S.C.PİŞƏVƏRİNİN
AZƏRBAYCANA DÖNÜŞÜ
ƏRƏFƏSİNDƏ...
2-ci
yazı
30-cu illərin
axırlarında dövlət xətti ilə ölkənin
üç şəhərində (Tehran, İsfahan, Təbriz)
tikilmiş elevatorlardan biri Azərbaycanda tikilsə də, onun
taxıl saxlama tutumu Tehran və İsfahandakından çox
aşağı idi, halbuki Azərbaycan İranın
başlıca taxılçılıq regionlarından idi. Ən çox işçi qüvvəsi olan müəssisədə
işçilərin sayı 80-90 nəfərdən çox
deyildi və bu müəssisələrin əksəriyyətində
əl əməyi üstünlük təşkil edirdi.
Halbuki Azərbaycanda sənayenin bütün sahələrini
(metallurgiya, dağ-mədən, pambıqçılıq,
tütünçülük, ipəkçilik, tərəvəzçilik
və s.) yaratmaq üçün yetərincə həm təbii,
həm fiziki imkanlar var idi. Dövlətin
iqtisadi siyasətində də Azərbaycana münasibətdə
“ögeylik” özünü aydın şəkildə biruzə
verirdi. Məsələn, 1940-1941-ci illərdə milli məhsulda
Azərbaycanın sənaye üzrə payı 1,1%-ə
bərabər olmuşdu. Azərbaycan istehsal
vasitələri və istehsal üsulu cəhətdən
İranın geri qalmış başlıca aqrar-kəndli
regionlarından biri idi. Həmin dövrə
aid İranın xarici ticarətində ixracat siyahısında
Azərbaycandan daxil olan yeganə məhsul İrana
qızıl valyuta gətirən xalçalar və qismən
meyvə qurusu (əsasən Almaniyaya satılan lölə-qaxlar)
idi.
İranın dünya bazarına ixrac etdiyi
xalçaların təqribən yarısı Güney Azərbaycanın
payına düşmüşdü (Yenə orada). Bu dövrdə
(40-cı illərin ərəfəsi və əvvəlləri)
Azərbaycanda xalçaçılıqla məşğul
olan müəssisələrin sayı 950-dən çox,
oradakı dəzgahlar 5328, işçilərin sayı 12 min nəfərə
yaxın olmuşdu. Xalçaçılıqda
əl əməyi, xüsusən qadın və uşaq əməyi
üstünlük təşkil etmişdi. Texniki səviyyə və müasir sənaye
avadanlığının yoxluğu ucuz əl əməyinə
rəvac verirdi. Təbrizdə, Sarabda, Ərbəbildə,
Mərənddə, Xoyda, Zənganda xalça toxuma işlərində
maşın və texnikanın qismən tətbiqi 40-cı illərin
əvvəllərində xalça istehsalının
artımına təkan verdi. Xalçadan gələn gəlir
istehsalçılardan əvvəl dövləti və
xalça möhtəkirləri varlandırırdı.
Ümumiyyətlə, 40-cı illərin əvvəllərində
Güney Azərbaycanda daimi və mövsimi işi olanların
sayı 50-60 min arasında göstərilir ki, bu da o zamankı
Azərbaycan əhalisinin təqribən 0,02%-ni təşkil
edirdi (Yenə orada).
Tədqiq olunan dövrdə Güney Azərbaycan
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil etmişdi. Bu regionda yaşayan əhalinin 75-80% kənd
yerlərinin payına düşürdü. Aparılan
hesablamalardan aydın olur ki, kənd təsərrüfatı və
maldarlıq məhsulları Azərbaycandakı məcmu milli məhsulun
91,8 %-ni təşkil etmiş, əhalinin 10 nəfərdən
9-nun dolanışığı kənd təsərrüfatı
ilə bağlı olmuşdu. Kənddə ərbab-rəiyyət
münasibətlərinin hökm sürməsi, əkinə
yararlı torpaqların, su mənbələrinin və istehsal
vasitələrinin kənd əhalisinin cəmi 5%-ni təşkil
edən iri mülkədarların, vəzifə və mənsəb
sahiblərinin əlində olması Güney Azərbaycan kəndlisini
ağır vəziyyətdə yaşamağa məcbur
etmişdi. Hasil olan məhsulun istehsal vasitələrinə
görə bölünməsi (torpaq, su, toxum, gübrə,
qoşqu heyvanı və s.), üstəlik hazır məhsuldan
tutulan çoxsaylı vergilər, rüsumlar və
ayrılmalar istehsalçı kəndlini ölmə-dirilmə
yaşayışına gətirib
çıxarmışdı. Güney Azərbaycan
kəndindəki sosial-ictimai vəziyyət öz kəskinliyi
ilə kəndliləri rejim əleyhinə, aqrar-kəndli
münasibətlərindəki haqsızlığa
qarşı mübarizəyə kökləmişdi. Güney kəndlisi ayağa qalxmaq üçün
fürsət axtarırdı.
