Cavad Heyətin klassik irslə bağlı çalışmaları

 

1-ci yazı

 

«Varlıq» dərgisi folklor, türk xalqlarının mifologiyası, tarixi-ənənəvi varlığı klassik ədəbiyyatı ilə bağlı araşdırma mərkəzlərindən biri sayıla bilər. Türklərin tarixi təşəkkülü, türk dünyagörüşü və mədəniyyətinin dünya sivilizasiyasında yeri, rolu haqqında silsilə tədqiqatlara öz səhifələrində yer ayırması «Varlıq» dərgisinin böyük tarixi xidmətləridir. Hələ Şimalda bu tipli tədqiqatların geniş vüsət almadığı bir vaxtda Cavad Heyətin türk dövlətləri, türk xalqları haqqında böyük informasiya tutumu olan məqalələrinin nəşri milli mənəviyyatımızın öz kökü, əsli ilə ilişgilərini üzə çıxartmaqda böyük rol oynayıb.

Qədim türk ədəbi nümunələri, yazılı qaynaqları haqqında Cavad Heyətin tədqiqatları anadilli ədəbiyyatımızın tarixi kökləri haqqında da zəngin məlumat verir. Cavad Heyətin bu səpgili araşdırmaları «Türklərin tarix və mədəniyyətinə bir baxış» adı ilə Bakıda nəşr olunandan sonra “Varlıq”ın tarixi, ictimai və milli-mənəvi çəkisi haqqında təsəvvürlər daha da zənginləşdi. Əslində şovinist siyasət yeridən məmləkətdə bu tipli tədqiqatların nəşr edilməsi, Cənubda yaşayan soydaşlarımızın öz tarixi kökünə qayıdışı üçün zəmin hazırlayırdı. Şimalda isə uzun müddət türk xalqlarının tarixi birtərəfli, səthi öyrənilmiş və nəzəri baxımdan məlum qəliblərə əsaslanıb.

Cavad Heyətin, ümumilikdə isə «Varlıq»ın bu istiqamətdəki fəaliyyəti Azərbaycan türkləri üçün öz tarixlərini öyrənməkdə zəngin məlumat, informasiya vermək baxımından qiymətlidir. Cavad Heyətin türk tarixinə dair araşdırmalarında Azərbaycan faktoru əsas yer tutur. O, türklərin tarixini üç mərhələyə bölərək araşdırır. Alim bu bölgünün ondan əvvəl irəli sürüldüyünü və elm aləmində qəbul edildiyini göstərərək yazır: «Türkləri islam dini, dil və ədəbiyyatlarını nəzərə alaraq qədim, orta və yeni türklərə, dillərini də əski, orta və yeni türkcəyə bölübər. «İslamdan qabaqkı dövrə qədim dövr, (Göktürk və Uyğurlar dövrü) islami dövrə, yəni IX əsrdən sonra başlayan və XVI əsrə qədər olan dövrə orta dövr, ondan sonrakı dövrə yeni dövr deyilib».

Cavad Heyət əvvəllər irəli sürülən və elm aləmində qəbul edilən üç dövrə müvafiq olaraq xronologiya əsasında türklərin tarixini və mədəniyyətini araşdırarkən ədəbiyyatın, eləcə də mədəniyyətin tarixi şəraitlə bağlılııı konsepsiyasından çıxış edir. Türklərin müxtəlif ölkələrdə, ayrı-ayrı hökumət adı altında yaşamaqda olduqlarını, «…türk qövmlərinin 29 türk ləhcəsilə danışdıqlarını, bu ləhcələrin əksəriyyətinin müstəqil yazılı qrammatika və ədəbiyyatı olduğunu» xüsusi vurğulayan tədqiqatçı Azərbaycan xalqının türk xalqlarından biri, Azərbaycan mədəniyyətinin isə vahid, bölünməz ümumtürk mədəniyyətinin ancaq bir hissəsi olduğu qənaətindədir. Cavad Heyətin əsaslandığı ümumtürk ədəbiyyatı konsepsiyası hələ 1920-ci ilə qədər Əmin Abid, Abdulla Şaiq, İsmayıl Hikmət, Fuad Köprülü kimi ədəbiyyatşünaslar tərəfindən qəbul edilib, Azərbaycan ədəbiyyatı məhz ümumtürk ədəbiyyatı kontekstində araşdırılıb.

