“Azərbaycan ərazisində Günəş enerjisinin paylanmasının riyazi
modelini yaratmışıq”
AMEA-nın
müxbir üzvü: “Bu model əsasında seçilmiş məntəqədə
illər, aylar, həftələr, günlər üzrə nə
qədər Günəş enerjisinin
alınacağını hesablamaq mümkündür”
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) akademik H. Əliyev
adına Coğrafiya İnstitutunun şöbə müdiri,
AMEA-nın müxbir üzvü, fizika və riyaziyyat elmləri doktoru Rauf Qardaşovun APA-ya müsahibəsini təqdim edirik.
- Rauf
müəllim, Azərbaycanın
Günəş enerjisi
potensialını necə
qiymətləndirirsiniz?
- Dünyada dayanıqlı sosial-iqtisadi
inkişafı və cəmiyyətin keyfiyyətli
yaşamını təmin
etmək üçün
enerji ən mühüm amildir. Ənənəvi yanacaq növlərinin
tükənmə riski
və ətraf mühitə vurduğu zərər nəzərə
alınarsa, alternativ enerji növlərindən
istifadəyə keçid
insanlıq qarşısında
duran ən önəmli problemdir.
Azərbaycanda da alternativ enerjidən istifadə istiqamətdə mühüm
işlərə başlanıb.
Azərbaycan prezidentinin
16 iyul 2009-cu il tarixli fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyi yaradılıb
və agentlik tərəfindən Azərbaycanın
müxtəlif bölgələrində
son texnologiyalara cavab verən Günəş və külək elektrik stansiyaları tikilib, eyni zamanda
yeniləri də tikilməkdədir. Alternativ enerji
növləri arasında
Günəş enerjisi
ekoloji təmiz olması və tükənməzliyi baxımından
ən perspektivlisidir.
Azərbaycan ərazisində Günəş
enerjisinin paylanması
haqqında dolğun məlumat bu enerjinin respublikamızda səmərəli istifadəsi
üçün zəruri
şərtdir. Azərbaycanın daxilində Günəş
enerjisi potensialının
daha dəqiq qiymətləndirilməsi üçün
hesablamalara və ölçmələrə böyük
ehtiyac yaranıb.
Məsələn, aran
rayonları və dağlıq bölgələrdəki
Günəş enerjisinin
potensialı yetərincə
fərqli ola
bilər. Xüsusilə dağlıq bölgələrdə
Günəş enerjisi
potensialının qiymətləndirilməsi
kifayət qədər
çətindir. Çünki dağlıq bölgələr
çox mürəkkəb
relyefə malikdir və Günəş enerjisinin daha dəqiq dəyərləndirilməsi
üçün çox
sıx şəbəkə
üzrə uzunmüddətli
ölçmələr aparılmalıdır.
Bu, çox bahalı
işdir. Amma Günəş
enerjisinin potensialının
qiymətləndirməsi üçün
adekvat riyazi modeldən istifadə mümkündür. Biz artıq Azərbaycan ərazisində Günəş
enerjisinin paylanmasının
riyazi modelini yaratmışıq.
- Sizin
yaratdığınız riyazi
model ölkənin Günəş
enerjisi potensialını
öyrənməyə imkan
verirmi?
- Bu model əsasında
seçilmiş məntəqədə
illər, aylar, həftələr, günlər
üzrə nə qədər Günəş
enerjisinin alınacağını
hesablamaq mümkündür.
Belə bir riyazi model Günəş
elektrik stansiyalarının
optimal yerinin və günəş batareyalarının
optimal yönünün seçilməsi
üçün də
istifadə oluna bilər. Bu isə
bizə Günəş
enerjisindən daha effektiv şəkildə istifadəyə şərait
yarada bilər. Bundan başqa, bu riyazi model dağlıq bölgələr üçün
böyük əhəmiyyət
kəsb edir. Bildiyiniz kimi, Şamaxıdan Balakənə qədər
olan rayonlarda dağ çaylarının
vadilərində çox
sayda turizm obyektləri var. Düşünürəm
ki, dağ çaylarının vadilərində
yerləşən turizm
obyektlərinin Günəş
enerjisindən istifadə
etməsi çox məqsədəuyğun olardı.
