Azərbaycan İstiqlal Muzeyində sərgi keçirilib

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacir etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi keçirilib. SİA-nın məlumatına görə, 12 dekabr 1945-ci il Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb.  Həmin gün Güney Azərbaycan Milli Hökümətin yaranmasının ildönümüdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu Höküməti  Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi də qiymətləndirmək olar.  Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə Təbriz Dövlət Universitetininçoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi və s. mühüm işləri həyata keçirib.

 Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə 21 Azər hərəkatının fəalları olan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuris. şair və yazıçıların, həmçinin Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunub.

 Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz, şair Söhrab Tahirin qızı Nəsibə Tahir, Cənubi Azərbaycan komissiyasının katibi Esmira Fuad, İranlı müahacirlər ədəbi birlyinin sədri, “Dədə Qorqud” beynəlxalq mükafatı laureatı, şair Tariyel Ümid çıxış etdilər və həmin şairlərin şeirlərinin sözlərinə Zeyal Əhmədov və Mütəllim Dəmirovun ifasında musiqilər səslənib.

 Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları və digər qonaqlar iştirak ediblər.

 

Xalq cəbhəsi.- 2016.- 16 dekabr.- S.16.