Ümumazərbaycan xalq konqresi

 

III yazı

 

Ölkədəki siyasi vəziyyətə qiymət vermək, rejim məmurlarının, xüsusən jandarmların zorakılıq və özbaşınalığının qarşısını almaqdan ötrü gərəkli tədbirlərin görülməsi üçün geniş xalq toplantısına ehtiyac duyuldu. Azərbaycan faktiki olaraq S.C.Pişəvərinin dediyi kimi iki yol ayrıcında idi: ya istibdad rejiminin yaratdığı mövcud ağır vəziyyətlə razılaşmaq və ya xalqın bu vəziyyətdən çıxması üçün çıxış yolu tapmaq. ADF-in II geniş plenumu çıxış yolunun “yumruğa yumruq” göstərmək vaxtının artıq yetişdiyini bildirmişdi. Firqə Azərbaycan üzrə xalq elçilərinin ümumi məsləhət toplantısını keçirmək qərarına gəldi və fasiləsiz olaraq 10 gün (10-20 noyabr) Ümumazərbaycan üzrə mitinqlər və yığıncaqlar keçirildi. Ümumxalq nümayəndələrinin toplantısını - Xalq Konqresinin çağrılması qərarlaşdırıldı. Xalq Konqresinə nümayəndə seçkiləri başlıca olaraq üç şüar altında keçirilmişdi:

1. Rejim məmurlarının zorakılıq və özbaşınalığının qarşısını almaq;

2. Əyalət və Vilayət Əncümənlərinin demokratik əsaslar üzrə fəaliyyətinə imkan vermək;

3. İran daxilində Azərbaycana muxtariyyatın verilməsi. 2 gün davam etmişdi. Konqresin qəbul etdiyi qətnamədəki müddəaların qısa məzmunu belədir:

- AXK özünü Müəssislər Məclisi elan edir;

- Əyalət əncuməninin səlahiyyəti bir qədər artırılıb, İranın ərazi bütövlüyünə toxunmadan ona Azərbaycan Milli Məclisi (AMM) statusu verilir və vaxt itirmədən Azərbaycan Milli Məclisi çağırılır;

- Azərbaycan muxtariyyatı elan edir, Məclisə seçkilər üçün fərmanı Tehran yox, xalq özü verir;

- AXK nümayəndələrindən ibarət 39 nəfər seçilmiş milli heyət Milli Məclis çağrılıb və milli hökümət qurulanadək AXK-nin qərarlarını icrası və MM çağrılması işi ilə məşğul olmalıdır;

- Milli heyət S.C.Pişəvərinin yaxın silahdaşı olmuş Hacı Mirzəəli Şəbüstərinin sədirliyi ilə ilk tədbir olaraq AXK adından şaha, İran ali hakimiyyət orqanlarına və böyük dövlətlərə: ABŞ, SSRİ, İngiltərə, Fransa və Çin dövlətinə teleqramla müraciət edildi. Bu müraciətlərdə bildirilirdi ki, “Onu bütün dünya bilsin, mütəməddün (sivil) dövlətlər gözlərini açıb görsünlər ki, Tehran dövləti Azərbaycan xalqından intiqam çəkir, ona azadlıq əvəzinə cəlladlardan, qatillərdən himayət edən, onların cinayətlərinin üstünü örtən xain ədliyyə məmurları, cani jandarm rəisləri, vəhşi və qan içən bəxşdar və dehdarlar verməkdədir”.

Müraciətdə böyük dövlətlərdən haqqı tapdalanmış Azərbaycan xalqına öz hüquqlarına və adi insani haqlarına sahib olmaqda kömək etmək xahiş olunurdu. “Cin bismillahdan qorxan kimi” Tehran hakim dairələri, mürtəce qüvvələr, hətta “sol” məsləkli bəzi rəhbər xadimlər Azərbaycanın muxtariyyat isləmək tələbindən təşvişə düşürdülər.

