Cavad Heyətin klassik irslə bağlı çalışmaları

 

2-ci yazı

 

Alim bu qənaətdən çıxış edərək yazır ki, Füzuli kimi İraq türklərinə mənsub şairləri sivaslı Qazi Bürhanəddini Azərbaycan şairləri çərçivəsində tədqiq edəcəyik. Demək, alimin tədqiqatlarında ölkədən çox dil məsələsi mövzu bəhsidir.

Cavad Heyət bu silsilə məqalələrini yazarkən Azərbaycan, İran, Türkiyə və Avropada nəşr olunmuş qaynaqlara, kitablara dövri mətbuata, əlyazmalarına istinad edib. Ayrı-ayrı ədiblər barədə yazılmış oçerklərdə mövzu məhdudiyyəti, mövzuya birtərəfli, natamam yanaşma nəzərdən qaçmır. Bəzi yazılar mənbələrdən olduğu kimi, bəziləri isə bir neçə mənbədən götürülüb yaradıcı şəkildə işlənilərək verilir. Həmçinin bəzi istedadlı və tanınmış yazıçı və şairlər haqqında mənbələrdə yetərincə məlumat verildiyindən onların yaradıcılığına çox az yer ayrılır, bunun əksi olaraq az tanınanlara bir neçə səhifə həsr olunur.

Cavad Heyət Azərbaycan ədəbiyyatı tarixini XIII əsrdən başlayır. O, artıq bütün dünyada Azərbaycan şairi kimi ad qazanmış, XII əsrdə yaşayıb yaratmış Nizami Gəncəvinin üstündən sükutla keçir, bunu dil faktorunu əsas götürməsi ilə əlaqələndirir. Akademik Həmid Araslı «Varlıq»a göndərdiyi məktubunda Cavad Heyətin Azərbaycan ədəbiyyatı tarixini Həsənoğludan başlamasına öz etirazını bildirir. Həmid Araslı həmkarına yazır: “Azərbaycan xalqının taleyi elə gətirmişdir ki, müəyyən tarixi, ictimai-siyasi səbəblər üzündən bu xalqın ədəbiyyatı ərəb və fars dillərində də yaranıb. «VII əsrdən (islamın yayılmasından) başlayaraq Əl Azərbaycani, Ət-Təbrizi, Urməvi adları ilə məşhur olan şairlərimiz, görkəmli alimlərimiz ərəb dilində qiymətli əsərlər yaradıb və ölkələrinin adlarını şöhrətləndiriblər. İsmayıl bin Yəssar, Xətib Təbrizi, Urməvi kimi şair və alimlər, şübhəsiz, Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz nümayəndələridirlər.

Fars dili səlcuqilər dövründə ədəbi dil kimi Yaxın Şərqdə əsaslananda Qətran Təbrizi, Əbül Üla Gəncəvi, Xaqani, Fələki, İzəddin Şirvani, Mücirəddin Beyləqani, Məhsəti xanım, xüsusən Nizami Gəncəvi kimi xalqımızın taleyi ilə bağlı cahanşümul sənətkarlar yetişib ki, bunlar Azərbaycan xalqının ədəbiyyatının, eləcə də Şərq şeirinin ən görkəmli simalarındandır.

Həmid Araslıya görə, ərəb və fars dilli nümunələr Azərbaycan ədəbiyyatının xüsusi mərhələlərini təşkil edir. Cavad Heyətin tədqiqatlarında bəzi nöqsanlar çox vaxt tədqiqatçı alimin Şimali Azərbaycanda nəşr olunmuş kitablarından xəbərsizliyi ilə bağlı olmuşdu. Füzuli haqda yazdığı oçerkdən aydın olur ki, Cavad Heyət Füzulinin Bakıda nəşr olunmuş 4 cildliyindən, «Mətləül etiqad» əsərinin Bakı nəşrindən, eləcə də Azərbaycan alimlərinin şair haqqında çoxsaylı monoqrafiyalarından xəbərsiz olub. Odur ki, oçerkdə şairin «Rindü-zahid», «Söhbətül-əsmar» kimi məşhur əsərlərinin adı belə çəkilməyib». Halbuki Həmid Araslının göstərdiyi kimi «Söhbətül-əsmar» əsəri ilk dəfə XIX əsrdə Təbrizdə nəşr edilib».

Bununla belə demək lazımdır ki, bir sıra nöqsanlarına baxmayaraq qeyd etdiyimiz kimi doktor C.Heyət Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatı kontekstində araşdırıb və əsas üstünlüyü şairlərin doğulduğu, yaşayıb-yaratdığı məkan faktorundan çox, onların hansı dildə yazıb yaratdığına, yəni dil faktoruna verib.

Cavad Heyət Azərbaycan-türk ədəbiyyatının görkəmli klassiki Məhəmməd Füzuli yaradıcılığına, sənətinə dönə-dönə müraciət edib, şairin yaradıcılığını müxtəlif bucaqlardan işıqlandırmağa çalışıb.

