Mədəni davranış əsasında dayanan mədəniyyət...
Şakir
Albalıyev: “Hər şeydən əvvəl bunu xalqın
milli-mənəvi dəyərlərində axtarıb tapmaq,
görmək lazımdır”
Filologiya üzrə fəlsəfə
doktoru, dosent Şakir Albalıyev yazır: “N.Cəfərov,
M.Çobanov, Q.Paşayevanın həmmüəlliflikləri
ilə yazılmış «Azərbaycanşünaslığın
əsasları» (Bakı, AzAtaM, 2013) adlı dərs vəsaitində
oxuyuruq: «Tarixi mənbələrin verdiyi məlumatlardan məlum
olur ki, türklər Azərbaycanda və həmhüdud
bölgələrdə nə qədər böyük
ictimai-siyasi nüfuza malik olsalar da, İran, Qafqaz və
başqa mənşəli etnosları bilavasitə
sıxışdırmadılar (onlarla əsasən əmin-amanlıq
şəraitində yaşadılar), onlarla düşmənçilik
etmədilər. Buna baxmayaraq, qeyri-türk mənşəli
bəzi etnoslar özlərini nəinki türklərdən, hətta
həmtayfalarından belə təcrid etməyə meyl
göstərdilər. Lakin Azərbaycan türklərinin
birləşdiricilik yönümlü münasibətinə
uyğunlaşaraq onlarla yaxından ünsiyyətə girdilər
və beləliklə də Azərbaycan cəmiyyətinin bərabərhüquqlu
üzvü oldular...»
Burada çox incə, həssas məqamlar
ifadə olunub: böyük ictimai-siyasi nüfuz sahibi olan azərbaycanlıların
(Azərbaycan türklərinin) ərazidə məskunlaşmış
yad etnoslara qarşı birləşdiricilik yönümlü
münasibəti tarixən onların Azərbaycan cəmiyyətinin
bərabərhüquqlu üzvləri kimi yaşamasına səbəb
olub. Bəs bu «birləşdiricilik
yönümlü münasibət» özünü tarixən nədə
təcəssüm etdirib ki, Azərbaycan ərazisi dünya
xalqlarının həmrəylik məskəninə
dönüb? Məncə, bu suala bir qədər poetik fonda cavabı XX əsrin əvvəlində
xalqımızın dahi mütəfəkkiri Hüseyn Cavid
çox sərrast bir aforizmdə ifadə edib:
Turana qılıncdan daha kəskin,
ulu qüvvət
Mədəniyyət, mədəniyyət,
mədəniyyət!
Qədim türklər Turan
imperiyasını qurarkən zor vasitəsi olan silahdan - o
dövrün ənənəvi silahı olan qılıncdan
daha çox mədəniyyətə əsaslandılar. Qılınc
zor edə bilmədiyini əmin-amanlıq vasitəsi olan
söz öz missiyasını əməli-praktik yaşam tərzi
forması olaraq mədəni davranış timsalında həyata
keçirdə bildi. Beləcə, mədəniyyət
faktoru Türk dünyasına – Turan məmləkətinə
qılıncdan da kəsərli-yetərli bir qüvvət
oldu. Bəşər nəsli mədəni
sivilizasiyaya tabe oldu. Qədim Şərq –
qədim Türk elləri bütün dünyaya, bəşəriyyətə
mədəniyyət yayıcıları kimi özünü,
sözünü, gücünü diqtə etdirdi. Türk öz quluna da – əsirinə də
insanlıq nümayiş etdirirdi, böyük mədəniyyət
nümunəsi göstərirdi. Buna görə
də xalqımızın filosof-şairi Hüseyn Cavid Turana
qılıncdan daha kəskin, ulu qüvvətin məhz onun mədəniyyəti
olduğunu bəyan edirdi. Bəli, türklər
mədəni dəyərlərə tapınmaqla mədəniyyəti
əldə bayraq etməklə bütün dünyaya öz
iradəsini yeridə bildi.
