Tərcümə Mərkəzinin nümayəndə
heyəti Sofiyada kitab
sərgisində
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
nümayəndə heyəti
Bolqarıstanın paytaxtı
Sofiyada dekabrın 13-dən
17-dək keçirilən Beynəlxalq
Kitab Sərgisində iştirak edir.
Sərgi çərçivəsində nümayəndə heyətinin
Bolqarıstan Tərcüməçilər
Birliyi və kitab sərgisinin rəhbərliyi ilə görüşləri keçirilib.
Bolqarıstan Tərcüməçilər
Birliyinin rəhbərliyi
ilə Sofiya Universitetində baş tutan görüş zamanı mərkəzin
son iki il ərzində ədəbiyyatlararası
mübadilələr istiqamətində
həyata keçirdiyi
layihələrdən, rus
dilində Moskvada, ingilis dilində Londonda, türk dilində Ankarada, ərəb dilində Qahirədə nəşr
olunan “Müasir Azərbaycan ədəbiyyatı
antologiyası”ndan, habelə
dünya ədəbiyyatı
nümunələrinin ölkəmizdə
geniş təbliğindən
söz açılıb.
Hazırda çex, ispan, Ukrayna, Belarus, fransız və gürcü dillərinə
tərcümə prosesində
olan bu akademik
nəşrin bolqar dilinə tərcüməsi, bu işin Bolqarıstanın
tanınmış tərcüməçiləri
tərəfindən həyata
keçirilməsi və
Sofiyanın aparıcı
nəşriyyatlarında nəşri
ilə bağlı danışıqlar aparılıb.
Bolqarıstan Tərcüməçilər Birliyinin
sədri İvo Panov Tərcümə Mərkəzinin fəaliyyətini
maraqla izlədiklərini
söyləyib. Mərkəz tərəfindən məşhur Argentina yazıçısı
Adolfo Kasaresin “Morelin ixtirası” kitabının
nəşr edilməsini,
qurumun həyata keçirdiyi layihələri,
dünyanın ən istedadlı ədəbi simalarının Azərbaycanda
tanıdılmasını və
təbliğini təqdirəlayiq
hal hesab etdiklərini bildirib.
Görüşdə Bolqarıstan
Tərcüməçilər Birliyinin sədri İvo Panovla yanaşı, qurumun sədr müavinləri Rada Şarlanciyeva və Veselina İjekova, məsul katib Sabina Pavlova, ölkəmizin Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova iştirak ediblər.
Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə baş tutan görüşdə isə
2017-ci ildə Sofiyada keçiriləcək sərgidə
Azərbaycanın geniş
və əhatəli iştirakının təşkili
ilə bağlı danışıqlar aparılıb.
Tərcümə Mərkəzinin
direktoru Afaq Məsud və “Bolqar Kitabı” Assosiasiyası idarə heyətinin sədri Veselin Todorov gələn il
keçiriləcək adıçəkilən
beynəlxalq əhəmiyyətli
tədbirdə Azərbaycan
ədəbiyyatının bolqar
oxucusuna tanıdılması
istiqamətində atılacaq
addımlarla bağlı
fikirlərini bölüşüblər.
Tədbirlərdən sonra Afaq Məsud
Bolqarıstanın “Standart”
qəzetinin müxbiri,
tanınmış jurnalist
Olia Al-Ahmedə müsahibə verib.
Dekabrın
14-də mərkəzin nümayəndə heyətinin
Bolqarıstan Yazıçılar Birliyinin
sədri Boyan Anqelov, “Zaxariy Stoyanov” nəşriyyatının
rəhbəri İvan Qranitski,
tanınmış ədəbiyyatşünas alim
Dmitri Qaçev və
Bolqarıstanın Təhsil Nazirliyinin
Dövlət nəşriyyatı idarə heyətinin sədri
Anastasiya Boneva ilə
görüşü keçiriləcək.
Xalq cəbhəsi.-
2016.- 14 dekabr.- S.16.