“Avropa dövlətləri kosmopolit dəyərləri təşviq etməklə multikulturalizm böhranından çıxış yolu axtarır”

 

 “İndiki məqam Qərbin və ümumiyyətlə bəşəriyyətin həyatında yeni bir sınaq olacaq”

 

“Hazırda dünya miqyasında müşahidə olunan iqtisadi tənəzzül Qərbin multikultural dəyərlərinə öz mənfi təsirini göstərir. Belə ki, Avropada iqtisadi böhran, xüsusən də işsizlik səviyyəsi yüksək olan ölkələrdə yeni sakinlərə münasibət daha aqressivdir. Fransanın "Le Parisien Dimanche” qəzeti Avropa İttifaqına üzv ölkələrdə işçi miqrantların sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə əlaqədar keçirilən referenduma fransızların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirmişdir. Rəyi soruşulanların 60 faizi miqrantlar üçün nəzərdə tutulan kvotanın məhdudlaşdırılmasının tərəfdarı olduqlarını bildirib”. Bu fikirləri iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəyli öz yazısında qeyd edib. O əlavə edib ki, miqrantların sayının artması fonunda Avropada dominant millət arasında artan işsizlik və zəif sosial təminat Qərbin multikultural dəyərlərinin və tolerantlığının nə qədər davamlı olduğunu göstərir: “Belə bir fikir formalaşdırılır ki, multikulturalizmin Avropa modelinin məğlubiyyətə uğramasının səbəbi miqrantların universal Qərb həyat normasına daxil ola bilməmələri, bunun qarşılığında demokratik prinsipləri və insan hüquqlarının aliliyini rəhbər tutan Avropa qanunlarının isə olduqca mülayim olması ilə əlaqədardır. Hadisələrin belə axarı isə Avropada ifrat millətçilik ideologiyasının və ultrasağçı siyasi partiyalarının tərəfdarlarının artmasına, irqçi və şovinist çıxışlara səbəb olub.

Görünən odur ki, vaxtilə Avropa dövlətlərinin özlərinin dəvət etdiyi, stimullaşdırdığı miqrantların iqtisadi vəziyyət pisləşdikdə ədalət, demokratiya, tolerantlıq, insan haqları kimi bəşəri dəyərlərdən kənar hər cür münasibətlə üzləşməsi normal qarşılanmalı və bu Qərb identikliyinin özünü qoruması kimi qəbul olunmalıdır. Hətta miqrantlara qarşı hazırkı siyasi kurs demokratik prinsiplərdən geriyə addım olsa belə Avropanın siyasi liderləri bu addımları atmaqdan çəkinmirlər.

İqtisadi vəziyyətdən asılı olaraq xaricdən işçi qüvvəsinin dəvət edilməsi və sonradan həmin miqrantlara qarşı göstərilən ayrı-seçkilik multikultural dəyərlərlə bir araya sığmır. Bu işçi qüvvəsinin öz milli-mənəvi dəyərlərindən imtina etməsi multikulturalizmin qələbəsi hesab edilirsə, hansı tolerant yanaşmadan söhbət gedə bilər? Fikrimizcə, hazırda həyəcan təbili vurulan multikulturalizmin böhranı Qərb ölkələrinin yanlış siyasətinin nəticəsidir. Görünən odur ki, Qərbin multikulturalizmə tolerant yanaşması iqtisadi böhran qarşısında tab gətirə bilmədi”.

Onun sözlərinə görə, hazırda gündəmdə olan multikulturalizm böhranında Avropa ölkələrinin miqrasiya siyasətinin oynadığı rol da diqqət çəkir: “Bu zaman ilk növbədə Qərbin özününkü olmayanlara münasibətdə həyat fəlsəfəsi və tarixi ənənə maraq doğurur. Tarixdən məlumdur ki, hələ Roma imperiyası dövründə romalılar yaşadıqları şəhəri "əbədi şəhər” adlandırmışdılar və bu şəhərin sakinləri kimi özlərini hamıdan üstün hesab edirdilər. Əsl romalı özünəməxsus dəyərlərə sahib hesab olunur və bütün digərləri ilə, o cümlədən başqa ölkələrdən gələnlərlə münasibətdə fərq qoyulurdu. Sivilizasiyalar mövzusunda tədqiqatçı Rocer Osborn bununla bağlı yazır ki, "Yunan, Ellin və Roma sivilizasiyalarının bütün ətraf xalqlara və mədəniyyətlərə "barbar dünyası” kimi baxması sonradan ümumən Qərb sivilizasiyasının digər sivilizasiyalara ayrı-seçkilik meyarları ilə yanaşmasının başlanğıcı olub”. Günümüzdə da miqrantların Avropa cəmiyyətində yeri eyni prinsiplərə söykənir.