Qədim türklərin mənəvi
varisləri olan Azərbaycan dünyası da – Azərbaycan
türkləri də yuxarıdakı sitatda göstərildiyi
kimi, «Nə qədər böyük ictimai-siyasi nüfuz yiyələri
olsalar da, digər xalqlarla qılınc davasına qalxıb
düşmənçilik etmədilər». Çünki
«Azərbaycan türklərinin birləşdiricilik
yönümlü münasibətləri» - yəni zəngin mənəvi
mədəniyyəti var idi ki, bu mədəni davranış,
yüksək əxlaq tipi yad etnosları da özləri ilə
mehriban ünsiyyətə çəkərək, onları Azərbaycan
cəmiyyətinin könüllü, bərabərhüquqlu
üzvləri olmağa vadar etdi”.
Bəs bu mədəni
davranışın əsasında dayanan mədəniyyət
özünü hansı formalarda təzahür etdirirdi? Ş.Albalıyev: “Hər
şeydən əvvəl, bunu xalqın milli-mənəvi dəyərlərində
axtarıb tapmaq, görmək lazımdır. Bu
milli-mənəvi dəyərlərin bariz ifadəsi isə
xalqın folklor dünyasında öz əksini tapır.
Folklorumuzun ən kiçik
ölçülü, lakin böyük hikmətlər, dərin
mənalar ifadə edən janrlarından olan atalar sözlərimiz
birbaşa xalqımızın etnik psixologiyasının ifadəçisi
olmaqla yaşam dünyamıza – həyat amalımıza güzgü
tutur. Bu baxımdan səciyyəvi bir
nümunə üstündə dayanmaqla fikirlərimizin
davamını (şərhini) verək. Söymə
nökər dədəmi, söyməyim bəy dədəni.
Yaxud: özünə qıymadığını özgəsinə
qıyma (özünə rəva görmədiyini
başqasına rəva bilmə). Bu,
xalqımızın - azərbaycanlıların həyata
baxış tərzinin ifadəsidir.
Bu, azərbaycanlıların
əxlaq kodeksidir, təbəqələr, insanlar,
ayrı-ayrı irqlər, millətlər arasındakı birləşdiricilik
yönümlü münasibətidir,
barışdırıcılıq, geniş mənada xalqlar
arasında həmrəylik duyğularının etnopsixoloji
ifadəsidir, xalqlararası sülh siyasətidir. Məhz belə
bir müdrik xalq düşüncəsi tarixən vətənimizdə
multikultural bir məkanın olmasına münbit zəmin
yaratmış oldu və ona görədir ki, doğma
respublikamızın ərazisi müxtəlif çeşnilərdən
toxunmuş əsrarəngiz ilmələrlə bəzədilmiş
nəhəg xalını xatırladan ayrı-ayrı etnos və
millətlərin həmrəylik və qardaşlıq birliyində
birləşən ümumi vətənə dönüb.
Xalqımızın dahi mütəfəkkiri H.Cavid başqa
bir məqamda elə ifadə edib: Mədəniyyətin sonu vəhşətmidir
(vəhşilikdirmi), nədir, əcəba (görəsən)?