Rza
şahın müharibə ərəfəsində ölkənin
inzibati - ərazi bölgüsündə əmələ gətirdiyi
“parçala, ağalıq et” siyasəti Azərbaycanın
etnik, iqtisadi və mədəni bütövlüyünü
pozmaqdan əlavə, Azərbaycan Şəhərlərində
iqtisadi-ticarət əlaqələrində də əngəllər
yaratmış oldu. 1937-1938-ci illərdə
ölkənin yeni inzibati - ərazi vahidlərinə (ostanlara)
bölünməsi, əslində Güney Azərbaycanın
parçalanması və onun bütöv xəritəsinin
doğranılması idi. Bu
bölgünün nəticəsində Azərbaycan 3-cü və
4-cü ostana (əyalətə) ayrılmış oldu. “Qəzvin, Həmadan, Qum, Məlayir, Tufarqan və Sənəndəc
vilayətləri ətrafındakı onlarla Azərbaycan
mahalı və 2500-dən çox kəndi İranın I mərkəzi
və V əyalətlərinə verilmişdi”.
Həmin
tarixdən rəsmi sənədlərdə, mətbuat və
informasiya vasitələrində, eləcə də orta və ali məktəb dərsliklərində Azərbaycan
adı “3-cü” və “4-cü” ostan adı ilə əvəz
olundu. Bu tədbir, əslində Pəhləvi
hakimiyyətinin Azərbaycanı “Böyük İran” daxilində
həzm etmək siyasətinin təcavüzlərindən biri
idi. “... Rza xanın Azərbaycanı
Ostane-3 və Ostane-4 adı ilə 2 əyalətə bölməsi
də hövl və həvəs üzərində irəli gəlməmişdi.
Bunların altında şeytani bir nəğmə
gizlənmiş idi, o da Azərbaycanın dilini, birliyini və
milliyətini ortadan aparmaqdan ibarət idi”.
Rza şahın hakimiyyətdən getdiyi vaxtdan sonrakı
illərdə də Azərbaycana qarşı mərkəzin
münasibəti dəyişməmişdi. Təzyiqlər
bölgəyə ögey münasibət, iqtisadi gerilik və
baxımsızlıq əvvəlki illərdə olduğu kimi
davam etməkdə idi. S.C.Pişəvəri
siyasi fəaliyyətini davam etdirmək üçün 1945-ci
ilin yayında Təbrizə gəlmək ərəfəsində
Azərbaycan partlamağa hazır olan barıt çəlləyini
xatırladırdı. Pəhləvilərin
amansızlığına əlavə olunmuş milli zülm
böyük tarixə və zəngin keçmişə malik
olan bir xalqın - Azərbaycan türklərinin bir millət
kimi “əridilməsi” cəhdi bu ərazidə
yaşayanların mövcud rejim əleyhinə və onun yerlərdəki
dövlət strukturlarına qarşı nifrət və
barışmaz əhvali-ruhiyyə yaratmışdı. Buna görə də mütəffiq qoşunların
İran ərazisinə keçməsi ilə bağlı
siyasi ab-havada qismən yumşaqlığın əmələ
gəlməsindən istifadə edən Azərbaycandakı
milli qüvvələr dirçəlməyə və
açıq mübarizə meydanına atılmağa imkan
tapdılar. Bu özünü hər şeydən əvvəl
bu bölgədə xalqın öz azadlığı
uğrunda gündən-günə yüksələn və
yeni vüsət alan mübarizəsində
göstərirdi.