Muxtariyyat tələbini “təcziyyə tələb”lə (İrandan ayrılmaqla) eyniləşdirirdi. Əslində onlar bu yolla Azərbaycandakı hərəkatın mahiyyətini ləkələmək istəyirdilər. S.C.Pişəvəri ADF-i “təcziyyə tələb”likdə ittiham edənlərə dəfələrlə cavab vermiş və göstərmişdi ki, bizim Tehrana ən sərt və konkret cavabımız bu oldu ki, “Tehran höküməti gərək bilsin ki, o ikiyol ayrıcında dayanıb: Azərbaycan öz yolunu intixab (seçmiş) edib, o azadlıq və demokrasi üsula doğru gedəcək. Əgər Tehran irtica yolunu intixab edirsə, xudahafiz, buyurub Azərbaycansız yoluna davam etsin”.

“Biz əvvəl işə başladıqda çox sadə bir sürətdə azadlığımızı təmin etmək istəyi ilə Əyalət və Vilayət Əncümənləri şüarını meydana atdıq. Tehran və onun başçısı dedi: bir teleqraf olmasın, min teleqraf olsun, biz bu haqqı verə bilmərik. Məsxərəli bu cavab xalqımızı bir addım daha irəli gedib əməli olaraq öz haqqını almağa, yəni Milli Məclisi və Milli dövləti yaratmağa vadar etdi”.

1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan Milli Məclisi açıldı. Məclis öz işini Milli heyət tərəfindən hazırlanmış və Məclisin ilk iclasında yekdilliklə bəyənilmiş “Daxili nizamnamə” əsasında apardı. Bu nizamnamədə İranın ərazi bütövlüyü daxilində Azərbaycan muxtariyyatı - milli hökümətin yaradılmasını nəzərdə tutulurdu. Milli hökümətin strukturunda Xarici İşlər, hərbi və xarici ticarət nazirliyi yox idi. Bu o demək idi ki, Azərbaycan Milli höküməti İranın dövlət sistemində muxtar qurum kimi qalır. Belə bir muxtariyyat isə demokratik və sivil ölkələrdə o zaman da, indi də mövcuddur.

Milli Məclisin fəaliyyətə baŞlaması ilə bağlı 1945-ci il noyabrın 21-də AXK tərəfindən seçilmiŞ, Milli heyətin fəaliyyətinə xitam verildi. AMM 1945-ci il dekabrın 12-də (21 Azər) Azərbaycan Milli hökümətinin təşkili haqda qərar qəbul etdi və höküməti təşkil etmək ADF-in sədri S.C.Pişəvəriyə tapşırıldı. AMM-də Azərbaycan Milli höküməti seçildikdən sonra məclis Təbrizdəki dövlətə məxsus hərbi qarnizonunun imkan daxilində qan tökmədən sülh yolu ilə təslim edilməsi S.C.Pişəvəriyə həvalə olundu. Artıq bu vaxt (11 və 12 dekabr səhər) Təbriz polis və jandarm idarələri fədailər tərəfindən tutulmuş, polis və jandarmalar tərksilah edilib evlərinə buraxılmışdı. Mərkəzi hökumət həm Təbrizdə və həm də Urmiyada qardaş qanı axıtmamaq üçün bütün vasitələri işə saldı.

S.C.Pişəvərinin başçılığı altında fəaliyyət göstərən Azərbaycan milli hökumət rəhbərliyinin düşünülmüş və təmkinli hərəkəti Tehranın fitnəkar niyyətinin icrasına yol vermədi. Təbriz qarnizonunun başçısı general Ə.Derəxşani vəziyyətin çıxılmaz olduğunu Tehrana bildirib nə etməli olacağını soruşduqda, Tehran: “Əsgər və zabitlər sizinlə birlikdə son damcı qanınız qalana qədər vuruşmalısınız” cavabını vermişdi. Tehranın əsgərlərə qan tökmək müraciətinə cavab olaraq S.C.Pişəvəri yazırdı: “Sərbaz (əsgər) cəllad deyil. O fəqət ölkənin sərhədlərini müdafiə etməyə borcludur. Onu qardaş qanı tökməyə vadar etmək olmaz. Belə bir əmr verilərsə, əsgər öz milli vəzifəsinə əməl edib, xalqla birləşə bilər. Bu hadisəyə dünyanın böyük milli hərəkatlarında çox təsadüf edilib”.

