Rumın musiqiçi:
“Vaqif Mustafazadə dahi idi”
Vircil Mihayu: "Öz
xalqının zəngin folklorunun universal musiqi diliylə bütün dünyaya
göstərə bilən bir qəhrəmanıdır
Vaqif"
Vircil Mihayu bizim musiqi aləminə
tanış imza deyil. Azərbaycan cazını
və simfonik musiqisini yaxşı bələd olan bu rumın mütəxəssisin
ölkəmizdə tanınmaması
təəssüf doğurur.
Amma yaxşı ki, təsadüflər (?)
var. Təsadüfən tanış olduq, söhbətləşdik və
uzaq-uzaq ellərdə
gəlmədən-görmədən Azərbaycana, Azərbaycan
musiqisinə heyran olan bir təcrübəli
musiqişünasla tanışlıq
mənim üçün
dəyərli bir tapıntı oldu. Maraqlananlar Vircil Mihayu ilə
qısa müsahibəni
və hələ
1985-ci ildə çap
etdirdiyi “Rezonans qutusu” adlı caz esselərindən ibarət kitabına daxil olan “Azərbaycan
cazı: Vaqif Mustafazadə” məqaləsi
qısa ixtisarla oxuya bilərlər.
Qısa arayış: Vircil Mihayu 1951-ci ildə Klujda şəhərində anadan
olub. Rumıniyada, eləcə də,
bütün caz dünyasında tanınmış
mütəxəssis, yazıçı,
jaz estetikası professorudur. 2006-2012 illərdə Rumın Mədəniyyət İnstitutunun
(ICR) Lissabonda ilk direktoru
və Rumıniyanın
Portuqaliyadakı səfirliyində
mədəniyyət attaşesi
vəzifələrində çalışıb.
Dünyanın tanınmış caz jurnallarının daimi müəlliflərindəndir.
Cazla bağlı müxtəlif
radio-televiziya proqramları
hazırlamaqda, Rumıniyada
və dünyada keçirilən nüfuzlu
caz festivallarının
jürisində təmsil
olunmaqdadır. V.Mihayu ana
dilindən başqa, ingilis, rus, alman,
portuqal, ispan dillərində danışır.
- Cənab Mihayu, Azərbaycan cazı ilə tanışlığınızdan başlamaq istərdim.
- Mən Azərbaycan cazı ilə 70-ci illərdən tanışam. Varşavada nəşr olunan məşhur “Jazz Forum” jurnalının Rumıniya təmsilçisi idim. SSRİ cazmenləri haqqında məqalə yazmalıydım. Mənə Vaqifin ikili albomunu göndərdilər. Bu, fantastika idi. Dinlədiyim musiqi məni sehrləmişdi. “Melodiya” şirkətindən buraxılmış bu albomlarda Vaqif Mustafazadə ilə birlikdə bir-birindən istedadlı daha iki musiqiçi Tamaz Kuraşvili və Vladimir Boldırev də vardı. Mustafazadənin xanımı Elza Mustafazadə də iki xalq mahnısı səsləndirirdi. Çox möhtəşəm albom idi. Cazın ingilis dilinin monopoliyasında olduğu vaxtlarda Vaqif Azərbaycan dilində, muğam elementləri ilə inanılmaz sintez yaratmışdı. O, milli caz məktəbinin yaradıcı idi. Mənim üçün o, dünya səviyyəli qəhrəmandır. Vaqifin bu eksperimentləri etdiyi vaxtlarda seçilmək, milli elementlərlə fərqlənmək çətin idi. Vaqif dahi idi. Mənə görə Azərbaycanın ən önəmli musiqiçilərindəndir. Öz xalqının zəngin folklorunu universal musiqi diliylə bütün dünyaya göstərə bilən bir qəhrəmandır Vaqif. Qızı Əzizənin də uğurları fövqəladədir.
- Yeri gəlmişkən, rumın mətbuatında
Əzizənin 2012-ci ildə Timişoara
şəhərində keçirilmiş ənənəvi
“Plai” beynəlxalq caz
festivalındakı çıxışı haqqında çox gözəl rəylər oxudum.
- Təəssüf ki, o festival zamanı ölkədə deyildim, canlı dinləyə bilmədim. Əzizə də atası kimi çoxdan dünya musiqiçisidir. Bilirsinizmi, 1983-cü ildə Elza xanıma məktub yazmışdım. Dahi Vaqifin albomlarından, mümkündürsə, göndərməyini xahiş etmişdim. Mənə 5 səhifəlik rusca məktub yazıb təşəkkür etmişdi. Hələ o vaxt bütün diqqətini Əzizənin inkişafına yönəltdiyini yazmışdı. İndi də qızının meneceridir. Vaqif Mustafazadənin iştirakı ilə Azərbaycanda başlamış qeyri-adi caz janrı indi də davam edir. Bakıdakı cazmenlərlə tanış olmaq, prosesi yaxından izləmək istərdim. Vaqiflə bağlı bir xatirəmi də paylaşım. Bir dəfə Vaşinqtonda çamadanımı eşələyərkən disklərim töküldü. Yanımdakı adam dərhal onları götürdü. Sən demə, Vaqifin böyük fanatıymış. Böyük dərman firması olan bu iş adamı Vaqifin bütün albomlarını əldə etmişdi. Vaqif haqqında böyük heyranlıqla danışırdı. O adamla tanışlıq mənə çox təsir etmişdi.
- Sizdən bu sözləri eşitmək, açığı, çox qürurvericidir. Amma bildiyim qədərilə, Azərbaycan musiqisinə marağınız cazla məhdudlaşmır.
- Azərbaycan simfonik musiqisi də başqa bir mövzudur mənim üçün. Keçən il əvvəl burada Kluj Transilvaniya Filarmoniyasının orkestri liviyalı gənc dirijor Lubnan Baalbakinin rəhbərliyi ilə Fikrət Əmirovun “Piano üçün konsert”ini və “İkinci Simfoniya”sını səsləndirdi. Bu orkestrlə Bakıda da musiqisevərlərin qarşısına çıxa bilərik. Daha öncələr də Qara Qarayevin, Arif Məlikovun əsərlərini heyranlıqla dinləmişəm. Təəssüf ki, yeni nəsil simfonik bəstəkarlarla tanış deyiləm. Amma inanıram ki, Azərbaycan klassik musiqi məktəbi öz ənənələrinə sadiqdir. Tofiq Quliyev, Rəşid Behbudov haqqında məlumatlıyam. Muslim Maqomayev böyük sənətkardı. Rumın radiosunda çox səsləndirilib vaxtilə. Vaqif isə unikal idi.
Xalq cəbhəsi.- 2016- 22 dekabr.- S.16.