ADF-in yaranması ərəfəsində Azərbaycanda təkcə
iqtisadi vəziyyət deyil, siyasi durum da bir çox cəhətdən
ağır və mürəkkəb idi. 1945-ci ilin əkin
mövsümündə çəyirtkələrin
görünməmiş şəkildə əkin sahələrinə
hücumu və nəticədə hasil olacaq taxılın və
digər dənli bitkilərin zavala məruz qalması taxıl
cəhətdən onsuz da korluq çəkən Azərbaycan əhalisini
daha ağır imtahana çəkdi. Azərbaycana
üz vermiş gözlənilməz təbii fəlakət
Tehranı nəinki narahat etmirdi, əksinə, Azərbaycanda
aclıq və qıtlığı şiddətləndirmək
üçün mərkəz bütün vasitələrdən
istifadə edirdi. Bu haqda dövlətin adına
ünvanlanmış çoxlu sayda şikayət və ərizələr
Mərkəzi hökümət tərəfindən Təbrizə
gəlmiş general Cahanbaninin başçılıq etdiyi
nümayəndə heyətinə təqdim olunmuşdu. Xammalın və texniki avadanlığın gətirilməsinə
göstərilən süni maneələr Təbriz, Urmiya,
Miyandab, Xoy, Ərdəbil və b. şəhərlərdəki
sənaye müəssisələrinin və manufakturaların
bağlanmasına səbəb olur və ya tam gücü ilə
işləyə bilməsinə imkan vermirdi. “Pəşminə”,
“Büstan”, “Gayan” kimi toxuculuq fabrikləri, “İran gön-dəri
zavodu” istehsalı dayandırmaq məcburiyyətində
qaldı. Həmin dövrdə Azərbaycamn
valisi olmuş Dadvər 1945-ci ilin mayında Tehranda keçirilən
mətbuq konfransında etiraf etməyə məcbur olmuşdu
ki, “İqtisadi böhran və işsizliyin baş verməsi ilə
əlaqədar olaraq Azərbaycan fabrik-zavodlarına
hökümət qəti fikir vermədi. Əməli
layihələr hazırlanıb Tehrana göndərilsə də,
təəssüflər olsun ki, heç bir cavab verilmədi”.
1945-ci ilin baharında Məhəmmədrza şahın dəstəyi
ilə baş nazir vəzifəsinə gəlmiş
Möhsün Sədr (Sədrəl-əşrəf) öz
kabinə üzvləri ilə birlikdə şahın
sarayında təşkil olunmuş görüşdə
iştirak etmiş, Azərbaycandakı vəziyyət
xüsusi müzakirə olunmuşdu. Bu görüşdə
Azərbaycandakı siyasi duruma qarşı tədbirlər
paketi hazırlanmışdı. Bu tədbirlərdən
birincisi bu oldu ki, Azərbaycan xalqına qarşı qəddarlığı
və şovinist əhval-ruhiyyəsi ilə fərqlənən
Möhtəşəmi Təbrizə vali təyin edildi. Möhtəşəminin Təbrizə gəlişi
ilə əlaqədar Təbrizdə və Azərbaycanın
digər yerlərində siyasi vəziyyət daha da kəskinləşdi.
Dövlət məmurlarının, jandarma və
polis qüvvələrinin azadlıq istəyən milli
qüvvələrə qarşı zorakılıq və
özbaşnalığı həddini aşdı.
Qacarlar hakimiyyəti dövründə İranın
sayseçmə vilayətləri sayılan Təbriz, Urmiya,
Ərdəbil və s. Pəhləvi xanədanlığı
dövründə məmləkətin hər cəhətdən
geri qalmış ucqarlarına çevrilmişdi.