Cavad Heyətə görə «Türklərin tarixinə diqqətli baxış əsasında belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan daim türk dünyasında baş vermiş mədəni, ictimai, iqtisadi, siyasi, ideoloji mahiyyətli, miqyaslı hadisələrin mərkəzində olmuş bir ölkədir». Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatı kontekstində öyrənmək baxımından «Varlıq»da klassik irslə baılı dərc edilmiş araşdırmalar da diqqətə layiqdir. Bu araşdırmalar sırasında əhatəli olması və ümumiləşdirmə dəyəri ilə Cavad Heyətin Azərbaycan ədəbiyyatına dair tədqiqatları xüsusi yer tutur. Cavad Heyət öz araşdırmasında Güney Azərbaycan ədəbiyyatı tarixini dörd mərhələyə ayırır: Birinci mərhələ - Azərbaycan dilinin təşəkkül tarixindən XIX əsrin başlanğıcına qədər, yəni XIII əsrdən 1828-ci il Türkmənçay müqaviləsinə - parçalanma zamanınadək olan dövrü əhatə edir; İkinci mərhələ - 1828-ci ildən 1920-ci ilə qədər olan dövrü əhatə edir; Üçüncü mərhələ - Pəhləvi dövrü və ya tənəzzül dövrüdür. Bu dövrə 1920-1979-cu illər daxildir. Bu dövrdə Şimali və Cənubi Azərbaycanın bütün sahələrdə əlaqələri kəsilir. Ancaq 1945-1946-cı illər, xüsusən bir il sürən Demokratik hökumət dövrü istina təşkil edir; Dördüncü mərhələ - İslam inqilabından sonrakı dövrdür; Alimin təklif etdiyi bölgü Cənubi Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində ən obyektiv, elmi dövrləşdirmə hesab oluna bilər. Çünki Cənub ədəbiyyatının inkişaf tarixini baş verən tarixi ictimai-siyasi hadisələrdən kənarda təsəvvür etmək qeyri-mümkündür.

Cavad Heyətin fikrincə, XIX əsrdə bütöv Azərbaycanın ikiyə bölünməsinə baxmayaraq 20-ci illərə qədər Şimali Azərbaycan ədəbi prosesləri Cənubda izlənmişdir. Orada çap olunan mətbuat və kitabların asanlıqla yol tapıb, yayılması Cənub ədəbiyyatına müəyyən dərəcədə təsir göstərirdi. Məlum olduğu kimi, XIX əsrdə Azərbaycanda qəzəl, mərsiyə və növhə ədəbiyyatı geniş yayılmışdı. Cavad Heyət bu dövrün ədəbiyyatına qiymət verərkən Raci, Dilsuz, Sərraf, Pürıəm, Qumri və başqa mərsiyə şairlərinin yaratdıqları mərsiyə ədəbiyyatının Cənubda dilimizin mühafizə olunmasına xidmətindən bəhs edir. Bu elmi qənaəti M.Ə.Rəsulzadə vaxtilə mərsiyə ədəbiyyatından danışarkən söyləmişdi. M.Ə.Rəsulzadə yazırdı: «Mərsiyənin Azərbaycan ədəbiyyatına böyük xidməti olub. Əgər türkcə mərsiyə olmasa, türk şeir və nəzmi də bu dərəcədə ümumiləşməyəcək və Azərbaycan xalqı, ehtimal ki, bir çox zaman daha doğma ədəbiyyat üzü görməyəcəkdi... İştə mollası, taciri, məmuru hamısı farslaşır ikən, milli hiss və təəssübü qorumaq baxımından mərsiyələrin rolu əvəzsiz olub».

Cavad Heyətin «Varlıq»ın ikinci sayından başlayaraq silsilə ilə «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» adı altında ardıcıl çap etdirdiyi, altı əsrlik dövrü əhatə edən məqalələrində Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələləri və şəxsiyyətləri nəzərdən keçirilir. Bu əsəri yazmasına səbəbi Cavad Heyət belə açıqlayır: «Dilimizin yarım əsrdən artıq bir müddət faşist pəhləvi rejiminin yasaqları altında yazılmaqdan məhrum qalıb, unudulmağa məhkum olunduğundan xalqımız gözəl dilimizin bədii, ədəbi əsərlərini oxuyub öyrənmək yerinə varlığının əsalətinə və ana dilinin öz dili olduğuna dəxi şübhələndiyi bir dövrdə bu günkü danışdığımız ana dilinin rəvayətini və qısaca ədəbiyyatını nəşr etmək daha zəruridir... Əsərin mükəmməl və ya kafi olması bəhs mövzusu dəxi deyil. Məqsədimiz xalqımızı daha yaxından tanış qılmaq və ədəbiyyatımız barədə bir fikir verməkdir... Bu əsərin yazılmasında həm əski qaynaqlardan, mövcud kitab və divanlardan, həm də Quzey Azərbaycanda və Türkiyədə yazılan əsərlərdən istifadə edilib».

Silsilə məqalələri tədqiqatçı Həsənoılu, «Qisseyi-Yusif» əsərinin müəllifi şair Əli, Qazi Bürhanəddin, Nəsimi, Şah Qasım Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Həbibi və Xətai kimi sənətkarların ədəbiyyat tarixində yeri, mövqeyi, yaradıcılııı haqqında şərhi ilə başlayır, XIII əsrdən üzü bəri Azərbaycan ədəbiyyatının inkişafını ardıcıl izləyir. Sonra böyük klassik şair M. Füzulinin yaradıcılığından geniş bəhs edir.

