AZƏRBAYCAN
DEMOKRAT FİRQƏSİNİN YARANMASI
2-ci
yazı
İXP-nin Azərbaycan əyalət təşkilatının
başçısı kimi S.Padiqan, İran Həmkarlar
şurasının Azərbaycan üzrə sədri kimi
M.Biriya öz təşkilatları adından bəyanat verərək
ADF-in sıralarına daxil olmaq (mülhəq) arzularını
bildirdilər.
Milli qüvvələrin vahid hədəfə
doğru birliyini yaratmaq işində bu hadisə çox
önəmli idi. Bu işdə S.C.Pişəvərinin
təşkilatçılıq məharətini, kütlədə
firqəyə və onun məramına inam yaratmaq
bacarığını xüsusi qeyd etmək lazımdır.
İXP Azərbaycan təşkilatı Firqə
sıralarına gəlməmişdən 1945-ci il
sentyabrın 7-də əvvəl geniş tərkibdə
Əyalət konfransı keçirmişdi. Bu konfransda ADF-ni
yaradılması ilə bağlı “12 Şəhrivər”
müraciəti geniş müzakirə olunduqdan sonra İXP Azərbaycan
təşkilatlarındakı 60 min nəfərlik
üzvünün kollektiv şəkildə ADF
sıralarına keçmək haqda yekdil qərarı qəbul
edilmiş və bu haqda məlumat Tehrana göndərilmiş
nümayəndə vasitəsi ilə İXP MK-ə
çatdırılmışdı. S.C.Pişəvəri
bunu xalq hərəkatının irəliləyişində
çox önəmli hadisə kimi qiymətləndirmişdi.
O, “Azərbaycan” qəzetində çap etdirdiyi “Güc birlikdədir”
məqaləsində bu məsələyə işarə edərək
yazırdı: “Bu konfrans müraciətnaməni və firqəmizin
təşkili xəbərini çox şadlıq ilə
istiqbal edib, Azərbaycan xalqının səadətini onun
şüarlarında gördüyü üçün bir
çox səbəbləri nəzərə alaraq hizbin Mərkəzi
Komitəsi ilə (İXP MK-sını nəzərdə tutur
- Ə.R.) əlaqəsini kəsib firqəmiz ilə birləşməyi
qərara alıb”.
Çox
gərgin və ciddi hazırlıqdan sonra ADF-in 1-ci
qurultayı 1945-ci ilin oktyabrın 2-də (1324-cü il mehrin 10-da) Təbrizdə Firdovsi adına
solonda keçirilmiş və iki gün davam etmişdi. Qurultayda Azərbaycanın bütün bölgələrindən
firqə üzvləri tərəfindən seçilmiş 277
nəfər nümayəndə iştirak etmişdi. Nümayəndələr sosial-iqtisadi vəziyyətlərinə
görə bütün sinif, təbəqə və zümrələri
təmsil edirdi. Bu firqənin ilk gündən
siniflər arasında fərq qoymamaq siyasətinə bir
işarə idi. Məsələnin belə
qoyuluşu firqənin qurultayda qəbul etdiyi məqamnamədə
də öz əksini tapmışdı. I
Konfransdan keçən qısa müddətdə S.C.Pişəvərinin
başçılıq etdiyi Müəssislər Komitəsinin
fəaliyyətinə qurultay müsbət qiymət vermiş və
ölkədəki vəziyyət ətraflı təhlil
olunaraq, götür-qoy edilmişdi. Belə
bir şəraitdə hələ Rza şah vaxtı Urmiyada
vali (Ostondar) olarkən öz qəddarlığı ilə ad
çıxarmış Mehdi Fərruxi Azərbaycana vali təyin
edildi. O, Azərbaycana “sabitlik” yaratmaq məqsədi ilə
gəlmişdi. O, burada S.C.Pişəvərinin rəhbərlik
etdiyi ADF-nin başçılığı altında vulkan
kimi püskürməyə hazır olan vəziyyəti
görüb geri qayıtmaq məcburiyyətində qalır. Azərbaycana vali gəlməkdən imtina edən
Mehdi Fərruxi Səidabad sarayında Məhəmmədrza
şah tərəfindən qəbul edilir. O, Azərbaycanda
durumun
çox təlatümlü olduğunu, S.C.Pişəvərinin
rəhbərliyi altında orada xalqın ayağa
qalxdığını söylədikdən sonra
aşağıdakı təklifı irəli sürür:
“Hansı yolla olursa-olsun Təbrizdəki Firqə rəhbərliyini
həbs edib Tehrana gətirmək”. Şahın, baş nazirin
(M.Sədrin), hərbi nazirin (İ.Zənd), Baş Qərargah
rəisinin (H.Ərfə) və başqa məqam sahiblərinin
iştirakı ilə keçən müşavirədə
M.Fərruxinin təklifi bəyənilir və bunun icra
olunması haqda məxfi məktub şah qoşunlarının
Azərbaycandakı baş komandanı general-mayor Ələkbər
Derəxşaniyə çatdırılır. Məktubdakı
göstərişlə bağlı Ə.Derəxşani
demişdi: “Ağalar, şahənşahın fərmanını
icra etmək bizim hərbi və müqəddəs vəzifəmizdir.
