“Azərbaycanda dini tolerantlıq bütün dünyada
bir nümunə kimi göstərilir”
Aydın Mirzəzadə:
“Digər dinlərin də fəaliyyətinə ölkəmizdə
bütün şərait yaradılıb”
“Dini
dünyagörüşünün ehkamlaşması, tərəqqiyə
qarşı çıxması, elmi yalnız dini ehkamlar
çərçivəsində görməsi cəhdləri,
Avropa və Yaxın və Orta Şərqin mənəvi tənəzzülünə
səbəb olub”. Bunu fəlsəfə üzrə elmlər
doktoru Aydın Əlziadə bildirib. Onun sözlərinə
görə, dünyavilik, sekulyarizm və ateizm ideyaları məhz
bu mənfi hallara qarşı inkişaf edib: “Zaman göstərdi
ki, dünyavi düşüncə, nə qədər tənqidlərə
məruz qalsa belə, yeni tarixi mərhələdə
özünü daha da doğrultmuşdu, ümumbəşəri
dəyərləri, insan haqlarını, texniki və elmi
inkişafı təmin edə bilib. Bu sistemdə
dinin də rolu mənəviyyat məsələlərində əvəzsiz
olub.
Lakin, müasir dünyaya nəzər
yetirsək, dinlərlə bağlı mənfi məqamların
təkcə tarixdə qalmadığını
görürük. Təəssüf ki, 21-ci əsrdə də
inkişaf etmiş dünya dini qarşıdurmaların
şahididir. Yaxın və Orta Şərqdə
gedən dinin siyasiləşməsi, konfessional təəssübkeşlik,
dini qarşıdurma və terror prosesləri getməkdədir.
Mənəviyyatın təkmilləşdirilməsi
işində misilsiz rolu olan dini ideyalar siyasi müstəviyə
keçərək, müəyyən dairələrin
maraqlarını əks etdirməyə başlayıb və
bu bizim zamanəmizdə faciələrə səbəb olub.
Azərbaycanda dövlət-din
konsepsiyalarının tərtib olunması, azərbaycançılıq
ideologiyasının işlənməsi zamanı dinlərlə
bağlı bütün bu mənfi halları, faktları diqqətlə
öyrənmək, onları təhlil etmək lazımdır
ki, bizim ölkəmizin bu günün də və gələcəyində
bu cür faciələr təkrar olunmasın. İnsan faciəsindən
başqa, bu cür halların təkrar olunması dövlətçiliyimizi
məhv edə bilər. Dövlət-din
münasibətlərinin konsepsiyanın tərtibi zamanı
bütün tarixi amillər, dini ideologiyasının cəmiyyətimizə
verə biləcəyi bütün aspektləri diqqətlə
öyrənməli və nəzərə
alınmalıdır.
Beləliklə, Azərbaycan
milli ideologiyasında (azərbaycançılıqda) dinlə
bağlı məqamlara səthi yanaşılmamalıdır. Yalnız
peşəkar və düşünülmüş siyasət
yeridilməlidir. Burada təhlükəli məqam
yaxın keçmişimiz də ola bilər.
Sovet dövründə hakim olan ateist
ideologiyasının iflasından sonra mənəvi boşluq
yaranıb. Bu boşluğu doldurmağa müxtəlif
ənənəvi və qeyri ənənəvi dinlər
doldurmağa çalışaraq, öz təbliğatında
yalnız pozitiv məqamları qabardaraq, problemli məqamları
ört-bastır etməyə çalışırlar. Məqsəd isə öz təlimlərini cəmiyyətin
mümkün qədər çox hissəsinə təsir etməkdən
ibarətdir. Lakin son məqamda bu proses cəmiyyətdə
parçalanma və qarşıdurmalara gətirib
çıxara bilər. Bundan başqa bəzi
dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat
orqanların və yə şəxsi maraqların dayanması
faktları da var”.
Onun fikrincə, Azərbaycanda dini
konsepsiyaların və milli ideologiyaların tərtib
olunması zamanı cəmiyyətdə dini
dünyagörüşünün bir neçə səviyyədən
ibarət olması nəzərə alınmalıdır:
“1. Fərdi səviyyə -
dini ideyaların fərdlər tərəfindən mənəvi
saflığ məqamına çatmaq üçün qəbul
edilməsidir.
Bu proses müsbət xarakter daşıyır. Dinin
ardıcılları fərdi şəkildə özlərini
dini dəyərlər ruhunda tərbiyələndirir. Bunun nəticəsində issanlar arasında saf və
səmimi münasibətlər yarana bilər. Bundan başqa, Vətənə sevgi, vətənpərvərlik,
xarici təcavüzlə mübarizə, cinayət tərkibli
işlərdə iştirak etməkdən çəkinmə,
xeyriyəçilik, ümumi mədəniyyət kimi müsbət
hisslər inkişaf edə bilər. Bu
cür vətəndaşların çoxalmasıdövlət
maraqlarına uyğundur, çünki çox yüksək mədəniyyətli
və təmiz qəlbli insanlarla nəhəng problemlərin həll
olunması işi asanlaşır. Dinlərin
bu cür potensialından Azərbaycançılıq
ideologiyasının yaradılmasında istifadə etmək zəruridir.
