Azərbaycanda tarixən
formalaşmış mədəni müxtəliflik
Araşdırmaçı X.Xəlilli
araşdırmalarında bildirir ki, mədəni müxtəliflik
Azərbaycan xalqının, onun etnik qruplarının
yaratdığı sosial-mənəvi yaşam forması, həyat
tərzidir. Qədim yunan coğrafiyaşünası Strabon
yazır ki, albanlar sülhsevər, mülayim, səxavətli,
əliaçıq və cömərddilər. “Albaniya səxavətlilər,
əliaçıqlar, mülayim və comərdlər ölkəsidir”:
“Əcdadların psixi siması haqqında bu məlumatı
müasirlərinə ötürən isə Azərbaycan
xalqının görkəmli vətənpərvər alimi
Q.Voroşildir. Qarşılıqlı mənəvi,
mədəni anlaşma, qarşılıqlı etimad olmayan
toplumda - onun fərdlərində səxavətlilik, əliaçıqlıq,
mülayimlik, comərdlik kimi psixoloji keyfiyyətin olması
mümkün deyil. Dini məclisdə dualarını
“müxtəlif dillərdə” oxuyan 26 tayfadan ibarət
albanların səxavətli, əliaçıq, mülayim,
comərd kimi psixi simaya malik olması onlar arasında tam
qarşılıqlı anlaşma, etimad, bir-birini psixoloji dərk,
bütün bunları doğuran formalaşmış sabit həyat
tərzinin olduğunu göstərir. Belə bir
cəmiyyət müasir Avropanın multukultural
adlandırdığı cəmiyyətdir.
M.Yaqubqızının Şəki-Zaqatala
zonasının folklor materialı əsasında Azərbaycan
multikulturalizminin səbəbləri haqqında mülahizələri
diqqəti cəlb edir. O yazır: “Ən qədim dövrlərdən
başlayaraq eyni bütlərə, tanrılara, pirlərə
inanan region əhalisi qismən yaxın dövrlərdə
müxtəlif səmavi dinlərə iman gətirib. Bununla belə regionda yaşayan xalqlar və etnik
qruplar onlar üçün ortaq olan qədim pirlərini, ziyarət
yerlərini unutmayıblar. Region ərazisindəki “dilək
piri”, “göz piri”, “yel piri”, “uşaq piri” və bunun kimi
yüzlərlə müqəddəs yer, bu gün belə
dilindən və dinindən asılı olmayaraq bütün
region əhalisinin ortaq dəyərləri mahiyyətini
daşımaqda davam edir”. Düzgün mülahizədir, lakin
müxtəlif dilli etnosun eyni məzmunlu vahid mədəniyyət
yaratmasının daha bir alt qatı da var. Belə ki, Azərbaycan
xalqını təşkil edən bütün etnoqrafik və
etnik qruplar antropoloji cəhətdən, fiziki tipcə, həm
də mədəniyyətcə yekcins olmuş “etnogenezi
yerli-aborigen etnik mədəniyyət əsasında
formalaşıb”, yaranıb.
Antropoloq,
akademik V.Alekseyev yazır: “Azərbaycanda qədim əhalinin
antropoloji tipi hazırda necədirsə, eləcə də
olub. Bunlar ensiz sifətli miniatür xəzərlər
(kaspilər) idilər. Deməli, aqvanlar
(albanlar) azərbaycanlıların qohumları deyil, onların
babaları və ulu babalarıdır”.
Elmi
müddəaları ilə nəinki keçmiş Sovet
imperiyasında, eləcə də elmin inkişaf etdiyi
qabaqcıl ölkələrində qəbul edilən arxeoloq,
tarix elmləri doktoru, professor İsmayıl Miriyev yazır ki,
Şimali Qafqazın eneolit və tunc dövrü mədəniyyətinin
Ön Asiya, Şimali Mesopotomiya, Zaqafqaziya mədəniyyətinin
təsiri altında formalaşması haqqında rus sovet
tarixşünaslığında yetərincə məlumat
verilib. O, sözünə davam edərək yazır ki, dargin,
ləzgi, avar, lak və b. bütövlükdə Qafqaz dil
mühitində olan yaşayış məntəqələrində
Qarabulaq, Qazanbulaq, Soyuqbulaq və b. hidronim və yer adları,
mərkəzi Qafqazın 5000 m-dən yüksəklikdə yerləşən
aşırımlarının, buzlaqlarının türkcə
adını verən tayfalar və onun dövrü dəqiq
müəyyən edilməlidir”.
Araşdırmaçı
daha sonra bildirir: “Hələ ən qədim dövrdən
Avropa ilə Asiya arasında dağ səddinin adının
türkcə Qafqaz, onun zirvələri Elbrus, Kazbek və Dəmirçi
adları türklərin burada aborgenliyinin təsdiqidir. Milli həyatın bütün sahələri,
bütün yaradıcılığı dildə ifadə
olunduğu üçün multikulturalizm doğuran hiss, tələbat
və mənəvi dəyərlər də birinci növbədə
dil vasitəsilə müəyyənləşdirilə bilər.
