Ölkədəki əlverişli biznes mühiti
sahibkarlığın inkişafına şərait yaradır
Azərbaycanda son onilliklərdlə
aparılan səmərəli və uğurlu iqtisadi islahatlar
ölkəmizdə sahibkarlığın formalaşmasına,
inkişafına, onun iqtisadiyyatdakı rolunun daha da artmasına
geniş imkanlar açmışdır. Sahibkarlığın
inkişafı üçün vacib olan qanunvericilik bazası
yaradılmış, sahibkarların hüquq və qanuni mənafelərinin
müdafiəsini, sahibkarlıq fəaliyyətinin səmərəli
dövlət tənzimlənməsini, sahibkarlıq
mühitinin sağlamlaşdırılmasını təmin edən
müvafiq normativ hüquqi aktlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il
tarixli Fərmanı ilə 2016-2020-ci illər üçün
iqtisadi inkişaf strategiyası və tədbirlər planı,
2025-ci ilədək olan dövr üçün uzunmüddətli
və 2025-ci ildən sonrakı dövrə hədəf
baxış müəyyənləşib. Fərmana əsasən
aşağıdakı istiqamətlər üzrə strateji
yol xəritələri təsdiq edilib: milli iqtisadiyyatın perspektivi,
neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla)
inkişafı, kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının istehsalı, ağır sənaye və
maşınqayırmanın inkişafı,
ixtisaslaşmış turizm sənayesinin inkişafı,
logistika və ticarətin inkişafı, uyğun qiymətə
mənzil təminatının inkişafı, peşə təhsili
və təliminin inkişafı, maliyyə xidmətlərinin
inkişafı, telekommunikasiya və informasiya
texnologiyalarının inkişafı və kommunal xidmətlərin
(elektrik və istilik enerjisi, su və qaz) inkişafı.
Göründüyü kimi,
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən
biri də ölkədə sahibkarlığın davamlı
inkişaf etdirilməsidir. Müsbət haldır
ki, Azərbaycanda ÜDM-də iqtisadiyyatın bütün sahələri
üzrə qeyri-dövlət bölməsinin payının
artımı müşahidə olunur. Əgər 2000-ci
ildə ÜDM-də özəl sektorun payı 70,8 faiz idisə, sonrakı illərdə artaraq
2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə yüksəlmiş,
2015-ci ildə 81,2% təşkil etmişdir. Müqayisə edilən
15 il ərzində iqtisadiyyatın
bütün sahələrində özəl sektorun xüsusi
çəkisi çoxalmışdır. 2000-2015-ci illərdə
qeyri-dövlət bölməsinin payı sənayedə
48,4%-dən 83%-ə, tikintidə 63,5%-dən 84,5%-ə, kənd
təsərrüfatında 99%-dən 99,8%-ə, ticarət və
xidmət sahələrində 98,3%-dən 99,6%-ə, nəqliyyatda
62,6%-dən 81,7%-ə, rabitədə 57,8%-dən 81%-ə,
sosial və digər xidmətlər sahəsində isə
2005-ci ildəki 31,8%-dən 2015-ci ildə 57,8%-ə
çatmışdır
Azərbaycanda
aparılmış köklü islahatlar və toplanmış
təcrübə bir daha sübut edir ki, dövlət-sahibkar
münasibətlərinin tənzimlənməsi müasir bazar
iqtisadiyyatının prinsiplərinə əsaslandığı
halda daha yaxşı nəticələrə nail olunur,
sahibkarlıq fəaliyyəti isə ölkədə
sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə
çevrilir.
Bu baxımdan hər şeydən əvvəl
ölkədə sahibkarlığın inkişafı
üçün daha əlverişli sahibkarlıq mühitinin
olması mühüm amildir. Məhz
ölkəmizdə formalaşmış əlverşli biznes
mühitinin nəticəsidir ki, özəl sektor dinamik
inkişaf edir. Müstəqil Azərbaycan
Respublikasında ötən dövrdə dövlətin həyata
keçirdiyi ardıcıl və uğurlu iqtisadi islahatlar
biznes mühitinin formalaşmasında və azad rəqabətin
inkişafında mühüm rol oynamışdır. Nəticədə respublikamızda 1995-ci ildən
etibarən sahibkarlığın, biznes sektorunun dinamik
inkişafı təmin edilmişdir.