Lakin diqqətli olmaq lazımdır. Bura Azərbaycandır!.
Burada İranın digər əyalətləri kimi rəftar
etmək olmaz.
Təsəvvür edin, Azərbaycan
İranın dövlət gerbindəki tacı və
qılıncı saxlayan Şiridir. İndi
bu Şir həyəcanlanmış və təlatümdədir.
O qəzəblənsə, hərəkət etsə,
qarşısını almaq çətin olar. Tac
yerindən oynar, qılınc əldən düşər. Qorxaq Mehdi Fərruxinin xatirinə bütün Azərbaycanda
qırğın yaranmasına icazə vermək olmaz. Bu mülahizələri baş qərargaha
çatdırın”.
M.Fərruxinin Azərbaycandakı olaylardan qorxuya
düşüb bura vali gəlmək fıkrindən tam
yayındıqdan sonra antiazərbaycançılığı
ilə şahpərəstlər içərisində
şöhrət tapan Murtazaqulu Bayat M.Fərruxinin yerinə
1945-ci ilin oktyabrında Azərbaycana vali təyin olunur. M.Fərruxidən
fərqli olaraq M.Bayat “diplomatiyaya” əl ataraq, S.C.Pişəvəri
və onun rəhbərlikdə olan məsləkdaşları
ilə “dil” tapmağa çalışdı. Bu məqsədlə o, S.C.Pişəvərini dialoqa
çağırdı. Bir müddət
valini əvəz etmiş və sonra Təbrizdə maliyyə
işləri üzrə məsul olan Dövlət şahini
S.C.Pişəvərinin yanına göndərir. Dialoq üçün razılıq əldə
edildi. Bunun üçün görüş dövlətə
məxsus “Alaqapı”da yox, tanınmış din xadimi Siqətül-islamın
evində, 1945-ci il dekabrın 1-də
keçirilmişdi. Bu görüşdə
S.C.Pişəvəri iştirak etməmişdi.
Bu məzmunda
2-ci görüş 1945-ci il dekabrın 3-də,
saat 14-də Təbrizli əsilzadə Öyrəc Əmir Zəkaəldövlənin
evində keçirilmişdi. Bu
görüşdə S.C.Pişəvəri ilə
yanaşı, Rəfii və T.Şahin də iştirak ediblər.
Vali M.Bayat, Tehrandan gəlmiş bir neçə dövlət
nümayəndəsi və Dövlətşahinin
iştirakı ilə keçirilmiş bu görüş 2
saat çəkmişdi. M.Bayat başda olmaqla bu
danışıqlarda S.C.Pişəvəri əvvəlcə
qarşı tərəfi dinləmiş sonra bəyanatla
çıxış etmişdi. Pişəvərinin bəyanatında
dövlət nümayəndələri qarşısında irəli
sürülən tələblərin qısa məzmunu bunlar
olmuşdu:
1.
Əncümənlərə fəaliyyət imkanı verilsin;
2. Azərbaycan
dili məktəblərdə tədris edilsin və idarələrdə
işlədilsin;
3.