Böyük alman filosofu və dilçisi
V.F.Humboldt hesab edir ki, dil ruhun və təfəkkürün fəaliyyətidir.
İnsan ruhunda gerçəkliyin əksi var.
V.F.Humboldt ruhu ilkin hesab edir. Belə nəticəyə
gəlir ki, dil xalqın ruhundan doğur, dillərin müxtəlifliyi
xalqların ruhunun müxtəlifliyindən asılıdır.
O, dilin yaranmasını bəşəriyyətin daxili tələbatı
ilə şərtləndirir. O, təkcə insanların cəmiyyətdə
xarici ünsiyyət vasitəsi deyil, insanların təbiətinin
əsasında dayanır, onların mənəvi qüvvələrinin
inkişafı, dünyagörüşünün əmələ
gəlməsi üçün zəruridir. Antropoloji
və arxeoloji tədqiqatlar irqlərin üst paleolit-mezolit
dövründə formalaşdığını göstərir.
Bütün xalqları bir kökdən hesab edən
antropoloqlar irqlərin müxtəlif iqlimlərin təsirindən
yarandığını göstərirlər, Ön və
Kiçik Asiyada yaranan avropoidləri birinci irq, monqoloid və
neqroidləri ondan ayrılandan sonra düşdüyü yeni
iqlimin təsirindən formalaşan irq hesab edirlər. Avropoidlərin gözünün və
saçının qara rəngini qafqazlılardan
aldığını göstərirlər. Coğrafi vəziyyətə görə Qafqazın
Qərbi Avropa ilə müqayisədə insanın ilkin vətəni
olmasını daha əsaslı hesab edirlər. Belə ki, Qafqaz üç - Asiya, Avropa və Afrika
qitəsinin kəsişməsində yerləşməklə
ilkin insanın məskunlaşması üçün vacib
olan yüksək dağlarla daha zəngindir”.
Oxucuya təqdim
edilən antropoloji və arxeoloji tədqiqatlar Kiçik Asiya,
Zaqafqaziya, Xəzərətrafı bölgə vahid antropogenez
zonası olmaqla insan əcdadı ¬¬- biososial
varlığın, sosial-mənəvi varlığa-insana
çevrilib, onun fasiləsiz təkamülü prosesində
ilkin etnosların yarandığı ərazidir: “Burada
yaşayan xalqlar da məhz ilkin biososial-mənəvi təməlində
yaranıb, yaşayıb, inkişaf edib gəlib
günümüzə çatan xalqlardır. Onlardan
biri və ən böyüyü Azərbaycan türkləridir.
Mətanət xanımın Şəki-Zaqatala
zonasında qeydə aldığı aya sitayiş, salavat
çevirmə, ay məbədi, günəşə
sitayiş, günəş allahı, ibtidai pirlər, inam və
etiqadlar, andlar bütün Azərbaycanı əhatə edir.
Dilindən, dinindən asılı olmayaraq Azərbaycan
xalqının bütün etnik və etnoqrafik
qruplarının əziz tutduğu mənəvi dəyərlər
bu dövrün məhsuludur. Alban dövləti
yaranana qədər əcdadlarımız olan müxtəlif
dilli tayfalar arasında və Alban dövlətində türk
dilinin ümumünsiyyət vasitəsi olması haqqında
çoxsaylı mənbələr və tədqiqatlar var. Bunlar
arasında ən mükəmməli Q.Vorosilin “Azərbaycan
dilinin yazıdan əvvəlki dövrünə dair tədqiqatlar”
(rusca, müştərək. B., 1986) və
“Qafqaz Albaniyası” (B., 1993) adlı əsərləridir.
Qafqazda, Albaniyada çoxdillilik haqqında eradan əvvəlki
və son dövrə aid mənbələrdə kifayət qədər
məlumat var. Strabon yazır ki, albanlar 26 dildə
danışırlar.
X əsrdə
ərəb müəllifləri Qafqazda 70-dən 360-a qədər
xalq olması haqqında məlumat verir. Etnoslar,
xalqlar arasındakı xoşməramlı, mədəni-mənəvi,
sosial-iqtisadi, siyasi-ideoloji əlaqələr ilkin olaraq dil əlaqəsindən
başlanır, onun ardınca gedir. E.ə.
IV minilliyin başlanğıcında Qafqazı öz mədəni
təsirinə salan Azərbaycan mədəniyyəti məhz
türk dilinin müxtəlif dilli tayfalar arasında ünsiyyət
vasitəsinə çevirilməsi nəticəsində
yaranıb. Bu da Azərbaycan
multikulturalizminin ikinci təməl əsasıdır ki, qədim
dövr və orta əsrlərdə yüksələn xətlə
inkişafı haqqında dövrün mənbə və təhqiqatları
ətraflı məlumat verir. Yeni dövrdə Qafqazda bu
proses və münasibətlər haqqında ən ətraflı
məlumat verən rus işğalçılarının hərbi-siyasi
və müxtəlif aspektli sənədləridir. Qafqazın
işğalı başa çatdırıldıqdan sonra
buranın iqtisadi-sosial, mənəvi vəziyyəti
haqqında imperiyanın mərkəzinə hazırlanan ilk sənədlərin
birində deyilir: “Zaqafqaziyanın dili türk dilidir, gözəlliyi,
musiqiliyi, öyrənmək üçün
asanlığı, təəccüblü deyil ki, Avropada
fransız dili necədirsə, burada türk dili elədir”.