Azərbaycandakı vəziyyət Tehranı təşvişə saldığından (Azərbaycandakı hadisələr İrandakı bütün vətənpərvər qüvvələri, xüsusən haqqı tapdalanmış xalqları rejim əleyhinə ayağa qaldırmışdı – Ə.R.) həmin tarixi günlərdə fasiləsiz olaraq öz işini davam etdirən İran Məclisi Azərbaycandakı vəziyyəti müzakirə edən zaman azərbaycanlı (baxmayaraq onların çoxu Şahpərəst idi) deputatları məclis iclasına buraxmamışdılar. Şahın Azərbaycana qarşı qəzəblənmiş məmurları Azərbaycan şairi Xaqaninin adını daşıyan xiyabanı onun adından silib ingilis alimi Eduard Braunun adını vermişdilər. Bu münasibətlə S.C.Pişəvəri “Azərbaycan” qəzetində yazmışdı: “Ağaye Tehraniyan! “Elme Şüma, məlum Şod” (Sizin elminiz məlum oldu). Biz bunu elə əvvəldən bilirdik ki, siz həmişə imkan olduqca azərbaycanlının var-yoxunu alıb biganələrə verməyə hazırsız!”

Təbrizdəki qarnizonu qardaş qanı tökülməyə təhrik edən qərargah rəisi polkovnik (sərhəng) Vərəhram Ə.Derəxşanini silahlı toqquşma törətməyə qızışdırırdı. General Ə.Derəxşani əvvəlcə kazarmadakı zabit və əsgərlərin tərk-silah edilib təslim olmalarını istəmirdi. Bunu o, xatirələrində də etiraf edir. Belə bir şəraitdə hərbi kazarmanın əsgərlərinə S.C.Pişəvərini qələmi ilə yazılmış müraciət mühüm rol oynamışdı. S.C.Pişəvəri qarnizondakı azərbaycanlı əsgər və zabitlərə müraciətində deyirdi ki, “Damarlarında azərbaycanlı qanı olan hər bir əsgər və zabit (sərbaz və əfsər) gərək Azərbaycanın və onun xalqının azadlıgına kömək etsin. Bəsdir indiyə qədər Tehran mürtəce hökümətinin bizə etdiyi tənə və təhqirlər. Sizin analarınızın südü o vaxt sizə halal ola bilər ki, siz onların namusunu hifz edəsiz...

Yaşasın Azərbaycanın rəşid, məmləkətinə, xalqına və öz doğma ata və analarına sadiq qalan əsgər və zabitləri!” Müraciətnamənin kazarmaya ötürülməsi və səs qüvvətləndiricilərlə yayılması kazarmadakılar arasında parçalanmanı gücləndirdi. Əsgər və zabitlərin xalqa artan rəğbəti və Baş qərargahın göstəriş və əmrlərini icra etməkdən yayınması meyilinin getdikcə artması və digər səbəblər son hesabda Ə.Derəxşanini geri oturmağa məcbur etdi. S.C.Pişəvəri başda olmaqla danışıq aparmaq üçün bir neçə mömin ağsaqqal və millət vəkilləri 1945-ci il dekabrın 13-də (22 Azər saat 20 radələrində) Təbrizdəki 3-cü ordunun kazarmasına gəldilər. Nəticədə 3-cü ordunun Təbriz hərbi qarnizonunun baş komandanı general Ə.Derəxşani ilə S.C.Pişəvəri arasında 7 maddədən ibarət olan qərardad imzalandı. Həmin qərardad əsasında kazarmadakı ordu silahı yerə qoyub təslim oldu. Kazarmadakı əsgərlərin və zabitlərin təhlükəsizliyi təmin olunaraq onlar istədikləri yerə yola salınmışlar. S.C.Pişəvəri bu işi daxili işlər naziri S.Cavidə həvalə etmidi.