Dövlətin büdcə ayrılmalarında Azərbaycanın
payı artırılsın;
4. Polis və
jandarmaların zorakılıq və
özbaşınalığına son qoyulsun;
5.
İşsizliyin aradan qaldırılması üçün
ardıcıl və təsirli tədbirlər
götürülsün;
6. Kəndlərdə
mülkədar (ərbab) - rəyət münasibətləri
tənzimlənsin və torpaq məsələsi ədalətli
həllini tapsın;
7.
Demokratik azadlıqlar bərpa edilsin, insan haqlarına hörmət
qail olunsun;
8. Azərbaycana
öz daxili işlərini özü görmək
üçün muxtariyat verilsin və s.
Qarşı tərəf muxtariyyatdan başqa qalan tələblərin
yerinə yetirilməyə söz versə də Tehranın
yalan vədlərinə yaxşı bələd olan
S.C.Pişəvəri muxtariyyat məsələsində
israrlı olduqlarını və nəyin bahasına
olursa-olsun muxtariyyat tələblərindən əl çəkməyəcəklərini
qarşı tərəfə bildirmişdi. M.Bayatın
başçılıq etdiyi nümayəndəlik
muxtariyyatı “təcziyə tələblik” (İrandan
ayrılma) kimi yazmış və bunun qəbul
olunmazlığını bildirmişdi.
S.C.Pişəvəri
isə istənilən muxtariyyatın mahiyyətini açaraq
bildirmişdi ki, bizim muxtariyyat tələbimiz İran sərhədləri
daxilində, mərkəzi dövlət artibutlarının və
xalqın xeyrinə olan qanunların qəbulu və İran Məclisində
şirkət etmək istəyi ilə
hüdudlaşır və s. qarşı tərəf
muxtariyyat kəlməsindən xoflandığını və
onun qəbul olunmazlığını təkrar-təkrar
bildirdikdə S.C.Pişəvərinin son sözü Bayata bu
olmuşdu: “Əgər mərkəzi dövlət zor tətbiq
etməklə bizi susdurmaq istəsə onda
Azərbaycan xalq son nəfəsə qədər öz haqqını
müdafiə edəcək. Biz zora zorla cavab vermək
məcburiyyəsində qalacağıq”.
Azərbaycanlılara qarşı umumiran miqyasında təzyiqin
və təqiblərin gücləndiyi bir şəraitdə
ADF-in Təbrizdə keçirilən I qurultayı
özünün 6-cı iclasında (son) ADF-in MK (42 nəfər)
və Mərkəzi Təftiş Komissiyasını (12 nəfər)
seçdi. Qurultay eyni zamanda firqənin taktika və
strategiyasına aid bir sıra dəyərli təkliflərin əməli
fəaliyyətdə nəzərə alınmasını məsləhət
gördü. Bununla birlikdə I qurultay
ADF-i Azərbaycandakı xalq hərəkatına rəhbərlik
edəcək yeganə və səlahiyyətli təşkilat
kimi rəsmiləşdirdi, onun məramnamə və nizamnaməsini
qəbul etdi, mübarizəyə köklənmiş xalqı
təşkilatlandırdı. Qurultay
nümayəndələrinin son sözü bu olmuşdu ki,
“Biz İran və Azərbaycanın nicatını bu firqənin
bayrağı altında görürük. Onun müqəddəs şüarlarını həyata
keçirmək üçün canımız, malımız
və namusumuz ilə mübarizə edəcəyik”.
ADF I qurultayının materiallarında və qəbul
edilmiş məramnamədə heç bir “izmdən” söhbət
açılmır. Proletar diktaturasından, “Bütün
ölkələrin proletarları birləşin!” ənənəvi
kommunist şüarından və nə də sosializm,
kommunizmdən, sinfi mübarizədən ad belə çəkilmir.