Rus ziyalılarından A.A.Bestujev-Marlinski yazırdı
ki, Azərbaycan türkcəsini bilən “Asiyanın bir tərəfindən
o biri qurtaracağına qədər gedə bilər”. 1837-ci ilin sonlarında rus
şairi M.Y.Lermontov dostu S.A.Payevskiyə məktubunda
yazırdı: “Tatarca (türkcə - X.X.) öyrənməyə
başlamışam, hansı ki burada ümumən Asiyada zəruridir,
necə ki fransız dili Avropada”.
1898-ci ilin
yayında Dağıstanda olmuş Q.F.Qan yazır ki, burada rus
dilini heç kim bilmir, bütün
Dağıstanda türk-tatar dili beynəlmiləl dil
sayılır, mənim məlumatçı sputnikim Tiflisdəki
keçmiş Avstriya konsulu bu dil vasitəsi ilə mənə
kömək edirdi. Mənbələr məlumat
verir ki, Dağıstanın nəinki müsəlman
xalqları, burada yaşayan erməni və yəhudilər də
Azərbaycan türkcəsində ünsiyyət qururdular”.
Şəki-Zakatala
zonasında hətta bir kənddən ibarət etnik mənlik
şüuruna və ada, öz dilinə malik etnik qruplar var ki,
çox kiçik bir ərazidə əkinçilik,
maldarlıq, və sənətkarlıqla məşğul
olmaqla minillərdir yanaşı yaşayırlar: “Bir-birində
fərq axtaran tayfa və etnik qrup, etnos müqayisə prosesində
adət-ənənəsinə uyğun olan, bir-biri ilə kəskin
ziddiyyət təşkil etməyən, təmasları qarşılıqlı
anlaşma, hörmət, həmrəyliklə müşayət
olunduqda təmas davam edir, qarşılıqlı əxzetmə,
bir-birini mənimsəmə davam edir. Elə ki, hər
hansı regionda qonşu yaşayan, iki etnosun “biz” və “onlar”
fərqləndirməsi adət-ənənələrdən
doğan fərqdən bir-birinə iddiadan, xüsusilə
üstünlük iddiasından doğan münasibətləri
müşayət olunur, onlar arasında müsbət təmasın
qurulması mümkün olmur, bir-biri ilə ardıcıl
ixtilaflarda, hətta müharibələrdə olurlar. Hərbi üstünlükdən istifadə edib
qonşulara qalib gəlsələr də, onlarla mənəvi-mədəni
təmasa girə bilmirlər.
Regionda birinci misalın ən gözəl nümunəsini
Azərbaycan türkləri yaradıb. Azərbaycan türkləri
tarixin heç bir mərhələsində hakim millətçilik,
qonşular üzərində üstünlük siyasəti
yeritmədiyindən, Qafqaz xalqları arasında həmrəylik
yaratdıqlarından dilləri də təbii olaraq
ümumünsiyyət vasitəsinə çevrilməklə
Azərbaycan-Qafqaz multikulturalizminin mənbələrindən
biri olub”.
Araşdırmaçı
hesab edir ki, Avropanın multikulturalizm ideyası heç də
onun əməkdaşlıq istəyindən deyil, siyasətlərini
pərdələmək üçün irəli
sürdüyü bir ideya idi: “Göründüyü kimi,
insan haqları, hüquqları haqqında bu
yarmıçıq ideyalardan üz döndərirlər. Multikulturalizmə reyal yanaşsaq, o, bəşərin
arzusu kimi görünür. Apardığımız
kiçik tədqiqatlar deməyə əsas verir ki, bəşərin
multikultural arzusunun ən real nümunəsini ulu babalarmız
yaradıb, müasirlərimiz bunu həyat tərzi kimi
yaşatmaqdadır. Vəzifəmiz bu
reallığı elmi səviyyədə dünya
xalqalarına çatdırmaqla milli tarixi təcrübəmizlə
bəşərin gələcəyinə xoş məqamlar bəxş
etməkdir. Etnoqrafik müşahidələr və məlumatlar,
folklor materialları, tarixi mənbələrin kompleks tədqiqi
göstərir ki, Azərbaycan etnoqrafik və etnik qruplarn dilində,
folkorunda fərqli kimi görünən mənəvi dəyərlərin
məzmun eyniyyətini təşkil etməklə vahid Azərbyacan
mədəniyyətini yaradıb, zaman-zaman inkişaf etdirib və
etdirməkdədir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 8 dekabr.-
S.13.