Ölkə iqtisadiyyatında
sahibkarlıq fəaliyyətinin inkişaf səviyyəsi onun
üçün yaradılmış əlverişli biznes
mühiti ilə birbaşa bağlıdır. Sahibkarlıq
fəaliyyətinə, biznes mühitinə isə müxtəlif
çoxsaylı amillər təsir edir. Həmin
amillər sahibkarlıq fəaliyyəti üçün nə
qədər əlverşli olarsa, özəl sektor da bir o qədər
yüksək templərlə inkişaf edir, iqtisadiyyatda
xüsusi çəkisi və rolu artır. Sahibkarlıq fəaliyyətinə iqtisadi, siyasi,
sosial-demoqrafik, texnoloji, ekoloji, mədəni, hüquqi, beynəlxalq
faktorlar mühüm və həlledici dərəcədə təsir
göstərir.
Bu faktorları daxili və
xarici olmaqla da iki qrupa bölmək olar. Daxili faktorlara
sahibkarın məqsədi, vəzifələri, müəssisənin
strukturu, kadrlar və texnoloji məsələlər daxildir.
Sahibkar nəyə nail olmaq istədiyini, məqsəd və vəzifələrini
aydın bilməlidir ki, uğurlu nəticəyə nail ola bilsin. Habelə müəssisənin
strukturu, idarə olunması optimal, müasir olmalıdır.
Müəssisələr rəqabət qabiliyyətli
olmaq üçün ən müasir texnologiyalardan, peşəkar
kadrlardan istifadə etməlidir.
Sahibkarlıq fəaliyyətinə
xarici faktorlar, müəssisə xaricindəki mühit
mühüm təsir göstərir. Sahibkar firmanın,
müəssisənin bu mühitə münasibətdə zəif
və güclü cəhətlərini, imkanları və təhlükələri
dəqiq hesablaya bilməlidir. Sahibkar öz
fəaliyyətini qurarkən konkret olaraq ölkədəki
iqtisadi, siyasi, sosial, texnoloji, mədəni, hüquqi mühiti,
fiziki-coğrafi (iqlim) amilləri, demoqrafik vəziyyəti,
institusional və təşkilati-texniki durumu nəzərə
almalıdır. Bu faktorlara iqtisadi
azadlıq, şəxsi maraq, bazar, rəqabət, dövlətin
məhdud rolu da daxildir. Əlverişli
sahibkarlıq mühiti baxımından iqtisadi
azadlıqların olması mühüm amidir. İqtisadi azadlıqlar sahibkara imkan verir ki, istədiyi
işlə müstəqil şəkildə məşğul
olsun, bazara və resurslara sərbəst çıxış
imkanları əldə etsin, fəaliyyətini genişləndirsin
və s.
Qanunlar, dövlət
orqanlarının tənzimləmə siyasəti də müəssisələrin
fəaliyyətinə təsir edir. Hər bir müəssisə
müəyyən olunmuş hüquqi statusa malikdir ki, onun əsasında
öz işlərini qura bilər. Bazar
iqtisadiyyatı şəraitində dövlət müəssisələrin
fəaliyyətinə birbaşa (qanunlar vasitəsilə) və
dolayı yolla (vergilərin tədbiqi, dövlət büdcəsi
vasitəsilə) təsir göstərir. Müəssisələr
dövlətin qanunlarına və hökumət
strukturlarının qərarlarına əməl etməlidirlər.
Əks halda onları cəza tədbirləri
gözləyir. Dövlət orqanları
öz fəaliyyət sferalarına aid sahələri
qanunvericilik çərçivəsində tənzimləyirlər.
Ölkə vətəndaşlarının azad
sahibkarlıq hüququ Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit olunmuşdur. 1992-ci
ilin dekabrında «Sahibkarlıq fəaliyyəti haqqında»
qanunun qəbul olunması ilə sahibkarlıq fəaliyyətinin
hüquqi əsasları yaradılmışdır. Qanunda sahibkarlığın subyektləri,
sahibkarlığın formaları, sahibkarlıq
hüdudlarının hüquqi nizamlanması, sahibkarın
hüquq və vəzifələri, sahibkarın əmlak məsuliyyəti
müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən
tənzimlənməsi, sahibkarlıq fəaliyyətindən əldə
olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən
vergi tutulması məsələləri öz əksini
tapıb.
