Tağiyevin qızı Sara xanım arxiv sənədlərini
həmişə öz üzərində gəzdirib
Fərhad
Cabbarov: “Qorxurdu ki, çantada olan sənədləri
oğurlayarlar, bəzən isə onlar itirdi”
Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya
İmperiyasının Həqiqi Dövlət Müşaviri,
müsəlman Şərqində ilk qızlar məktəbinin
yaradıcısı Hacı Zeynalabidin Tağıyevin
qızı Sara Tağıyeva-Sarayevanın şəxsi arxivi
bir neçə gün öncə Bakıya gətirilib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad
Cabbarov Sara Tağıyeva-Sarayevanın oğlu Oleq
Nikolayeviç Sarayevlə görüşmək məqsədilə
Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə
olub. Onunla görüşən Oleq Sarayev Sara
Tağıyeva-Sarayevanın arxivini muzeyin elmi katibinə təqdim
edib. Həmin arxiv Sara xanımın
1950-1980-ci illərdə H.Z.Tağıyevin şərəfli
adının bərpa olunması, ona bəraət verilməsi
uğrunda apardığı mübarizəyə dair unikal sənədlərdən
ibarətdir.
Fərhad Cabbarov AzVision.az-a müsahibəsində Sara
Tağıyeva-Sarayevanın arxivi, həyatı, fəaliyyəti,
Rusiyada yaşayan iki övladı, Tağıyevlər nəslilə
bağlı maraqlı məlumatları açılayıb. O, həmçinin
Tağıyevin davamçılarının arxivini
saytımıza nümayiş etdirib.
- Oleq Sarayev anası Sara xanımın üç
böyük qovluqda olan sənədlərini mənə təqdim
etdi. Həmin arxiv qovluqlarını özümlə
Bakıya gətirdim. H.Z.Tağıyevin fəaliyyətini
araşdıran bir tarixçi kimi həmin sənədlər
mənə çox maraqlı gəldi. Bildiyimiz
kimi, Sara xanım böyük məhrumiyyətlərə
düçar olub, atasının adının bərpası
uğurunda əziyyətlər çəkib. Qovluqlarda maraqlı məlumatlar vardı. Sara xanımın atası Hacı Zeynalabidin
Tağıyevin maarifçilik fəaliyyəti ilə
bağlı məqaləsi də arxiv sənədlərinin
arasındadır.
Arxivdə çoxlu şəkillər də var. Hələ
Sovet dövründə Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı
qəbri yerlə yeksan olmuşdu. Hazırda Cənab
Prezidentin sərəncamı ilə məzar bərpa olunub.
Mənə təqdim edilən arxivdə Sara
xanım və bir neçə Mərdəkan sakinin
şahidliyi ilə bir yazı var. Orada qeyd olunub ki,
H.Z.Tağıyevin qəbrini tapmaq çox çətin idi.
Onun harada dəfn olduğunu öyrənmək
üçün qəbri açmağa məcbur olublar.
Dəmir tabutu gördükdən sonra əmin
olublar ki, bu, Hacı Zeynalabidin Tağıyevin qəbridir.
Sara xanım öz həyat yolunu yalnız bir məqsədə
çatmağa həsr edib. Bu da ki,
atası Hacı Zeynalabidin Tağıyevin adının yenidən
bərpa olunması, ona qarşı təqiblərə son
qoyulması idi. Sara xanım bunun
üçün çox instansiyalara müraciət və
şikayətlər edir, arxivlərdən müxtəlif sənədlər
toplayıb, idarələrə göndərirdi. Qeyd edirdi ki, Hacı Zeynalabidin Tağıyev Azərbaycan
xalqı üçün böyük işlər
görüb.
- Bu arxivdən
mənə maraqlı gələn məqamlardan biri də odur
ki, bizim məşhur alimlərimiz o vaxt Sara xanımın
yazdıqlarını dəstəkləyirdilər...