Sadəcə, milli ideoloqlar onu dövlətçiliyimizin
maraqlarına uyğun şəkildə tədbiq
olunmasını təmin etməlidirlər.
2. Dini dunyagörüşünün
ictimai səviyyəsi də dövlət quruculuğu və
milli ideyaların formalaşdırılmasında pozitiv rol
oynaya bilər. Dili icmalar cəmiyyətin mədəniyyəti
və əxlaqına müsbət təsir göstərə
bilər. Onların dini qardaşlıq əsasında
qurulan iqtisadi və ticarət fəaliyyətləri cəmiyyət
üçün xeyrli ola bilər. Yüksək
əxlaq prinsipləri əsasın da qurulan iqtisadi qurumlar
dövlətin ümumi iqtisadi siyasətinin tərkib hissəsi
ola bilər.
3. Dini dunyagörüşünün
siyasi səviyyəsi gəldikdə isə, yuxarıda qeyd
olunduğu kimi, burada müəyyən problemlər
mövcuddur. Bir tərəfdən, dinin siyasiləşdirilməsi
çoxlu problemlər yarada bilər. Lakin,
digər tərəfdən dindarlar ölkənin bərabərhüquqlu
vətəndaşları kimi, dövlət qurumlarının
hər bir orqanında təmsil oluna bilər. Qeyd etmək
lazımdır ki, saf dini əxlaqın ölkədaxili və
xarici siyasətin hansısa məqamlarında istifadə oluna
bilər və bunun xeyri də ola bilər.
Məsələn dini dəyərlər əsasında
cəmiyyətdə müəyyən ixtilaflı bəziyyətləri
tənzimləmək olar. Lakin bu proses ölkə
qanunlarına və Konstitusiyaya zidd olmamalıdır, dövlətin
dünyavi xarakterinə xələl gətirməməlidir.
Beləliklə dövlətin
dinlərə qarşı siyasəti bir neçə müstəvidə
həyata keçirilməlidir. Birinci növbədə
onlar arasında qarşılıqlı əməkdaşlıq
və anlayış ab-havası qurulmalıdır. Hər iki tərəf qanunlara riayət etməli və
problemləri sivil metodlarla həll etməlidir. Dövlət əhalinin dini sahədə maariflənməsində
maraqlı olmalıdır. Konstitusiyamızın əsasında
dövlət təhsilimiz yalnız dünyavi ola
bilər və bu imkandan səmərəli istifadə edilməlidir.
Kütləvi informasiya vasitələrinin də maariflənmə
işlərində istifadə olunmalıdır: elmi, tarixi, fəlsəfi
verilişlərin həcmi artırılmalıdır.
Maarifçilik təkcə
dini sahəni deyil, həm də tarix, fəlsəfə,
kulturologiya, incəsənət və tətbiqi elmlər sahəsində
aparılmalıdır. Millətin dünyagörüşü
artmalıdır, yalnız bundan sonra insanlar sağlam
düşüncəyə malik ola bilib,
birtərəfli propaqandanın təsiri altına düşməzlər.
Səviyyə nə intellektual səviyyə qədər
aşağı olsa, bir o qədər də mövhumata, təriqətçilik
ideyalar üçün zəmin yaradılır. Maariflənmə işi getməsə müxtəlif
ideologiyalarla mübarizə aparmaq mümkün olmayacaq,
çünki yalnız hüquq-mühafizə və milli təhlükəsizlik
orqanlarının gücü ilə daim bu problemi həll etmək
mümkün olmayacaq.
Dünyavi təhsil sistemində
humanitar fənlərin tədrisinə xüsusi fikir verilməlidir. Onlar gəncliyin
dünyagörüşünün formalaşmasında həll
edici rol oynayır. Ali məktəblərin
humanitar fakültələrində isə dinə aid olan fənlərin
keçilməsi zəruridir, çünki bu sahədə
dünyavi dünyagörüşünə malik peşəkar
kadrlar yetişdirilməlidir. Tədris
metodu və fənlər isə dünyavi olmalıdır.