Dövlətin roluna gəldikdə
isə o, sahibkarlığın dəstəklənməsində
mühüm rol oynamalı, sahibkarlıq mühitinə
müdaxilənin forma və üsullarının tədbiqi
zamanı balanslaşdırılmış siyasət yeritməli,
sahibkarlığın inkişafını
stimullaşdırmalıdır. Sahibkarlıq fəaliyyətinə
təsir göstərən belə faktorlar mürəkkəb,
çoxcəhətli, dəyişkəndir. Bu faktorlar özləri də çoxsaylı amillərin
təsiri nəticəsində dəyişirlər. Müəssisənin effektiv fəaliyyət göstərməsi
üçün yüksək ixtisaslı, peşəkar
işçi qüvvəsi tələb olunur. Məsələn, Azərbaycanda müasir İKT,
rabitə, nəqliyyat xidməti kimi sahələrin
inkişafı artıq elə bir səviyyəyə gəlib
çıtıb ki, burada yüksək ixtisaslı kadrlar tələb
olunur. Habelə müasir
istehlakçıların tələbləri, xidmətlərin
texnologiyaları o qədər yüksəkdir ki, kadrların
xüsusi hazırlıqlı olması vacibdir.
Rəqabət də
sahibkarlıq fəaliyyətinə təsir göstərən
əsas faktorlardandır. Rəqabət iqtisadi alət olmaqla
yanaşı iqtisadi azadlıqların və şəxsi
marağın sərhədlərini müəyyən edir.
Bazarda uğur qazanmağın əsas
faktorlarından biri də istehlakçıların rəğbətinin
qazanılması və onların təlabatının
hansı səviyyədə ödənilməsi ilə
bağlıdır. Rəqiblər təkcə
istehlakçılar uğrunda deyil, əmək resursları,
material, kapital və texniki yeniliklərin əldə
olunması sahəsində də mübarizə aparırlar.
Müasir elmi-texniki inkişaf rəqabəti
gücləndirib. Sahibkarlıq fəaliyyətinə
sosial-mədəni faktorlar – əhalinin əmək
haqqısı, gəlirləri, əmək şəraiti, əmək
münasibətləri, hətta xalqın adət-ənənələri
də tələbin formalaşmasına təsir edir.
Beynəlxalq bazardakı vəziyyətlə
bağlı faktorlar da sahibkarlıq fəaliyyətinə təsirsiz
ötüşmür. Hər bir ölkənin iqtisadi durumu, maddi
resursları, siyasi vəziyyəti, qanunları, mədəniyyəti,
inkişaf səviyyəsi bir-birindən fərqləndiyindən
həmin faktorlar da çox mürəkkəbdir. Ona görə də, dünya bazarına
çıxmaq istəyən Azərbaycan sahibkarları, müəssisələri
bütün xarici amilləri nəzərə
almalıdılar. Həmin amilləri ümumiləşdirməklə
4 qrupa bölmək olar: mədəniyyət, iqtisadiyyat,
qanunvericilik və dövlət tənzimlənməsi, siyasi vəziyyət.
Mədəniyyətə hər bir ölkənin
milli-mənəvi dəyərləri, dini amillər, adət-ənənələr
daxildir. Hər bir cəmiyyət öz mədəniyyətinə
malikdir ki, bu da onun həyatında özünü göstərir.
Buna uyğun olaraq da cəmiyyətdə məhsul
və xidmətlərə tələbat formalaşır.
Ona görə də sahibkarlar belə amilləri
nəzərə almalıdılar. Xarici
bazara çıxmaq istəyən şirkətlər fəaliyyət
göstərmək istədiyi ölkədəki real iqtisadi vəziyyəti
öyrənməli və təhlil etməlidir. Sahibkar həmin ölkənin vergi xüsusiyyətlərini,
iqtisadi qanunvericilik bazasını, əmək münasibətlərini,
standartlarını da nəzərə almalıdır.
Siyasi faktorlar da sahibkarlıq
mühitinə təsir edən mühüm amllərdən
biridir. Bu baxımdan Azərbaycanda mövcud siyasi stabillik
biznesin, sahibkarlığın sabit, davamlı inkişafına
imkan verir. Sahibkarlığın
inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin
başlıca istiqamətlərindən biri olmaqla, ölkədə
iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə
sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab
olunur. Azərbaycanda siyasi və makroiqtisadi
sabitlik sahibkarlığın inkişafı üçün əlverişli
mühit yaratmışdır.
Müsbət haldır ki,
ölkəmizdə sahibkarlığın inkişafı
istiqamətində həyata kəçirilən tədbirlər
artıq öz müsbət nəticələrini vermişdir. Aparılan
islahatlar daha geniş vüsət almış və
sahibkarlığın inkişafı sahəsində keyfiyyətcə
yeni - davamlı inkişaf mərhələsinə qədəm
qoyulmuşdur. Yeni mərhələnin əsas
hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik
prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun,
sahibkarlığın inkişafının sürətləndirilməsi,
milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsidir.
Mahir Həmzəoğlu
Xalq cəbhəsi.-
2016- 14 dekabr.- S. 12.