Naxçıvan Dövlət Tarix Muzeyinə 47 eksponat təqdim olunub

 

Naxçıvan Dövlət Tarix Muzeyinə qədim mədəniyyətimizi və tariximizi əks etdirən 10 numizmatika nümunəsi, eləcə də mis kasa, şamdan, qılınc, süngü, dolça və digər tarixi əşyalar olmaqla, ümumilikdə, 47 eksponat təqdim edilib.

Eksponatlar muzeyə Babək rayon Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev, Ordubad rayon Nüsnüs kənd sakini Oruc Əliyev, Kəngərli rayon sakini Tünzalə Ağayeva, Şərur rayon Cəlilkənd sakini Tofiq Mirzəyev tərəfindən verilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, 5 minillik tarixi olan, özündə qədim, antikorta əsr şəhər mədəniyyətini əks etdirən, tarixin müxtəlif dövrlərində Atabəylər dövlətinin, Naxçıvan xanlığının paytaxtı olmuş qədim Naxçıvan şəhəri tarix və mədəniyyət abidələri ilə də zəngindir. Arxeoloji ekspedisiyalar zamanı tapılmış yüzlərlə gil və boyalı qablar, tunc heykəllər, əşyalar və bəzək nümunələri vaxtilə bu torpaqda müxtəlif mədəniyyətlərin mövcudluğunu göstərir. Nuh Peyğəmbərin qəbrinin burada olması, Gəmiqaya ərazisindəki məşhur qayaüstü rəsmlər Naxçıvanı bəşər sivilizasiyasının mühüm ocaqlarından biri kimi tanımağa imkan verir. Naxçıvan Muxtar Respublikasında 29 muzeymuzeytipli müəssisə fəaliyyət göstərir ki, burada xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 112 mindən çox maddi-mədəniyyət nümunəsi saxlanılır. Əgər müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, müstəqillik dövrünə qədəm qoyduqdan sonra Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılıb.

Muzeylərimizi ziyarət edənlərin sayının əhəmiyyətli dərəcədə artdığını deyən Natəvan Qədimova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkilliklə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, muxtar respublikada təhsil alan tələbələrin, gənclərin, həmçinin şagirdlərin, taksi sürücülərinin muzeylərə gedişi təmin edilib. Bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərini 273 minə yaxın insan ziyarət edib ki, bunların arasında Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həm də xarici vətəndaşlar olub.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri fəallıq göstərirlər. Təkcə 2016-cı ildə muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub.

Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Akif Hacıyevə, Oruc Əliyevə, Tofiq Mirzəyevə və Tünzalə Ağayevaya təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov vətəndaşların bu təşəbbüsünü yüksək dəyərləndirib və bu eksponatların muzeyin zənginləşməsinə xidmət etdiyini bildirib.

Eksponatları muzeyə təqdim edənlərdən Akif Hacıyev, Oruc Əliyev və Tofiq Mirzəyev çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirilir. Muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Vətəndaşlar tərəfindən qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi də bu mənada mühüm əhəmiyyətə malikdir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da insanlarımız fəal iştirak edəcəklər.

 

Xalq cəbhəsi.- 2016.- 21 dekabr.- S.16.