Naxçıvan Nəbatat bağı canlı təbiət muzeyidir

 

Məlum olduğu kimi, 2003-cü ildə Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağı salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə bu bağ MR-in muzeyləri siyahısına daxil edilmişdir.

Bağın təcrübə sahəsi 13,2 hektardır və sturukturuna uyğun olaraq təcrübə sahələrinə ayrılıb. Nəbatət bağında hər bir bitkinin xüsusiyyətləri tədqiq edilir, yayılma zonalarının xəritəsi tərtib olunur, mühafizə yolları müəyyənləşdirilir. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaqiqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropiksubtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq olunur. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimalı Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur.

Nəbatət bağına müxtəlif rayonların meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli yerli meyvə sortları gətirilərək burada meyvə genefondu bağı yaradılıb. Bağda muxtar respublikanın yerli meyvə bitkiləri ilə yanaşı, tərəvəz və bostan bitkiləri genefondu da toplanılır ki, həmin nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun genbankında saxlanılır. Bağın ərazisində Nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir. Burada Naxçıvan Muxtar Respublikanın və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki becərilir.

Bundan başqa, Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 ağac, koldekorativ bitkilərin növ tərkibi də öyrənilir. Bağda bir çox növlərin toxumlarından alınan cücərtilər üzərində müşahidələr aparılır.

 

Xalq cəbhəsi.- 2016.- 17-19 dekabr.- S.13.