Yəni dinlər dünyavilik nöqteyi-nəzərdən
öyrinilməlidir və bu ruhda dərsliklər
yazılmalıdır. Orada dinlərin fəlsəfəsi,
dinşünaslıq, mədəniyyətşünaslıq,
etika, estetika, fəlsəfə tarixi, tarix fənlərinin
keçilməsi olduqca vacib məsələdir. Bununla cəmiyyətdə dinlərə münasibətdə
müxtəlif fikirlər yaranır, polemika aparılır və
heç bir dini cərəyanın ehkamları
düşünülməmiş, əhalinin çoxu tərəfindən
qəbul edilməmişdir. Lakin təəssüflər
olsun ki, ali məktəblərdə
humanitar fənlərin və xüsusi ilə fəlsəfi fənlərin
tədrisi son vaxtlar məhdudlaşdırılıb. Bu proses
davam etsə, gələcəkdə müəyyən problemlərin
yaranması istisna edilə bilməz. Dünyagörüşü
özü-özündən yarana bilməz, onu qidalandırmaq
və inkişaf etdirmək lazımdır. Humanitar elmlərin tədris saatlarının məhdudlaşdırılması
bu inkişafın qabağını alır. Bu cur gəncliyi isə radikal təriqət nümayəndələri
asanlıqla öz təsiri altına ala bilər.
Beləliklə, dövlət
ölkədə sabit dini duruma nail olmaq üçün
böyük kompleksli tədbirlər həyata keçirməlidir. Bu işlər
yüksək peşəkarlıq səviyyəsində
görülməlidir və bu sahəyə respublikanın elmi
potensialı cəlb olunmalıdır”.
Millət vəkili Aydın Mirzəzadə
isə deyib ki, Azərbaycan dünya birliyində öz yerini
tutmaq, vətəndaşlarına stabil, dəyərli və
sosial təminatlı bir həyat yaşatmaq üçün
maksimum tədbirlər görür: “Məhz bunun nəticəsidir
ki, bu gün Azərbaycan dövlətçiliyi uğurla davam
etdirilən bir tarixi layihə kimi dünyada hörmətlə
qarşılanır. Dövlətçiliyimizin
fəaliyyətində vacib məsələlərdən biri
insanların dini inancına hörmətlə
yanaşılması, müxtəlif mədəniyyətlərin
qovuşmasına dəstək verilməsidir”. Onun
sözlərinə görə, dövlətçiliyin ilkin
şərtlərindən biri olan dövlət-din münasibətləri
Azərbaycanda uğurla qurulub: “Bu gün din və dövlət
daima bir yerdədirlər. Onların hər
ikisinin fəaliyyəti ümumilikdə vətəndaşın
normal həyatını təmin etmək, stabilliyini qorumaq,
insanlarda sabaha inam hissini qoruyub yaratmaqdır. Azərbaycan
ənənəvi islam dini olmasına
baxmayaraq, digər dinlərin də fəaliyyətinə
ölkəmizdə bütün şərait yaradılıb. Azərbaycanda dini tolerantlıq bu gün bütün
dünyada bir nümunə kimi göstərilir. Bu həm dövlətin, cəmiyyətin, həm də
hər bir vətəndaşın böyük bir uğurudur.
Digər dinlərin nümayəndələri sərbəst
şəkildə dini ayinlərini həyata keçirə
bilirlər, onların dini məbədləri fəaliyyət
göstərir. Təsadüfi deyil ki, Azərbaycan
hökuməti ölkəmizdə fəaliyyət göstərən
bütün dini məbədləri dövlət hesabına
pulsuz qazla təmin edir. Bu nəinki Azərbaycanda,
eləcə də milli mənsubiyyətindən asılı
olmayaraq Gürcüstandakı bütün dini məbədlər
də Azərbaycan dövləti hesabına qazla təmin
edilib”.
A.Mirzəzadə bildirib ki, bu gün
Azərbaycanda dini ayinlərin yerinə yetirilməsi
üçün şərait vardır: “Həmin dini ayinlər
dövlət başçısı tərəfindən təbrik
edilir. Həmin ayinlərdə dövlət
başçısı, dövlət rəsmiləri
iştirak edirlər. Bu gün ölkəmizdə
sərbəst şəkildə dini təhsil almaq
mümkündür. Beləcə ölkəmizdə
din müstəvisində qarşıdurma halları yoxdur və
bundan sonrada olmayacaq. Çünki Azərbaycan
vətəndaşının düşüncə səviyyəsi,
daxili mədəniyyəti bunu etməyə heç bir zaman
şərait yaratmır. Həmçinin
ölkəmiz dinin və mədəniyyətlərin
qovuşduğu bir məkan kimi onların dərinləşməsinə,
inkişaf etməsinə də dövlət tərəfindən
maksimum şərait yaradılır. Bununla
bağlı həm xaricdəki İslam-din mərkəzləri,
İslam-mədəniyyət mərkəzləri, eyni zamanda
digər dinlərlə bağlı olan mərkəzlər də
ölkəmizdəki praktikanı yüksək qiymətləndirir.
Hesab edirəm ki, bugünkü dövlətçiliyimizin
uğur qazanmasında bir çox faktorlar kimi, o cümlədən
insanların dini inanclarına hörmətlə
yanaşılması və dinin fəaliyyətinə dövlət
tərəfindən dəstək verilməsində
böyük rolu var”.
Əli
Xalq cəbhəsi.- 2016.- 16 dekabr.- S. 9.