-
İndiki dövr üçün bu, normaldır, amma sovet
dövrü, yəni 60-70- ci illərdə kommunist
ideologiyasının hökmranlıq etdiyi bir vaxtda
H.Z.Tağıyevin istismarçı, qaniçən, qəddar
kapitalist olmadığını demək böyük cəsarət
tələb edirdi. Arxivdə Azərbaycan Elmlər
Akademiyasının o vaxtkı prezidenti Rüstəm
İsmayılovun imzası ilə yazılmış bir sənəd
də var. O, Fəlsəfə və Tarix İnstitutlarına
tapşırır ki, Sara xanımın yazdıqlarını
araşdırın. Bu isə o vaxt
böyük cəsarət tələb edirdi. Bizim görkəmli tarixçilərimizdən biri
olan Mahmud İsmayılov da öz yazısında Hacı
Zeynalabidin Tağıyevin fəaliyyətinə müsbət rəy
verib. Fəlsəfə İnstitutunun
Şabanov soyadlı bir əməkdaşı da
Tağıyevlə bağlı müsbət rəyini ifadə
edib. Maraqlıdır ki, Moskva və
Leninqradda çalışan azərbaycanlı, rus alimlər də
öz müsbət rəylərini veriblər. Hətta Sara xanım Rusiyanın Şərqşünaslıq
İnstitutuna qədər gedib çıxıb. Tarix İnstitutuna da sənədlər gönədərib
müsbət rəy alıb ki, həqiqətən də
Qızlar Məktəbini Hacı Zeynalabdin Tağıyev
açdırıb, teatr binasını o tikdirib. Bəzi kitablarda yazılırdı ki, guya Qızlar
Məktəbini Həsən bəy Zərdabi
açdırıb, Tağıyev isə sadəcə olaraq vəsait
ayırıb. Əslində isə belə
deyildi. Tağıyev həm vəsait
ayırıb, həm də binanın tikintisindən tutmuş,
qızların məktəbə qəbulu, oxumaları və təmin
olunmalarına qədər hər şeyi özü həll
edirdi. H.Zəradabi isə sadəcə,
prosesdə iştirak edirdi. Bəzən də teatr
binasının tikildiyi ili
yazırdılar, amma bunu Tağıyevin tikdirdiyini
yazmırdılar. Sara xanım da
çalışırdı ki, bu işləri təbliğ
etsin. Daha sonra Hacı Zeynalabidin
Tağıyev Mərdəkanda Bakı kəndlərindən
olan uşaqlar üçün bağçılıq məktəbi
açdırmışdı. Bu məlumatı
o vaxtlar kitab və məqalələrdə yazmırdılar.
Amma Sara xanım bunu öz yazılarında
vurğulayırdı.
Bu arxiv sənədlərini Sara xanım həmişə öz üzərində gəzdirib. Qorxurdu ki, çantada olan sənədləri oğurlayarlar, bəzən isə onlar itirdi. Məhz bu səbəbdən Sara xanım sənədləri o vaxt öz sinəsinə, belinə bağlayıb, üzərindən paltosunu geyinirdi.
Sara xanım çox ağır bir həyat yaşayıb. Oleq Sarayevin bizə təhvil verdiyi bəzi sənədlərdə anası Sara xanımın hətta psixiatrik xəstəxanaya yerləşdirildiyi öz əksini tapır. Hətta bəziləri elə rəylər yazırdıları ki, guya bu xanım əqli və psixi baxımından özündə deyil, ona görə də belə hərəkətlər edir. Düzdür, sonradan onu ruhi xəstəxanadan çıxardılar. Çünki elə bir xəstəliyi yox idi. Sara xanım çox savadlı insan idi. Sankt-Peterburqda ali təhsil almışdı. Sadəcə olaraq, onu bu araşdırma fəaliyyətindən uzaqlaşdırmaq üçün “ruhi xəstə” adlandırırdılar.