«Füzulinin «Leyli və Məcnun» mənzuməsinə Nizami və digər şairlərin təsiri» adlı «Varlıq»da nəşr olunmuş elmi məqalə müəllifin Orta əsr Şərq şeirinə, Nizami, Nəvai, Füzuli kimi klassiklərin yaradıcılığına, əruzun poetikasına, qədim Şərq əfsanələrinə, Şərq şeirinin janrlarına, təsəvvüfə dərindən aşina olduğunu nümayiş etdirib.

Hər üç şairin «Leyli və Məcnun»larının müqayisəsi zamanı Cavad Heyətəsərlərin hər birinin neçə beytdən ibarət olması, əruzun hansı bəhrində yazılması, kimlərə ithaf olunması, tiplərin oxşar və fərqli cəhətləri, əsərlərin hər birinin «zaman və məkan damğaları» daşıması, təsəvvüf baxışları və s. məsələlərlə yanaşı, dil faktoruna xüsusi diqqət yetirir. Cavad Heyət yazır: «Füzulinin ana dilində yazıb yaratdığı əsərləri və yaradıcılıq üslubu ədəbi bir məktəb halına gəlib. Füzuli məktəbi adlanan bu məktəb 450 ildən bəri davam edib yüzlərlə türk şairinin öyrətmə, zövqilham qaynağı olub. Başda azəri və türk şairləri gəlmək üzrə İstanbuldan Daşkəndə, Kazandan Krıma və Dərbənddən Təbriz və Kərkükə qədər Türkiyə, İraq İran, Azərbaycan və Türküstan şairləri onun əsərlərini oxuyub, əzbərləyib və onlarla nəzirələr yazıblar. Türk şairləri arasında Füzuli qədər təsir buraxmış şair yoxdur. Onun təsiri Nəsimi və Nəvaidən də artıq olubbu təsir hələ də davam etməkdədir». Tədqiqatçı alim nəticədə bu qənaətə gəlir ki, NizamiFüzuli «Leyli və Məcnun»ları hər biri öz növbəsində orijinalşah əsərlərdir.

«Füzulinin dili» adlı məqaləsində C.Heyət məşhur ingilis şərqşünası Gibbin sözlərinə əsaslanaraq Füzulini «Türk ədəbiyyatının ən böyük şairi» adlandırır. Alim yazır: «İtalyan türkoloqu prof. P.Bombaçinin söylədiyinə görə də Füzuli türk şairlərinin ən böyüyüdür». C.Heyətin fikrincə, üç dildə yazan Füzuli ən gözəl əsərlərini öz ana dilində yazıb. Füzuli Azərbaycan bədii dilini ən yüksək zirvəyə qaldırmış və ədəbiyyatımızda olduğu kimi ədəbi dilimizin inkişaf tarixində də yeni bir mərhələ açıb və dönüş nöqtəsini təşkil etmişdir. «Füzulinin ədəbi şəxsiyyəti» adlı

məqaləsində isə C.Heyət «Füzuli alim, mütəfəkkir, arifaşiq bir şairdir» qənaətini inandırıcı elmi təhlillərlə əsaslandırır. Füzuli ilə bağlı tədqiqlərində alim həmişə böyük şairin təkcə Azərbaycan ədəbiyyatının deyil, ədəbi dilin inkişafındakı xidmətlərindən də geniş bəhs açır. «Füzulinin dilisöz xəzinəsi» adlı məqaləsində yazır ki, Füzuli dilində qrammatika türkcədir. Dil, istiarə, məcazlarla zəngindir. Cavad Heyət «Füzulinin ədəbi təsiri» adlı məqaləsində şairin təsirləndiyi mənbələri, həm də özündən sonrakı ədəbiyyata təsiri məsələlərini araşdırma obyektinə çevirir. «Türk ədəbiyyatında Füzuli qədər təsir buraxmış şair yoxdur» qənaətini elmi təhlillərlə əsaslandırmağa çalışır. Ümumiyyətlə, Füzuli yaradıcılığı varlıqçıların daim diqqət mərkəzində olmuş, bu dahi şairin irsinə zaman-zaman müraciət edilib. Cavad Heyətin klassik irsin tədqiqinə həsr olunmuş məqalələri professionallığı, mənbələrə dərindən bələdliyi, obyektiv yanaşma tərzi ilə seçilir. Təbii ki, doktor Cavad Heyət yuxarıda adı çəkilən məqalələrində zəngin Azərbaycan ədəbiyyatını tam əhatə edə bilməzdi. Onun özününqeyd etdiyi kimi, əsas məqsədi cənublu oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış etmək olub.

 

Pərvanə Məmmədli

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2016.- 24 dekabr.- S.14.