Hazırkı mənada multikultural cəmiyyətin dayanıqsızlığının ən mühüm səbəblərindən birinin Qərbi Avropa ölkələrinin yeritdiyi miqrasiya siyasətinin olduğunu söyləmək olar. Çünki multikulturalizm ilkin mənada tarixi milli azlıqlara münasibəti nəzərdə tutan yanaşma hesab olunurdu. Lakin sonradan multikulturalizmAvropa rəsmiləri tərəfindən təşviq edilən işçi miqrantların vahid mədəni dəyərlərə inteqrasiyasına hesablanan miqrasiya siyasəti olaraq təqdim edilməyə başlandı. Bu siyasət isə özünü doğrultmadı. Bu gün nə qədər də Avropa rəsmiləri işçi miqrantların müvəqqəti gəldiklərinidüşündüklərini bəyan etsələr də bu reallığı əks etdirmir.

Çünki ilk dəfə Avropada miqrantları tarixi milli azlıqlara bərabər tutulan yanaşma tətbiq olunmuşdur. Belə ki, bu sahədə qabaqcıl ölkələrdən sayılan İsveçdə 1970-ci illərin ortalarından, Hollandiyada isə 1980-ci illərin əvvəllərindənmiqrantazlıqların müdafiəsi ilə bağlı tədbirlər həyata keçirməyə başlamışdılar. Dövlət tərəfindən miqrantların ana dilində təhsil almaq, öz kütləvi informasiya vasitələrini dərc etmək, mədəni tədbirlər həyata keçirmək və digər hüquqları ilə bağlı addımlar maliyyələşdirilirdi. Ancaq bu daha çox müəyyən məhdud dairə aktiv miqrantlara şamil olunurdu. Miqrantların sayının artması və öz dəyərlərinə sadiq qalması Avropa rəsmilərinin bu yanaşmadan imtina etməsi ilə nəticələndi. Hər iki ölkədə 1990-cı illərdə qanunvericilikdə geriyə addımlar atıldı. İsveçdə immiqrantların tarixi azlıqlara (saam, fin) bərabər tutan azlıqların müdafiəsi haqqında qanun dəyişdirildi. Niderlandda isə 1983-cü ildən azlıqların inkişafına dəstək proqramı dayandırıldı”.

Ə.Həbibbəyli deyib ki, Avropa ölkələrindən fərqli olaraq dünya təcrübəsində sərt miqrasiya siyasəti yeridib və çoxmədəniyyətliliklə bağlı heç bir problem yaşamayan ölkələr də kifayət qədərdir: “Uğurlu modellərdən biri kimi Yapon təcrübəsini göstərmək olar. Yaponiyanın immiqrasiya qanunları olduqca konservativdir. Bu ölkədə vətəndaşlıq almaq kifayət qədər mürəkkəb prosedurlara bağlıdır. Dövlət işçi miqrantların səviyyəsini konkret normalarla tənzimləyir, siyasi bəhanələrlə spekulyasiya üçün də şərait yaratmayıb. Ölkədə nisbətən kompakt olaraq yaşayan çinli, koreyalı və braziliyalı miqrantlara münasibətdə də nə hər hansı ayrı-seçkilik, nə də problem var.

Çoxmədəniyyətliliyin həyat tərzi olaraq qəbul olunduğu Azərbaycan da multikulturalizmin böhran yaşamadığını göstərən məkanlardandır. Şərqlə Qərbin, Şimalla Cənubun, xristianlıqla islamın, müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan multikulturalizmin əbədiyaşar olduğunu təsdiqləyir. "Çoxmillətli dövlət – vahid cəmiyyət” budur Azərbaycanda multikulturalizmin uğurlu modeli.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bildirdiyi kimi "Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar.” Multikulturalizmin uğurunun başlıca şərti bəşəri və milli ideyaların birgə mövcudluğu, eləcə də multikultural dəyərlər sisteminin əhatə dairəsində olan xalqların milli identikliklərinin qorunmasıdır”.

Ekspertin fikrincə, beləliklə, Qərb təcrübəsinin uğursuzluğu multikulturalizmin tənəzzülü və ya süqutu demək deyil: “Dünyada müxtəlif regionlarında uğurlu təcrübələr təsdiq edir ki, fərqli millətlərin və dinlərin təmsilçiləri öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarındadırlar. Sadəcə olaraq bunu fərqlilikləri assimilyasiya etməyə çalışan ideologiya deyil, əsrlər boyu davam edən gündəlik həyat tərzi kimi qəbul etmək lazımdır.

Fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsini həyat tərzi kimi qəbul etmək bəşəriyyətin nicat yoludur. Bu dəyərlərdən standart meyar yaratmağa yönəlmiş ideologiya isə nəinki böhrandadır, hətta yaşamaq hüququnu itirmişdir. Bununla belə yeni Avropanın öz gələcək taleyini müəyyənləşdirmək üçün atdığı addımları bir neçə qrupda ümumiləşdirmək olar.

Birincisi, assimilyasiya üzərindən inteqrasiya. Avropa multikultural siyasətininhələ də əsas məqsədi miqrantların gəldikləri ölkə həyatına inteqrasiyanı təmin etmək deyil, miqrantların siyasi cəmiyyətdən təcrid olunması və assimilyasiyadır.

Misal üçün Almaniyada multikulturalizmsiyasəti miqrantların və onların növbəti nəsillərinin alman cəmiyyətinə inteqrasiyasına deyil, miqrantların cəmiyyətdən təcrid olunmasına, dil, mənəviyyat və sairə maneələrlə qarşılaşaraq son nəticədə vətənlərinə dönməsinə hədəflənmişdir. Bununla bağlı Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun eksperti professor Vladimir Malaxov hesab edir ki: "Multikultur tədbirlər Almaniyada inteqrasiyadan çox seqreqasiyaya hədəflənib”.

İkincisi, ikinci nəsil immiqrantların cəmiyyətin mədəni-ictimai-siyasi həyatına qəbul olunması. Bununla bağlı İtaliya rəsmilərinin siyasətini qeyd etmək olar. Təsadüfi deyil ki, İtaliyanın keçmiş baş naziri Romano Prodi bildirmişdir ki: "İmmiqrantların timsalında biz böyük potensial resurslar əldə edirik. İnteqrasiya yolu ilə getmək lazımdır. İmmiqrantların növbəti nəsli italyanların gələcək nəsli olmalıdır”.

Üçüncüsü, kosmopolit dəyərlərin qlobal məkanda təşviqi. Qərb böhranla qarşılaşdıqdan sonra çıxış yolu kimi Qərb dəyərlərinin bəşəri ideya olaraq qlobal miqyasda qəbul etdirilməsinə çalışır. Bu mərhələni Qərb modelinin universal bəşəri dəyərə çevrilməsi istiqamətində cəhd kimi qiymətləndirmək olar. Yəni, Avropaya yeni gələn miqrantlara Qərb dəyərlərinin qəbul etdirilməsi onlar miqrasiya etməmişdən əvvəl hələ öz ölkələrində olarkən başlanır. Bununla da Qərb Avropa cəmiyyəti daxilində miqrantlara münasibətdə həll edə bilmədiyi problemləri qlobal miqyasda milli-mədəni mentalitetdən kənar kosmopolit dəyərlər hesabına həll etməyi düşünür. Bu gün qloballaşma prosesi multikulturalizm müstəvisində mədəni dəyərlərin universal modelini yaratmağa yönəlmişdir. Bu yeni tendensiyada əsas xarakterik xüsusiyyət ondan ibarətdir ki, Qərb mədəniyyəti təkcə öz mədəni dəyərlərini diktə etməklə kifayətlənmir, həm də başqa mədəniyyətlərin dəyər meyarlarının formalaşmasına nəzarət edir.

Dördüncüsü, sərt miqrasiya siyasəti. 2014-cü ilin fevral ayında İsveçrədə Avropa İttifaqından miqrant axınının məhdudlaşdırılması barədə keçirilən referendumda işçi qüvvəsinin tətbiqinə dair kvotanın tətbiqinə səs verilməsi bu istiqamətdə yeni bir trendin başladığını göstərir. Bu isə nəinki kənardan, hətta Avropa ölkələrinin öz aralarında belə miqrasiyanın məhdudlaşdırılması istiqamətində meyllərin müşahidə olunduğunu göstərir.

Beləliklə, hazırda Avropa dövlətləri daha çox miqrasiya siyasətlərini sərtləşdirmək və milli-mənəvi xüsusiyyətləri nəzərə almadan kosmopolit dəyərləri təşviq etməklə multikulturalizm böhranından çıxış yolu axtarır. İndiki məqam Qərbin və ümumiyyətlə bəşəriyyətin həyatında yeni bir sınaq olacaq. Atılan addımların bəşəriyyəti bu sınaqdan necə çıxaracağını isə zaman göstərəcək”.

 

Əli

 

Xalq cəbhəsi.-2016.- 14 dekabr.- S.9.