Azərbaycanın mədəni müxtəliflik sferası

 

(əvvəli ötən sayımızda)

 

2006-cı il oktyabrın 16-dan 23-ə qədər UNESKO-nun Paris şəhərindəki mənzil-qərargahında "Azərbaycan həftəsi" adlı mədəni tədbirlər çərçivəsində Azərbaycanda yaşayan milli azlıqlara aid foto-sərgi nümayiş etdirilib. Azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair daha bir foto-sərgi 2009-cu ildə UNESCO-nun mənzil-qərargahında keçirilib. Dövlət bu qurumları imkan dairəsində ölkə büdcəsindən və Prezidentin ehtiyat fondu hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir.

Milli azlıqların yığcam yaşadıqları Lənkəran şəhəri, Astara, Balakən, Dəvəçi, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Qusar, Lerik, Zaqatala, Masallı rayonlarında fəaliyyət göstərən 41 uşaq musiqi və incəsənət məktəbində 12 mindən çox yeniyetmə müxtəlif ixtisaslar üzrə təhsil alır. Azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bir çox xalq kollektivləri, nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Saatlının "Adıgün" – Axıska türkləri, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", “Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu "Halay", Lerik rayonununLaqutto”, Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.

Mədəniyyət müəssisələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar. Qax rayon xalq teatrının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Gürcüstan Respublikasının Laqodexi, Marneuli, Dmanisi, Batumi, Qori şəhərlərinə, Zaqatala rayonunu "Avar", "Saxur" xalq teatrı kollektivlərinin qonşu rayonlara, Lənkəran rayonunun "Şənlik", Astaranın Sevinc , "Əfsur" talış mahnı və rəqs ansambllarının İran, Türkiyə və İraqa səfərləri olub.

Astara rayon Mədəniyyət Evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində böyük rolu vardır. Kollektivin Tacikistan, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, Rusiya və Türkiyədə çıxışları buna əyani sübutdur. Astarada "Məhsul", "Əkinçi", "Şum" bayramları keçirilir. Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunub. 2002-ci il iyunun 27-28-də Azərbaycanın Mədəniyyət Nazirliyi və ATƏT-in Azərbaycandakı ofisi ilə birgə "Azərbaycanın mədəni çeşidliyi" adlı elmi-praktiki konfrans keçirilib.

Ruslar Azərbaycanda iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı payını veriblər. Hələ keçən əsrin 70-ci illərindən respublikada rus dilinin hərtərəfli inkişafı üçün həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. 1970-ci ildən Azərbaycandakı orta məktəblərdə birinci sinifdən rus dili tədris edilməyə başlandı. Bu gün 400 məktəbdə dərslər rus dilində, 21 ali məktəbdən 20-də isə dərslər Azərbaycan və rus dillərində keçirilir. Azərbaycanda rus dilinə belə yüksək münasibət keçmiş SSRİ ərazisində yaşayan xalqlarla sıx əlaqələr saxlamağa imkan verir.

Azərbaycan hökuməti ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün məqsədyönlü aparılır. Prezidentin 2009-cu il 26 noyabr tarixdə imzaladığı qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub.

Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşmatarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti Festivalı keçirilir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirlər. İctimai Televiziya 500-ə yaxın iştirakçısı olan festivalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını bütün dünyaya nümayiş etdirir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.

Bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir. Qeyd etmək lazımdır ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan əməli işin nəticəsində artıq peşəkar şəkildə formalaşan ansambllar meydana gəlib. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir.

Təbii ki, qloballaşma təbii prosesdirbu, insanları birləşdirir. Amma bu prosesin müsbət tərəfləri ilə yanaşı, bir mənfi cəhəti də özünü göstərir, bu da insanların mədəni irsini, bəzən adət-ənənələrini unutmalarıdır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar da müvafiq işlər görürlər. 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda azsaylı xalqların folkloru bölməsi yaradılıb. Bu da Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Elə folklor ənənələri var ki, birgə yaşayış prinsipindən irəli gələrək ümumi formaya düşməyə başlayıb. Bunların arasında başlıca olaraq toy ənənəsini göstərmək olar. Toy hər bir xalqın mədəniyyətinin, folklorunun ayrılmaz hissəsidir. Dünyanın hər yerində xalqların toy ənənələri əsrlərlə formalaşır, xalqın təmsilçisinə çevrilir. Milli azlıqların, hər mahalın, hətta, hər kəndin, elin vaxtı ilə özünə xas maraqlı adətləri indi vahid formada özünü göstərməyə başlayıb. Əmək, mərasim və mövsüm nəğmələri, layla və ağılar, lirik mahnılar və INSTRUMENTAL rəqs havaları hər bir mədəniyyət daxilində xüsusi təzahür formalarına malikdir. Müxtəlif xalqların folklorunda eyni janrların yeri və əhəmiyyəti də müxtəlifdir.

Azsaylı xalqların zəngin musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycanın ənənəvi “Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir. Məsələn, ləzgilər, avarlar, saxurlar, rutullular arasında nağara-zurna dəstəsi tərəfindən icra olunan instrumental rəqs havaları aparıcı yer tutsa da, bu folklor mədəniyyətlərində mahnı janrının müxtəlif növ və şəkillərinə də rast gəlirik (laylay, ağı, mərasim nəğmələri, lirik mahnılar). Bu xalqları ümumi musiqi üslubu və çalğı alətləri (nağara, zurna, balaban, tütək, sipsi, tənbur) və eləcə də, tipik melodiya formulları birləşdirir. Eyni zamanda, bəzən onlardan hər birinə məxsus fərqli çalarlar da sezilir.

Ən qədim etnoslardan biri olan talışların musiqi folkloru zəngin janrifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, "halay" mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunurbu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir. Balakən rayonunun özünəməxsus milli musiqi aləti var ki, bu da yalnız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər balakənlilər öz əlləri ilə düzəltdikləri iki simli tamburdan el şənliklərində musiqi aləti kimi istifadə edirlər. Tamburdan həm kişilər, həm də qadınlar çalaraq laylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər.

2015-ci il aprelin 4-də Qusar Dövlət Ləzgi Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ilk dəfə Qusar şəhər Mədəniyyət Evinin səhnəsində ləzgi dilində səhnələşdirməsi multikulturalizm ənənlələrinin davam etməsinin əyani göstəricisi idi. Təbii ki, müxtəlif səpkili tədbirlərin keçirilməsi, heç şübhəsiz, milli azlıqların adət-ənənələrinin, bir sözlə, mədəni irsinin qorunub saxlanılmasına birbaşa xidmət göstərsə də, burada başlıca məqsəd xalqlar arasında qardaşlığa, səmimi ünsiyyətə, mehriban birgəyaşayışa maneə olmadığını, əksinə, buna stimul verdiyini göstərməkdir.

Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.

 

Cavid

 

Xalq cəbhəsi.- 2016.-  23 dekabr. - S.13.