Bir nümunəni diqqətinizə
çatdırım. Zaqatalada turistlərin
çox olduğu Talaçay və Katexçayda uzun müddət ölçmə
işləri aparmışam.
Həmin ərazilərdə
kifayət qədər
Günəş enerjisi
toplanır, çay daşları, hər yer istidən od tutub
yanır. Katexçayın qırağında fəaliyyət göstərən
turizm obyektlərinə
kortəbii şəkildə
basdırılmış dirəklər
vasitəsilə elektrik
xətləri çəkilib.
Onlarla belə obyekt mövcuddur. Güclü külək
əsəndə, yaxud
yağış yağanda
bütün bu dirəklər sıradan çıxır. Bu ərazilərdə böyük
perspektiv var. Buna görə
də, dağlıq bölgələrdə, vadilərdə,
Şamaxıdan Balakənə
qədər olan rayonların hamısında
Günəş enerjisindən
daha çox istifadə etmək mümkündür. Sadəcə, həmin ərazilərə
düşən enerjidən
düzgün istifadə
edib, Günəş enerjisini akkumulyasiya edə bilsək, bütün turizm obyektlərin hamısını
alternativ enerji ilə təmin edə bilərik. Bu məqamda hava
şəraiti haqda məlumatdan da istifadə etməklə turizm obyektinin yaxın bir həftədə nə qədər Günəş
enerjisi alacağını
əvvəlcədən proqnozlaşdıra
bilərik.
- Bildiyimizə
görə, siz Günəş enerjisi ilə çalışan
avtomobillərin hərəkət
modelini də hazırlamısınız.
- Bəli, belə bir model hazırlanıb. İndiyə qədər ölkəmizdə
avtomobil yolları çəkiləndə yolun
hər iki tərəfinin kölgəli
olmalısına xüsusi
önəm verilib.
Bir məsələni də diqqətinizə çatdırım
ki, biz Günəş
enerjisindən yalnız
optimal şəkildə istifadə
edə bilərik.
Günəş enerjisini idarə
edib azalda, ya da çoxalda
bilmərik. Əvvəlcə Günəş enerjisinin avtomobil yolları üzərində potensialını
qiymətləndirmişik və
Günəş enerjisi
ilə çalışan
avtomobillərin hərəkətinin
simulyasiyası üçün
bir model hazırlanıb.
Bu model gələcəkdə
daha da təkmilləşdiriləcək.
Bunun da nəticəsində Günəş enerjisi ilə çalışan
avtomobillərin naviqasiya
sistemi ortaya çıxacaq. Məsələn,
Bakıdan martın
21-də saat 10.00-da Günəş
avtomobili ilə hərəkətə başlasaq,
yol boyunca bizim sürətimiz nə qədər olacaq, nə vaxt Şamaxıya çatacağıq və
s. digər məsələləri
naviqasiya sistemi vasitəsilə həll edə bilərik. Biz Hamburq-Berlin, Zaqatala-Tbilisi
və Bakı-Şamaxı
magistral yollarında mövcud Günəş avtomobillərinin parametrlərini
götürərək təcrübə
aparmışıq. Bu
təcrübəyə əsasən
ilin hansı günündə, hansı
saatda hərəkətə
başladıqdan sonra
yol boyunca hərəkətin orta sürəti, bir yol üçün nə qədər vaxt sərf olunacağı məlum olub. Artıq Norveç yaxın
zamanlarda benzinlə işləyən avtomobillərdən
imtina edib, akkumulyatordan alınan elektriklə işləyən
avtomobillərindən istifadəyə
hazırlaşır. Azərbaycanda isə akkumulyatorlu və Günəş enerjisi olan hibrid
avtomobillər daha çox yayğın olacaq. Çünki bizim yetərincə günəş enerjimiz
var. Mən düşünürəm
ki, effektivliyi 30-40% olan və maliyyəti
az olan foto
elementlər kəşf
olunsa, qarşıdakı
5 il ərzində benzinlə çalışan
avtomobillər tamamilə
sıradan çıxa,
onların yerini isə Günəş avtomobilləri tuta bilər. Bunun çox sürətlə baş
verəcəyinə inanıram.
Xalq cəbhəsi.-
2016.- 9 dekabr.- S.7.