İranın mərkəz şəhərlərində dəmir
və şosse yolları, tunellər, limanlar - bunlar
hamısı Azərbaycandan iş dalınca cənuba üz
tutanların ağır zəhmət və əməyi ilə
salınmış, təkmilləşmiş və istifadəyə
hazır vəziyyətə gətirilmişdi. Mərhum Mirzə
Kuçikxan demişdi: “Tehran abad olmaq üçün
bütün İran bərbad edilmişdi”. Pəhləvi
hakimiyyəti dövründə Güney Azərbaycandakı vəziyyəti
diqqətlə izləyən və onu ürək
ağrısı ilə təsvir edən S.C.Pişəvəri
“Bizi öz halımıza qoysunlar” adlı məqaləsində
deyirdi: “Azərbaycan Tehrandan bir şey istəyir: onu öz
halına qoysalar kifayətdir. Ona imkan versələr,
öz əli ilə öz işlərini idarə etsin, bəsdir.
Tehran bizi fələc və mətəl
etmişdi. Göz acmağa yol vermir.
Xırda iş görmək istəsək nəfəsimizi kəsir,
əl-qolumuzu bağlayır. Hər gün bir
oğrunu ostandar, fərmandar ünvanı altında
böyük bir çamadan verib üstümüzə göndərir.
Təzə və iti bir ülgüc ilə min dəfələrlə
qırxılmış başımızı qırxmaqdan
utanmırlar”.
ADF-in
yaradılması (3 sentyabr 1945) ərəfəsində əhalinin
Azərbaycandakı sosial-iqtisadi vəziyyətinin
ağırlığı, işsizlik, bahalıq, dövlət
məmurlarının, xüsusən jandarm qüvvələrinin
zorakılığı, özbaŞnalığı və
yersiz təqibləri haqda şaha, baş nazirə, Məclisə
saysız-hesabsız ərizə, şikayət və
müraciətləri cavabsız qalırdı. Xalq
baş nazir Bayata müraciət etmişdi. Baş nazir
Bayat isə bunun müqabilində demişdi: “Mən radio vasitəsi
ilə xalqa müraciət etmişəm. Artıq
xalq ərizə və teleqraf vasitəsi ilə özünə
zəhmət verməsin”. Sonrakı baş nazir Sədr
isə bildirmişdi: “Bir teleqraf olmasın, min teleqraf olsun, mən
bu kimi boş sözlərə cavab belə verməyəcəyəm”.
1940-cı illərin əvvəllərində Azərbaycanda
qəddar valilərdən biri kimi tanınan Vüsüqissəltənə
Tehranda qəzet müxbirlərinə verdiyi müsahibədə
etiraf etməyə məcbur olmuşdu ki, “...Azərbaycanda
iqtisadi böhranın baş verməsi və dərinləşməsi
ilə dövlət az maraqlanır. Əməli layihələr
hazırlanıb Tehrana göndərildiyinə baxmayaraq təəssüflər
olsun ki, bunlara əhəmiyyət verilmir.
Beləliklə, 1940-cı illərin ortalarında
Güney Azərbaycandakı iqtisadi və sosial durum,
göründüyü kimi, həddən artıq ağır
və dözülməz idi. Belə bir şəraitdə
yuxarıda haqqında bəhs etdiyimiz təşkilat və cəmiyyətlərdə
vətənin azadlıq və qurtuluşu uğrunda mübarizə
aparanların qabaqcıl dəstəsi, xüsusən
açıq fikirli ziyalılar rejimə qarşı vahid və
milli məramlı bir təşkilatın yaradılmasına
ehtiyac duydular. Bu məqsədlə şah
rejiminə qarşı ağır mübarizə yolu
keçmiş bir neçə nəfər azərbaycanlı
həmin illərdə Tehranda yaşayan S.C.Pişəvəri
ilə məsləhətləməyə getdilər.
S.C.Pişəvəri özü bu haqda yazır: “...Xalqın əli
ilə işə başlamaq, xalqın yumruğunun
gücü ilə azadlığı təmin etmək - bu
şüarla mən Təhriz azadxahlarının təklifi
üzrə Tehrandan Azərbaycana hərəkət etdim”. “Firqəmiz xalqın iradə vəgücünə
dayanaraq öz haqqını alacaq və onun vasitəsi ilə
xalqın azadlığını və ölkənin tərəqqisini
təmin edəcək”.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq
İnstitutunun "Güney Azərbaycan elmi
araşdırmalar" şöbəsinin müdiri
Xalq Cəbhəsi.- 2016.- 13 dekabr.-
S.14.