Bax bu cür ittiham edirdi bəşəriyyəti
dahi filosof. Görürdü,
anlayırdı ki, mədəniyyət adı altında antimədəniyyət
tüğyan edərək, insanlıq dünyası mənəvi
iflas həddinə yetişəcək. Nüvə
silahları, reaktiv bombalar və s. alimlər tərəfindən
bəşəriyyətə xeyirxah məqsədlərlə
xidmət etmək üçün icad edildiyi halda, bundan
antihumanist zorakılıq əməlləri törədilirsə,
bu, bəşər mədəniyyətinin sonucda vəhşiliyə
doğru yuvarlanması deyilmi? Məhz dahi
filosofumuz, xalqımızın böyük övladı H.Cavid
bu kimi mənəvi fəsadlara işarə ilə
yuxarıdakı misrasını işlədib. Bəli, insan ağlı, insan zəkası
insanlığa xidmət etməlidir. İnsan
isə sosial varlıq olmaqla mənəvi varlıqdır, belə
olduqda isə insanlıq anlayışı altında mənəvi
varlıq – mənəviyyat məfhumu dayanır. Mənəviyyat isə öz həyati ifadəsini,
real görüntüsünü mədəniyyət hadisəsində
tapır. «Qızım, sənə deyirəm,
gəlinim, sən eşit» - deyən xalqımız mədəniyyəti
özündən başlayıb, tənbehi əvvəlcə
özününkünə edib, bundan da başqasının –
yadın ibrət götürməsini istəyib. Bax budur azərbaycanlı milli mentalitetinin
özünəməxsus ifadə forması və
başqalarına öz əməllərindən nümunə
göstərmək mədəniyyəti!”
Azərbaycanlıların ailə-məişət
mədəniyyəti özü bütün dünyaya ta əzəl
çağlardan bir örnəkdir: “Azərbaycanlı ailəsi
bütöv sarsılmaz bir dünyanın ictimai formadakı
özək qatıdır. Ta qədimdən azərbaycanlılarda
monoqam ailə tipi mövcud olub. Bu, nə deməkdir?
Bu, qadına olan hörmətin, verilən dəyərin
yüksək təzahür formasıdır. Azərbaycan xalqı monoqam ailə tipinə sadiqliyini
qoruyub saxlayıb. Etnosumuzun
düşüncəsinə görə qadın-qız ailənin,
nəslin, tayfanın namusu-şərəfidir, qadın-ana
müqəddəsdir və Ana haqqı - Tanrı haqqı deyə
ana əziz, müqəddəs tutulub dəyərləndirilib.
Beləcə, qız-gəlin, qadın, ana ucuz
tutulmayıb, anaya yüksək dəyər verilib. Ailə isə cəmiyyətin, dövlətin əsası
deməkdir. Bir yerdə ki, anaya, ailəyə
– kiçik dövlət olan ailəyə hörmət var, o
yerdə dövlət də möhkəm əllərdə
olar, dövlətçilik də inkişaf, tərəqqi edər.
Eyni zamanda orada - ailə daxilində də mehribanlıq
hökm sürər, bu mehribanlıq telləri isə
qonşuya, qonşudan da ətraflara – yad etnoslara da münasibətdə
bərqərar olub, möhkəmlənər”.
Bu kimi incə məqamlara nəzərən
qətiyyətlə onu da iddia edə bilərik ki, Azərbaycan
ölkəsi bir poliqon kimi əcnəbi millətlərin,
xarici ölkələrin gözü ilə Azərbaycana kənardan
seyrçi nəzərlə baxılsa, həm də
interkultural bir məkandır. Tədqiqatçı Niyaz Niftiyevin
bu məqamla bağlı söylədiklərinə diqqət
etsək, bir daha dediyimizin təsdiqini görərik:
«İnterkulturalizm həm ölkə daxilində, həm də
ölkə xaricində müxtəlif, çeşidli və fərqli
mədəniyyətlər və sivilizasiyalar arasında dialoq
və anlaşmanı təşviq edən fəaliyyətlər
deməkdir”.
Ş.Albalıyev: “Konkret həyati
misallara müraciət yolu ilə dediklərimizi əsaslandıraq.