General Ə.Derəxşani, polkovnik Vərəhram 7 nəfər yüksək rütbəli zabitlə birlikdə təyyarə ilə Tehrana çatdırıldıqdan sonra Şah onların həbs edilməsi haqda əmr vermişdi. S.C.Pişəvəri Tehranın bu əməlinə cavab olaraq demişdi: “General Derəxşani və zabitlər qrupunun həbs olunması ağılsız hərəkətdir. Derəxşani öz iradəsi ilə təslim olmadı. Sadəcə olaraq, onun əsgər və zabitləri xalqa güllə atmaq istəmədilər”.

Təbrizdəki hərbi qornizonun qansız-qadasız təslim olmasında S.C.Pişəvərinin böyük zəhməti və xidməti olmuşdu. O, bu işdə hərbi-siyasi bir strateq kimi bütün vasitələrdən (diplomatik, hərbi, dini, siyasi və b.) bacarıqla istifadə edib, məqsədə uğurla çata bilmişdi. O, AMM-in son iclasındakı nitqində demişdi. “Gördüyümüz işlər tarixdə səbt olsun. Qoy tarixə yazılsın ki, qan tökülmənin qabağını almaq üçün mən 6 saat general Derexşani ilə danışıq aparmağa məcbur oldum. Axırda xalqın arzusunu yerinə yetirməyə müvəffəq oldum. Mən özümü tərifləmək istəmirəm. Bu mənim şəxsiyyətimə də yaraşan bir iş deyil. Mən bir fədai kimi tapşırığı yerinə yetirmişəm”

“21 Azər” hərəkatının iştirakçısı Bağır İmrani S.C.Pişəvəri şəxsiyyəti ilə bağlı danışırdı ki, “Mən hərbi nazirliyin dəftərxanasında işləyirdim. Bir gün ağaye Pişəvəri qəflətən bizim idarəyə gəldi. Əvvəl bizim otağa daxil oldu və səmimi salamlaşdı. Sonra divara vurduğumuz azərbaycanlı rəhbərlərin Səttarxan, Sərdari Millinin, Şeyx Məhəmməd Xiyabaninin və bir də öz şəklinə nəzər saldıqdan sonra soruşdu: “Bu şəkilləri kim belə düzüb?” Mən hərbi qaydada ayağa qalxıb dedim: “Cənab baş nazir, bu şəkilləri mən divara vurmuşam”. O mənalı baxışlarla məni süzdü və dedi: “Oğul, bu Səttarxandır, bütün İrana məşrutə (azadlıq) verdi. Xiyabani böyük mütəfəkkir və Azərbaycanı bir neçə ay olsa da, azad yaşadan insandır. Azərbaycanda xalq hərəkatının silahlı üsyan səviyyəsinə yüksəlməsi hər şeydən əvvəl xalq üçün başqa çıxış yolunun qalmaması ilə bağlı olmuşdu. Bu həqiqəti XIV İran Şura Məclisinin 1945-ci il 9 dekabr (1324-cü il 18 Azər) iclasında böyük ictimai xadim doktor M.Müsəddiq etirafı çox dəyərlidir. O, demişdi: “Azərbaycanda olayların başlıca səbəbi xalqın haqlı Şikayətlərinə baxılmaması, jandarm və mürtəce xanlar tərəfindən yüzlərlə günahsız kəndlinin vəhşicəsinə öldürülməsidir... Azərbaycan xalqı hiss etmişdi ki, bu məclis, bu dövlət heç bir zaman onun dərdlərinə çarə etməyəcək. Ona görə Azərbaycan özü özünə çarə yolu axtarmaq üçün ayağa qalxmışdı”.

Bu fikri bir qədər başqa tərzdə XX əsr İran tarixində hiyləgər diplomat kimi ad qoymuş Qəvamülsəltənə də “Royter” müxbirinin suallarına cavab verərkən təkrar etmişdi. S. C. Pişəvəri: “Biz İranın müstəqilliyinə hörmət edirik, lakin belə olsa, bizim ayrılıb müstəqil dövlət təşkil etməkdən başqa çarəmiz qalmır.”

 

Əkrəm Rəhimli

AMEA Şərqşünaslıq İnstitutunun

"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

 

Xalq cəbhəsi.- 2016.- 16 dekabr.- S.14.