Arxivdə daha bir maraqlı yazı da var. Sara xanım həyatının
son illərində yazdığı bu yazıda ona kömək
edənlərə öz təşəkkürünü
bildirib. Bəlkə
də artıq dünyadan köçəcəyini hiss edirdi. Bir növ özünə mənəvi borc bildiyi
üçün belə bir təşəkkür xarakterli
yazı yazıb və ruhi xəstəxanadan çıxmaq
üçün ona kömək edənlərin
adlarını sadalayıb. Sənədlərin
yazılması, çoxaldılmasında göstədikləri
yardıma görə Tarix İnstitutunun kollektivinə də
öz minnətdarlığını bildirir.
- Sara Tağıyeva-Sarayevanın ikinci rus həyat
yoldaşının aqibəti necə olub?
- Sara
xanım Bakıdan Leninqrada köçdükdən sonra orada
Nikolay Sarayev adlı bir rusla tanış
olur və ailə həyatı qurur. Bu, Sara
xanımın ikinci ailəsi olur. Nigahdan
Sara xanımın Lev və Oleq Sarayev adlı iki oğlu
dünyaya gəlir. Bu iki övlad
analarının ağır həyatını bir növ
özləri də yaşayırlar. Övladları bir az böyüdükdən sonra Sara xanım
Bakıya gəlməli olur. Leninqrada yenidən
qayıdanda isə onların evlərini əllərindən
alırlar. Bunu mənə Oleq Sarayevin
özü danışıb. Evi hanısa
bir prokurora veriblər. Sara xanım da məhkəməyə
şikayət edib. Məhkəm isə qərar
çıxarır ki, onlar evlərinə qayıda bilərlər.
Amma qərarda qeyd olunub ki, bir il müddətində
onlar evin yeni sakinləri ilə birlikdə həmin evdə
yaşamalıdırlar.
Görüşümüz
zamanı Oleq Sarayev dedi ki, atalarının qəbrinin harada
olduğunu bilmirlər. 1941-ci ildə müharibə
başlayanda onların atasını arxada cəbhədə
işləməyə göndəriblər. Cəbhəyə gedənə yemək
üçün bir “payok” çörək və müəyyən
ərzaqlar verirdilər. Oleq mənə dedi ki, evlərində
bir kağız var, ataları yazıb ki, həmin
“payok”dakı yeməkdən imtina edir və uşaqları
üçün aparacaq. Günlər bir
günü “payok”u gətirən vaxt acından ürəyi
gedib yıxılır və oradaca dünyasını dəyişir.
İndi onun harada dəfn olunduğu heç
bilinmir. Oleq bildirdi ki, hər il
mayın 9-da Qələbə günü adı naməlum
olanların dəfn edildiyi Qardaşlıq məzarlığına
gedirlər. Hələ də atalarının məzarının
yerini bilmirlər. Bu, əslində bir ailə
faciəsidir.
- Bəs
Sara xanımın birinci həyat yoldaşı Zeynal bəy Səlimxanovdan
olan övladları haqqında nə məlumat var?
- Onların Səfiyyə xanım adlı övladı vardı. Səfiyyə xanım Türkmənistana köçüb, bir müddət Aşqabadda yaşayıb. Sara xanım da bir müddət Bakıda qalır. Daha sonra isə Leninqrada, oğlanlarının yanına gedir. Bir müddət sonra isə yenidən Bakıya qayıdır. Ömrünün qalan hissəsinin yalnız atasının adını yenidən bərpa etməyə xərcləyir. Məqsədinə çatmaq üçün ailəsini, sağlamlığını da gözə alır. Sonda istədiyinə çatsa da, sözün həqiqi mənasında o anları görə bilmir, çünki artıq gözlərinin nurunu itirmişdi. Amma məqsədinə çatdığını bilir.
O, 1991-ci
ildə vəfat edib. Amma H.Z.Tağıyevin
adının bərpası 1980-ci illərin sonundan
başlayıb. Sara xanım isə
gördüyü işin hədər getmədiyi
üçün bu dünyadan arxayn köçdü.