AMEA-da laboratoriya müdiri vəzifəsində
çalışan əmimiz qızı ilə bir yerdə bir
gənc rus qızı da işləyirdi. O qızı mən
də görmüşəm. Bəzən elə olurmuş ki,
laboratoriyada aparılan işlər uzandığından,
iş vaxtından bir qədər gec işdən
çıxmalı olurmuşlar. Bu vaxtlar həmin
rus qızının atası (qızın anası rəhmətə
gedibmiş) zəng edib qızının evə niyə gec gəlməsindən
narahat olduğunu bildirirmiş. Şöbə müdiri
olan əmimiz qızı ona narahat olmaması üçün
təskinedici sözlər deyib, işin çox olması ilə
bağlı gecikməsini səbəb gətirsə də, yenə
də kişi qızının evə
vaxtında gəlib çıxmamasından narahat bir hal
alarmış. Düzü, mən bu məlumatı ilk dəfə
eşidəndə, təəccüblənərdim ki, axı
ruslar üçün evə gec gəlməyə nə
qoruq-qaytaq?.. Yəni ruslar da
qızlarının evlərinə bir qədər gec gəlməsindən
narahat olarlarmı? – deyə
düşünüb, xəyala dalardım.
Digər bir fakt. Yenə
Bakıda doğulub-yaşayan bir rus ailəsində ailə
qurub-boşanmış bir rus qızı səhhəti ilə
bağlı həkimə müraciət edir. Müayinənin
nəticəsi olaraq həkim rus qızına xəstəliyinin
ötüb-keçməsi üçün bir kişi
ilə ailə həyatı yaşamasını məsləhət
görür. Lakin həmin rus qızı yenə həkimin bu
müalicə üsulu kimi etdiyi təklifi qəbul etmir və
bildirir ki, qanuni yolla ər-arvad kimi yaşamayacağı
heç bir kişi ilə yaxınlıq
etməyəcək.
Bu epizodları niyə misal gətirirəm? Ona görə
ki, bir etnos-xalq olaraq rus milli düşüncəsi
üçün, bir din daşıyıcısı olaraq
xristian bir kəs üçün xüsusilə təəccüblüdür.
Axə bakirəlik anlayışı bizim xalq
üçün mühümdür, müqəddəsdir.
Yeri gəlmişkən elə buradaca bir məqamı
da qeyd edim ki, Azərbaycandan köçüb gedən bir
çox erməni ailələri də Yerevanda, Ermənistanda
yerli ermənilərin ermənisayağı,
xristiansayağı əməlləri ilə
uyğunlaşmadıqlarından, oradan başqa xarici ölkələrə
mühacirət etdilər. Belə ki, Ermənistanda
yaşayan ermənilər Bakıdan, Azərbaycandan
köçüb gedən öz soydaşlarının – Azərbaycan
ermənilərinin qız-gəlinlərinə həyasız
münasibət göstərib, namussuzluq etdiklərindən,
onlar da bu cür rəftarı qəbul etməyib, tamamilə
yad məmləkətlərə – Rusiyaya və s. yerlərə
köçmək məcburiyyətində
qalmışdılar. Bunu ermənilər özləri
etiraf edib danışırmışlar. Bütün
bunlar nəyin göstəricisidir? Azərbaycan
ərazisində uzun müddət qalıb məskunlaşan,
yaşayan Azərbaycan vətəndaşları dinindən,
irqindən, milli mənsubiyyətindən asılı olmayaraq
Azərbaycan xalqının milli mədəniyyətinin təsiri
altına düşüb, yaxşı mənada assimilyasiya
olunurlar. Bunun da səbəbi Azərbaycanın
milli-mental dəyərlərinin yüksək əxlaqi dəyərlərə,
humanizmə, uca mənəviyyata bağlı olmasından irəli
gəlir. Çünki Azərbaycan
xalqı qıza-qadına namus-şərəf məsələsi,
ləyaqət simvolu kimi dəyər verib. Azərbaycan
qadınının adı çəkiləndə o zaman mənəvi
dəyərlərimizin daşıyıcısı və
qoruyucusu olan bir müqəddəs sima gözlərimizin
qarşısında canlanıb”.
Uğur
Xalq cəbhəsi.-
2016- 9 dekabr.- S. 13.