Üçüncü məqalə Azərbaycan şairləri haqqında məlumat verən «Töhfeyil-Sami», «Məcmuəl-Xəvas» və Əhdi Bağdadi təzkirələri və bu əsərlərdə adları çəkilən Azərbaycan şairlərinə həsr edilib. Burada həmçinin XVI əsr şairlərindən Saib Təbrizi və Qövsi Təbrizi yaradıcılığına xüsusi diqqət yetirilib. XVIII əsrdə yaşayıb-yaratmış Molla Pənah Vaqif, Vidadi və onun müasiri olan Şirvan şairləri, həm də Aciz, Əbdülrəhman Dilbaz oılu, Arif, Mustafa Ağa Salik, XIX əsrdə yaşamış mərsiyə şairləri Raci, Dilsuz, Qumri, Sərraf yaradıcılııı ilə bağlı ətraflı söhbət açır, yeri gəldikcə onların poeziyasından nümunələr verir. Silsilə məqalələrdə XIX əsrdə yaşayıb yaratmış Nəbati, Ləli, Heyran xanım, Xalxali yaradıcılııından da ayrıca danışılır. «Maarifçi-realist ədəbiyyat» adlanan bölmədə A.Bakıxanov, İ. Qutqaşınlı, M.Ş.Vazeh və Q.Zakir haqqında elmi şərhində tədqiqatçı maarifçiliyin yaranması və təşəkkülündən bəhs edir.

XIX əsrin II yarısında yaranan ədəbiyyat bölməsində böyük mütəfəkkir M.F.Axundov və S.Ə.Şirvani, Natəvan kimi şairlərin yaradıcılığından, ədəbi məclislərdən Azərbaycan mətbuatının ilk nümunəsi «Əkinçi» qəzetindən, onun iştirakçılarından, teatrın yaranması və inkişafından danışılır. Cavad Heyətin kütləvi oxuculara zəngin elmi məlumat verən bu məqalələr toplusu 1990-cı ildə Tehranda, 1993-cü ildə isə Bakıda ayrıca kitab halında çap olunub. Cavad Heyətin nəşr etdirdiyi kitabları tədqiqata cəlb edərkən daha çox az məlum olan, ya da heç məlum olmayan ədəbi materiallara xüsusi diqqət yetirməyi məqsədəuyğun saydıq. Çünki bu təhlil üsulu elm aləmində maraq doğuracaq yeni faktları nəzərə çarpdırmağa imkan verir.

Məlum olduğu kimi, «Varlıq»ın ilk nömrələrində C.Heyət ədəbiyyat tarixinə aid məqalələrində Şimali Azərbaycanda nəşr olunmuş qaynaqlara istinad edirdi. Sonralar dil tarixi ilə ciddi məşğul olarkən o, Cənubda yaradılan ədəbiyyatla, türk xalqlarının qədim müştərək folkloru, yazılı ədəbiyyatı və əski türk şairləri ilə hərtərəfli məşğul olmaq zərurəti hiss edir. Bu da tədqiqatçı alimə Azərbaycan tarixinə, ədəbiyyatına dair çox maraqlı və dəyərli faktların üzə çıxarılmasına imkan verir. Ona görə də Cavad Heyətin ədəbiyyat tarixi kitablarında adlarına ya az, ya da heç təsadüf etmədiyimiz şairlərə rast gəlinir. Bu şairlərin əksəriyyəti vaxtilə Azərbaycandan Şərq ölkələrinə, xüsusilə Türkiyəyə mühacirət edənlərdi. Onların arasında Qazi Zərir, Matəmi kimi öz dövrünün qüdrətli şairləri olmuş şəxsiyyətlər barədə türk ədəbiyyatı tarixində geniş bəhs olunmuşdu.

Təəssüf ki, ədəbiyyat tarixi mənbələrində bu məsələyə diqqət yetirilməyib. Cavad Heyət öz elmi araşdırmalarına əsasən belə bir nəticəyə gəlib yazır ki, türk dilinin Azərbaycandan başqa İranın digər yerlərində kütləvi və dağınıq halda yaşayan xalqların da dili olduğu, İrandan başqa Türkiyənin şərq vilayətlərinin və İraqda yaşayan türklərin də Azərbaycan dilində danışıb vahid soy-kökə bağlı olduqları artıq elm aləminə məlumdur. Bu səbəblərə görə «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış»da bütün bu ölkələrdə yaşamış və əsərlərini Azərbaycan dilində yazmış şair və yazıçılardan da ayrıca bəhs olunur.

 

Pərvanə Məmmədli

Araşdırmaçı

 

Xalq cəbhəsi.- 2016.-  23 dekabr. - S.14.