində
yazmışdı: “Seçkilərdə altı aylıq
mübarizə istər-istəməz məni millətin
içərisinə çəkdi... Bütün təbəqələrə
mənsub insanlarla tanış oldum. Onların bir çoxunun hətta evinə getdim”.
Millətinin mübarizə əhval-ruhiyyəsinin
bu həddə olduğunu təsəvvür etməyən
S.C.Pişəvəri yazırdı ki, “... etiraf etməliyəm
ki, cəmiyyətə yol göstərməyə
çalışan rəhbər olsam da, onu bu qədər
tanımırdım, ehtiyacları, amal və arzuları ilə
yaxından tanış deyildim. Əslində
dövlət və Məclis kimi mətbuatın da millətin
vəziyyəti ilə bağlı düzgün təsəvvürü
yox idi. Mən dövlətin siyasəti və
ölkənin taleyi haqqında kəndlilərlə çox
söhbət etdim. Hər bir kəndli kəndxudadan,
jandarmalardan, kənd ərbabından, təhsilli maliyyə
işçilərindən, vəzifədə olan məmurlardan
tutmuş ali dövlət məqamlarınadək
onlara etdikləri zülm, əziyyət və
zorakılıqdan başqa bir şey görmədiklərini
deyirdilər”.
S.C.Pişəvərinin
seçicilərlə bağlı Azərbaycan əhalisi ilə
görüşləri Tehran hakimiyyətinin xidmətində
duran məmurları və ali məqam
sahiblərini rahat buraxmadı. Onlar gah seçkilərin
keçirilməsi vaxtını, gah da Məclisin təşkili
tarixini müxtəlif bəhanələrlə geri çəkir,
seçiciləri ələ almaq üçün müxtəlif
vasitələrə (pul təklif etmək, hədiyyə vermək
və son hesabda qorxutmaq və s.) əl atsalar da S.C.Pişəvərinin
Məclisə gedən yolunu kəsə bilməyiblər. Məclis seçki komissiyası 1322-ci ilin
Xordadın sonunda (iyun 1943) başlasa da onun rəsmi
açılışı, 6 isfənd 1322-ci ildə (fevral
1944) baş tutmuşdu. Təbrizdən
seçilən deputatların mandatı 1323-cü ilin tir
ayında (iyul 1944) Məclisin gündəliyinə gətirildi.
Əvvəl mütərəqqi vətənpərvər
şəxsiyyət olan Hacı Rəhim Xoinin mandatı səsə
qoyulmuşdu. Onun əleyhinə
danışan Babildən seçilmiş və öyrədilmiş
Şəriətzadə çıxış etdi və
deputatları ona səs verməməyə
çağırdı. Nəticədə
Təbrizdən seçilmiş H.R.Xoinin mandatı 99
deputatın səs verməsi ilə 48:48 nisbətində
(üç nəfər bitərəf qalmaqla) rədd
edilmişdi.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq
İnstitutunun
"Güney Azərbaycan elmi
araşdırmalar"
şöbəsinin
müdiri
Xalq Cəbhəsi.- 2016.- 8 dekabr.-
S.14.