Qurultay Azərbaycan cəmiyyətini milli
azadlıq və demokratik tələblər ətrafında
başlıca hədəfə doğru vahid cəbhədə
birləşdirməyi özü üçün əsas
strategiya olaraq qəbul etmişdi. S.C.Pişəvəri
ADF-nin strategiya, məqsəd və hədəflərindən
danışarkən demişdi: “Həqiqi halda bizim firqəmiz
kommunist firqəsi deyildi. Biz Azərbaycanda olan
şərait daxilində xüsusi mülkiyyəti ləğv
edə bilməzdik. Hizb Tudeye İranın
səhvlərini təkrar etmək bizə yaramazdı. Biz eyləyə biməzdik ki, milli bir firqə
olduğumuz halda birinci qədəmdə sinfi mübarizəni
alovlandıraq. Bizim ogünkü hədəfimiz
Azərbaycanda fəqət milli-demokratik bir rejim yaratmaq,
xalqı müasir və mütərəqqi yola çəkməkdən
ibarət idi. Ona görə kommunist və
ya sosialist adını üstümüzə qoya bilməzdik.
Bu, hoqqabazlıq olardı”.
Azərbaycanda və İranda siyasi vəziyyətin kəskinləşməsi,
ADF-in I qurultayı ərəfəsində və qurultaydan
sonra milli qüvvələrin daha artıq oyanışında
diqqəti cəlb edəcək dərəcədə əmələ
gələn dirçəliş mərkəzi dövləti
daha artıq narahat edib qıcıqlandırırdı. Hərəkat əleyhinə
əməlləri dalana dirənmiş dövlət XV
çağırış
məclisinə seçkiləri belə təxirə salmaq məcburiyyətində
qaldı. O yaxşı bilirdi ki, əgər bu şəraitdə
XV məclisə seçkilər keçirilsəydi, məclisdə
demokratik qüvvələrin mütləq
üstünlüyü şəksiz olacaqdı. 1945-ci ilin sonunda Güney Azərbaycanda siyasi hadisələrin
istiqamətləndirilməsində, Xalq Konqresinin
çağırılmasına təşəbbüsdə və
fədai dəstələrinin (silahlı könüllülərin)
yaradılmasında 18 noyabr 1945-ci ildə (17 Aban 1324)
çağırılmış ADF-in II geniş plenumunun
xüsusi rolunu qeyd etmək lazımdır. Plenumun gedişində əncümənlərin bərpa
edilməsi, daxili muxtariyyatın əldə olunması, “zora
zorluqla” cavab verilməsi məcburiyyəti və nəhayət,
inqilabı çevriliş üçün situasiyanın
yetişdiyi haqda fikirlər plenumun sənədlərində
xüsusi olaraq qeyd edilmişdi.
Milli
azadlıq hərəkatında münasib fürsətin ələ
düşməsini qeyd edərək S.C.Pişəvəri yazırdı:
“Fürsətdən istifadə edə bilmək özü
böyük istedad və ləyaqət istəyir. Biz fürsəti
əldən verməyə razı ola bilməzdik”.
İki gün davam edən geniş plenum, əslində
qarşıdan gələn günlərdə həyata
keçiriləcək tədbirlərin proqramını
vermişdi. Geniş kütlənin siyasi fəallığı
və xalq tərəfindən seçilmiş nümayəndələrin
iştirakı ilə Xalq Konqresinin çağrılmasına
hazırlıq II plenumun qərarlarında xüsusi qeyd
olunmuşdu. S.Pişəvəri: “Biz İran istiqlal və
təmamiyyətini dəfələrlə etiraf etmişik. Tehran isə bu istiqlaliyyəti pozmaq yolunda hər
gün tazə fırıldaq çıxarır. İş belə gedərsə, biz tamamilə
ayrılıb müstəqil bir dövlət təşkil etməyə
məcbur olacağıq. Ayrı çarə yoxdur... İş belə gedərsə, bizim ayrı
çarəmiz qalmayacaq. Naçar gərək deyək:
“Sizinki sizdə, bizimki bizdə”. Yaxamızdan əl
çəkib qoyun bildiyimiz kimi öz evimizi idarə edək”.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq
İnstitutunun
"Güney Azərbaycan
elmi araşdırmalar"
şöbəsinin
müdiri
Xalq Cəbhəsi.- 2016.- 15 dekabr.-
S.14.