Sara xanım bütün cəmiyyətə Tağıyevin əslində
kim olduğunu, Azərbaycan xalqı
üçün nələr etdiyini sübut etdi.
- Oleq və
Lev Sarayev qardaşlarının Azərbaycana gəlmək
fikirləri varmı?
- Onlar
sovet dövründə anaları Sara xanımla bir müddət
Azərbaycanda yaşayıblar. Daha sonra
doğulduqları ölkəyə qayıdıblar. Orada ailə həyatı qurublar və
yaşayıblar. Bir neçə il
öncə yenidən Bakıya gəlmişdilər. Ögey bacıları Səfiyyənin
övladları da Azərbaycanda yaşayır.
Oleq Sarayevlə danışanda o, dedi ki, özü Bakıya gələndə bəzi başqa sənədləri də Azərbaycan Tarixi Muzeyinə verəcək. Mənə verdikləri isə tam arxiv deyil. Sözsüz ki, müəyyən sənədlər hələ də ailədə qalır.
- Sarayev qardaşları hazırda hansı işlə məşğuldurlar?
- Oleq Sarayev hazırda Sankt-Peterburq Elmlər Akademiyasında çalışır. Böyük qardaşı Lev təqaüdçüdür, işləmir. Onların övladları müxtəlif sahələrdə çalışırlar. Birinin oğlu sənətkarlıq sahəsindədir, digəri Daxili İşlər Orqanlarındadır. 2010-cu ildə Sara xanımın nəvələri - Oleq və Lev Sarayevin oğlanları Bakıya gəldilər. Biz onları Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə dəvət etmişdik. Amma ataları səhhətləri ilə bağlı gələ bilmədilər.
- Deyilənlər düzdürmü ki, Sara xanım oğlanlarından imtina edib, onları övladlığa verib?
- Xeyr. Sadəcə olaraq, uşaqlar Sara xanımın baldızının, yəni bibilərinin himayəsində yaşayıblar. Oleq bunun səbəbini də mənə danışdı. Dedi ki, anamız Bakıya getməli idi. Kimsəsiz qalmamaq üçün bizi bibimizin himayəsinə vermişdi. Bibimiz rəhmətə gedəndən sonra bir müddət uşaq evində yaşadıq. Daha sonra anamız gəlib bizi uşaq evindən götürdü. O, övladlarına bağlı bir ana olub. Biz Sara xanımı belə bir həyat yaşadığına görə nə tənqid, nə də ittiham edə bilərik.
- Övladları Sara xanımın ömrünün son günlərini necə xatırlayırlar?
- Sara xanım vəfat edən zaman övladları burada olmayıb. Birinci həyat yoldaşı Zeynal bəy qızı Səlimxanovdan olan qızı Səfiyyə xanım həmin vaxt Bakıya gəlib və anasının dəfn mərasimində iştirak edib. Sara xanım çox mərd qadın olub, hansısa maddi və məişət ehtiyacları üçün kiməsə ağız açmayıb.
- Sarayev qardaşları özlərini azərbaycanlı hesab edirlərmi? Azərbaycanla bağlı düşüncələri necədir?
- Özlərini Azərbaycanlı kimi hiss
edib-etməmələrilə bağlı heç nə deyə
bilmərəm. Amma onlar özlərini Tağıyev ailəsinə
birbaşa aiddiyyatı olan insan kimi hiss edirlər. Məsələn,
mən ora getməmişdən öncə Oleq Sarayevlə
telefonda danışdım. Məndən xahiş etdi ki, Azərbaycan
Tarix Muzeynin fotolarını ona aparım. Dedi ki,
babalarının yaşadığı evin bərpadan
sonrakı şəkillərini görmək istəyirlər.
Xalq
Cəbhəsi.- 2016.- 8 dekabr.- S.7.